Stabillik üçün neftin qiyməti nə qədər olmalıdır?

Qubad İbadoğlu

ADR Hərəkatınn sədri

Neftin qiyməti hansı səviyyədə olmalıdır ki, Azərbaycan iqtisadiyyatında sabitlik bərpa olunsun?

Hesablamalar göstərir ki, indiki şərtlərlə bunun üçün 1 barel Azərbaycan neft ən azı 110 ABŞ dollarına satılmalıdır.

Belə qiymət isə heç üfüqdə də görənmir.

Sizə təqdim olunan yazıda son zamanlar ən çox rastlaşdığım bu suala verməyə çalışacaqm. Baxmayaraq ki, nəinki iqtisadi təhlillər, hətta sadə müşahidələr göstərir ki, kənardan çox cəlbedici görsənən bu sual artıq mənasını itirməkdədir. Çünki, neft gəlirləri hesabına korrupsiyalaşmış büdcəni doldurmaq, şişirdilmiş layihələrə sərmayələr yatırmaq yalnız arzu olaraq yada düşə bilər.
Azərbaycanda neft hasilatının piki 2010-cu ildə, neftdən əldə edilən gəlirlərin ən yüksək səviyyəsi isə 2011-ci ildə qeydə alınıb, yalnız o ildə Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) 19,8 milyard dollar daxil olub. Müqayisə üçün onu qeyd edək ki, ARDNF ötən il neft hasil edilmiş mənfəət neftinin və qazın satışından 7,2 milyon ABŞ dolları vəsait əldə edib. Həmin il ixrac edilmiş mənfəət neftinin ortaçəkili satış qiyməti 54,31 ABŞ dolları, xalis mədaxil qiyməti isə 48,06 ABŞ dolları olub. Keçən il gündəlik hasilat 634 min barel təşkil edib, bu il isə orta günlük hasilat ondan bir qədər az – 630 min barel gözlənilir. Bu il ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin büdcə gəlirləri 6,6 milyon manat və ya kommersiiya banklarının dekabrın 1-ə olan kursu ilə 3,7 milyard dollar olub ki, beləliklə də bu hesabla ilin sonuna neft gəlirləri 2011-ci ildəki səviyyədən 4 dəfə az – 5 milyard dollar göslənilir. Ola bilər ki, pisləşən iqtisadi və sosial durumda azalan neft gəlirləri və artan ehtiyaclar yenidən neftin sabitləşdirici rolunun hansı qiymət səviyyəsində olması ilə bağlı müzakirələri aktuallaşdırır.
Bu məsələyə münasibət bidlirməmişdən əvvəl onu da qeyd edək ki, 2001-2015-ci illər ərzində ARDNF-nin daxilolmaları 124,9 milyard ABŞ dolları səviyyəsində olmuş, bu vəsaitin 33,57 milyard ABŞ dolları və ya 26,9 faizi yığıma yönəldilmiş, 91, 33 milyard dolları və ya 73,1 faizi isə xərclənmişdir. Transferlərin start götürdüyü 2003-cü ildən bu ilin oktyabr ayının 1-dək Dövlət Neft Fondundan 67 milyard 162 mln. manat vəsait dövlət büdcəsi vasitəsilə əsasən qeyri-məhsuldar və əlavə dəyər yaratmayan qeyri-kommersiya layihələrinə yönəldilmişdir. Beləliklə də, neft dollarları hesabına tikilmiş sosial, idman, mədəniyyət, nəqliyyat və sair sahələrdə infrastruktur obyektlərinin saxlanılması və istismarı üçün dövlət büdcəsinə əlavə və ciddi xərc öhdəlikləri yaratmışdır. Odur ki, iqtisadiyyatda sabitliyin bərpası üçün hazırda neftin qiyməti hansı səviyyədə olmalıdır sualına cavab axtararkən infrastuktura xidmətlə əlaqədar olaraq ildən-ilə artan xərc amilini də nəzərə almaq lazımdır. Bu isə o deməkdir ki, hətta 2013-cü il səviyyəsinə qayıtmaq (həmin il neft gəlirləri 13,6 milyard dollar olub) üçün dünya bazarında 1 barel neftin qiyməti ən azı 110 dollar olmalıdır. Belə qiymət isə heç üfüqdə də görənmir. Odur ki, neft unudub, digər sahələrdə mövcud və perspektiv imkanları və resursları səfərbər etmək üçün hərtərəfli islahatlara başlamaq lazımdır. Çünki, neftin qiymənin indiki səviyyəsi islahat xarakterli dəyişikliklər üçün ən optimal qiymətdir. Bizə yalnız bu fürsətdən bəhrələnmək qalır. Belə şans isə həmişə olmur, onu dəyərləndirməsək yaxın 2 ildə sabitlikdən danışa bilməyəcəyik.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button