“Statistika Komitəsi təsdiqləyir ki, əhalinin gəlirləri artmayıb”

Yayımlandı: 12 Avqust 2022 14:36

İqtisadçı: “Komitənin açıqladığı nominal gəlir artımıdır, real gəlir artımı deyil”

Dövlət Statistika Komitəsi 2022-ci ilin yanvar-iyul aylarının yekunu üzrə iqtisadi nəticələri açıqlayıb.

Bildirilir ki, bu müddət ərzində əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müayisədə 20 faiz artaraq 38 milyard 797,2 milyon manat olub.

Adambaşına gəlirlər isə 19,5% artaraq 3 859 manata çatıb.

Avqustun 10-da Dövlət Statistika Komitəsi 2022-ci ilin ilk 7 ayında ölkədə qiymətlərin 13%, ərzaq mallarının qiymətinin isə 19,3% arması ilə bağlı məlumat vermişdi.

Foto: Meydan tv

İqtisadçı Natiq Cəfərli Meydan TV-yə deyir ki, ölkədəki qiymət artımı, xüsusən də ərzağın sürətli bahalaşması əhalinin gəlirlərindəki artımı üstələyib:

“Azərbaycanda statistik məlumatlar, o cümlədən, əhalinin gəlir artımı ilə bağlı məlumatlar, ümumi mənzərəni göstərsə də, detalları əks etdirmir. Statistik məlumatların hesablanma qaydalarında da müəyyən problemlər var. Statistika Komitəsinin açıqladığı nominal gəlir artımıdır, real gəlir artımı deyil. Real gəlir artımı, inflyasiya təsirlərini çıxdıqdan sonra hesablanmalıdır. Ümumilikdə gəlir artımının makro-iqtisadi göstəricilərə ciddi bir təsiri də yoxdur. Ərzaq məhsullarında bahalaşma 20 faiz civarındadır. Bu, onu göstərir ki, əhalinin faktiki olaraq, real gəlirləri artmayıb”.

Natiq Cəfərli
Foto: Meydan.TV

Ekspert deyir ki, rəsmi rəqəmlərə görə, əhali əldə etdiyi aylıq vəsaitin 55 faizini ərzağa xərcləyir. Bu da onu göstərir ki, əhalinin nominal gəlirləri artsa da, real gəlirləri artmayıb:

“Bu, kifayət qədər böyük rəqəmdir. Nominal gəlirin real gəlirə çevrilməsi üçün inflyasiya aşağı düşməlidir. Hələ ki, inflyasiyanın zəifləməsi görünmür. Bu da o deməkdir ki, Azərbaycanda real gəlir artımı baş verməyib”.

İqtisadçı Toğrul Maşallı deyir ki, əslində, Dövlət Statistika Komitəsi bu rəqəmi açıqlamaqla əhalinin gəlirlərinin artmamasını təsdiqləyib:

Toğrul Maşallı
Foto: Toğrul Maşallının şəxsi arxivindən

“Azərbaycanda bu ilin əvvəlində minimum əməkhaqqı 20 faiz artırılıb. Rəsmi inflyasiya səviyyəsi 13 faizdir. Amma ərzaq məhsulları 20 faiz bahalaşıb. Bu da o deməkdir ki, əhalinin gəlirləri artmayıb. Statistika Komitəsi təsdiqləyir ki, əhalinin gəlirləri artmayıb”.

2021-ci ilin iyul ayı ilə müqayisədə 2022-ci ilin eyni ayında ərzaq məhsulları 20,3% bahalaşıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button