Stomatoloq-ortodontdan həyəcan təbili: “Ciddi fəsadlar istəmirsinizsə, uşaqlarınızı vaxtında müayinəyə gətirin!” FOTO/VİDEO

 Son illər diş xəstəliklərinin yayılması müxtəlif səbəblərlə izah olunur. Bir çox stomatoloqlar hesab edirlər ki, maddələr mübadiləsinin pozulması və qidalanma faktoru diş xəstəliklərinin yaranmasında başlıca səbəblərdəndir. Qidalanma ekoloji baxımdan təmiz və sağlam olmalıdır. Diş xəstəliklərinin yaranmasında əsas məsələlərdən biri də psixoloji faktordur. Hər ailədə əsəb gərginliyi, problemlərin yaşanması, insanların vaxtı-vaxtında meyvə, tərəvəzdən istifadə edə bilməməsi, orqanizmdə vitamin çatışmazlığı yaradır. Nəticədə  diş, ağız boşluğu xəstliklərinin, o cümlədən ən çox qarşılaşdığımız kariyes xəstəliyinin yaranmasına gətirib çıxarır.

Butün bunlardan əvvəl, ən əsas məsələ dişlərin vaxtında müalicə olunmamasıdır. Stomatoloq-ortodont Şəfəq Allahverdi-Nəcəfova hesab edir ki, uşaqları erkən yaşlarında mütləq stomotoloji tibb müəssisələrinə gətirmək lazımdır. O zaman dişlərdə gedən morfoloji dəyişikliklərin də qarşısını almaq, yüksək nəticələr əldə etmək mümkündür.

– Şəfəq həkim, valideynlərin bir çoxu hesab edir ki, ağız boşluğunda, dişlərdə gedən anomalik proseslər tədricən düzələ bilər. Siz necə düşünürsünüz, morfoloji dəyişikliklər təbii yolla nizamlana bilərmi?

– Hal-hazırda günümüzün aktual məsələlərindən biri diş sırasının morfoloji dəyişiklikləri və gicgah-çənə oynağında olan deformasiyaların vaxtında – erkən yaşlarda müalicəsidir. Gicgah-çənə oynağında, diş sırasında gedən anomaliya proseslərini vaxtında nizamlamayanda sonradan böyük fəsadlar yaradır. Şəxsən pasientlərdə tez-tez rastlaşdığımız bu dəyişikliklər vərdişlərlə əlaqədardır. Pasientlər əsasən barmaq sorurlar, dırnaq yeyirlər, ağızlarına qələm qoyub, oynadırlar ki, bu kimi pis vərdişlərin hamısı dişlərin nizamında böyük fəsadlara gətirib çıxarır.

Bu əsasən azyaşlı uşaqlarda yaranan vərdişlərdir ki, onların aradan qaldırılmasında valideynlərin də üzərinə məsuliyyət düşür.  

Bəli. O baxımdan valideynlərə müraciət edərək, demək istəyirəm ki, əziz valdeynlər uşaqlarınızı ən az ildə iki dəfə stomotoloji tibb müəssisələrinə gətirin, stomotoloji müayinədən keçirin. Uşaqlarınızda bununla bağlı hər hansı bir vərdişi görürsünüzsə, vaxtında onun üstünə düşün, uşaqlarınız sözünüzə baxmayanda onları nəzarətə götürüb, daha çox tələb edin. Çünki uşaqlarda barmaq sormaq və yaxud dırnaq yemək kimi vərdişlər çox ağır fəsadlar verir və çənənin deformasiyasına gətirib çıxarır. Vaxtında müalicə dedikdə 9-12 yaş arası nəzərdə tutulur. Müalicə yeni texnoloji aparatlarla aparılır. Müalicə 14 yaşınadək tamamlana bilir və biz çox gözəl nəticələr əldə edirik.

Gigiyena ilə bağlı nə demək istərdiniz?

Bilirsinizmi, uşaqlar dişlərini yetərincə fırçalamırlar.Valideynlər yaxşı bilməlidirlər ki, bir gün dişlərin fırça ilə yuyulmaması ağız boşluğunda zərərli bakteriyaların yaranmasına səbəb olur.  Cəmi 7 gün ərzində dişlərin normal fırçalanmaması isə diş ərpi yaradır. Dayanıqlı diş ərpi ağız boşluğunda süd turşusunun əmələ gəlməsinə və onun ardınca kariyesə yol açır. Dərin karies isə sinir toxumalarını oyadır. Bu zaman valideynlər həyəcan təbilini vurmağa başlayırlar. Alimlər belə qənaətə gəliblər ki, diş ərpinin 1 qramında 3 trilyon bakteriya var. Ağız suyunun bir qramında isə, 120-200 növdə bakteriya mövcuddur. Bu bakteriyalarla yaşayan insanlar hansı sağlam dişlərdən, sağlam orqanizmdən danışa bilərlər?

Mütəmadi olaraq gigiyenaya riayət etməmək mərkəzi dişlərdə, boyun nahiyəsində,  dişlərdə bu cür bərkimiş ərp yaradır ki, onu adi yolla tam təmizləmək mümkün olmur. Biz onu xüsusi skeylerlər vasitəsilə təmizləyirik. Ümumiyyətlə, dişlərin fırçalanması uşaqlarda iki yaş yarımından başlamalıdır. Biz təməli ona görə bu yaşdan qoyuruq ki, bu dövrdə ağız boşluğunda artıq 20 diş olur. Süd dişləri ilə zəngin ağız boşluğu tam diş fırçasına yararlı olur. Bundan sonra daimi dişlərin çıxmasına hazırlıq dövrü gedir. 6-7 yaş arasında daimi dişlər çıxmağa başlayır. Ona görə arada olan bu müddət ərzində mütləq dişlər fırçalanmalıdır. Hazırda qəbul etdiyimiz qidalarla laqədar uşaqlarda çeynəmə funksiyası çox aşağı olduğu üçün də ciddi problemlərlə üzləşirik. O baxımdan valideynlər uşaqları qidalandırarkən diqqət etməlidirlər ki, onlar yumşaq və duru məhsullarla qidalansınlar. Əks təqdirdə çənənin gələcəkdə normal formalaşmasına, dişlərin vaxtından əvvəl itirilməsinə gətirib çıxarır.Valdeynlər bəzən 6 yaşında çıxan daimi işləri süd dişləri ilə qarışıq salıb, onlara laqeydliklə yanaşırlar. Nəticədə dişlərdə başlayan kariyes prosesi vaxtından əvvəl dişlərin xarab olmasına səbəb olur.

– Valideynlər uşaqların kiçik yaşlarda ağrayan dişlərini müalicə etməklə deyil, çəkdirməklə problemi həll edirlər.

Dişlərin vaxtından əvvəl çəkilməsi çənə sistemində inkişafın qarşısını alır və bu da gələcəkdə ortodontik müalicə ilə çənənin genişləndirilməsi, diş sırasındakı morfoloji dəyişiklikləri –sıxlıqarı müxtəlif aparatlardan istifadə edərək bu sıxlıqları açmaq, dişləri sırasına qoymaq tələbini önə çıxarır. Nəticədə dişlərdə anomaliya prosesləri gedir. Baxın, dişlər təbii yolla deyil, uşaqların qəbul etdikləri şirniyyat, şokolad və s. bu kimi qida məhsullarının nəticəsində dişlərində ağrı başlayır. Yəni təbii yolla dişlərdə əvəzlənmə prosesi getmir. Ona görə də müalicə həm də dişlərdə morfoloji dəyişikliklərin qarşısını alır.

Valideynlər çox vaxt köpək dişlərinin belə çəkilməsinə razılıq verirlər. Halbuki, köpək dişləri əsas dişlərdən hesab olunur. Diqqət edin, pasientimizin bir tərəfdə köpək dişlərinin çıxması üçün yer var, digər tərəfdə isə yoxdur. Biz bu zaman nə edirik? Əvvəlcə mütləq dişləmi – gicgah-çənə oynağındakı deformasiyanı həll etməliyik. Çünki belə dişlə gələcəkdə morfoloji dəyişikliklərin qarşısını almaq çətinləşir. Baxın, pasientimizdə artıq mərkəzi diş öz oxu ətrafında burulub. Bunun da səbəblərindən biri pasientin qələm sorması və onunla mütəmadi təmasda olmasıdır. Nəticədə onun dişinin bir hissəsi önə gəlib. İlk olaraq alt çənəni önə gətirməyə çalışmalıyıq, yəni ortomatik işləmi tam bərpa eləməliyik. Daha sonra dişlərin sırasına oturması üçün mane olan bir dişi çıxarmalı olacağıq. Nəyə görə?  İnsanda parçalayıcı dişlər həm yuxarı çənədə və həm də aşağı çənədə cəmi 2 dənədir.  Daha sonra 4 və 5-ci dişlər gəlir ki, onlar da ötürücü dişlərdir. Bu dişlərdə ortodontik göstəricilərə əsasən 4-cü dişlərdən biri çəkilir və mütləq olaraq köpək dişi 4-cü dişin yerinə oturdulur. Çox vaxt valideynlər bilməyərəkdn köpək dişlərini çəkdirirlər. Tövsiyyə edirəm ki, mütləq ehtiyatla davransınlar. Köpək dişlərinin çəkilməsinə heç vaxt qərar verməsinlər.

Stomatoloq-ortodont Şəfəq Allahverdi-Nəcəfova ilə əlaqə: (050) 304 74 63; (051) 585 86 29

https://www.facebook.com/permalink.php?story_fbid=590741308065146&id=568372130302064&__tn__=K-R

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button