STP-dən “Azadlıq” Bəyanatı

SPT

Sivil Toplum Platforması (STP) növbəti toplantısını keçirib.

Xural.com xəbər verir ki, toplantıda Platformanın fəaliyyət programı və daxili struktur məsələləri ilə yanaşı, ictimaiyyəti narahat edən bir çox məsələlər, o cümlədən “Azadlıq” qəzetinin durumu, Avropa İttifaqının Komissarının ölkəmizə nəzərdə tutulan səfərindən gözləntilər müzakirə edilib.

Toplantıda “Azadlıq” qəzetinə yaradılmış problemlə əlaqədər STP adından Bəyanat qəbul edilib. Ayrıca, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federica Mogherininin fevralın 29-da ölkəmizə nəzərdə tutulan səfəri ilə əlaqədar Azərbaycan Respublikası və Avropa İttifaqı arasında fundamental Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin (TƏS) imzalanmasının 20-ci ili bağlı müraciət qəbul edilib.

Sivil Toplum Platformasının “Azadlıq” qəzeti ilə bağlı bəyanatı Rəsmi bəyanatlarda Azərbaycanda söz və mətbuat azadlığı ilə bağlı demokratik mühitin yaradıldığı, heç bir problemin olmadığı tez-tez vurğulansa da, reallıqda vəziyyətin gərginliyi hər gün atrmaqdadır. Ölkə müstəqilliyini qazandıqdan bəri ilk dəfədir ki, eyni anda 15 nəfər ifadə azadlığı carçısı olan müstəqil jurnalistlər, blogerlər həbsdədir. Jurnalistlərin peşə fəaliyyətinə görə rəsmi hüquq mühafizə orqanlarına çağırılması, dindirilməsi, qorxudulması və qanunsuz olaraq iltizam sənədləri imzalatdırılması adi hala çevrilib. Ölkədə alternativ səslərə yer ayıran Azadlıq radiosunun, Obyektiv TV-nin, Meydan TV-nin və digər tənqidçi medianın fəaliyyəti yatam məhdudlaşdırılıb, ya da süni maneələr yaradılaraq, fəaliyyətlərinə problem yaradılıb.

Bu günlərdə bu məhdudiyyət halqasına daha bir tənqidçi media tuş gəlib. Ölkənin ilk müstəqil qəzetlərindən biri, hökumətə qarşı tənqidçi fikirlərə geniş yer ayıran “Azadlıq” qəzeti ciddi şəkildə bağlanmaq təhlükəsi ilə üzləşib. Dövlətə məxsus “Azərbaycan” nəşriyyatı qəzetə bir həftə vaxt verərək nəşriyyata borcunu ödəməyəcəyi halda, “Azadlıq”ın çapını dayandıracağını bəyan edib.

Bağlanmaya səbəb kmi bu qəzetin dövlətə məxsus “Azərbaycan” nəşriyyatına çap və kommunal xərclərə görə yaranan borcu göstərilsə də, əslində bu sadəcə bəhanədir. Əsil səbəb bu mətbu orqanın hələ də tənqidçi düşüncəyə geniş meydan verməsi, hökuməti açıq tənqid etməsidir. Məlumdur ki, Azərbaycan mətbu orqanları manatın son devalvasiyasından sonra onsuz da ağır durumla üzləşiblər. Xaricdən alınan kağızın qiyməti kəskin bahalaşdırılıb. Eyni zamanda məlum olub ki, monopolist dövlət nəşriyyatı bu il yanvarın 5-dən çap xərclərini 25 faiz artırıb.

Qəzetlərin bu durumda satış qiymətlərini qaldırması isə satışda azalmaya səbəb olub. Üstəlik, son illər metrolarda yayımın dayandırılması, əl yayımının qadağan olunması, “Qaya” mətbuat yayımının Bakı şəhərindəki bütün köşklərinin yığışdırlması, yayım bazarında mövcud olan yayımçıların oliqarx-məmurların himayəsində olan digər bir yayımçıya yer açmaq üçün sıxışdırılıb çıxaılması, regionlarda qəzet yayımının demək olar ki, təşkil olunmaması, onsuz da qəzetlərin vəziyyətini kəskin ağırlaşdırıb.

Bu problmlərə əlavə olaraq, “Azadlıq” qəzetinə dövlət qurumu olan “Qasid” yayım firmasının70 min manat borcunun qaytarılmaması, yaxud nəşriyyata olan 20 min mant borcla əvəzləşririlməməsi ciddi şübhələr yaradır. Bu yanaşma göstərir ki, Azadlıq Qəzetinin bağlanmaqla hədələnməsi əslində borc məsələsi deyil, daha fundamental məsələdir. Təəssüf ki, vəziyyətdən anlaşılır ki, əsl məqsəd söz və mətbuat azadlığına təzyiq, tənqidi səslərin susdurulmasıdır. Belə olmasaydı, dövlət müəssisələrindən birindən 70 min manat alacağı olan bu mətbu orqanın, digər dövlət müəssisəsinə olan 20 min manat borcu ilə əvəzləşdirilməsi çox asan və məntiqli yanaşma olardı.

Daha öncələr bənzər durumlarla qarşılaşıldığında, müxtəlif uzlaşmaçı addımlar atılmış, dövlət nəşriyyatına olan borclar mətbu orqanların təsisçilərinin kimliyinə baxılmadıan silinmişdir. Biz, Sivil Toplum Platformasının təmsilçiləri səlahiyyətli dövlət rəsmilərinə müraciət edərək, “Azadlıq”la bağlı yaranmış problemi bu müstəvidə həll etməyə çağırırıq. Əks halda borc bəhanəsi ilə bu qəzetin yayımının dayandırılması azad sözə və mətbuata təzyiq kimi qiymətləndiriləcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button