STP yol-nəqliyyat qəzaları və ölümlərin artmasından narahatdır

Azərbaycanda yol-nəqliyyat qəzaları və ölümlərinin azalmaması barədə Sivil Toplum Platformasının Mövqe Sənədi

stp

Vətəndaş cəmiyyəti fəallarının birləşdiyi Sivil Toplum Platforması Azərbaycan üçün ağrılı problemə çevrilmiş yol-nəqliyyat hadisələri ilə bağlı narahatlığını və tələblərini ölkə ictimaiyyəti ilə bölüşmək istəyir. Son günlər yenə də ölüm halları qeydə alınmış ağır yol hadisələri baş verib və bunların bir çoxu ictimai nəqliyyat vasitələrinin iştirakı ilə törədilib. Hətta sərnişin avtobusunun məktəbliləri vurması kimi təşviş yaradacaq qəzanın üstündən sükutla keçilib. Ölkə prezidentinin mühafizə xidmətinə aid olduğu iddia edilən avtomobilin yaratdığı ağır yol hadisəsi barədə də rəsmi qurumlar tərəfindən heç bir açıqlama verilməyib.
Ən pisi odur ki, tez-tez baş verən faciəli yol qəzalarına rəğmən, onların səbəbləri barədə yetərincə dolğun yanaşmalar, ictimai müzakirələr, problemləri həll edəcək qurumlar qarşısında aydın tələblər, həmin rəsmi qurumların isə məqbul izahları yoxdur. Ümumilikdə isə hökumət yol-nəqliyyat qurbanlarına görə məsuliyyət daşımır kimi davranır və sanki bütün bunlara görə yalnız “yol canavarı” adlı xəbərlərdə tez-tez səslənən absurd günahkar cavabdehdir.

Halbuki bir çox ölkələrdə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində yol qəzalarının sayı minimuma enib, xəsarət alanların və ölənlərin sayı hədsiz azalıb. Bu tendensiyanın bütün dünyada müşahidə edilməsindən ruhlanan BMT Baş Assambleyası 2010-cu ildə yol-nəqliyyat hadisələri zamanı ölüm hallarının iki dəfə azaldılması barədə “Onillik Fəaliyyət Proqramı” qəbul edib və Ümumdünya Səhiyyə Təşkilatı da (ÜST) bunun əsasında üzv ölkələr üçün vacib istiqamətləri və addımları əhatə edən tövsiyə proqramını hazırlayıb. Artıq bütün dünya əmindir ki, doğru yanaşma və effektli tədbirlərlə hökumətlər yol-nəqliyyat hadisələrinin zərərlərini kifayət qədər azalda bilər.

İl ərzində əhalinin 1000 nəfərinə düşən yol-nəqliyyat ölümlərinin sayının azaldılmasına görə Avropa ölkələri artıq kəskin irəliləyiş əldə ediblər. Azalma ilbəil müşahidə edilməkdədir. 2010-cu ildən bu yana ölüm halları bütün Avropa üzrə ümumilikdə 8,1% azalıb (mənbə: European facts and the Global status report on road safety 2015). Azərbaycanda isə rəsmi rəqəmlər heç bir azalmadan xəbər vermir. 2010-cu ildə yol qəzalarında həlak olanları sayı 925 nəfər olmuşdusa, 2014-cü ildə 1124 nəfərin öz həyatını itirməsi rəsmi statistikada ifadə olunub (AR Dövlət Statistika Komitəsinin hesabatı). Yol-nəqliyyat hadisələrinin sayında da azalma müşahidə edilməyib, halbuki qəzaların bir qisminin rəsmiləşdirilmədən yayındırılması da heç kimdə şübhə yaratmır. Bu gedişlə ölkəmiz 2020-ci ilədək nəinki ölüm halları sayının 2 dəfə azaldılmasına nail olacaq, ümumiyyətlə, bu göstəricinin artmasının da qabağını ala bilməyəcək.

ÜST-ün 2015-ci ilin yekunlarına həsr olunan hesabatında bildirilir ki, yol-nəqliyyat hadisələri zamanı əhalinin 1000 nəfərinə düşən ölüm hallarına görə Azərbaycan orta Avropa göstəricindən də aşağıda yer tutur. İsveç və Böyük Britaniyada bu göstərici 3 olduğu halda, Azərbaycanda 10-dan çoxdur (European facts and the Global status report on road safety 2015). Adı çəkilən ölkələrdə 1000 nəfərə 450-dən çox, Azərbaycanda isə 100-dən də az avtomobil düşdüyünü, yəni onlardakı nəqliyyat vasitələrinin sayının bizdəkindən təxminən 5 dəfə çox olduğunu nəzərə aldıqda isə, fərqin nə qədər acınacaqlı olduğunu daha yaxşı başa düşə bilərik.

Yol-nəqliyyat hadisələri təkcə insan itkisi və vətəndaşlara vurulan xəsarətlər kimi də başa düşülməli deyil, bu qəzalar milli iqtisadiyyata da ciddi zərər vurmuş olur, heç də az olmayan əlavə ziyanlar və xərclər yaradır.

Sivil Toplum Platforması hesab edir ki, yol hərəkəti təhlükəsizliyi üçün bütün dünyada qəbul edilmiş risk faktorlarından əlavə, Azərbaycanda yol-nəqliyyat hadisələrinin və onun qurbanlarının çox olmasını şərtləndirən digər ciddi amillər də mövcuddur. Yanlış idarəçilik, hüquqi məsuliyyətsizlik və korrupsiya bu sahədə ən qabarıq problemlərdəndir. Bu amillərin mövcudluğu şəraitində heç bir irəliləyişə nail olmaq mümkün deyil. Bura avtomobillərin texniki vəziyyətinə və sürücülərin yetənəyinə obyektiv nəzarətin olmaması, sürücülük təhsilinin yüksək dərəcədə rüşvətə uğraması, yol-hərəkət nişanlarının azlığı, yolların, yol birləşmələrinin və keçidlərinin riskli olması, həmçinin bir çox hallarda qanunvericilik problemləri də daxildir. Hətta DYP əməkdaşlarının məsuliyyətsiz iş prinsipləri – avtomobil qovmaları, qaydaları istədikləri vaxt pozmaları, avtomobilləri əlverişsiz yerdə saxlamaları kimi hallar da qəzalara səbəb olur. Yalnız cərimələrin yüksəldilməsi çoxsaylı neqativ halların çərçivəsində vəziyyəti müsbətə dəyişə bilməz.

Ədalətli məhkəmə sisteminin qurulmaması, polis orqanlarındakı özbaşınalıq, dövlət qurumlarının fəaliyyətinə ictimai nəzarətin olmaması da vəziyyəti dəyişməsinə mane olan səbəblərdəndir. Bir sözlə, ölkədə demokratik idarəçiliyin yoxluğu, qanunçuluğa əməl edilməməsi, hesabatlılığın və ictimai nəzarətin olmaması, ümumiyyətlə, sistem problemlərinin aradan qaldırılmaması bütün sahələrdə olduğu kimi, yol-nəqliyyat sahəsində də ciddi fəsadlara səbəb olub. Elə bu səbəbdən də 2007-2015-ci illərdə Nəqliyyat Nazirliyinə ayrılmış olduqca böyük həcmli və xərclənməsinin şəffaflığı təmin edilməyən 11,3 milyard ABŞ dollarlıq investisiya da durumu yaxşıya doğru dəyişməyib.

Sivil Toplum Platforması hesab edir ki, yol-nəqliyyat hadisələrinin azaldılması hökumətlərin məsul olduğu bir vəzifədir, bunun üçün riskləri azaltmağa yönələn kompleks fəaliyyət və tədbirlər planı olmalıdır. Bu sahədə dəyişikliyə nail olmaq üçün, həm yanlış idarəçilik və korrupsiya halları aradan qaldırılmalı, həm də yol hərəkəti təhlükəsizliyini təmin edəcək uğurlu beynəlxalq təcrübənin tətbiqinə başlanılmalıdır. Bu sahəyə aid qanunvericilik təkmilləşdirməli, polis işçilərinin vəzifələrini qanuni çərçivəsində və başqalarının həyatına məsul olan şəxslər kimi yerinə yetirməsi təmin edilməlidir. Vətəndaşların təhlükəsizliyini, can və mal güvənliyini qorumaq dövlət qurumlarının vəzifəsidir və bu vəzifə yerinə yetirilməlidir.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button