Strasburqda İqbal Əbilovu müdafiə aksiyası keçirilib

Bu gün, sentyabrın 30-da Strasburqda Avropa Şurasının qarşısında Azərbaycanda milli ədavətin qızışdırılması və dövlətə xəyanət ittihamı ilə həbs edilən ‘Talış Milli Akademiyasının xəbərləri’nin baş redaktoru İqbal Əbilovun müdafiəsi üçün etiraz aksiyası keçirilib.

Aksiyanı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının açılışı ilə əlaqədar İ.Əbilovun dostları və fəallar təşkil edib.

“İqbal Əbilov sosial elmlərlə məşğul olub. Belarusda talış diasporunun fəal üzvü olub. Azərbaycanda etnik azlıq olan talışların mədəniyyətini araşdırıb”, – aksiyanın iştirakçılarından biri Yelena Karol bildirib.

“Azərbaycanda onun elmi fəaliyyətində dövlətin bütövlüyünə təhlükə aşkar edilib və o, dövlətə xəyanətdə ittiham olunub. Ancaq elmi araşdırmaların siyasətlə heç bir əlaqəsi yoxdur və bizim səylərimiz bu işə diqqəti cəlb etmək məqsədi daşıyır”, – o deyib.

Onun sözlərinə görə, Əbilov təkcə talışların yox, bütövlükdə Azərbaycan mədəniyyətinin araşdırılmasına öz töhfəsini verib.

“Odur ki, biz Azərbaycan hakimiyyətini İqbalı azad etməyə çağırırıq”, – oəlavə edib.

Hələlik, aksiyaya Azərbaycan rəsmilərindən münasibət almaq mümkün olmayıb.

İqbal Əbilov bu il iyulun 22-də Azərbaycana qohumlarının yanına gələrkən saxlanıb. Ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (xarici təşkilatların və ya onların nümayəndələrinin tapşırığı ilə dövlətə qarşı yönəlmiş ictimai çağırışlar) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin qızışdırılması) maddələrilə ittiham irəli sürülüb.

Əbilov ittihamları rədd edir və yalnız elmi fəaliyyətlə məşğul olduğunu bildirir.

35 yaşlı İ.Əbilov virtual “Talış Milli Akademiyası”nın mətbu orqanı olan “Talış Milli Akademiyasının xəbərləri”nin baş redaktorudur. Saytda talış folklor nümunələri, talışlarla bağlı nəşr olunmamış tarixi sənədlər, tədqiqatlar dərc edilib.

İ.Əbilov Belarus Dövlət Universitetinin beynəlxalq münasibətlər ixtisası üzrə 2012-ci ildə bakalavr, 2013-cü ildə isə magistraturasını bitirib. 2016-cı ildə həmin universitetin aspiranturasına daxil olub.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button