“Strateq baxışı”nda kritik müzakirə: “Əgər İran vurularsa…”-VİDEO

İranın dağılması Azərbaycanın dağılması demək olacaq

 

“Strateq baxışı”nda bu dəfə “Yeni böyük oyunun İran pərdəsi” mövzusunu müzakirəyə çıxardıq. Strateq.az olaraq ayda bir dəfə olmaqla Azərbaycanın strateji tərəfdaşlarından, ya da dünyanın qlobal siyasətində rolu olan məsələlərdən danışırıq. Bu dəfə mövzumuz İrandır. İranın Azərbaycanın həyatında oynadığı rol müstəsnadır. O baxımdan, bir daha İran məsələsini masaya yatırmağa qərar verdik. Bunun da öz səbəbləri var.

Bizi əhatə edən dövlətlərin arasında İranda baş verənlər bizi birbaşa əlaqədar edir. Son zamanlarda İran ətrafında gedən dolaşıq dünya siyasəti bizi də narahat etməyə bilmir. Trampın başını çəkdiyi böyük dünya gücləri İrana qarşı siyasəti tündləşdirirlər. Bəzən adama elə gəlir ki, Suriyadan sonra sıra İrandadır. Əgər İran vurularsa, nə olacaq? İranı kimlər vurmaq istəyir – Amerikamı, yəhudilərmi, sionist hərəkatmı? İranın vurulmasında əsas rolu kim oynayır? İranın daxilində baş verəcək hadisələrin Azərbaycana birbaşa təsiri necə olacaq? Hədəf İranda rejim dəyişikliyidir, yoxsa İranı parçalamaq? İran neçə yerə parçalanacaq? İranın vurulması Azərbaycanın birləşməsinə, yoxsa daha ciddi problemlərin meydana çıxmasına səbəb olacaq? Bütöv Azərbaycan mümkündürmü? Bütöv Azərbaycan məsələsi meydana çıxarsa ərəblərlə, kürdlərlə və beluçlarla münasibətlərimiz necə olacaq? Azərbaycan dövləti və cəmiyyəti İranın vurulması təhlükəsi qarşısında hansı mövqe tutmalıdır?

Bu və daha bir çox suallara cavab axtararkən, bir də Gəncədə baş verən son hadisələr meydana çıxdı. Biz İranı qlobal siyasi düzən kontekstində müzakirə etməli ikən, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizlik Xidmətinin Gəncə hadisələri haqqında birgə bəyanatlarından sonra İran dolayısı yolla olsa da, Azərbaycanın daxili işlərinin bir parçası oldu. Belə olan halda, müzakirələrə təbii ki, Gəncədə baş verənlərin müzakirəsi də qatıldı.

Əslində, Gəncədə baş verənlərin İranla nə əlaqəsi ola bilərdi və İran həqiqətənmi, hər zaman Azərbaycanın daxili məsələlərinin həll olunmasında vasitə kimi rol alacaq? Zaman-zaman Azərbaycanda ortaya çıxan bəzi ciddi məsələlərin həllində İran amilindən həmişə istifadə olunub və bu da İranla bəzi hallarda münasibətlərin gərginləşməsinə səbəb olub. İndi də belə bir hadisə ilə qarşı-qarşıyayıq. Bir zamanlar Nardaranda baş verənlər də İrana bağlanmışdı. İndi də Gəncədə baş verən hadisələrdə dolayısı ilə İran izi axtarılır. Biz gündəmdə olan bu məsələni də müzakirənin bir parçasına çevirdik. Çox maraqlı və ciddi bir müzakirə alındı. Məlum oldu ki, İran məsələsinə baxışda ciddi fikir ayrılıqları var.

Bir saat 42 dəqiqə davam edən müzakirə belə demək mümkündürsə, birnəfəsə keçdi. Əminik ki, sizin üçün də elə olacaq, əziz tamaşaçılar. Əsl qiyməti sizlər verəcəksiniz. O zaman “Yeni böyük oyunun İran pərdəsi” mövzusunda müzakirəmizə diqqətlə qulaq asın. Son söz sizindir…

“Strateq baxışı”

Əvəz Zeynallı

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button