Sual altında ilişib qalan şair

Salam Sarvan: “Elə bir öhdəlik götürməmişəm ki, ömrümün sonunadək şeir yazam”

Onun vikipediasında şeirindən başqa heç hə yoxdur. Hətta şəkil yerində “şəkil yoxdur” sözləri yazılıb. Ancaq həyatda o, şikilli oğlandır. Düzdür, Azərbaycanda nədənsə oğlanlara yaraşıqlı deyəndə  xoşları gəlmir. Ola bilsin, bugün haqqında söz açacağımız şair Salam Sarvanın da bu sözlərdən xoşu gəlməyəcək. Və elə o baxımdan ona cavab vermək üçün elə suallar yazıb göndərdik ki, heç Borxes də onun altından çıxa bilməzdi. Salam Sarvan isə çıxdı. Və çıxmazdan öncə belə  bir şeir yazdı…

Sənin yazdığın söz nədi ki, guya?!
samit kişilərin, sait qadınların
bir qəpikliyidi.

Sənin bərkliyin nədi ki, guya?!
şaxtadan quruyub qac olmuş
yaş paltar bərkliyidi.

Sənin tənhalığın nədi ki, guya?!
kirayə qaldığın evdəki
özgə əşyalar əhatəsində
insan təkliyidi.

– Salam, Salam. Sizi belə müraciət qıcıqlandırmır ki?
– Yox.
– Bir şair kimi əvvəllər çox populyar idiniz, sonra yavaş-yavaş geri getdiniz, daha sonra isə ofsaytda qaldınız. Nə baş verir?
– Sən baltanı lap kökündən vurursan. Ofsayt nədi, heç olmasa, ehtiyat oyunçular skamyasında «oturdardın» məni… Şöhrətin əbədisi olmur ki. Daimi populyarlığa iddia o deməkdi  ki, sən zamanın təbii diktəsinin qarşısını kəsmək istəyirsən. Hər şey dəyişir, yeni nəsillər gəlir. Həm də axı elə bir öhdəçilik götürməmişdim ki, ömrümün axırınacan şeir yazacam.
– İndi ədəbi aləmdə daha çox AYO-çu şairlərin adları hallanır. AYB-çilər bütün cinahlarda məğlubiyyətəmi uğrayıb?
– Elə indi hiss elədim ki, «AYO-çu şair», «AYB-çi şair» ifadələri nə gülünc səslənirmiş… Gəl sənə bir sirr açım: məsələ ondadı ki, «AYB»–«AYO» qarşıdurması deyilən bir şey heç vaxt olmayıb. Sadəcə, Qəşəm Nəcəfzadəylə Rasim Qaracanın, bir də Anarla Seymur Baycanın sözü bir-iki dəfə çəp gəlib. Nəsə yola getmirdilər. İndi deyəsən, barışıblar, məsələ bitib.
Bax, məsələn, «yeni nəsil» dediyimiz yazarları götürək: Şərif Ağayar, Zahir Əzəmət, Aqşin Yenisey, Cavidan, Sevinc Pərvanə və s. Bunların biri AYO-da, biri AYB-də, biri heç bir təşkilatda. Hərəsinin özünəməxsus düşüncə tərzi, üslubu, ədəbiyyatda səmimiliyi, saflığı, ortaya qoyduqları iş. Bu adamlar bir-biriylə hansı döyüşdə oldular, bir-birinin qarşısında hansı məğlubiyyəti yaşadılar? Bunların bir yazar kimi iç sarsıntıları kimə doğma deyil ki?! Bunların bir ədəbiyyat faktı kimi AYO-ya, AYB-yə nə dəxli var? Adam öz istedadıynan, öz təfəkkürüynən, öz əziyyətiynən ədəbiyyat yaradır, halal imza qazanır özünə, sənsə o imzanın üstündən xətt çəkib AYB-çi, AYO-çu deyirsən ona. Ancaq zarafatsız, Rasim Qaracanın qurum rəhbəri kimi təşkilati bacarığına rəğbətim var. Noolsun, futbol klubunun prezidenti futbolçu olmaya da bilər. Anar müəllim də ki, yazıçı kimi hörmətə layiqdi. Burda da həmin «noolsun», hər futbolçu yaxşı məşqçi ola bilmir.
– Və «qəza»ya düşüb bu vəziyyətdən çxmağa çalışdınız, qatar kimi…
–   O şeir beləydi:

Eynən qatarların vəziyyətindəyəm.
Onlarçın qandal relslərdən
çölə, azadlığa çıxmağın
bircə yolu var – QƏZA!

Sənin göndərdiyin sualların əksəriyyəti yazdığım şeirlərdən məqamlar üzərində qurulub. Belə suallara cavab vermək mənimçün işgəncədən betərdi. O şeirlər müxtəlif dağınıq düşüncə qatlarının nəticəsidi, bəziləri heç mənim öz yaşantılarım deyil, müşahidələrdən gələni də var, uydurulanı da var, sadəcə məna və söz oyunları da var və sair. Onların üzərində müəllifin həyati detallarını araşdırmaq absurddu. Aqata Kristiynən Çingiz Abdullayev yüzlərcə adam öldürüblər əsərlərində, heç onları istintaqa çəkən olmayıb, gücünüz elə şairlərə çatır.
– Sonra da əlacsız qalıb sevgiliniz üçün tullanmış çiçəkləri yığdınız…
– Ay qardaş, yaxşı, mən başa düşdüm ki, sualı mənim bir şeirimin misralarından verirsən. Bəs bu Oxucu nə biləcək ki, sənin soruşduğun nəydi, mənim cavab verdiyim nə? İndi mən məcburam həmin şeirləri olduğu kimi bu sualların altına düzüm:

Zibil qutularında hər gün
çörək tullantılarını yığan bomj
bu dəfə tullanmış solğun gülləri yığırdı
qadınına bağışlamaqçün.

– Əslində isə hər şeyin sonu bir ailənin axşamında tamamlanır. Zülmnən tapdığınız çörəyi bölüb özünüzə, arvadınıza və uşaqlarınıza verdiniz. Hətta siçan üçün qurulmuş tələni də yaddan çıxartmadınız…
– Dördünsü və beşinsi sualın cavabına bax…

Zülmnən tapdığı çörəyi
hər axşam bölər evində
bir tikə hərəyə-
özünə, arvada, uşaqlara
və siçançün qurulmuş tələyə.

– Bir də baxıb gördünüz ki, sizin bu boyda dünyada 40 yaşdan savayı heç nəyiniz yoxuymuş… Doğrudanmı, sizin yaşınızdan savayı heç nəyiniz yoxdur?
– Dördüncü sualın cavabına bax…
– Oxuduğu kitablardan zövq ala bilməyən Salam Sarvan nədən zövq alır?
– Həftədə bir dəfə bir muzeyə gedirəm.
– Başını Dünya Ədəbiyyatı Kitabxanısıyla qatan şair əvvəlki pik zirvəsinə çatmaq üçün yeni nəsə yazır?
– Şair Dünya Ədəbiyyatı Kitabxanısında baş qatmır, iş görür. Şairin «əvvəlki pik zirvədə» təkrar nə işi var?! Hə, şair hərdənbir yazır.
– «Yerigəldi şeirlər» yazan bir yazara yerigəldi sual vermək olarmı? Onda səmimi qəbul edin, niyə 2008-ci ildə bir yazarın Nobelə namizədliyinin rəsmən qeydə alınması xəbəri məhz sizin imzanızla mətbuata yayıldı? Yoxsa siz  İsveç Akademiyası tərəfindən namizəd irəli sürmək haqqı tanınan “İKS” şirkətinin Azərbaycan üzrə təmsilçisisiniz?
– Elə deyil, həmin informasiya qəzetlərdə getmişdi. Sadəcə, məndən də soruşdular və fikrimi dedim ki, bəli, bu fakt dəqiqdi.
– Rəngi qurumamış yeni şeirinizi deyə bilərsinizmi?
– Rəngli şeirləri Əsəd Qaraqaplan yazır. O gün ağ şeirlərini oxudu Etimad Başkeçidə, o da bəyəndi. Etimad hər şeyə «mükəmməl» demir ki.
– Nə vaxtsa intihar etmək fikrinə düşmüsünüz? Bundan isə qorxmağa dəyməz, çünki özünüz yazıbsınız ki, «hündürlükdən atılmaqla intihar edənlərin yarışında yerə ən tez çatan da qalibdi». Bəlkə qalib olmaq üçün şairlərin başqa çıxış yolu yoxdur?
– Elm bu qərara gəlib ki, ömründə heç olmasa, bircə dəfə intihar haqqında düşünməyən adam yoxdu. Tələbə vaxtı bir dəfə ağlımdan keçib, o da ötəri.
– Deyirlər ki, dərdi olmayan şeir yaza bilmir. Onda belə çıxır ki, nasirlərin dərdi daha böyükdür…
– Dərdin nə günahı?! İstedadı olmayan şeir yaza bilmir.
– Dörd divarın o üzündə gizlətdiyin dünyanı üzə çıxartmasan, tənhalıq içində çartlayarsan. Tənhalıq niyə şairlərin dostudur?
¬ Mən heç bu şairləri tənha, ya da tənhalığa meylli görmədim. Əksinə, həmişə çöldə-bayırda, məclisdə-filanda, qəzetdə-televizorda…
– İddiaların böyük deyilsə, əl-qolunu boşaldıb özünü göydən yerə tulla, bəlkə bununla təsəlli taparsan…
– Beşinsi sualın cavabına bax…
– Salamla başladıq, elə Salamla da sona yetirək… Bu müsahibə üçün Salamın son Sözü…
– Babək, sən mənim canım, dünyanın bu vaxtında bu cür sualları hardan tapıb göndərmisən mənə?

Şairlər vaxt-vədə ilə doğulmur, şairlər şeirlə doğulur və şeirlə də bu dünyanı tərk edir. Salam Sarvanın isə hələ bir dərdi var – ölmək hələ onluq deyil. Elə bu sualların altından çıxmaq da. Onu da deyəsən, bacarmayıb. Bacardığı şey bacardığı şeirdir, söz oynatmaq da deyəsən, onluq deyil, sözbazların işidir. Salam isə təpədən dırnağa kimi şairdir. Sözbazlar isə “taxta hədəflər dalında gizlənmiş vəziyyətdə” qalıb… Eynən ANS-nin kökaltında olduğu kimi. Görəsən, ANS-nin kökünü yesək, “gizlənmək üçün” hansı meyvəni taparlar? Bəlkə almanı. Yox, almanı “alma”çılar “mənimsəyib”…

…Aldadırsan özünü ki,
xoşbəxt bir ömür sürmüsən –
guya keçən günlərində hər şey
qəzetlərdən kəsib yığdığın
ulduz fallarındakı kimi olub.

Hər şeyi, hamını unutmaqla
ölü kimi bir şeysən.
Təkcə soyuducunun fasiləli səsidi
həyatı arabir yadına salan…

Babək Göyüş

“Xural” qəzeti,

Il: 9, sayı: 018(428), 08-14 may 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button