Şükür etsinlər

Zərdüşt Əlizadə

Dünyada iki cür sülh müqaviləsi olur…

Erməni sosial şəbəkələrində dərin etiraz var: Azərbaycanın sülh müqaviləsi bağlamaq üçün Ermənistan Konstitusiyasını dəyişdirmək tələbi çox böyük ədalətsizlik kimi təqdim edilir. Erməni şərhçilərini bu tələb hədsiz hiddətləndirir. Azərbaycan nə haqla Ermənistanın daxili işlərinə qarışır! Konstitusiyada yazılanlar bizim dövlətin daxili işidir, bizim daxili işlərimizə qarışmayın!

Və sairə və ilaxıra. 30 illik işğaldan, böyük ərazinin viranə qoyulmasından, bir milyon insanın 30 illik didərginlik faciəsindən bircə kəlmə belə deyilmir. Tək ermənilərdə deyil, içi biz olmaqla bütün xalqlarda hadisələrə münasibətdə eyni qərəzlilik müşahidə edilir. Ermənilər də, biz də bizə qarşı törədilən zülmü gözəl xatırlayırıq, özümüzün törətdiyimiz zülm yaddan çıxır. Tək bizim yox, bütün xalqların etnik-ərazi münaqişələrində hal-qəziyyə elə belədir.

Foto: Meydan TV

Bu yaxınlarda bir hadisə baş verdi, ağlı olan bu hadisədən ciddi nəticə çıxara bilər. Rusiya Federasiyasının hakimi-mütləq ağası Vladimir Putin dünyaya növbəti ultimatumunu açıqladı.
Birinci ultimatumu 2007-ci ildə Münhen konfransında səsləndirmişdi, Qərb siyasiləri gülüşüb qulaqardına vurmuşdular.

İkinci dəfə 2021-ci ilin sonunda xarici işlər nazirinin müavini Ryabkovun Qərb diplomatlarına verdiyi sənəddə ultimatumu dəqiqləşdirmişdi. Ultimatumun məğzi çox sadə idi: bizi çox aldatmısınız, bütün vədlərinizə naxələf çıxmısınız, bizim sizə dəxi heç bir inamımız qalmayıb, odur ki, şələ-külənizi yığışdırıb 1997-ci il sərhədlərinə qədər itilin! Əks halda ilk addım kimi Ukraynaya hücum edəcəyəm!

Qərb nə etdi? Rusiyanı hədələdi? Yox. Ukraynaya təcili güclü silah verdi? Yox. ABŞ Ukrayna prezidentinə təyyarə və sığınacaq təklif etdi ki, Kiyevi tərk edə bilsin. Zelenski cavab verdi ki, “mənə taksi lazım deyil, mənə silah verin”.

Müxtəsər, 2022-ci ilin fevral ayının 22-də rus bombaları Ukrayna şəhərlərinə yağış kimi yağdı. Sizin həqir bəndənizin yadına 1941-ci ildə faşist təyyarələrinin sovet şəhərlərinə bomba yağdırması kinoxronikası düşdü.

Müharibənin başlanmasından 2 il yarım keçir. Yüz minlərlə insan həlak olub, yaralanıb, əlil olub, hər iki dövlətə dəymiş ziyanın həcmi yüzlərlə milyard dollarla ölçülür. Avropa iqtisadiyyatına nəhəng ziyan dəyib. Qərb şirkətləri Rusiyadan çıxıb. Rusiyaya iqtisadi-maliyyə-hüquqi cəza tədbirləri tətbiq edilir. Rusiya böyük zəhmət hesabına yiyələndiyi bazarları itirib, “Qazprom” 2023-cü ili böyük ziyanla bitirib. Rusiya neftini 30% ucuzuna satır. Qərbə gedən yolları bağlanıb. Bütün gücünü verir hərbi sənayeyə, lap SSRİ vaxtında olduğu kimi. Dünyanı gəzib dolaşır, İrandan, Şimali Koreyadan silah alır. Ölkə daxilində vətəndaşların kostitusion azadlıqları ləğv olunub, SSRİ dövrünə min şükür.

Bu mürəkkəb məqamda sizin həqir bəndəniz nə fikirləşir? Məncə, Putin özünün qurduğu siyasi sistemin əsiridir, özü özünə başqa çıxış yolu qoymayıb. Saaxov demişkən, ya Putin Ukraynanı ZAQS-a aparıb kəbin kəsdirməlidir, ya da Putini prokuror, daha doğrusu, Haaqa məhkəməsi gözləyir. Nəzərə alsaq ki, nüvə dövlətinin başçısını heç kəs həbs edə bilməz, çıxış yolu kimi qalır daxili sui-qəsd və ya çevriliş. Rusiya indiki siyasi dalandan ya tam qələbə, ya da tam məğlubiyyət yolu ilə çıxa bilər.

ABŞ, Rusiya, Ukrayna və Böyük Britaniya. Foto: Zwiebackesser/shutterstock

Bəs Qərb bu müharibədən nə istəyir? Sizin həqir bəndəniz əmindir ki, hər iki tərəfin məğlubiyyətini və zəifləməsini istəyir. Qərbə müzəffər güclü Rusiya və ya qalib güclü Ukrayna əl vermir. İstəsəydi, Ukraynaya təsirli silahı kifayət miqdarda verərdi. Belə silah onda bəs qədər var. Var, fəqət vermir, deməli, qəsdi var. Qəsdi mən belə görürəm, ola bilsin, yanılıram.
İsveçrədə Rusiyanın iştirak etmədiyi “Sülh konfransı” ərəfəsində Putin öz XİN işçilərini toplayıb RF-nin sülh planını açıqladı. Bu plana görə Ukrayna Krım daxil olmaqla öz qanuni beş vilayətinin Rusiya tərəfindən işğalını və ilhaqını tanımalı, Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin rus qoşunları tərəfindən hələ işğal edilməmiş inzibati sərhədlər daxilində ərazilərini tərk etməli, ordusunu və silahlarının sayını RF-nin təyin etdiyi həddə endirməli, rus dilini ikinci dövlət dili elan etməli, Ukraynanı neytral dövlət kimi bütün hərbi-siyasi bloklardan uzaq saxlamalıdır. Təbii, öz tarixini məktəblərdə Putinin dediyi kimi tədris etməlidir.

Putinin sülh planı göstərir ki, Ukrayna müstəqil dövlət kimi qalmamalı, Rusiyanın əlaltısına və oyuncağına çevrilməlidir. Putin söz verir ki, yaxın aylarda və illərdə Rusiya məhz belə sülhün qələbəsi üçün əlindən gələni edəcək, yəni bombalayacaq, öldürəcək və dağıdacaq.

Ermənistan-Azərbaycan. Foto: arxiv

Putinin bu sülh planından ermənilər ibrət götürüb Ermənistana şərəfli sülh təklif edən Bakının mövqeyindən ikiəlli yapışmamalıdırmı? Bakının sülh təklifində beynəlxalq hüquqa və erməni xalqının və dövlətinin şərəfinə və maraqlarına müğayir bircə kəlmə belə yoxdur. Sadəcə deyilir ki, qonşularınıza qarşı ərazi iddialarınızdan geri durun.

Əminəm ki, qonşularımız öz xoşlarına heç bir ibrət götürməyəcəklər. Təəssüf ki, səhv yolun seçilməsi milli ənənəyə çevrilib. 30 il xahiş etmişik ki, Qarabağa dünyada ən yüksək muxtariyyət statusu verək, qan tökülməsin, razı olmayıblar. Elə ki, qan tökülüb, müharibədə məğlub olublar, deyiblər ki, Qarabağa status verin. Qalan qəziyyəni yada salıb qan qaraltmaq istəmirəm, bilən bilir ki, Azərbaycan tərəfi nə qədər sülh naminə əməkdaşlıq təklif edib. Sonuncu təklif odur ki, gəlsənə birlikdə Minsk Qrupunun ləğvini tələb edək? Cavab hələlik mənfidir. Yenə kimsə olmayan Qarabağ kartından istifadə etməyi arzulayır.
Dünyada iki cür sülh müqaviləsi olur. Birini Azərbaycan Ermənistana təklif edib. İkincisini Rusiya Ukraynaya təklif edir.

Məndən olsa, Ermənistan Astvatsa şükür edib indi masada olan sülh müqaviləsindən möhkəm yapışmalıdır.
Əks halda, Allah bilir nə olacaq.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button