Sülhəddin Əkbər yazdı: “Regionda yeni böyük oyun başladı”-TƏHLİL

Sülhəddin ƏKBƏR,

Azad Demokratlar Partiyasının sədri

Xüsusi olaraq Strateq.az üçün

… 2001-ci ilin 11 sentyabrından sonra regionda səhnəyə qoyulan yeni böyük geopolitik oyunun növbəti pərdəsinin başlaması ilə Azərbaycan məsələsinin də beynəlxalq və regional gündəliyin ön səhifələrinə keçdiyinin işartıları, nəhayət ki, üzə çıxdı. Onun ilk açıq əlamətləri ABŞ və Fransa prezidentlərinin Respublika günü və Azərbaycan Demokratik Respublikasının 100 illiyi münasibətilə Azərbaycanlı həmkarlarına göndərdiyi məktubda “Dağlıq Qarabağ məsələsi” ilə bağlı verdiyi mesajlarda göründü.

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın göndərdiyi təbrik məktubunda açıq şəkildə deyilir: “…Qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq, bu isə ABŞ-Azərbaycan əməkdaşlığının genişləndirilməsinə daha yaxşı şərait yaradacaqdır”.

Bu açıq mesajlar, eyni zamanda hər iki həmsədr dövlətin Xarici İşlər nazirlərinin verdiyi tamamlayıcı bəyanatlar, gec də olsa, rəsmi Bakının, eyni zamanda hamımızın “qarşıdan gələn aylar”da nələrin baş verə biləcəyi haqqında ciddi düşünməsini tələb edir…

Bu yazıda da, əsasən, “İran məsələsi”nin və Ermənistan-Azərbaycan münaqişəsində status-kvonun dəyiş(diril)məsi məsələsinin faktiki olaraq aktuallaşacağı halda, hadisələrin mümkün perspektiv inkişaf variantlarına və Azərbaycan Respublikasının nə etməli olduğuna baxacağıq.

Əslində, Azərbaycan məsələsinin gündəliyə gəlməsi, xüsusən də İran məsələsinin gündəliyə gəlməsi kontekstində, gözlənilirdi. Bu, bir daha hər iki məsələnin bir-birilə üzvi şəkildə bağlı olduğunu, Azərbaycan məsələsinin İran məsələsinin tərkib hissələrindən biri, eyni zamanda ən başlıcası olduğunu göstərir.

Təbii ki, o da səbəbsiz deyildir. Onun tarixi, coğrafi, milli, dini, ümummədəni strateji dərin səbəblərilə bərabər, üst (geopolitik, geostrateji, geoekonomik və geokültürəl) və alt səviyyəli (siyasi, hərbi, iqtisadi və mədəni) çoxsaylı səbəbləri mövcuddur. Cəmi iki yüz il bundan öncə türklərin hakim olduğu vahid bir dövlət tərkibində olan Şimali və Cənubi Azərbaycanın, yüz il bundan öncə dövlət müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyətinin və Qacarlar Dövlətinin, eyni zamanda bugünkü Azərbaycan Respublikası və İran İslam Respublikasının geopolitik taleləri, tarixi-siaysi inkişaf yolları, təəssüf ki, zorla – öncə Rusiya İmperiyasının (I (1804-1813-cü illər) və II (1826-1828-ci illər) Rusiya-İran müharibələri nəticəsində), ardınca da Sovet Rusiyasının müdaxiləsilə ayrılmışdır.

Yeni dünya nizamının, qlobal geopolitik balansın və beynəlxalq münasibətlər sisteminin qurulduğu, xüsusən də Iran (regional) və Rusiya (strateji) məsələlərinin eynizamanlı olaraq gündəliyə gəldiyi hazırkı dövrdə bu iki məsələnin – İran və Azərbaycan (həmçinin Azərbaycan Respublikası) məsələlərinin eynizamanlı olaraq gündəliyə gəlməsi nəinki gözlənilməz olmamalıdı, tam əksinə gözlənilməliydi.

İran və Rusiya kimi iki böyük məsələnin eyni zamanda aktuallaşdığı bir dövrdə onların arasında – həlledici strateji mövqedə yerləşən Azərbaycanın, həmçinin Azərbaycan Respublikasının gündəliyə gəlməməsi necə gözlənilməyə bilər? Bunu yalnız tarix və coğrafiyadan bixəbər nadanlar, siyasi baxımdan anlaqsız durumda olanlar “düşünə” bilər.

Nəhayət, özündə çoxsaylı, çoxyönlü və müxtəlif səviyyəli, xüsusən də yüksək səviyyəli təhlükələr, eyni zamanda, təhlükəli olsa da, fürsət və imkanlar daşıyan bu proses başlayıb artıq…

Nələr gözlənilir?

İndi öz cavabını gözləyən əsas suallardan biri budurregiona, o cümlədən Azərbaycan Respublikasına yönəlik nələr gözlənilir?

Təbii, bu, üst və alt səviyyələrdə çox yönü – geopolitik, geostrateji, geoekonomik və geokültürəl, həmçinin siyasi, hərbi, iqtisadi və mədəni yönləri olan kompleks bir sualdır. Və bu sual geniş və dərin cavab tələb edir. Lakin biz burada bu suala dar kontekstdə, onun konkret bir məsələ – Ermənistan-Azərbaycan münaqişəsi (əslində Rusiyanın Azərbaycan Respublikasına qarşı Ermənistan Respublikası və qondarma DQR-in vəkilliyilə apardığı vəkalət müharibəsi) ilə bağlı olan hissəsinə ilkin və səthi olaraq cavab verməyə çalışacağıq.

Bu suala cavab vermək üçün ilk növbədə mövcud şəraitdə və yaxın perspektivdə əsas regional (Rusiya, İran və Türkiyə) və kənar oyunçuların (ABŞ, AB, NATO, İsrail və Böyük Britaniya) regional, o cümlədən Azərbaycan Respublikası (AR) ilə bağlı hədəflərini dəqiq müəyyən etməliyik. Onlar regiondan və konkret olaraq AR-dən nə istəyirlər?

İran məsələsinin beynəlxalq və regional gündəliyə gəldiyi, İranətrafının, eyni zamanda Cənubi Qafqaz və Xəzər regionunun, o cümlədən Azərbaycan da daxil olmaqla region ölkələrinin yenidən formatlandırılmağa başlandığı hazırkı dövrdə əsas oyunçuların başlıca istəyi regionda, eyni zamanda Azərbaycan Respublikasında öz iştiraklarını artırmaq – genişləndirmək və dərinləşdirmək, maraqlarını inkişaf etdirmək, dəyərlərini yaymaq, mövqelərini, nüfuz və təsirlərini gücləndirmək və beləliklə, siyasi hədəflərinə nail olmaq üçün hərtərəfli maksimum əlverişli şərait yaratmaqdır.

Haradan və nədən başlayacaqlar?

Bunun üçün əsas oyunçular, heç şübhəsiz, regiondakı, o cümlədən respublikamızdakı mövcud iştiraklarının, maraqlarının inkişafından, mövqelərinin gücləndirilməsindən və xarici müdaxiləyə açıq olan həssas nöqtələrdən təsir və təzyiq edilməsindən başlayacaqlar.

Bax, bu səbəbdən də, ölkəmizin xarici müdaxiləyə açıq olan ən həssas, ağrılı “nöqtəsi”, “yeri” – Ermənistan-Azərbaycan münaqişəsi və onun nəticəsində torpaqlarımızın böyük bir hissəsinin işğala və ilhaqa məruz qalması açıq şəkildə ön plana çıxır. Bəli, ölkəmizin ərazisinin böyük bir hissəsinin Rusiya-Ermənistan-“DQR” birləşmiş qüvvələri tərəfindən işğal və ilhaq olunması və bu məsələ ətrafında yaranmış (əslində yaradılmış) durum bizim ən həssas və ağrılı yerimizdir. Deməli, Azərbaycan Respublikasına daha artıq nüfuz, təsir və təzyiq etmək istəyənlər ilk növbədə ora basacaqlar.

Əsas oyunçular konkret olaraq nə istəyəcək?

Rusiya, təbii ki, onun siyasi-hərbi üstünlüyünü təmin edən mövcud status-kvonu mümkün qədər qorumağa çalışacaq.

Bu mümkün və ya dəyişən strateji şəraitin tələbləri baxımından yetərli olmadığı təqdirdə isə:

– ölkəmizdə, xüsusən də Ermənistan Respublikasında (ER), “DQR”-də və işğal zonasında mövcud iştirakını artırmağa, maraqlarını inkişaf etdirməyə, mövqelərini, nüfuz və təsirini gücləndirməyə;

– münaqişənin həlli üçün aparılan danışıqlarda təşəbbüsü əldən verməməyə;

– ölkəmizdə legitim hərbi iştirakına yol açan “sülh təşəbbüsləri” və ya əslində çox təhlükəli olan, hərbi müdaxiləsinə bəhanə verə biləcək şirnikləndirici təşəbbüslər (Mehri dəhlizinin açılmasına və ER-in İİR-lə əlaqəsinin kəsilməsinə, münaqişənin hərbi yolla həllinə və ya sülhə məcburetmə əməliyyatına təşviq və ya sövqetmə və s. kimi) irəli sürməyə;

– ardınca ER-in hərbi-siyasi müttəfiqi kimi, sülhməramlı qüvvələr və ya humanitar müdaxilə adı ilə ölkəmizə hərbi müdaxiləyə və legitim hərbi iştirakını təmin etməyə;

– 5-ci kolonunun ölkəmizdəki dominant mövqeyini daha da gücləndirməyə;

– təmas xəttində (ayırıcı qüvvə kimi) və işğal zonasında, eyni zamanda ölkəmizin İranla və Ermənistanla olan sərhəddində, həmçinin Mehri dəhlizində qalıcı olaraq qalmağa;

– İran məsələsinin gündəlikdə olduğu dövrdə onun şimal sərhədlərinə nəzarət etməyə, daha əlverişli geopolitik, geostrayeji və hərbi-siyasi durumda olmağa;

– İran məsələsinin həllində həlledici rollardan birini almağa;

– bu və ya başqa formada xarici müdaxilə olacağı, rejim dəyişikliyi baş verəcəyi halda, eyni zamanda müdaxilə sonrası İranın yenidən qurulmasında aktiv rol oynamağa;

– bunun üçün də İranın şimalında – Azərbaycan Respublikasında, Xəzərdə və Türkmənistanda hərtərəfli güclü olmağa;

– strateji xarakterli müxtəlif siyasi, hərbi, təhlükəsizlik və xarici siyasət səbəbləri üzündən iqtidarın bu istək və tələbləri adekvat qarşılamayacağı, qarşılaya bilməyəcəyi və ya mane olacağı hallarda isə ictimai-siyasi sabitliyi pozmağa, separatizmi və nəzarətindəki terrorçu qrupları dəstəkləməyə, münaqişə zonasında təxribatlar törətməyə, 5-ci kolonunu destruktiv fəaliyyətə keçirməyə və siyasi hədəflərinə çata bilmədiyi halda da hakimiyyəti dəyişməyə çalışacaq.

İsrail, yəhudi lobbisi, sionist və mühafizəkar neokon dərin dövlətinin qəti, inadkar və sıx dəstəyilə İran məsələsini beynəlxalq gündəliyə çıxaran, ötən ilin mayından etibarən açıq şəkildə antiiran koalisiyası qurmağa başlayan Tramp Amerikasının Cənubi Qafqaz və Xəzər regionundakı, o cümlədən Azərbaycan Respublikasındakı əsas aktual hədəfləri isə:

– üst və alt səviyyəli geniş maraqlarının hərtərəfli inkişaf etdirilməsi, iştirakın və aktivliyin artırılması;

– xüsusən də təhlükəsizlik, enerji və demokratiyanın yayılması – siyasi inkişaf maraqlarının irəlilədilməsi;

– regionun demokratikləşdirilməsi – Rusiyanın asılılığından xilas edilməsi prosesinə yeni stimulun verilməsi, mümkünsə yeni demokratikləşmə dalğasının yaradılması, Gürcüstanın demokratikləşməsinin dərinləşdirilməsi, Ermənistanın demokratik inkişaf yoluna çıxmasının önünün açılması – qonşu ölkədə dinc hakimiyyət dəyişikliyinə dəstək verilməsi, Azərbaycan Respublikasının demokratikləşməsi üçün əlverişli xarici şəraitin yaradılması;

– regional inteqrasiyanın, eyni zamanda regionun, region dövlətlərinin Avropaya və Avroatlantik məkana inteqrasiyasının dəstəklənməsi;

– iri regional və transregional enerji, nəqliyyat və iqtisadi-ticarət layihələrinin dəstəklənməsi;

– Gürcüstanın NATO-ya üzv olmasına açıq və gücləndirilmiş dəstəyin verilməsi;

– Gürcüstanda hərbi-siyasi və iqtisadi mövcudluğunun və aktivliyinin gücləndirilməsi;

– regional inkişaf strategiyasının, xüsusən də demokratik inkişaf strategiyasının qarşısında duran başlıca süni əngəllərdən biri olan Ermənistan-Azərbaycan münaqişəsinin həllində, onun həlli üçün aparılan danışıqlar prosesində (yaxın aylarda) aktivliyin artırılması, təşəbbüsün ələ alınmasına və mövcud status-kvonun dəyişdirilməsinə cəhd edilməsi;

– tərəflərə, o cümlədən Azərbaycan Respublikasına (rəsmi Bakıya demək daha dəqiq olar), xüsusən də İran məsələsi kontekstində, çəkici, cəzbedici, hətta şirnikləndirici təkliflərin verilməsinin məqsədyönlü – yönləndirici təzyiq və təsirlərlə növbələşdirilməsi;

– işğal altındakı ətraf rayonların bir qisminin (ilk etapda 2-dən 5-ədək ola bilər) azad edilməsi və qondarma DQR-ə müvəqqəti hüquqi status verilməsi, bir sözlə, mövcud status-kvonun beynəlxalq tanınması və təsbit edilməsi qarşılığında münaqişə bölgəsinə, eyni zamanda İranın şimal sərhəddinə beynəlxalq sülhməramlı qüvvələrin, o cümlədən ABŞ silahlı qüvvələrinin yerləşdirilməsi;

– işğal altında olan bir sıra rayonların, xüsusən də İranla sərhəddə olan rayonların (Fizuli, Cəbrayıl, Zəngilan) hərbi yolla azad edilməsi, hətta Ermənistanla İran arasında olan həyati vacib “Mehri keçidi”nin bağlanması və Naxçıvana, eyni zamanda Türkiyəyə quru dəhlizinin açılması üçün Azərbaycan Respublikasına dolayı yolla dəstək veriləcəyinə söz verilməsi;

– İran məsələsinin həllində və İranın yenidən qurulmasında Azərbaycan Respublikasının, eyni zamanda İranda yaşayan Azərbaycan türklərinin (onlar əhalinin, ən azı, 40%-ni təşkil edirlər) maraqlarının qorunması, nəzərə alınması və dəstəklənməsi qarşılığında “Dağlıq Qarabağ məsələsi”ndə güzəştlərin tələb edilməsi (yeri gəlmişkən, eyni şeyi ruslar da edə bilər);

– ona ölkəmizdə legitim hərbi iştiraka (sülhməramlı qüvvələr kimi, Xəzərin mühafizəsi proqramı çərçivəsində, transregional enerji, nəqliyyat və ticarət-iqtisadi infrastrukturun mühafizəsi çərçivəsində və ya başqa formada), ölkəmizin ərazisindən, eyni zamanda hava və dəniz limanlarından istifadə etməyə, Azərbaycan Respublikasının İİR-lə olan sərhəddinə, hava və su məkanına nəzarət etməyə, quru ərazisindən, hava və su məkanından istifadə etməklə aktiv kəşfiyyat fəaliyyəti və xilasetmə-qurtarma əməliyyatları aparmağa və s. imkan verən təşəbbüs, təklif və layihələrin irəli sürülməsi;

– Xəzərin hüquqi statusunun beynəlxalq hüquq əsasında və AR-in maraqları nəzərə alınmaqla müəyyən edilməsinə dolayı yolla dəstək verilməsi;

– yeni qlobal iqtisadi böhranın gözlənildiyi, dünya bazarlarında neftin qiymətinin davam etməkdə və güclənməkdə olan geopoltik təsirlərə məruz qaldığı, qonşu Rusiya və İrana getdikcə ağırlaşan sərt sanksiyaların tətbiq edildiyi, regionda yeni böyük oyunun yeni pərdəsinin başladığı bir dövrdə sanksiyalar rejiminə nəzarətin gücləndirilməsi;

– İran məsələsinin həllində Rusiyanın, mümkünsə, razı salınması, Rusiya və İranın, eyni zamanda onların regional maraqlarının toqquşdurulması;

– Rusiya və İranın regionda iştirakı, aktivliyi, təsiri və nüfuzunun mümkün olduqca məhdudlaşdırılması;

– rəsmi Bakının, xüsusən də hakim elitanın sanksiyaların tətbiqilə, eyni zamanda “məxməri inqilab”la hədələnməsi;

– beləliklə, onun əsas regional hədəflərinə çatması ola bilər.

Onu da nəzərə almaq lazımdır ki, ABŞ və Rusiya həm ayrılıqda, həm də razılaşma olacağı təqdirdə birlikdə, İran məsələsinin həlli paketi daxilində, Azərbaycan Respublikasına da təkliflər paketi təqdim edə bilər. Bu, gözləniləndir.

Soyuq Müharibə bitdikdən və SSRİ dağıldıqdan sonra ABŞ tərəfindən irəli sürülən dinc, demokratik, bölünməz Avropa strategiyasına görə, postsovet məkanı, o cümlədən dağılan imperiyadan ayrılaraq öz müstəqilliklərini bərpa edən respublikalar Yeni Avropa təhlükəsizlik sisteminə aid edilir. AB və NATO-nun genişlənməsini də nəzərdə tutan bu strategiya həm Avropa və ABŞ-ın, həm də hər iki qurumun maraqlarına cavab verirdi. Və bu səbəbdən onlar həmin strategiyanın inkişafı üçün, müəyyən fikir ayrılıqlarına baxmayaraq, birlikdə hərəkət edirdi.

Lakin Trampın “Öncə Amerika!” şüarı ilə hakimiyyətə gəlməsindən, Avroatlantik münasibətlərə, eyni zamanda AB və NATO ilə formalaşan ənənəvi münasibətlərə yenidən baxış keçirməsindən sonra vəziyyət dəyişdi. Təbii, bura “Brexit”i – Böyük Britaniyanın AB-dən çıxmağa qərar verməsini də əlavə etməliyik.

Bu halda AB, xüsusən də onun aparıcı dövlətləri olan AFR və Fransa ABŞ-dan müstəqil hərəkət etməyə qərar verdi. Baxmayaraq ki, bunun üçün onların, ən azı hazırda, yetərli strateji resursları yoxdur.

Ancaq çox keçmədi ki, ABŞ dərin dövlətinin özündə sionist yəhudi və yevangelistlərlə anqlo-saksonlar arasında parçalanma və maraqların toqquşması prosesi başladı. Nəticədə, Avroatlantik münasibətlərdə yaranmış durum yenidən, nisbi də olsa, tarazlanmağa, balanslaşdırılmağa və optimallaşdırılmağa başlandı. Təbii ki, bu, hələ başlanğıcdır…

Hazırda görünən odur ki, ötən ilin mayından antiiran koalisiyası yaratmağa başlamasına və bu ilin 8 mayında İranla imzalanan Birgə Əhatəli Fəaliyyət Planından çıxmasını elan etməsinə baxmayaraq, ABŞ-ın Avropalı müttəfiqləri İran məsələsində onu dəstəkləmir.

Bütün bunlara baxmayaraq, postsovet məkanına, o cümlədən Cənubi Qafqaz və Xəzər regionuna yönəlik siyasətdə tərəflərin maraqları əsasən örtüşür.

Bu, AB-nin genişlənməsinə, enerji, kommunikasiya və ticarət-iqtisadi maraqları ilə bağlı olan iri regional layihələrə, təhlükəsizliyinin təmin edilməsinə və regional münaqişələrin həllinə də aiddir.

Onu da qeyd edək ki, qonşu Gürcüstanda yaranan böhranın (2008-ci il) həllində Fransa, Ukraynadakı böhranın (2014-cü il) həllində isə Almaniya, əlbəttə, ABŞ-la birlikdə, xüsusi aktivlik göstərdi və bu aktivlik hazırda da davam edir.

Təəssüf ki, biz Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı bu aktivliyi bugünədək görmədik. Bu gündən sonra vəziyyətin dəyişib-dəyişməyəcəyini isə zaman göstərəcək.

Lakin qeyd etməliyik ki, Avropa Birliyi, eyni zamanda onun aparıcı dövlətləri olan AFR  Fransa:

– postsovet məkanını, eyni zamanda C. Qafqaz və Xəzər regionunu Yeni Avropanın tərkib hissəsi kimi gördüklərinə, Yeni Avropa təhlükəsizlik sisteminə aid etdiklərinə;

– ümumiyyətlə, bu məkandakı və regiondakı öz maraqlarına, xüsusən də təhlükəsizlik, o cümlədən enerji təhlükəsizliyi, enerji, kommunikasiya, ticarət-iqtisadi və tədrici genişlənmə maraqlarına;

– buradakı regional münaqişələrin arxasında Rusiyanın durduğunu bildiklərinə və onunla, xüsusən də hərbi sferada, toqquşmaq niyyətində olmadıqlarına;

– qonşuları, eyni zamanda ciddi iqtisadi maraqları olan (xüsusən AFR-ın) böyük, aqressiv və militarist Rusiya ilə onsuz da gərgin olan münasibətləri daha da gərginləşdirmək və kəskinləşdirmək istəmədiyinə;

– nüvə proqramı ilə bağlı olaraq İranla imzalanan Birgə Əhatəli Fəaliyyət Planı maraqlarına cavab verdiyinə, orada, xüsusən də iqtisadi sahədə, ciddi perspektiv gördüklərinə və İran məsələsinin həllində ABŞ-la birgə hərəkət etmək niyyətində olmadığına görə, bugünədək regional münaqişələrdəki, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsindəki status-kvonun qorunub saxlanmasında və münaqişənin hərbi müstəviyə keçməsinin qarşısının alınmasında maraqlı olublar.

Bu səbəblərə görə, Rusiya və AB-nin, onun aparıcı dövlətləri olan Almaniya və Fransanın regiondakı strateji maraqları toqquşsa da, regional operativ-taktiki maraqları nəinki toqquşmayıb, əkisinə üst-üstə düşüb.

Ancaq görünən odur ki, mövcud vəziyyət dəyişə bilər. Və İran məsələsinə görə dəyişməyə başlayan, onsuz da dəyişəcək olan regional strateji durum mövqelərin dəyişməsini qaçılmaz edə bilər. AB də, onun aparıcı dövlətləri, xüsusilə Fransa da öz strateji maraqları yönündə hərəkət etməyə qərar verə bilər. O halda, başda Fransa olmaqla, AB ABŞ və İsrailin yanında yer ala bilər.

Hazırda İran məsələsi hazırlıq, antiiran koalisiyası da formalaşma mərhələsində olduğundan, Ermənistan-Azərbaycan münaqişəsilə bağlı durumda status-kvo qorunub saxlandığından, digər maraqlı böyük oyunçular kimi NATO da hər iki məsələ ilə bağlı hələlik arxa planda, lakin aktiv gözləmə durumundadır.

NATO-nun aktiv gözləmə vəziyyətində olduğunu alyansın Baş katibi Yans Stoltenberqin bu günlərdə verdiyi açıqlama da təsdiq edir.  NATO Parlament Assambleyasının Varşavada keçirilən yaz sessiyası zamanı (24-28 may 2018-ci il) Azərbaycan nümayəndə heyətinin üzvü Məlahət İbrahimqızının sualını cavablandırarkən o deyib ki, “Azərbaycanın üzləşdiyi problemi bilirik, lakin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur və biz NATO olaraq bu problemin sülh yolu ilə həll edilməsində öz köməyimizi etməyə hazırıq”.(http://strateq.az/siyaset/256317/nato-dan-bakiya-dəstək.html)

Yeni Avropa təhlükəsizlik sisteminin başlıca qurumu olan, regionu Yeni Avropanın tərkib hissəsi kimi görən, Azərbaycan Respublikasına etibarsız GUAM üzvü kimi baxan NATO-nun regiona strateji baxışı və regionla bağlı gözləntiləri məlumdur. Onun operativ-taktiki səviyyədə arxa planda, aktiv gözləmə durumunda olması da anlaşılandır.

Hamıya məlum olan başqa bir həqiqətsə Şimali Atlantika alyansının qurucu liderinin ABŞ olmasıdır. ABŞ-ın NATO-nun Cənubi Qafqaza doğru genişlənməsini, regionda hərbi iştirakını, Gürcüstanın alyansa üzv olmasını açıq şəkildə dəstəklədiyi, Azərbaycan və Ermənistanın da bu yolla getməsini arzu etdiyi də məlumdur.

Əgər Azərbaycan Respublikası digər GUAM dövlətləri kimi demokratik strateji seçim edərək, demokratik inkişaf və Avrointeqrasiya yolu tutsaydı, o zaman o da onlar kimi həm ABŞ-ın, həm də onun lider olduğu NATO-nun dəstəyini qazanmış olardı. O zaman həm ABŞ, həm AB, həm də NATO regional münaqişələrlə bağlı Gürcüstanı necə müdafiə edirsə, Azərbaycanı da elə müdafiə edəcəkdi, sadəcə, müdafiə etməyə məcbur olacaqdı. O halda biz də hazırda gözlənilən regional inkişafla, İran məsələsinin gündəliyə gəlməsilə və Ermənistan-Azərbaycan münaqişəsində status-kvonun dəyiş(diril)mə ehtimalı ilə bağlı narahatlıqları bu dərəcədə keçirmiş olmazdıq.

Rusiya Cənubi Qafqazdan sıxışdırılıb çıxarıldıqda isə onlar ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin və sərhəd toxunulmazlığının bərpa edilməsinə dəstək verəcəkdi. Çünki həm AB, həm də NATO Azərbaycan Respublikasına öz tərkib hissələri kimi, sərhədlərinə də öz sərhədləri kimi baxacaqdı.

Çox təəssüf ki, müstəqil milli dövlət kimi qurulan və bərpa edilən Azərbaycan Respublikası həyati strateji səhvə yol verdi – müdrik ata-babalarımızın hələ 100 il bundan öncə seçdiyi proqressiv müasir demokratik inkişaf yolunu deyil, reqressiv postsovet avtoritar “inkişaf” yolunu seçdi. Budur, nəticəsi də göz önündədir. İndi biz bu səhvin çoxsaylı acı meyvələrini yeyirik və görünən odur ki, hələ daha acılarını da yeməli olacağıq…

Çünki, qeyd edildiyi kimi, Azərbaycan Respublikası həyati strateji səhvə, eyni zamanda strateji zaman itkisinə (2003-2018-ci illər) yol verdi.

Əgər biz bu səhvə yol verməsəydik, 2003-cü ildə, hətta Gürcüstandan öncə, demokratik strateji seçim edərək, demokratik inkişaf və Avrointeqrasiya yolu tutsaydıq, indi:

– 15 il idi ki, müasir demokratik inkişaf yolu qət etmişdik, demokratik siyasi, hüquqi, inzibati, iqtisadi, sosial və hərbi islahatlar aparmış və onları dərinləşdirmişdik;

– sosial-iqtisadi baxımdan postsovet ölkələri arasında ön sıralaradan birini, bəlkə də birincisini tutmuşduq, vətəndaşlarımız həqiqi rifahın nə olduğunu anlamağa və dərk etməyə başlamışdılar;

– azadlıq və demokratiyanı dərk edən azərbaycanlılar vətəndaş cəmiyyəti qurmuş və açıq cəmiyyət quruculuğu yoluna çıxmışdı;

– azad, demokratik, hüquqi dövlət quruculuğunda, cəmiyyətdə ədalətin, xüsusən də sosial ədalətin təmin edilməsində xeyli irəli getmiş və milli birliyə əsasən nail olmuşduq;

– AB və NATO-ya inteqrasiya yolunda xeyli məsafə qət etmiş, digər GUAM ölkələri kimi AB-yə vizasız gediş-gəliş əldə etmiş, NATO standartlarına uyğun ordu qurmuş, beləliklə, ABŞ və Qərblə qarşıdurmada olan, getdikcə ağırlaşan sanksiyalara məruz qalan Putin Rusiyasının müttəfiqi, KTMT və AİB üzvü olan Ermənistanı xeyli üstələmiş və torpaqlarımızı işğaldan azad etməyə hazır vəziyyətdə durmuşduq.

Və indi də nə edəcəyimizi aydın şəkildə bilirdik.

Bir daha qeyd edirəm, çox təəssüf ki, Azərbaycan Respublikası həyati strateji səhvə, eyni zamanda strateji zaman itkisinə yol verdi.

Və budur, Ermənistan, Rusiyanın siyasi-hərbi müttəfiqi, KTMT və AİB üzvü ola-ola, bu məsələdə də onu qabaqladı – rejimdən cana doymuş erməni xalqı ayağa qalxaraq, arxasında Rusiyanın durduğu və yeni baş nazir seçilmiş (17 aprel 2018-ci il) Serj Sarkisyanı cəmi 6 gün sonra (23 aprel 2018-ci il) dinc, demokratik kütləvi etirazların keçirilməsi yolu ilə istefaya göndərdi və yeni xalq etimad hökuməti quraraq Moskvanın qurduğu kriminal-oliqarxik rejimi demontaj etməyə başladı. Ən başlıcası isə, Ermənistan Moskva ilə münasibətləri qoruyub saxlamaqla bərabər, ABŞ və Qərbin rəğbətini və dəstəyini qazandı. Bura Ermənistan əhalisinin nisbi etnik monolitliyini, erməni kilsəsinin, diasporasının, lobbisinin təsir və nüfuzunu, xüsusən də həmsədr dövlətlərdə – Rusiya, ABŞ və Fransada, – əlavə etsək, necə arzuolunmaz və xoşagəlməz bir mənzərənin yarandığını, hər halda, təsəvvür etmək elə də çətin olmaz. Bunu siz də edə bilərsiniz.

Böyük Britaniyanın (BB) mövqeyini proqnozlaşdırmaq isə:

– AB-dən çıxmaq haqqında qərar verdiyinə, eyni zamanda formal olaraq hazırda Birlik daxilində olduğuna;

– ABŞ dərin dövləti parçalandığına, anqlo-saksonlar “müxalifətə” keçdiyinə və Amerika ilə olan ənənəvi strateji müttəfiqliyinə Tramp dövründə kölgə düşdüyünə;

– qurulmaqda olan yeni dünya nizamında və yeni tarazlığa kəskin ehtiyacı olan qlobal geopolitik münasibətlər sistemində özünə layiq yer arayışında olduğuna;

– Orta Şərq, Cənubi Qafqaz və Xəzər regionları ilə bağlı siyasətinə yenidən baxıb-baxmayacağı, eyni zamanda İran məsələsi və Ermənistan-Azərbaycan münaqişəsilə bağlı hazırkı mövqeyinin dəyişib-dəyişməyəcəyi məlum olmadığına görə bir qədər çətinləşib.

Onu da nəzərə almalıyıq ki, ABŞ və İsrailin müttəfiqlərilə birgə həm İran məsələsi, həm də Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı planları hələlik hazırlıq mərhələsindədir və antiiran koalisiyasının formalaşdırılması bir ucu açıq  qalacaq məsələdir. Və ABŞ və İsrailin müttəfiqlərilə birgə hazırlıqlarını tamamlayıb, hərəkətə keçəcəyi halda – “qarşıdakı aylarda” regional, ola bilsin ki, həm də qlobal strateji durum dəyişəcək və bu dəyişiklik özü ilə bərabər, böyük ehtimalla, bu gün fərqli mövqedə olan dövlətlərin, xüsusən də Qərb dövlətlərinin mövqe dəyişikliyini gətirəcəkdir.

Eyni zamanda o da nəzərə alınmalıdı ki, Böyük Britaniyanın Cənubi Qafqaz və Xəzərdə, xüsusən də Azərbaycanda həyati vacib maraqları – enerji, nəqliyyat, ticarət-iqtisadi, kəşfiyyat və təhlükəsizlk maraqları mövcuddur və o, xüsusilə də İran məsələsinin və Ermənistan-Azərbaycan münaqişəsilə bağlı status-kvonun dəyişdirilməsi məsələsinin gündəliyə gəldiyi bir vaxtda bu mövcud durumun dəyişməsində maraqlı deyil. Lakin dəyişəcəyi halda da kənarda qalan deyil.

Unudulmamalıdır ki, II Dünya Müharibəsi dövründə İran məhz Böyük Britaniya ilə SSRİ tərəfindən işğal edilmişdi.

Xatırladaq ki, müharibə bitdikdən sonra işğal zonasında Sovet İttifaqının hərtərəfli dəstəyilə öncə Azərbaycan Milli Hökuməti (20 noyabr 1945 – 12 dekabr 1946-cı illər), ardınca da Mahabad Cümhuriyyəti (22 yanvar 1946 – 30 mart 1947-ci illər) yaradıldı.

Deməli, bu məsələlərin aktuallaşdığı dövrdə, yəni yaxın gələcəkdə, böyük ehtimalla, Böyük Britaniyanın bugünkü mövqeyi dəyişəcək və o, bu və ya başqa formada, antiiran koalisiyasında yer almaqla və ya müstəqil olaraq, Ermənistan-Azərbaycan münaqişənin həllində birbaşa iştirak etməklə və ya arxa planda qalmaqla (bugünkü kimi), həmin məsələlərin həllində öz yerini tutacaq. 

Təbii, istər İran məsələsinin, istərsə də Ermənistan-Azərbaycan münaqişəsilə bağlı status-kvonun dəyiş(diril)məsi məsələsinin dəyərləndirilib qiymətləndirilməsində əsas regional oyunçular da, onların mövqeyi də mütləq nəzərə alınmalıdır.

Bu baxımdan Azərbaycan Republikasının təbii müttəfiqi, strateji tərəfdaşı olan qardaş Türkiyə Cümhuriyyətinin mövqeyi çox önəmlidir.

Türkiyə, Avropa ilə Asiyanın qovşağında yerləşən, regional və geoekonomik əhəmiyyətli enerji, kommunikasiya və ticarət-iqtisadi yolların da keçdiyi C. Qafqaza bir bütün olaraq, onu Mərkəzi Asiya ilə, digər türk dövlətlərilə birləşdirən həyati vacib geopolitik məkan kimi baxır. Və bu məkandakı genişlənmə potensialı daşıyan münaqişələri – Ermənistan-Azərbaycan, Abxaziya və C. Osetiya münaqişəsini, xüsusən də birincisini öz milli, regional və strateji maraqları baxımından təhdid hesab edir. Ona görə də, bu regional münaqişələrin həllində ən maraqlı olan regional oyunçudur.

Bu səbəbdən Türkiyə Cümhuriyyəti nə İran məsələsinin, nə də Ermənistan-Azərbaycan münaqişəsilə bağlı status-kvonun dəyiş(diril)məsi məsələsinin gündəliyə gəldiyi bir vaxtda kənarda qala bilməz. Əsas sual onun hansı mövqedə olacağıdır.

Etiraf edilməlidir ki, mövcud şəraitdə:

– ABŞ, AB, İsrail, Misir və Səudiyyə Ərəbistanı başda olmaqla bir sıra Körfəz ölkələrilə münasibətlərinin gərginləşdiyi, pozulduğu;

– həm ölkə daxilində, həm də xaricində beynəlxalq terrorizmlə aktiv mübarizə apardığı, Suriya böhranına aktiv cəlb olunduğu;

– Rusiya və İranla həm ikitərəfli münasibətləri inkişaf etdirdiyi, həm də regional miqyasda operativ-taktiki sıx münasibətlər qurduğu və inkişaf etdirdiyi;

– Ermənistanla münasibətləri normallaşdırmaqda maraqlı olduğu;

– Azərbaycan Respublikası ilə strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqaviləsi olduğu;

– eyni zamanda İran məsələsinin və Ermənistan-Azərbaycan münaqişəsilə bağlı status-kvonun dəyiş(diril)məsi məsələsinin gündəliyə gəldiyi bir vaxtda Türkiyə Cümhuriyyətinin artan narahatlığı və mürəkkəb mövqe tutması (Suriyada olduğu kimi) başadüşüləndir.

Çünki o, eyni zamanda başda ABŞ olmaqla antiiran koalisiyası, Rusiya və İranla balanslaşdırılmış siyasət aparmalı, strateji tərəfdaşı kimi Azərbaycan Respublikasını, ehtiyac yarandıqda isə İrandakı Azərbaycan türklərini dəstəkləməli və bu mürəkkəb geopolitik, geostrateji, geoekonomik və regional hərbi-siyasi şəraitdə öz milli maraqlarını qorumalıdı.

Bu səbəblərə görə də, Türkiyə müxtəlif tərəflərlə müxtəlif dövrlərdə, hadisələrin inkişafının müxtəlif mərhələlərində, müxtəlif yerlərdə, müxtəlif sahələrdə, müxtəlif səviyyələrdə və müxtəlif miqyasda münasibətlər qurmağa çalışacaq. Təbii ki, ilk növbədə öz milli maraqlarını qorumağa çalışacaq.

Türkiyənin Azərbaycan Respublikasına verə biləcəyi dəstəyə gəlincə, ilk növbədə:

– onun öz milli maraqlarını rəhbər tutacağı;

– siyasi-diplomatik, kəşfiyyat, informasiya, iqtisadi, humanitar, mənəvi-psixoloji dəstək verə biləcəyi;

– verə biləcəyi hərbi dəstəyin isə, “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə”nin 2-ci maddəsində də nəzərdə tutlduğu kimi, məhdud olacağı[1];

– həm kənar (ABŞ, AB, İsrail), həm də regional (Rusiya və İran) böyük oyunçularla hərbi qarşıdurmaya getməkdən qaçınacağı nəzərə alınmalıdı.

İran məsələsinə gəlincə, başda ABŞ və İsrail olmaqla, antiiran koalisiyası ilə RF arasında hər hansı bir çərçivə anlaşması olduğu təqdirdə, onlarla birgə hərəkət xətti seçmə ehtimalı, bu razılıq olmadıqda, ilk mərhələdə gözləmə mövqeyində durma, durum aydınlaşandan sonra, ən azı, kritik nöqtə aşılanadək, üzdə RF və İranla, arxada isə güclü ilə (antiiran koalisiyası ilə) bir tərəfdə olma ehtimalı, antiiran koalisiyası ilə anlaşdığı təqdirdə isə ya birbaşa koalisiyaya daxil olmaqla, ya da kənardan dəstək verməklə bu yeni böyük oyunun yeni pərdəsində aktiv iştirak etmə və hər bir halda öz maraqlarını, mümkün olduğu qədər, qoruma ehtimalı yüksəkdir.

Təbii ki, yeni dünya nizamının qurulduğu və geopolitik qarşıdurmanın həlledici mərhələyə daxil olduğu bu mövcud mürəkkəb qlobal və regional strateji şəraitdə qardaş Türkiyə nə qədər məqsədyönlü, rasional, səmərəli, adekvat və çevik bir strategiya və siyasət apara bilərsə, istər İran məsələsində, istərsə də Ermənistan-Azərbaycan münaqişəsilə bağlı status-kvonun dəyiş(diril)məsi məsələsində onun həm Azərbaycan Respublikasına, həm də Azərbaycan türklərinə dəstək vermək imkanı bir o qədər çox olar.

O da təbiidir ki, Türkiyə, ilk növbədə, regiondakı, xüsusən də Azərbaycan Respublikasındakı, öncəlikli olaraq da Naxçıvan MR-dəki maraqlarını qorumağa çalışacaq. Çünki Azərbaycan Respublikasından və Gürcüstandan keçən, eyni zamanda RF və İİR-dən yan keçən, Avropanı Asiya ilə, Qara dənizi Xəzərlə, Türkiyəni M. Asiya ilə bir-birinə bağlayan “Cənubi Qafqaz dəhlizi”nin – enerji, kommunikasiya və ticarət-iqtisadi dəhlizin və Naxçıvan MR-in qorunması Türkiyə üçün həyati vacibdir.

Ikincisi, Türkiyə təbii müttəfiqi və strateji tərəfdaşı olan qardaş Azərbaycan Respublikasının maraqlarını qorumağa çalışacaq. Ancaq nəzərə alınmalıdı ki, yuxarıda qeyd edildiyi kimi, onun verə biləcəyi hərbi dəstək, müqavilə şərtləri də nəzərə alınarsa, böyük ehtimalla, məhdud və yetərsiz olacaq.

Üçüncüsü, Türkiyə yalnız RF-nin zəifləyərək, regiondan çəkilməyə başladığı, onunla münasibətlərinin pozulmadığı və milli maraqlarının da tələb etdiyi bir halda hadisələrə hərbi müdaxilə haqqında özü qərar verə bilər.

Dördüncüsü, əgər Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında hərbi-siyasi ittifaq müqaviləsi bağlanarsa və birinci ondan yardım tələb edərsə, qardaş Türkiyə hərbi müdaxilə və ya irimiqyaslı hərbi dəstək haqqında qərar verə bilər.

Beşincisi, münaqişə yenidən hərbi fazaya keçərək, genişlənərsə – regiona yayılarsa, Türkiyə də ona cəlb oluna bilər.

Altıncısı, Türkiyə milli maraqları təmin edilmək şərtilə, antiiran koalisiyasına qoşularsa və ABŞ başda olmaqla, Qərbdən – AB və NATO-dan lazım olan dəstəyi alarsa, ya onlarla birlikdə, ya da təkbaşına C. Qafqazda, o cümlədən  Ermənistan-Azərbaycan münaqişəsinin həllində, xüsusən də Naxçıvan MR-in müdafiə olunmasında və Mehri dəhlizinin açılmasında aktiv rol ala bilər.

İran məsələsinin və Ermənistan-Azərbaycan münaqişəsində status-kvonun dəyişdirilməsi məsələsinin ABŞ tərəfindən gündəliyə gətirildiyi bir vaxtdaİran İslam Respublikasının özünün mövqeyinin analiz edilib qiymətləndirilməsi də, şübhəsiz, çox mühümdür. Çünki bir tərəfdən İran özü, digər tərəfdən də tarixi, tarixi-coğrafi, milli-etnik, dini və mədəni birlyi olan və ondan zorla ayrılmış tarixi tərkib hissəsi hesab etdiyi Azərbaycan Respublikası hədəfdədir.

Təbii ki, İİR özünün əsas hədəf olduğunu bilir. Və illərdir bu qarşıdurmaya hazırlaşır. Məhz o səbəbdəndir ki, o, özünə yönəlik təhdidləri, mümkün olduğu qədər, öz sərhədlərindən kənarda – uzaqda qarşılamağa və əsasən “şiə məkanı”nı əhatə etməklə, öz geopolitik təsir zonasını formalaşdırmağa çalışır. Azərbaycan Respublikası da, potensial olaraq, bu təsir zonasına aid edilir. İranın xarici siyasət konsepsiyasında da, hərbi doktrinasında da bu iki ideya qırmızı xətlə keçir.

Ümumiyyətlə, İİR:

– müstəqil, dünyəvi və demokratik bir Azərbaycan Respublikasının mövcudluğunda;

– onun ərazi bütövlüyünün, suverenliyinin və sərhəd toxunulmazlığının bərpa olunmasında;

– sosial-iqtisadi inkişafında və rifaha qovuşmasında;

– demokratik strateji inkişaf yolu seçməsində, Avropaya və Avroatlantik məkana inteqrasiya olunmasında və beynəlxalq münasibətlər sistemində layiqli yer tutmasında nəinki maraqlı deyil, bunları öz bütövlüyü və mövcud dini-siyasi rejimi üçün təhdid hesab edir.

Başqa sözlə, uğurlu – demokratik, çiçəklənən və rifah içində olan bir Azərbaycan Respublikası, Tehrana görə, teokratik İranın həyati maraqlarını təhdid edir. Çünki belə bir qonşu Azərbaycan dövləti bütün İran xalqı, xüsusən də orada yaşayan Azərbaycan türkləri üçün gözləri qarşısında duran çox çəkici əyani bir nümunə olacaqdır.

Bu səbəbdən də, İİR hazırda strateji əməkdaşlıq etdiyi Rusiyanın təsir sferasında olan AR-in cəlb edildiyi münaqişənin nəinki həllində, heç mövcud durumunun dəyişməsində də maraqlı deyil.

Lakin görünən odur ki, həm regional, eyni zamanda İranətrafı, geopolitik və hərbi-siyasi durum, həm də Ermənistan-Azərbaycan münaqişəsindəki status-kvo onsuz da dəyişə bilər. Və İİR bu böyük perspektiv dəyişikliklərə hazır olmalı və adekvat mövqe tutmalıdı.

O halda İİR, öz milli maraqlarını rəhbər tutmaqla:

– var gücü ilə alt və üst səviyyəli maraqlarını, ilk növbədə də mövcud dini-siyasi rejimini və bütövlüyünü;

– regionda əldə etdiyi geopolitik, geostrateji və geokültürəl uğur və nailiyyətlərini;

– İraq, Suriya və Yəməndəki, xüsusən də qonşu ölkələrdəki, o cümlədən Azərbaycan Respublikasındakı varlığını və tutduğu mövqelərini qorumağa və imkan daxilində, inkişaf etdirməyə çalışacaq.

Yuxarıda qeyd edilən səbəblərə görə, Azərbaycan Respublikası İİR-in həyati maraq dairəsinə aid edilir.

Deməli, “qarşıdakı aylarda” və daha sonra biz İİR-in ölkəmizdəki aktivliyinin, başda kəşfiyyat, dini və dini-ideoloji sfera olmaqla, maksimum həddədək yüksəlməsinin şahidi ola bilərik.

Təbii ki, İİR Ermənistan-Azərbaycan münaqişəsinə, onunla bağlı və ya onun ətrafında gedən bütün proseslərə də xüsusi diqqət və həssaslıqla yanaşacaqdır.

İran İslam Respublikası:

– yenə də, Ermənistan-Azərbaycan münaqişəsində status-kvonun saxlanmasına çalışacaq;

– eyni zamanda bu münaqişədə status-kvonun dəyişməsinin mümkün variantlarına hazırlaşacaq (bəlkə də hazırdır); – status-kvonun dəyişməsi variantlarına adekvat olaraq, münaqişəyə, ümumiyyətlə, Azərbaycan Respublikasına və/və ya onun daxili işlərinə müdaxilə imkanlarını götür-qoy edəcək;

– həyati maraqlarının təhdid edildiyinə dini-siyasi rəhbərlik tərəfindən qərar verildiyi halda isə, mövcud müdaxilə imkan və qabiliyyətindən istifadə etməkdən (birbaşa və ya dolayı, açıq və ya gizli olaraq) çəkinməyəcək.

Bəs, münaqişədə status-kvonun dəyiş(diril)məsinin əsas mümkün variantları hansılar ola bilər?

Ermənistan-Azərbaycan münaqişəsində status-kvonun dəyiş(diril)məsinin əsas mümkün variantları: 

– bir neçə ətraf rayonun geri qaytarılması qarşılığında qondarma DQR-ə aralıq hüquqi-siyasi statusun verilməsi və yeni təmas xəttinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi (RF ilə ABŞ-ın razılaşması halında);

– bir neçə ətraf rayonun geri qaytarılması qarşılığında qondarma DQR-ə aralıq hüquqi-siyasi statusun verilməsi və yeni təmas xəttinə RF və ya MDB sülhməramlı qüvvələrinin yerləşdirilməsi (RF-nin AR və ER-lə razılaş(dır)ması halında);

– bir neçə ətraf rayonun hərbi yolla geri qaytarılması qarşılığında qondarma DQR-ə aralıq hüquqi-siyasi statusun verilməsi və yeni təmas xəttinə RF və ya MDB sülhməramlı qüvvələrinin yerləşdirilməsi (RF-nin AR və qondarma DQR-lə razılaş(dır)ması halında);

– AR-in işğal altındakı torpaqlarını hərbi yolla azad etməyə təşviq edilməsi (bunu həm RF, həm də ABŞ və müttəfiqləri edə bilər) – təxribata çəkilməsi və təşviq edən tərəfin və ya eyni zamanda hər iki tərəfin münaqişə zonasına və/və ya ümumiyyətlə AR-ə “humanitar müdaxilə” üçün “legitim əsas” əldə etməsi və istədiyi müdaxiləni həyata keçirməsi;

– AR-in işğal altındakı torpaqlarını hərbi yolla azad etməklə bərabər, Mehri dəhlizinin açılmasına, eyni zamanda ER-lə İİR arasınadakı həyati vacib “Mehri keçidi”nin bağlanmasına təşviq edilməsi (bunu ER-ə təzyiq etmək və öz enerji maraqlarını qorumaq üçün əsasən RF, TC ilə razılaşma halında isə, ABŞ və müttəfiqləri də edə bilər) – təxribata çəkilməsi və birinci halda RF-nin müdaxilə və hər iki tərəfə təzyiq üçün legitim əsas əldə etməsi və İİR-lə sərhəddə (həm “Mehri keçidi”ndə, həm də AR ərazisində) möhkəmlənməsi, ikinci halda isə ABŞ və başda TC olmaqla müttəfiqlərinin həm Mehri dəhlizinə, həm də İİR-lə sərhəddə nəzarəti ələ keçirməsi;

– RF ilə ABŞ və müttəfiqləri arasında razılaşmanın olmadığı, əksinə qarşıdurmanın olduğu və rəsmi Bakının birinci ilə birgə hərəkət etmək qərarı verdiyi halda, AR-ə qarşı başda terror olmaqla, gizli asimmetrik müharibənin və/və ya hakimiyyətə qarşı gizli asimmetrik mübarizənin – kəşfiyyat müharibəsinin başladılması və hakimiyyət dəyişikliyinə start verilməsi;

– RF ilə ABŞ və müttəfiqləri arasında razılaşmanın olmadığı, əksinə qarşıdurmanın olduğu və rəsmi Bakının ikinci ilə birgə hərəkət etmək qərarı verdiyi halda, AR-ə qarşı başda separatizm (yeni ocaqlar da yaradıla bilər), mövcud münaqişənin hərbi fazaya keçirilməsi, terror olmaqla, gizli asimmetrik müharibənin və/və ya hakimiyyətə qarşı gizli asimmetrik mübarizənin – kəşfiyyat müharibəsinin başladılması və güclü mövqedə olan 5-ci kolonun dəstəyilə, hakimiyyət dəyişikliyinə start verilməsi;

– RF ilə ABŞ və müttəfiqləri arasında razılaşmanın olmadığı, əksinə qarşıdurmanın olduğu, RF, TC və İranın birgə hərəkət etdiyi və rəsmi Bakının da onlarla birgə hərəkət etməyə qərar verdiyi halda, ABŞ və müttəfiqlərinin də Ermənistanla birgə hərəkət etməsi və münaqişənin regional müharibəyə çevrilməsi ehtimalının yüksəlməsi;

– RF ilə ABŞ və müttəfiqləri arasında razılaşmanın olmadığı, əksinə qarşıdurmanın olduğu, RF və İranın birgə hərəkət etdiyi və rəsmi Bakının da onlarla birgə hərəkət etməyə qərar verdiyi halda, ABŞ və müttəfiqlərinin (TC də daxil olmaqla, azehtimallı olsa da) də Ermənistanla, onun yeni hakimiyyətilə birgə hərəkət etməsi və münaqişənin regional müharibəyə çevrilməsi, eyni zamanda AR-də hakimiyyət dəyişikliyi ehtimalının yüksəlməsi;

– RF ilə ABŞ və müttəfiqləri (TC və AR də daxil olmaqla) arasında razılaşmanın olduğu və İİR-in təkləndiyi, ümumiyyətlə həyati maraqlarının təhlükəyə girdiyi halda, onun bütün gücü ilə “son həmlə”sini etməsi – münaqişə zonasından başlamaqla, AR-ə müdaxilə etməsi (öncə vəkillərilə), münaqişə zonasında mövqe tutması, hakimiyyətə qarşı müxalif olan hərəkət(lər)ə hərtərəfli güclü dəstək verməsi (açıq və ya gizli) və hakimiyyət dəyişikliyinə, baş tutduğu halda (bu gün azehtimallı görünsə də) isə rejim dəyişikliyinə cəhd etməsi ola bilər.

Təbii ki, yeni dünya nizamı quruculuğunun və geopolitik qarşıdurmanın həlledici mərhələyə daxil olduğu, hadisə və proseslərin sürətlə inkişaf etdiyi və durumun sürətlə dəyişdiyi, İran məsələsinin gündəliyə gəldiyi və status-kvonun dəyiş(diril)məsi ehtimalının yüksəldiyi bu çoxtərəfli, çoxamilli, çoxkomponentli çox mürəkkəb münaqişənin inkişafında fərqli inkişaf ssenariləri də, prosesin inkişafı gedişində onların növbələşməsi də, bir ssenaridən digərinə keçid də, “sterilliyi”nin pozulması da və s. mümkündür.

Lakin aydın görünən bir şey var, o da əsas aktual hədəf olan İİR-in, xüsusən də onun dini-siyasi rejiminin təklənmə – küncə sıxılma ehtimalının getdikcə artmasıdır. Bu da rejimin çox təhlükəli və arzuolunmaz inkişaf ssenarilərini işə salmasına yol aça bilər. Bundan da ən böyük ziyanı ilk növbədə, elə İran özü, həm də o taylı, bu taylı bütün Azərbaycan görə bilər.

Azərbaycan Respublikası postsovet və ATƏT məkanlarına, Yeni Avropaya, C. Qafqaz və Xəzər regionuna aid edilsə də, digər tərəfdən, o, xüsusən də Azərbaycanın bütövlüyü nəzərə alınarsa, bir Yaxın və/və ya Orta Şərq ölkəsidir. Ona görə də həm İran məsələsinin, həm də Ermənistan-Azərbaycan münaqişəsində status-kvonun dəyiş(diril)məsi məsələsinin eyni zamanda gündəliyə gəldiyi bir vaxtda, bu regionun digər böyük gücləri olan İsrail və Səudiyyə Ərəbistanı, onların regional, həmçinin bu məsələlərə bağlı mövqeləri, təsir və nüfuzları da nəzərə alınmalıdır.

İsrail, ABŞ-dakı yəhudi lobbisi, yəhudi və yevangelist sionist dərin dövlət dairələri, hakimiyyətə gətirilməsinə və formalaşdırılmasına ciddi dəstək verdikləri Donald Trampın komandası ilə birlikdə, hər iki məsələnin beynəlxalq gündəliyə çıxarılmasında aparıcı rol oynayır.

Onların əsas hədəfləri:

– İİR-ə qarşı getdikcə sərtləşdirilən geniş sanksiyaların tətbiq edilməsi;

– onun nüvə və raket proqramının, eyni zamanda strateji qüvvələrinin inkişaf etdirilməsinin qarşısının alınması;

– daxildə sosial-iqtisadi durumun ağırlaşdırılması, milli-etnik, dini, dini-ideoloji, sosial-siyasi və s. zəminlərdə, xüsusilə elita daxilində ziddiyyətlərin qızışdırılması, qarşıdurmaların yaradılması;

– ölkənin həm daxilində, həm də xaricində müxalifətə dəstək verilməsi;

– ona qarşı gizli və açıq, birbaşa və dolayı yolla strateji – uzunmüddətli, hərtərəfli və dərin müharibənin başladılması;

– İİR-in regionda iştirakı və aktivliyinin, regional təsir və nüfuzunun maksimum məhdudlaşdırılması;

– onun sıxışdırılaraq regiondan çıxarılması;

– beləliklə, ölkə daxilində ictimai-siyasi sabitliyin pozulması;

– rejimin dəyişdirilməsi;

– Böyük Orta Şərq layihəsində (2004-cü il) də nəzərdə tutulduğu kimi, İranın parçalanması;

– nəzarət oluna bilən çoxparçalı – federal və ya konfederal yeni İranın qurulması;

– bu mümkün olmadıqda isə, onun geridönməz olaraq parçalanmasıdır.

Əslində İsrailin əsas məqsədi elə budur.

Yeri gəlmişkən, yuxarıda göstərilən qüvvələrdən (İsrail, ABŞ-dakı yəhudi lobbisi, yəhudi və yevangelist sionist dərin dövlət dairələri, Donald Trampın komandası) başqa İranın faktiki olaraq parçalanmasını – federal və ya konfederal yeni İranın qurulmasını istəyən başqa bir güc də Rusiyadır. Və hazırda İsraillə Rusiyanın operativ-taktiki yaxınlaşmasında bu amilin təsiri heç də az deyil.

İsrailin bu hədəflərinə çatması onun regionda, xüsusən də İran ətrafında güclənməsini tələb edir. Azərbaycan Respublikasına olan xüsusi marağının bir səbəbi də budur.

Bakı-Tiflis-Ceyhan kəməri ilə nəql edilən Azərbaycan neftinin əsas alıcılarından biri olan İsrail mövcud şəraitdə:

– Azərbaycan Respublikasına azsaylı dost müsəlman ölkələrindən biri;

– iqtisadi bazar, xüsusilə hərbi-sənaye kompleksi üçün;

– yeni silahlarını və silah sistemlərini real müharibə və ya döyüş şəraitində sınaqdan çıxarmaq üçün hərbi poliqon;

– III ölkələrə, xüsusilə İrana qaşı kəşfiyyat – kəşfiyyat-informasiya, kəşfiyyat-təxribat, kəşfiyyat-əməliyyat fəaliyyəti və kəşfiyyat müharibəsi, eyni zamanda xilasetmə-qurtarma əməliyyatları aparmaq üçün əlverişli meydança;

– onun ərazisindəki münaqişəyə, xüsusən də onun yenidən hərbi fazaya keçməsinə müdaxilə imkanı;

– münaqişənin genişlənməsinə və mümkünsə, qonşu İranın da ona cəlb edilməsinə isə, burada daha geniş yerləşmə və İrana qarşı daha aktiv fəaliyyət aparma imkanı kimi baxır və bu səbəblərə görə də, nəinki Ermənistan-Azərbaycan münaqişəsində status-kvonun dəyişməsində, onun yenidən hərbi fazaya keçməsində və genişlənərək regional münaqişəyə çevrilməsində maraqlıdır.

İrana qarşı düşmənçiliyini gizlətməyən, onunla Yəməndə (əslində orada həm birbaşa, həm də vəkilləri vasitəsilə iştirak edir) və Suriyada vəkalət müharibəsi aparan, 2017-ci ilin mayından antiiran koalisiyasına qoşulan Səudiyyə Ərəbistanı öz yaxın müttəfiqləri (Körfəz ölkələri və Misir) ilə birlikdə ABŞ və İsrailin İrana qarşı strateji müharibə hazırlıqlarına aktiv şəkildə qoşulub.

Ona görə də, onun müttəfiqləri ilə birlikdə ABŞ və İsrailin regional siyasətinə, İran məsələsinin həlli plan(lar)ına və Ermənistan-Azərbaycan münaqişəsində status-kvonun dəyişdirilməsilə bağlı göstərə biləcəyi təşəbbüs və cəhdlərə dəstək verəcəyi gözləniləndir. Əslində bu proses artıq başlayıb.

Yeri gəlmişkən qeyd edək ki, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ABŞ və Avropada olan İran, eyni zamanda Cənubi Azərbaycan müxalifətinin və fəallarının fəaliyyətinin maliyyələşdirilməsində yaxından iştirak etməyə başlayıb belə.

Onu da qeyd edək ki, bu iştirak maliyyə dəstəyilə məhdudlaşmayacaq, onlar siyasi-diplomatik, iqtisadi (xüsusilə neft-qaz sahəsində), məhdud hərbi, kəşfiyyat, dini-ideoloji, humanitar dəstəyin verilməsilə, asimmetrik müharibə ünsürlərilə (nəzarət etdikləri terror qrupları və qruplaşmalarıyla) və onların (anti-İran koalisiyasında olan müttəfqilərinin nəzarətindəki digər terror qrupları və qruplaşmalarının) maliyyələşdirilməsilə də bu prosesdə iştirak edə bilərlər.

 

Nə etməli?

Yaranmış mövcud geopolitik, geostrateji və hərbi-siyasi vəziyyətdə və onların mümkün perspektiv inkişaf variantlarında Azərbaycan Respublikası nə etməlidi?

İran məsələsinin beynəlxalq gündəliyə gətirildiyi və Ermənistan-Azərbaycan münaqişəsində status-kvonun dəyiş(diril)məsinə və onun “həlli”nin aktuallaşdırılmasına səy göstərilə biləcəyinin gözlənildiyi bir vaxtda Azərbaycan Respublikası ilk növbədə:

– 8 mayda İİR-in nüvə proqramı ilə bağlı olaraq onunla “5+1 ölkələri”nin imzaladığı (14 iyul 2015-ci il) Hərtərəfli Birgə Fəaliyyət Planından çıxan, 14 mayda səfirliyini Qüdsə daşıyan, İran məsələsini beynəlxalq gündəliyə gətirən Tramp Amerikasının və bundan ötrü var gücü ilə çalışan, İİR-i 1 saylı düşməni hesab edən Netanyahu İsrailinin niyyətlərinin ciddi olduğunu;

– onların İİR-də rejimi dəyişməklə, onu ya federal, ya da konfederal dövlətə çevirməklə, fakitiki olaraq, İranı parçalamaq və nəzarət altına almaq istədiklərini;

– eyni zamanda, hazırda kürd kartının ABŞ-ın əlində olduğunu və onun İsraillə birlikdə C. Azərbaycanın qərbini də (əsasən) əhatə edən, bir ucu da Naxçıvana dayanan (bəzi xəritələrdə onu da əhatə edən) kürd dövləti və ya muxtar dövlət qurumu yaratma niyyətində olduğunu;

– hər iki liderin – Netanyahı və Trampın öz ölkələri daxilində, müxtəlif səbəblərə görə, sıxışdırıldığını və cəmiyyətin diqqətini daxili problemlərdən yayındırmaq üçün xarici avantüralara getməyə meylli olduğunu;

– hələ ötən ildən anti-İran koalisiyasının yaradıldığını və genişləndirilməyə başladıldığını;

– maraqları AR-in yeganə strateji tərəfdaşı olan qardaş Türkiyə ilə də toqquşan Səudiyyə Ərəbistanının, onun Körfəzdən olan müttəfiqlərinin və Misirin bu koalisiyaya qoşulmasını;

– rəsmi olaraq, hələlik, Hərtərəfli Birgə Fəaliyyət Planından çıxmayan Avropa ölkələrinin – Fransa, Böyük Britaniya və Almaniyanın ABŞ-la xüsusi münasibətlərdə, NATO-da bir ittifaqda olduqlarını;

– Trampın hakimiyyətə gəlməsinə dəstək verən yəhudi dairələrinin Emanuel Makrona da dəstək verdiyini və həlledici məqamlarda onun rəhbərlik etdiyi Fransanın da onun yanında yer alacağını;

– ABŞ dərin dövlətində sionistlərlə anqlo-saksonlar arasında parçalanma olmasına, ABŞ-Böyük Britaniya strateji ittifaq münasibətlərinə kölgə düşməsinə baxmayaraq, həlledici məqamlarda Böyük Britaniyanın da, böyük ehtimalla, bu yolla gedəcəyini;

– Almaniyanın hərbi baxımdan zəifliyini, hələ də ABŞ-ın geopolitik, geostrateji və hərbi-strateji nəzarətində olduğunu;

– Putun Rusiyasının İran məsələsilə bağlı olan strateji maraqlarının, əslində, Tramp Amerikası və Netanyahu İsraili ilə toqquşmadığını, əksinə bəzi məsələlərdə, xüsusən də İranın federallaşması məsələsində əsasən və ya prinsipcə üst-üstə düşdüyünü;

– İran məsələsinin gündəliyə gəlməsilə, ona qarşı sanksiyaların, xüsusən də neft-qaz sahəsində, tətbiq edilməsilə, dünya bazarlarında enerji daşıyıcılarının qiymətinin yüksəlməsinin, münaqişədəki status-kvonun dəyişməsilə, xüsusən də Mehri dəhlizinin təhdid edilməsilə İranın Ermənistana, xüsusən də onun üzərindən dünya, ilk növbədə Avropa bazarlarına təbii qaz ixrac etməsini nəzərdə tutan layihələrin durdurulmasının RF maraqlarına cavab verdiyini;

– ilk baxışda münaqişədə staus-kvonun dəyişməsində maraqlı olmayan tərəf kimi görünsə də, bu səbələrə görə, xüsusən də İran məsələsinin gündəliyə gəlməsilə dəyişməkdə olan və onsuz da dəyişəcək regional geopolitik, geostrateji və hərbi-siyasi vəziyyətə hazır olmaq, həm regionda, həm də İranda və Azərbaycanda öz maraqlarını qoruya bilmək üçün bunda maraqlı ola biləcəyini (Moskvanın maraqları və maraqlı olduğu inkişaf vaiantları haqqında yuxarıda bəhs edilib);

– hətta AR-i hərbi təxribatlara, avantüralara (həm işğal zonası, həm də Mehri dəhlizi və Naxçıvan istiqamətlərində) çəkməyə, sövq etməyə təşəbbüs göstərə biləcəyini;

– II Dünya Müharibəsi dövründə SSRİ və Birləşmiş Krallığın silahlı qüvvələrinin eyni vaxtda İrana girməsini, onu işğal etməsini və Sovet İttifaqının İranın şimalında Azərbaycan Xalq Respublikası (Azərbaycan Milli Hökuməti) və Mahabad Respublikası yaratmasını;

– qardaş Türkiyə Cümhuriyyətilə təbii müttəfiq və strateji tərəfdaş olsa da, onunla hərbi-siyasi müttəfiq olmadığını, hazırda onun birbaşa Suriya böhranına cəlb edildiyini, orada, eyni zamanda İraqda və ölkə daxilində terrorla aktiv mübarizə apardığını, ABŞ, AB, İsrail, Səudiyyə Ərəbistanı və müttəfiqlərilə münasibətlərinin, müxtəlif səviyyələrdə, pozulduğunu və həm mövcud müqaviləyə[2], həm yaranmış duruma, həm də real imkanlarına görə, böyük ehtimalla, yalnız məhdud miqyasda hərbi yardım edə biləcəyini;

– bu səbəblərə görə, münaqişədə staus-kvonun dəyişməsində öncədən maraqlı olmayacağını, lakin durum dəyişikliyinə görə mövqeyinin dəyişə biləcəyini (Ankaranın maraqları və maraqlı olduğu inkişaf vaiantları haqqında da yuxarıda bəhs edilib);

– qonşu İran İslam Respublikasının, təbii olaraq, nə İran məsələsinin gündəliyə gəlməsində, nə də münaqişədə staus-kvonun dəyişməsində, xüsusən də münaqişə zonasına beynəlxalq sülhməramlı qüvvələrin gəlməsində, münaqişənin genişlənməsində, onun şimal sərhədlərinə xarici qüvvələrin gəlməsində və Mehri dəhlizinin təhdid edilməsində maraqlı olmadığını;

– tarixi, tarixi-coğrafi və tarixi-siyasi baxımdan Azərbaycan Respublikasını öz tərkib hissəsi, həyati maraq zonası hesab etdiyini;

– ümumiyyətlə, onun müstəqil, dünyəvi milli dövlət kimi mövcud olmasını, xüsusən də inkişaf etməsini və güclənməsini öz milli maraqlarına yönəlik təhdid hesab etdiyini, bu səbəbdən də cəlb olunduğu süni münaqişənin beynəlxalq hüquqa və milli maraqlarımıza uyğun olaraq həll edilməsini istəmədiyini;

– siyasi iradəsinə və milli maraqlarına zidd olan durumlarda və ya durum dəyişikliklərində öz milli maraqlarını və dini-siyasi rejimini qorumaq üçün hərbi gücdən istifadə etməkdən (birbaşa və/ və ya dolayı yolla) çəkinmədiyini;

-Əfqanıstan, İraq, Suriya və Yəməndə iştirakını, xüsusilə hərbi iştirakını;

– onunla qonşu olduğunu;

– daxilindəki 5-kolonunu, onun bütün potensialını, imkan və qabiliyyətini;

– İranın qonşusu, yeganə müsəlman nüvə dövləti olan və düşmən Ermənistan Respublikasını tanımayan, təbii müttəfiq, dost və qardaş Pakistanın, çox təəssüf ki, tam istifadə edilməyən böyük potensialını, ilk növbədə hərbi-siyasi, hərbi-texniki və kəşfiyyat potensialını;

– nəhayət, təkbaşına bütün strateji potensialının mövcud duruma, xüsusən də onun mümkün perspektiv inkişaf varinatlarına görə kəskin qeyri-adekvat və yetərsiz olduğunu nəzərə almalı və mövcud durumun bütün perspektiv inkişaf variantlarına bütün səviyyələrdə (hakimiyyət, müxalifət və cəmiyyət) hazır olmalıdı.

Azərbaycan Respublikası öz strateji potensialını çox mürəkkəb və təhlükəli olan mövcud duruma, xüsusən də onun mümkün perspektiv inkişaf varinatlarına, qismən də olsa, adekvat və yetərli hala gətirmək üçün ilk növbədə:

– təcili olaraq öz məhdud milli strateji potensialını səfərbər etməyə, siyasi məqsədinə çatmaq üçün ondan maksimum səmərəli və effektli istiadə etməyə imkan verən məqsədyönlü, adekvat, rasional və praqmatik milli strategiya (heç olmasa, strateji təkliflər paketi) işləyib hazırlamalı;

– onu məqsədyönlü, ardıcıl və davamlı olaraq həyata keçirməli;

– qardaş Türkiyə Cümhuriyyətilə hərbi-siyasi ittifaq müqaviləsi bağlamalı, öz ərazisində, – başda Naxçıvan MR olmaqla, – onun hərbi bazalarının və strateji ehtiyat anbarlarının yaradılmasına, eyni zamanda onunla birgə hərbi birliklərin qurulmasına nail olmalı;

– dost və qardaş Pakistanla strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə imzalamalı;

– qonşu İİR-lə dostluq və strateji əməkdaşlıq haqqında saziş imzalamalı, tərəflərin öz ərazisində bir-birinin dövlət suverenliyi və ərazi bütövlüyü əleyhinə yönələn fəaliyyətə imkan verməyəcəklərini təsbit edən “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Birgə Bəyannamə”nin (13 noyabr 2014-cü ildə imzalanıb, 30 dekabr 2014-cü ildə isə AR prezidentinin imzaladığı qanunla təsdiq edilib) nəzərdə tutduğu qarşılıqlı öhdəliklər inkişaf etdirilməli və gücləndirilməli – tərəflərin hər biri digər tərəfin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə qarşı yönələ bilən ittifaq və hərəkətlərdə iştirak etməyəcəyini, öz ərazisində digər tərəfin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə təhlükə yaradan təşkilatların və qrupların yaradılmasını və fəaliyyətini qadağan edəcəyini, öz ərazisindən digər tərəfə qarşı təcavüz aktlarının və digər zorakı hərəkətlərin həyata keçirilməsi üçün istifadə edilməsinə yol verməyəcəyini öhdəsinə götürməli;

– Avropa Birliyi ilə strateji tərəfdaşlıq haqqında saziş imzalamalı, onunla assosiativ birliyin və azad ticarət zonasının yaradılması haqqında danışıqlara başlamalı, vizasız gediş-gəlişin əldə edilməsinə nail olmalı;

– ABŞ-la strateji tərəfdaşlıq xartiyası imzalamalı, NATO-dan kənar əsas müttəfiq statusu almaq üçün onunla danışıqlara başlamalı;

– AB və NATO ilə strateji münasibətlərin perspektivi haqqında intensiv siyasi dialoqa başlamalı (hələlik, üzvlük yolu tutduğunu bəyan etmədən);

– Rusiya Federasiyası ilə münasibətlərin mövcud inkişaf səviyyəsini qoruyub saxlamalı;

– ən başlıcası isə, daxildə demokratik siyasi, hüquqi, iqtisadi, sosial, hərbi islahatlara getməlidi.

Demokratik islahatlara başlayan Azərbaycan Respublikasında hər şeydən öncə:

– demokratiya və insan haqları təmin edilməli;

– siyasi məhbusların hamısı qeyd-şərtsiz azad edilməli;

– bütün siyasi məhdudiyyətlərə son verilməli və siyasi müxalifətlə mahiyyət üzrə – məzmunlu dialoq başladılmalı;

– yaranmış mürəkkəb regional durumla, ölkənin düşdüyü vəziyyətlə, Ermənistan-Azərbaycan münaqişəsi və İran (C. Azərbaycan) məsələsilə bağlı ümummilli mövqe işlənib hazırlanmalı;

– inhisarçılığa, gizli iqtisadiyyata, rüşvət və korrupsiyaya qarşı həqiqi, səmərəli və effektli, eyni zamanda qəti, ardıcıl və davamlı aktiv mübarizə aparılmalı;

– hərtərəfli və davamlı sosial-iqtisadi inkişaf təmin edilməli;

– əlverişli beynəlxalq və regional əhatə yaradılmalı;

– milli birliyə nail olunmalı;

– hakimiyyət strukturları, o cümlədən ordu, kəşfiyyat və təhlükəsizlik xidmətləri 5-ci kolondan təmizlənməli;

– silahlı qüvvələrdə sürətli modernləşdirmə, NATO standartlarına uyğunlaşdırma prosesi başladılmalı, onun təminatı, təchizatı yaxşılaşdırılmalı, döyüş qabiliyyəti və ruhu yüksəldilməli, strateji müharibəyə hazır vəziyyətə gətirilməli;

– nəhayət, Ermənistan-Azərbaycan münaqişəsi, təhlükələrlə birlikdə yaranacaq fürsət və imkanlardan səmərəli və effektli istifadə edilməklə, beynəlxalq hüquq normaları və milli maraqlarımıza uyğun şəkildə həll edilməlidi.

İran məsələsilə bağlı isə, o, öncə öz milli maraqlarını, İranda yaşayan Azərbaycan türklərinin insan hüquqlarını və milli-mədəni haqlarını qorumalı və daima bu məsələnin beynəlxalq hüquq çərçivəsində, dinc demokratik yolla və xarici müdaxilə olmadan həllinə dəstək verməlidi.

Nə etməməli? 

Bəs Azərbaycan Respublikası nələri etməməlidi?

Birincisi, ümumiyyətlə, yuxarıda göstərilən addımları atmaqla bərabər, onların əksi istiqamətində heç bir hərəkət etməməlidi. Çünki milli maraqlarına cavab verən və mövcud qlobal, regional və lokal duruma adekvat olan bu rasional və praqmatik hərəkətlərlə eyni zamanda onlara qarşı əks istiqamətdə hərəkət etmək ağıla, məntiqə və öz maraqlarına zidd olardı.

İkincisi, çəkici təklif, təşəbbüs, təşviq və ya təzyiqin hansı tərəfdən gəlməsinə baxmayaraq, heç bir hərbi təxribata və avantüraya, xüsusən də yetərli strateji hazırlıqlarını başa çatdırmadan və əlverişli şərait olmadan təkbaşına geniş miqyaslı hərbi əməliyyatlara başlamağa getməməlidir. Əks halda, milli maraqlarına zidd olan, mövcud status-kvodan da çox ağır, mürəkkəb və təhlükəli olan duruma düşə bilər.

O da nəzərə alınmalıdı ki, belə təklif, təşəbbüs, təşviq və ya təzyiqlər yalnız münaqişə zonası ilə bağlı deyil, Mehri dəhlizi, Naxçıvan və digər istiqamətlərlə bağlı olaraq da ola bilər. Təbii ki, bu istiqamətlər daha həssas və təhlükəlidir.

Misal üçün, Ermənistanın demokratik inkişaf, Avropaya və Avroatlantik məkana inteqrasiya yolu tutduğu, Rusiya hərbi bazalarının öz ərazisindən çıxarılmasını tələb etdiyi (azehtimallı olsa da), İran təbii qazını idxal etməyə, xüsusilə də öz üzərindən dünya bazarlarına ixrac edilməsinə razılıq verdiyi, İran məsələsinin aktuallaşdığı, Trampın təbirincə desək, “qarşıdan gələn aylarda Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanların açıldığı, bunun da ABŞ-Azərbaycan əməkdaşlığının genişləndirilməsinə daha yaxşı şərait yaratdığı” və RF-nin Azərbaycanda – İran sərhədlərində möhkəmlənməsi ehtiyacının yarandığı hallarda Rusiya Azərbaycanı, Mehri dəhlizini bağlamaq da daxil olmaqla, hərbi avantüraya sürükləyərək, təxribata çəkə bilər.

O halda Rusiya:

– ilk öncə, Ermənistanı cəzalandıracaq və onun RF-nin maraqlarına zidd olan tələblərindən vaz keçməsinə, əks halda hakimiyyət dəyişikliyi (əks-inqilab) üçün əlverişli ictimai-siyasi şəraitin hazırlanmasına nail olacaq;

– İran təbii qazının Ermənistana ixrac edilməsinin, perspektivdə isə onun üzərindən dünya bazarlarına çıxarılmasınını qarşısını alacaq;

– bunu Azərbaycanın əli ilə edəcəyinə görə, inkişafda olan İran-Azərbaycan münasibətlərinin pozulmasına “əlverişli” (və ya münasib) şərait yaradacaq;

– Ermənistanın hərbi-siyasi müttəfiqi, KTMT lideri və BMT TŞ üzvü kimi Azərbaycan Respublikasına hərbi müdaxilə üçün hüquqi əsas əldə edəcək;

– və münaqişənin dinc yolla həll edilməsinin, ən azı müəyyən bir müddətə, gündəlikdən çıxarılmasına nail olacaqdır.

Və belə bir müdaxilənin baş verdiyi halda da beynəlxalq birlik, böyük ehtimalla, ya ümumiyyətlə səsini çıxarmayacaq, ya da formal bəyanatlar verməklə kifayətlənəcək.

Üçüncüsü, bu günədək irəli sürülən və milli maraqlarına cavab verməyən həll planları çərçivəsində nə beynəlxalq, nə də MDB və ya RF sülhməramlı missiyasının münaqişə zonasında və ya təmas xəttində yerləşdirilməsinə razılıq verməməlidi. Çünki əks halda, birincisi, işğal alıtında qalan torpaqlarını hərbi yolla azad etmək imkanını, ikincisi, ən başlıcası isə Dağlıq Qarabağı, Kəlbəcəri və Laçını, ən azı faktiki olaraq, itirəcək.

Dördüncüsü, “Dağlıq Qarabağ Respublikası”na aralıq siyasi-hüquqi status verilməsinə razı olmamalıdı. Əks halda, bu qondarma qurum, müvəqqəti olsa da, artıq beynəlxalq hüquqi status əldə edəcək, onu beynəlxalq birlik tanıyacaq, təbii ki, özü də tanımalı olacaq.

Beşincisi, “Dağlıq Qarabağ Respublikası”na yalnız öz inzibati ərazisində referendum keçirməklə, öz müqəddəratını təyinetmə haqqı verilməsinə qətiyyən razılıq verməməlidir.

Birincisi, bu, sadəcə olaraq verilə bilməz, çünki AR-in həyati milli maraqlarına – müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və sərhəd toxunulmazlığına ziddir.

İkincisi, AR konstitusiyasına və qanunvericiliyinə ziddir.

Üçüncüsü, AR konstitusiyasına və referendum haqqında qanuna görə buna yeganə haqqı olan Azərbaycan xalqının iradəsinə ziddir, o, buna yol verməz.

Altıncısı, mövcud (qlobal, regional və lokal) geopolitik, geostrateji və hərbi-siyasi durumda, ətrafında getdikcə pisləşməkdə, mürəkkəbləşməkdə, ağırlaşmaqda və daha təhlükəli hal almaqda olan əlverişsiz əhatənin yarandığı, regionda artan xüsusi strateji maraqları olan xarici qüvvələrin İran məsələsini və münaqişədəki status-kvonun dəyiş(diril)məsi məsələsini gündəliyə gətirdiyi bir vaxtda münaqişədəki və onun ətrafındakı mövcud durumun dəyişdirilməsinə razı olmamalıdır. Çünki irəlidə göstərdiyimiz çoxsaylı səbəblərə görə, bu, çox təhlükəlidir və ona çox baha başa gələ bilər.

Nəhayət, bir daha qeyd edək ki, Azərbaycan Respublikası:

– təcili olaraq, öz yetərsiz milli strateji potensialını və strateji müharibə hazırlığını artırmaq üçün kompleks tədbirlər görməli;

– dostlarını artırmaqla bərabər, düşmən və rəqiblərini azaltmalı, güclü və etibarlı hərbi-siyası müttəfiqlər, strateji tərəfdaşlar qazanmalı;

– öz ətrafında, mümkün olduğu qədər, əlverişli əhatənin yaradılmasına nail olmalı;

– əlverişli (qlobal, regional və lokal) geopolitik, geostrateji və hərbi-siyasi durum yaranana və ya yaradılanadək, aktiv gözləmə strategiyası izləməli və gözləməlidi…

Bir də onu qeyd edək ki, əgər xarici təzyiqlər “dözülməz hədd”ə çatarsa və məcbur olarsa (deyək ki, şərtləri daha ağır olan müvəqqəti həll plan(lar)ı qəbul etdirilmək istənərsə), o halda AR təmas xəttində və münaqişə zonasında yalnız RF-TC müşahidə (!) missiyasının yerləşdirilməsinə razılıq verə bilər. Hazırda Suriyadakı RF-TC əməkdaşlığı, onlar arasında artmaqda olan etibar səviyyəsi, ümumiyyətlə, ikitərəfli münasibətlərin inkişaf səviyyəsi, RF-nin Ermənistanla, TC-nin isə Azərbaycanla olan strateji münasibətlərinin xarakteri buna imkan verə bilər.

Buna hazır olmaq üçün də Azərbaycan Respublikası, bir an öncə, Türkiyə Cümhuriyyətilə hərbi-siyasi müttəfiqlik sazişi imzalamağa və öz ərazisində onun hərbi bazalarının yerləşdirilməsinə nail olmalıdı.

______________________________

[1] “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə”nin 2-ci maddəsinə görə, “Tərəflərdən biri üçüncü dövlət və ya bir qrup dövlət tərəfindən silahlı basqın və ya hərbi təcavüzə məruz qaldıqda, Tərəflər BMT Nizamnaməsinin 51-ci maddəsi ilə tanınan fərdi və ya kollektiv özünü müdafiə hüququnun həyata keçirilməsi üçün hərbi imkan və qüdrətlərindən istifadə etmək də daxil olmaqla, mövcud imkanları çərçivəsində bütün zəruri tədbirlərin görülməsi məqsədi ilə bir-birinə qarşılıqlı yardım göstərəcəkləri barədə razılığa gəldilər. Bu yardımın forması və həcmi təxirəsalınmadan Tərəflər arasında razılaşdırılacaqdır”.

[2] “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button