Sumqayıt bataqlığı

Eldar Əzizov sələfi Vaqif Əliyevin yaratdığı bu bataqlığı qurudub çirkabdan təmizləyə biləcəkmi?

Əflatun Amaşov mafiyanın xidmətində…

Respublikanın digər regionlarında olduğu kimi Sumqayıt şəhərində də sökhasök-tikhatik prosesi gedir. Hər yerdə olduğu kimi burada da sökmək icra hakimiyyətinin, tikmək isə sahibkarların hesabınadır. Bunun da xoşagəlməz bir tərəfi var. Bu proseslər ölkəmizdə yeni yaranmağa başlayan vətəndaşların orta təbəqəsini müflisliyə doğru sürükləyir. Bu da quldurlardan oluşan azlıqla – yuxarı təbəqə ilə, sadə vətəndaşlardan oluşan və çoxluq təşkil edən aşağı təbəqə arasında boşluqu daha da dərinləşdirir. Bu boşluğu isə gözlənilən sosial partlayışlar, vətəndaş qarşıdurması doldura bilər ki, cəmiyyətdə baş verə biləcək bu olayları heç bir vətəndaş arzulamaz.

Nədən proseslər məhz bu yöndə inkişaf edir?

Sumqayıt şəhərində baş verən qeyri-qanuni hadisələr, keçmiş başçı Vaqif Əliyevin və dəstəsinin özbaşınalıqları haqqında «Xural» qəzeti yetərincə yazıb. Ancaq korrupsiyaya uğramış, daha dəqiqliyi ilə ifadə etsək, xirtdəyə kimi korrupsiya çirkabında üzən bu iqtidar başbilənləri, bütün bu hallara göz yumdular. Nəticədə bu gün var-dövlətini ortaya qoyub borc içində üzən kiçik sahibkarlar müflis olurlar. Çünkü sökən hakimiyyət sahibkarlara nəinki kompensasiya ödəmir, əksinə onları bu və digər yollarla daha artıq xərcə salır. Belə olmayan halda bu gün qeyri-qanuni sayılaraq sökülən tikintilərə görə, elə qeyri-qanuni sərəncam verənlərə cinayət işi açılmalı, günahkarlar cəzalanmalı idilər. Ancaq bu, normal dövlət olan yerdə mövcuddur. Azərbaycanda isə buna kim cəsarət edə bilər?

Sumqayıtda bu gün cərəyan edən proseslər ona dəlalət edir ki, Eldar Əzimov fəaliyyətə başlamamışdan öncə bir neçə faktoru nəzəri almayıb ki, bunlardan biri Qohumlar faktorudur ki, bunların arasında ən məşhuru «Qudalar» üçlüyüdür. «Univermaq» Zaman, «çörək» Tofiq və «qaz» Əlidən ibarət bu üçlüyə, mərhum prezident Heydər Əliyev Sumqayıt şəhərinə son səfəri zamanı xəbərdarlıq etmişdi. Bu gün Heydər Əliyevin yoxluğunda Eldar Əzizov onlara bata biləcəkmi? Bəzi qəzetlər yazırlar ki, guya «univermaq» Zaman obyektlərinin qarşısında abadlıq işləri aparır, doğru deyil.

Dəniz kənarında ilk sökdürmək istədiyi obyektin arxasından Daxili Qoşunların komandanının çıxması və obyektin onun qardaşının olması xəbəri E.Əzizovu dərhal geri çəkilməyə məcbur etdi. Çünkü dənizkənarı obyektlərin əksəriyyəti Ramiz Mehdiyevin yaxın qohumu Seyfəddinin adı ilə bağlanır. Uzun illər şəhər icra hakimiyyəti başçılarının yanında kiçik vəzifələr tutan bu adam faktiki olaraq şəhərin mikro qara kardinalı kimi böyük işlər görür. Ramiz Mehdiyevdən fərqli olaraq, şirin dili ilə ilanı yuvasından çıxarmağa qadir bu insan, şəhərdə baş verənlər haqqında qohumuna gündəlik xəbər verməklə yanaşı, onun qeyri-rəsmi göstərişlərini şəhər rəhbərliyinə çatdırır.

Bundan ruhlanan V.Əliyev daha dərinliklərə baş vurmağa başlayır. İş o həddə çatır ki, vəzifədən azad olacağından xəbər tutan V.Əliyev 29 məhəllədə, şahmat klubunun arxasında inşa edilmiş çoxqatlı binadan öz haqqını istəyir. Binanın mənzillərinin satılmadığını bildirən inşaat sahibi ilə danışıq aparan V.Əliyev, 11 mənzil qarşılığında razılığa gəlir. İşdən azad olmağa üç gün qalmış 5, bir gün qalmış isə 6 mənzili inandığı adamların adına qeyd etdirir. Onlardan məlum olanı yaşıllaşdırma idarəsinin və mədəniyyət şöbəsinin müdiridir. Adətən, bütün obyektlərini köməkçisi Pərvizin adına qeyd etdirən cənab Əliyevin onun adına mənzil qeyd etdirib-etdirmədiyini öyrənə bilmədik. Bütün bunları «Meqas» təmir-tikinti şirkəti daha yaxşı bilir. Bu gün bina sahibi tərəfindən kvadratmetri 570 manata satılan natamam binada, nədəndirsə bəzi vətəndaşların kvadratmetrəsi 470 manata mənzil satması da qaranlıq məqamlara aydınlıq gətirə bilər. Bu haqda binada mənzil satışıyla məşğul olan Həşim adlı şəxslə əlaqə saxlayıb, məlumat almaq istəsək də, hər zaman olduğu kimi, mafiyanın müdafiəçisi sifətində ortalığa Əflatun Amaşovun adı çıxdı. 050.320.86.76 nömrəli telefona cavab verən şəxs, mətbuatdan olduğumuzu bilən kimi «Mən Əflatun Amaşovun yaxın qohumuyam» söyləyərək, Bağdadda, daha doğrusu, bataqlıqda, tam sakitlik olduğunu söylədi.

Hal-hazırda keçmiş icra başçısı mədəniyyət nazirinin müavini vəzifəsində çalışır. Elə köməkçisi Pərviz də oradadır. Ancaq onun Sumqayıtdakı əməllərinə kimin cavab verəcəyi bəlli deyil. Biz isə araşdırmamızı davam edib, V.Əliyev və «Meqas» şirkətinin işbirliyinin nədən ibarət olduğunu sizə çatdırmağa çalışacayıq.

 Əlövsət Qasımlı

“Xural” qəzeti,

il 9, sayı: 037 (445), 20 sentyabr 2011

 

Əlaqəli məqalələr

1 şərh

  1. Salam, hörmətli müəllif.Yazınızı bəyəndim, muxtəlf vəzifələrdə çalışmış Eldar Əzizov hara təyin olunursa, oranı abadlaşdırır. Kaş bütün icra başçıları ən azından onun kimi olaydılar. Vallah nə deyim,mən onu Nizami rayonuna icra baççısı təyin olunandan izləyirəm, hətta Nizami rayonundan Gəncəyə gedəndə pərişan olmuşdum, bir ümüdsüzlüyə qapılmışdım. Allah ona və hamımıza kömək olsun. Sağ olun.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button