Sumqayıtda “Məhəllə-76”

Bu camaat Allahın olmasa da, rəsmilərin yadından çıxıb
Sumqayıt şəhərində maraqlı bir ünvan var: “Məhəllə 76”. Bu ünvanda yaşayan sakinlər bir çoxları kimi, şəhər rəhbərliyindən şikayətçidirlər, amma ümumi yox, konkret narazılıqları var!
Sözügedən ünvanda iki yüzdən artıq yaşayış evinin olmasına baxmayaraq, onların sənədləşmə prosesi aparılmır. Bu, onların rəsmi “ünvan” göstəricilərindən də görünür. Hələ sabiq icra başçısı Vaqif Əliyevin vaxtından evlərin sənədləşdirilməsi ilə bağlı onlara söz verilsə də, indiyə qədər evlərin qedyiyyata salınmasında heç bir irəliləyiş yoxdur. Sakinlər yeni icra başçısı təyin olunduqda problemlərinin həll ediləcəyini düşünürmüşlər. “Sumqayıta yeni icra başçısı təyin olundu. Eldar Əzizov gələn kimi bir sıra işlər gördü. Dedik ki, bizim də məsələmizi həll eləyər. Ancaq indiyə qədər heç bir irəliləyiş yoxdur”.
Bildirək ki, Eldar Əzizovun icra başçısı təyin edilməsindən sonra sakinlərdən evlərin sənədlərini yığılıb və qısa müdətə qeydiyyata salınacağı deyilib. Ancaq yenə də müvafiq qurumlar evlərin sənədləşdirilməsini həyata keçirməyib. Sakinlər qeydiyyatlarının olmadığı üçün bir sıra problemlərlə üzləşdiklərini bildirirlər. Belə ki, hələ bir neçə ay öncə kanalizasiya xəttinin partlaması səbəbindən küçələrini su basıb. Ancaq evlərinin sənədləşdirilməsi olmadığı üçün problemi həll etmək üçün heç bir qurum təşəbbüs göstərməyib. Onlar bir neçə yerə şikayət etsələr də, hər kəsdən eyni cavabı eşitdiklərini deyirlər. “Sizin evləriniz qeydiyyata alınmayıb. Evləriniz bizim balansımızda deyil. Buna görə də biz sizə heç cür kömək edə bilmərik”.
Sakinlər axırda kanalizasiya xəttini öz pulları ilə təmir elətdirməyə məcbur olublar. Ancaq problem kanalizasiya ilə bitmir.
“Məhəllə”nin küçələri də bərbad vəziyyətdədir. Yenə də sənədlərinin olmadığı üçün dövlət qurumları məsələyə yaxın durmaq istəmirlər.
Sakinlər torpaq sahəsini bələdiyyədən aldıqlarını deyirlər. “Əgər bizim evimiz qanunsuz olsaydı, bələdiyyə niyə bizə satırdı bu torpağı? Özünüz bilirsiniz ki, indi icazəsiz daşı daş üstünə qoymaq olmaz. Həm də, necə olur, qaz, işıq, hətta su sayğacları quraşdırıblar, amma evlərimizi qeydə almırlar? Qanunsuz ünvanda kommunal xidmət göstərərlər?”
Qeyd edək ki, 2011-ci ilin mart ayında prezident İlham Əliyev Bakı şəhər İcra Hakimiyyətində keçirdiyi iclasda sənədsiz evlərin qeydə alınması ilə bağlı xüsusi tapşırıq vermişdi. Prezident çıxışında insanların məmurlar tərəfindən incidilməməsini və evlərin tez bir zamanda sənədləşdirilməsi göstərişini vermişdi. Amma nə olsun? Prezident çox şey deyir…

ASİ-Xural

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button