Sumqayıtda işdən çıxarılan direktorlardan yeni xəbər

Bir qrup müəllim Sumqayıt təhsil sistemindəki problemlərlə bağlı “Qafqazinfo”ya şikayət məktubu ünvanlayıb.

 Sumqayıtda 11 məktəb direktorunun işdən çıxarıldığı bildirilsə də, onların hələ də vəzifələrində qaldığı və məktəb direktorlarının hər müəllimdən dərs bölgüsü üçün 100-200 manat pul tələb etdikləri bildirilir. Svetlana Məmmədova, Həbib Vəliyev, Cavidan Veysəlli və Müzəffər Qurbanovun adından yazılan məktubda bildirib ki, Texniki Elmlər Təmayüllü Gimnaziyanın direktoru Minarə Tahirova, 21 nömrəli məktəbin direktoru Məhəmməd, 25 nömrəlinin direktoru, keçmiş nazir müavini İsgəndər İsgəndərovun qardaşı Əvəz Mahmud Lələdağ, 28 nömrəlinin direktoru, Misir Mərdənovun yaxın qohumu Vələd müəllim hələ də öz kabinetlərində oturub əmr verirlər: “Bunların işdən çıxarılmaları haqqında əmrlərində təqaüdə göndərilmələri yazılıb. Əgər bunlar vəzifədə qalacaqdılarsa bəs onda ağsaqqal müəllimlər niyə yaş məsələsinə görə işdən çıxarılırdı?”

Bu vəziyyətdən şikayət edən müəllimlər işdən çıxarılan müəllimlərin yerinə yenilərinin imtahansız, rüşvətlə götürüldüklərini bildirirlər: “Bütün bu işlərin başında Sumqayıt təhsil şöbəsinin müdiri Vidadi Bağırov dayanır. Təzə başçı gələndə onu işdən uzaqlaşdırdılar, sonra nə yollasa yenidən işinə qayıtdı və bütün müəllimlərdən şəhərin abadlaşdırılması adı ilə 10 manatdan pul yığıldı”. Sumqayıtda müəllimlərdən hələ də pul yığıldığını deyən şikayətçilər müəllimlərin kartla pullarını aldıqdan sonra mütləq məktəbə gedib ödəniş etməli olduqlarını deyirlər. Bununla yanaşı, oxunmayan qəzetlərə məcburi abunə edildiklərini və hər müəllimdən buna görə 5 manat alındığını qeyd edirlər. Bu qəzetlərin içərisində “Mövqe”, “İki sahil”, “Səs”, “Yeni Azərbaycan”, “525-ci” kimi qəzetlərin də adı çəkilir: “Qəzetlərdə pedaqogikaya, müəllimlərə, yeni dərs metodlarına aid heç bir material olmasa da bizi zorla bu qəzetlərə abunə etdirirlər. 227 manat alan müəllim 27 manat, 330 manat alanlar isə 30 manat məktəb direktoruna verməlidirlər. Bütün Sumqayıt məktəblərində bu qaydadır”. Müəllimlər kölə kimi işləməkdən narazılıqlarını ifadə edərək, hər şənbə iməclik adı ilə şəhərin küçələrini, əsasən Heydər Əliyev abidəsinin ətrafını süpürdüklərini bildiriblər: “Həkimin rüşvətxorluqda sadəcə adı çıxıb, ən böyük korrupsiya, rüşvətxorluq Sumqayıt Təhsil şöbəsindədir”.

 “Xural” qəzeti,

il 9, sayı: 038 (446), 21 sentyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button