Sumqayıtda keçmiş nazir müavininin adamları işdən çıxarılır

İsgəndər İsgəndərov

İsgəndər İsgəndərovun həbs olunması üçün kifayət qədər dəlillər var

Bir müddət əvvəl vəzifədən çıxarılan təhsil nazirinin üç müavinindən biri İsgəndər İsgəndərov haqda vaxtilə mətbuatda saysız-hesabsız ittihamlar yer alıb. Xatırladaq ki, keçmiş müavin Sumqayıtda hələ də toxunulmazlığını qoruyan və ən köklü klanlardan sayılan Zaman İsgəndərovun qardaşıdır.
Ümumiyyətlə, İsgəndərovlar bu şəhərdə təkcə böyük biznes sahəsinə deyil, həm də bir sıra vəzifəli adamlara himayədarlıq edirlər. İ.İsgəndərov da qardaşından geri qalmırdı. Onun Abşeron rayonunda və Sumqayıt şəhərində böyük nüfuza malik olması heç kim üçün gizli deyildi. İsgəndərovlar uzun müddət mərhum dövlət başçısı Heydər Əliyevin qardaşı, rəhmətlik Aqil Əliyevə arxalanaraq vəzifədə qalıblar, bir çox sahələrə himayədarlıq ediblər. A.Əliyevə güvənən Z.İsgəndərov Sumqayıtdakı Mərkəzi Univermağı 1998-ci ildə öz istəklərinə uyğun özəlləşdirib. Nəticədə orada uzun illər işləyən və pay sahibləri olmağa haqları çatan onlarla adam oyundankənar vəziyyətə salınıb. Həmin payçılar dəfələrlə Z.İsgəndərovun özbaşınalığı ilə bağlı məhkəmələrə, müvafiq dövlət strukturlarına, hətta keçmiş və indiki prezidentlər Heydər və İlham Əliyevlərə müraciət etsələr də, hüquqlarının qorunmasına nail ola bilməyiblər.
İ.İsgəndərova gəldikdə, o nazir müavini işləməsindən istifadə edərək Sumqayıtda təhsil sahəsini tamamilə nəzarətində saxlaya bilirdi. Məsələn, şəhər təhsil şöbəsinin müdiri Vidadi Həsənovun bu vəzifəyə təyin olunması İ.İsgəndərovun xidməti sayılır. Qeyd edək ki, İsgəndərov ötən əsrin təhsil nazirinin müavini təyin olunandan sonra Həsənovu da nazirlikdə işə düzəldib. Üstündən bir müddət keçəndən sonrasa nazir müavini öz adamını Sumqayıt təhsil şöbəsinin müavini təyin etdirib. Beləliklə, bu şəhərdə təkcə təhsil şöbəsi yox, demək olar, bütün orta məktəblərə nəzarət İsgəndərov-Həsənov cütlüyünün nəzarətinə keçib. İ.İsgəndərov nazir müavini vəzifəsindən uzaqlaşdırılandan sonra Həsənovun da Sumqayıt şəhər təhsil şöbəsinin müdiri vəzifəsindən çıxarıldığı söylənilirdi. Lakin əldə etdiyimiz məlumata görə, İsgəndərovun adamı hələ ki vəzifəsində qalır, amma onun tezliklə əvəzlənəcəyi də istisna olunmur.
İsgəndərovun vəzifədən çıxarılmasından sonra Sumqayıtda bir neçə məktəb direktoru dəyişdirilib. Onların əksəriyyəti vaxtilə Həsənovun İsgəndərovdan xeyir-dualarını aldıqdan sonra bu vəzifələrə təyin olunmuşdular. 25 saylı orta məktəbin direktoru Əvəz İsgəndərov isə keçmiş nazir müavininin qardaşı idi. Sovet hökuməti dövründən qalan xeyli sayda bağçanın özəlləşdirilməsi və onlara öz yaxınlarının müdir təyin olunması da İsgəndərov-Həsənov cütlüyünün birgə istəyi ilə gerçəkləşibmiş.
Təhsil nazirinin təhsil sahəsində çalışan digər qohum-əqrabalarının isə artıq işdən uzaqlaşdırıldığı bildirilir. Etibarlı mənbənin məlumatına görə, İsgəndərov nazir müavini işləyən dövrdə Sumqayıtdakı orta məktəb və məktəbəqədər tərbiyə müəssisələrinin (bağçalar) ərzaqla təminatına qardaşı Əli İsgəndərov rəhbərlik edirmiş. Xatırladaq ki, Ə.İsgəndərovun təhsil şöbəsinə heç bir dəxli olmasa da, qardaşının himayəsi ilə buna nail ola bilmişdi. Qardaşı işdən çıxarılandan sonrasa bu səlahiyyətləri onun əlindən alınıb.
İ.İsgəndərov nazir müavini işlədiyi dövrdə Sumqayıtda həm də böyük biznesini qurmağa füsrət tapıb. 6-cı mikrorayonun dəniz tərəfində hasara alınan hektarla ərazinin İsgəndərova məxsus olduğu sumqayıtlılara çoxdan bəllidir. Onun Bakıda tikinti biznesi ilə məşğul olduğu da deyilir. Paytaxtdakı biznes ortağı isə Sumqayıt şəhər icra hakimiyyətinin keçmiş müavinlərindən olan Nəbi Nəbiyevdir (qeyd edək ki, onlar həm də qohumdurlar, Rəşad İsgəndərov Nəbiyevin qızı ilə evlənib). Bundan başqa, şəhərin mərkəzi sayılan Sülh küçəsində, yaşayış evlərinin üç addımlığında yerləşən “Ekzotika” barı da oğul İsgəndərovundur. Həmin barda bir neçə il əvvəl müştərilər arasında dava düşməsi, nəticədə bıçaqlanma hadisəsinin qeydə alınmasına baxmayaraq, obyektin fəaliyyətinin dayandırılmasına hüquq-mühafizə orqanları da nail ola bilməyiblər. Yeri gəlmişkən, R.İsgəndərov vaxtilə Sumqayıt 2 saylı Vergilər İdarəsində müfəttiş işləyib, sonra Bakı Audit Departamentinə vəzifəyə aparılıb. Yüksək iş qabiliyyəti olmadığından, bir müddət sonra sərəncama çıxarılan oğul İsgəndərov atasının səyi nəticəsində həmin depatamentdə yenidən işə götürülüb.
İ.İsgəndərovun adı müxtəlif ali məktəblərin diplomlarının satılmasında da hallanır. Bu günlərdə respublika prokurorluğu təhsil nazirliyinin müxtəlif qurumlarında korrupsiya faktları ilə bağlı araşdırılma aparıldığını bəyan edib. Aldığımız məlumata görə, aparılan yoxlamalar zamanı İsgəndərovun nazir müavini kimi cavabdeh olduğu məsələlərlə də bağlı ciddi faktlar ortaya çıxıb. Prokurorluq əməkdaşlarının bəlkə də diqqətindən yayına bilər, amma biz onların araşdırmasına ciddi ehtiyac duyduğumuz bir faktı nəzərlərinə çatdırırıq.

Kitab çapı fırıldaqçısı

İ.İsgəndərov dəfələrlə nazirliyin kitab çap etdirmək əməliyyatlarında əsas iştirakçılardan biri olub. Bu əməliyyatlardan birini nazir müavini aparat rəhbəri İlham Pirməmmədov və kitab nəşrlərinə məsul olan şöbə müdiri Faiq Şahbazovla birgə gerçəkləşdiriblər və “Zəngəzur – M.Z” kiçik müəssisəsi ilə 89 min manatlıq pul qalmaqalı yaşanıb.
2007-ci ildə “Maarif” nəşriyyatı 160 000 tirajla səkkizinci sinif üçün “Musiqi dərsliyi”ni çap etmək məqsədilə “Zəngəzur – M.Z” ilə müqavilə bağlayıb. Bundan əlavə, “Maarif” nəşriyyatı 2007-ci il iyun ayınıın 10-dan başlayaraq sentyabradək kiçik müəssisəyə olan köhnə borcunu ödəmək barədə öhdəlik götürüb. Amma nəşriyyat öhdəliklərinin heç birini yerinə yetirməyib, köhnə borcdan bir qəpik belə ödəməyib. Əvəzində “Zəngəzur – M.Z” çap etdiyi 70 min nüsxəni təhvil verməkdən, qalan 90 min nüsxəni çap etməkdən imtina edib. Nəticədə Təhsil Nazirliyi işə qarışıb. Əvvəlcə şöbə müdiri F.Şahbazov “Zəngəzur – M.Z”-in direktoru İbrahim İsgəndərliyə zəng edib hədə-qorxu gəlib. Bu addımın təsirsiz və uğursuz olduğunu görən nazirliyin nümayəndələri başqa yola əl atıblar. Bu dəfə nazir müavini İ.İsgəndərov üzünü bircə dəfə görmədiyi İ.İsgəndərliyə zəng edib deyib: “Vəziyyətim acınacaqlıdır, hesab edin ki tüfəng açılıb adam öldürmüşəm, mənə kömək et”.
O vaxt nazir müavini problemin arzuolunmaz həddə çatmaması üçün məsələnin danışıqlar yolu ilə həll edilməsini də ondan xahiş edib.
İ. İsgəndərov hətta problemi araşdırmaq üçün nazirliyin aparat rəhbəri İ.Pirməmmədovun, özünün və F.Şahbazovun mobil telefon nömrələrini İ.İsgəndərliyə verib. Səhəri gün onlar “Zəngəzur – M.Z” kiçik müəssisəsinin Vidadi küçəsindəki ofisində görüşüblər. Danışıqlar nəticəsində ümumi razılıq əldə olunub. Təhsil Nazirliyi kiçik müəssisəyə oktyabrın 1-də 48 22 55 76 16 saylı məktub yazıb. Danışıqların səmimiliyinə və məktuba inanan İ.İsgəndərli razılaşmaya əməl edib. İstədiklərinə nail olan “üçlük” sonradan həm verdikləri vədi, həm də yazdıqları məktubu yaddan çıxarıblar…

Sonradan məlum olur ki, nazir müavini başda olmaqla aparat rəhbəri və şöbə müdiri əvvəlcədən qanunsuz bir iş qurublarmış. Sən demə, “Maarif” “nəşriyyatı ilə Təhsil Nazirliyi arasında 2007-ci il aprelin 4-də bağlanan 11 nömrəli “Satınalma” müqaviləsi əslində qanunsuz imiş. Bəs, nazirliyin 8-ci siniflər üçün “Musiqi dərsliyi”nin möhürlə təsdiq edilən və çapa imzalanan son variantı kiçik müəssisəyə göydənmi düşmüşdü? İ.İsgəndərli nazir Misir Mərdanovdan indiyədək bu suala cavab al bilmir.
İ.İsgəndərov artıq vəzifəsindən uzaqlaşdırılıb. Amma onun da iştiraçısı olduğu qanunsuzluqlar həllini indiyədək qalır. Görəsən, Təhsil Nazirliyində korrupsiya ilə bağlı aparılan araşdırmalarda keçmiş müavinin də qol qoyduğu əməllər də üzə çıxarılacaqmı?

Azər Hüseynbala

Redaksiyadan: Yazıda adı hallanan hər bir şəxsin mövqeyini verməyə hazırıq.

ASİ-Xural

Əlaqəli məqalələr

1 şərh

  1. Salam..yazılıb ki guya İsgəndər vəzifədən uzaqlaşdırılandan sonra onun adamları da iş yerlərindən uzaqlaşdırılıb…amma 2 ay olar ki İsgəndər İsgəndərovun gəlini Sevinc Sumqayıtda 51 saylı uşaq baxçasının müdiri gəlib…gələn kimi başlayıb pul yığmağa…aylığı (guya ki yemək pulu) qaldırıb, xalça pulu, kamera pulu, qab qaşıq pulu, bayramlarda yığılan pul..və s..deyəndə də deyir gedin kimə istəyirsiz şikayət edin…əlbəttə arxası güclüdür…işdən çıxarılsalar belə…hətta bbaldızı da yəni İsgəndərin qızı 44 saylı baxçanın müdiridir…2 si də bir birindən betərdilər…1 ayda uşaqlara yığılan yemək pulu 5000 manat edir…nə bilim…onsuz da yazmağın da mənası yoxdur…düzələn deyil ki…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button