Sumqayıtda yaşanan gizlinlər

 

Zakir Fərəcovun şəhər marağı

 Bu gün gözə görünməz oliqarxların sayı bəlkə də görünən oliqarxlardan daha çoxdur. Bu cür oliqarxlar sadəcə olaraq kölgədə qalır və sərvətlərini daha da artırmaq üçün ən azı hansısa rayonun icra başçısı postuna sahiblənir və bununla həm də təhlükəsizliyini təmin edir. Belə oliqarxlardan biri də Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovdur. Vəzifəyə gəldiyi ilk aylardan əsasən, torpaq biznesinə əl qoyan icra başçısı qısa müddətdə sərvət sahibi ola bildi. Bunu da xüsusi olaraq vurğulayaq ki, o, icra başçısı olmamışdan qabaq Sumqayıt bələdiyyəsinə rəhbərlik edirdi və qanunsuz torpaq biznesi ilə məhz o zamandan məşğul idi. Hətta torpaq biznesindən götürdüyü sərvət müqabilində Sumqayıt şəhərinə icra başçısı gəlmək niyyətinə də düşdü. O, bununla bir tərəfdən torpaq biznesindəki qanunsuzluqlarını təmizləmək, digər tərəfdən isə yeni imkanlar əldə etməyə çalışırdı. Amma son anda aydın oldu ki, onun niyyəti baş tutmayacaq . Buna baxmayaraq, Zakir Fərəcov Abşeron rayonuna sahiblənə bildi. Bununla yanaşı, o, Sumqayıtda da təsir dairəsini qoruyub saxlamağa çalışdı. Vaqif Əliyev icra başçısı olduğu müddətdə onun yaxın qohumlarından 15 nəfərə qədəri ən ciddi vəzifələrə sahibləniblər.

Bundan başqa, Zakir Fərəcov Sumqayıt şəhərində bir neçə restorana və mağazalar şəbəkəsinə də sahiblənə bilmişdi. Əldə etdiyimiz bilgilərə görə, Zakir Fərəcov sonuncu dəfə yenə də Sumqayıt şəhərinə icra başçısı postuna gəlməyə cəhd göstərib. Hətta bu məqsədlə ən yüksək səviyyəli görüşlər də keçirib. Amma son anda oğlunun bir müddət öncə etdiyi əmələ görə, o, Sumqayıt şəhər icra başçısı postuna gələ bilməyib. Xatırladaq ki, Zakir Fərəcovun qardaşı oğlu orta məktəb şagirdi olsa da, həm də maşın həvəskarıdır və hazırda Azərbaycanda bir neçə sayda olan “Bentle” markalı yüz min manatdan baha maşın sürür. Zakir Fərəcovun qardaşı oğlu bir müddət öncə Sumqayıtda yenə avtoxuliqanlıq edən zaman maşını şəhərin mərkəzində ki, Heydər Əliyev büstünə çırpmışdı. Hətta bundan sonra maşından düşərək yaxın ətrfdakıları təhqir də edibmiş. Həmin vaxt buna görə ona cinayət işi açmaq istəsələr də, o, bunun qarşısını ala bilmişdi. Məhz bu fakta görə, Zakir Fərəcov bu dəfə də gözləməli oldu və Sumqayıta hakimiyyətin etibar etdiyi kadrlardan biri – Eldar Əzizov gətirildi.

Eldar Əzizovun icra başçısı təyin olunması Fərəcovlar üçün ağır zərbə oldu və Sumqayıtda bir neçə nəfərin də iştirakı ilə yeni icra başçısına qarşı kampaniyaya start verildi. Əsas məqsəd isə birinci növbədə Eldar Əzizovun nüfuzuna zərbə vurmaq, bundan sonra Sumqayıtda hegemonluqlarını qorumaq və prezident seçkilərindən sonra Eldar Əzizovu oyundan kənarlaşdıraraq şəhəri bütövlükdə ələ keçirməkdir. Bununla bağlı həm Sumqayıtda dəniz kənarındakı restoranlardan birində, həm də millət vəkili İmamverdi İsmayılova məxsus olduğu bildirilən və 3-cü mikrorayonda yerləşən restoranda görüş keçirilib. Məlum olub ki, millət vəkili İmamverdi İsmayılovda Zakir Fərəcovla eyni cəbhədədir və ona məxsus bir ticarət mərkəzi qeyri-qanuni tikildiyinə və şəhər arxitekturasını pozduğuna görə sökülüb. Buna görə də millət vəkili Eldar Əzizovun yıxılması kampaniyasına qatılıb. Əldə etdiyimiz məlumata görə, hazırda əsasən iki istiqamətdə işlər görülür. Öncəliklə Sumqayıt şəhərində artıq icra başçısı ilə xoşagəlməz şayiələr yayılmağa başlanıb. Həmçinin sumqayıtlı iş adamları ilə söhbətlər edilib ki, korrupsiyaya qarşı mübarizə idarəsinə şikayətlər edilsin ki, guya Eldar Əzizov onlardan abadlıq üçün pul alıb. Digər tərəfdən isə, millət vəkili İmamverdi İsmayılovun xətti ilə dövri mətbuatda Eldar Əzizovun əleyhinə kampaniyaya start verilib. Bildirilir ki, bütün güc 2013-cü ildə prezident seçkilərində Sumqayıtda uğursuzluğa nail olmağa yönəlib. Əldə etdiyimiz bilgilərə görə, Zakir Fərəcov və komandası Eldar Əzizovu bu həddə çatdırmaqla Prezident Administrasiyasına sübut etdirmək istəyirlər ki, yeni icra başçısı şəhərdə proseslərə nəzarət edə bilmir və nəticədə belə uğursuzluqlar ortaya çıxır. Bunu da qeyd edək ki, Eldar Əzizovla şəhər sakinləri arasında da konflikt yaratmaq üçün regional amildən istifadə edilir. Qeyd edək ki, bununla da bağlı artıq müəyyən işlər görülüb. Belə ki, əsasən Qubadlı, Laçın və Zəngilan bölgəsindən olan şəhər sakinləri arasında ciddi təbliğat işlərinə başlanılıb və bu gün bu bölgədən olan insanlara izah olunan tək şey budur ki, yeni icra başçısı məqsədli şəkildə bu bölgə insanlarına qarşı fəaliyyət göstərir və əsas hədəfi qaçqın statusu olan insanları şəhərdən kənarlaşdırmaqdır. Bununla bağlı daha maraqlı faktları izləyin…

 Kamal Hüseynli

“Xural” qəzeti,

il 9, sayı: 041 (449), 24 sentyabr 2011

 

Əlaqəli məqalələr

1 şərh

  1. Sizə bir sual verim:Niye axi belə boş-boş fikirlərlə şəxsiyyəti təhqir edirsiniz? Zakir Fərəcov hal-hazırda Abşeron Rayonunun İcra başcısıdır. Sizcə ona Sumqayıtda İcra başcısı olmaq lazımdır? Sonrası da bu İcra başcısı vəzifəsi bir əməliyyat proseduru deyil ki zəbt olunsun. Son qərarın və son sözün kim tərəfindən verildiyi hamımıza məlumdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button