Süpürülmüş ölkənin süpürgəçisi

Qubad İbadoğlu

Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Departamentinin fəhləsi Cəmilə Salahova aeroporta gedən yüksək sürətli magistral yolda asfaltı süpürərkən iş başında həlak olub. Allah rəhmət eləsin. Diqqətinizi bu fakta çəkməklə sadə olsa da əhəmiyyətli bir neçə məsələyə toxunaraq səlahiyyət sahiblərinə sual etmək istərdim.
Nədən neftlə zəngin və milyonları olan səltənətin yaşlı, ahıl və ağbirçək xanımları, analar və bacılar XXI əsrdə yolları fiziki üsullarla, primitiv təmizləyici alət olan süpürgə ilə təmizləməlidir? Əl əməyinin avtomatlaşdırıldığı və mexanikləşdirildiyi müasir iqtisadiyyatda Bakı şəhər və rayon mənzil kommunal təsərrüfatları nə vaxta qədər insanları bu yolla istismar edib, ayda 100-150 manat məvacib ödəyəcəklər? Məgər, bu adamlar son on ildə 150 milyard dollar neft və qaz gəlirinə sahib olan ölkənin vətəndaşları deyilmi? Mövcud iqtidar onların haqq etdikləri neftdən düşən payı bu üsullarla ödəyirmi? Suallar çoxdur və bu sistem qaldıqca onlar heç vaxt cavablandırılmayacaq.
Xarici ölkələrdə çoxlu səfərlərdə olmuşam, bəzilərində yaşamışam, amma Rusiyadan, Orta Asiyadan başqa yerdə küçəni süpürgə ilə təmizləyən işçi saxlayan ölkə görməmişəm. Hazırda nəinki küçəni, hətta səkiləri süpürən, silən, qurudan, qardan təmizləyən xeyli texnika mövcuddur.
Mənasız yerlərə milyonlar xərcləyən Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Departamenti niyə bu işin mexanikləşdirilməsinə sərmayə qoymur? Niyə pensiya yaşlı Azərbaycan xanımı aldığı təqaüdlə dolana bilmədiyinə görə, ehtiyac ucbatından küçə süpürməlidir ki, onu da günlərin birində “Kamaz” vurub öldürsün?

Yazı müəllifin FB səhifəsindən götürülüb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button