“Suraxanı Polis İdarəsi dələduzu niyə himayə edir?”

Zemfira Qasımova (istintaq sənədindən çıxarış)
Zemfira Qasımova (istintaq sənədindən çıxarış)

Son illər işsizliyin artması, əhalinin məşğulluq məsələsinin Allah ümidinə buraxılması, kütləvi olaraq dələduzluq cinayətlərinin artmasına səbəb olur. Maraqlıdır ki, vətəndaşları “iş düzəltmək” adı ilə aldadaraq, külli miqdarda pul vəsaitini mənimsəyən bu dələduzlar hüquq-mühafizə orqanlarının bəzi əməkdaşları tərəfindən müəyyən “pay” qarşılığında dəstəklənir. Bu baxımdan da polis bölmələrinə edilən şikayətlər cavabsız qalır, məhkəmələr susur, prokurorluq isə ümumiyyətlə, bu tip işlərlə zəngin qovluqların sayını artırır. Nəticədə aldadılmış, hüquqları pozulmuş vətəndaşlar dövlət başçısına ünvanlanan saysız-hesabsız şikayət məktubları ilə müraciət edirlər. Prezident Aparatının Məktublar Şöbəsi isə bu şikayətləri yenidən həmin hüquq-mühafizə qurumlarına göndərir. Sonu görünməyən şikayətlər həlqəsində sıxılan, var-yoxundan olan isə axırda yenə də aldadılmış vətəndaş olur. Ona görədir ki, bu gün vətəndaşlar “hüquqi dövlət” arzusu ilə yaşayırlar – problemlərini həll etməkdə sözü keçən bir dövlət.

Xural.com-a daxil olan onlarla şikayət məktubundan birini Oxucularımızın diqqətinə çatdırırıq. Məktubla müraciət edən Sabunçu rayon, Ramana qəsəbəsi sakini, vətəndaş Sadiq İsmayılovdur. S.İsmayılov bu il aprelin 1-də Zemfira Qasımova tərəfindən aldadıldığını iddia edir. Onun sözlərinə görə, məhəllələrarası meyvə-tərəvəz ticarəti ilə məşğul olub və bundan qazandığı cüzi qazancla ailəsini birtəhər dolandırıb.  Günlərin bir günündə Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yaşayan “Zema” ləqəbli bir qadınla onun təşəbbüsü ilə tanış olur. Sadiq İsmayılovu dilə tutmağa başlayır ki, “belə xırda işlərlə məşğul olma, gəl səni daimi dövlət işinə düzəldim…” Bunu hansı yolla edə biləcəyini soruşan kimi Zema deyir ki, “əgər 5 min manat düzəldib gətirsən, səni dövlət məmurlarından birinin yanında sürücülük işi ilə təmin etdirə bilərəm, sən də hər ay dövlət kartı ilə maaşını alarsan”.

Onun bu təklifinə aldanan S.İsmayılov yaxın qohumu N.Əhmədovla məsləhətləşir. Qadın Nəsrəddin Tusi adına İnstitutda rus dili kafedrasının baş müəllimi işləyib. Qadının ziyalı olduğuna inanan hər iki şəxs əvvəldən sövdələşdikləri kimi, Z.Qasımovanın Qaraçuxur qəsəbəsindəki evinə yollanır. Onunla bir daha birlikdə söhbət edirlər və Zemfira Qasımova israrla bu işin 5 min manat müqabilində həll oluna biləcəyini deyir. S.İsmayılov bu məbləği tam olaraq deyil, cəmi 4500 manatını qohum-əqrəbadan borc toplaya biləcəyini söyləyir. Onun bu təklifinə “Zema” “yox” demir. Ümumi razılaşmadan bir neçə gün sonra bütün qohumlarını bu iş üçün səfərbər edən S.İsmayılov razılaşdırılan məbləği birtəhər toplamağa müvəffəq olur. Aprelin 1-də xalası və xalasının həyat yoldaşı N.Əhmədovla birlikdə evinin qarşısında 4500 manat pulu Zemfira Qasımovaya əlbəəl təqdim edir. 15-20 gün müddətində Sadiqin işlə təmin olacağı vədini verən Z.Qasımova bu müddət bitdikdən sonra Sadiqin zənglərini belə qəbul etmir. Arabir telefona cavab verərkən, Avropa Oyunlarını bəhanə gətirərək, bütün məmurların başının qarışıq olduğunu deyir. Olimpiada başa çatdıqdan sonra ümumiyyətlə, zənglərə cavab vermədiyini görəndən sonra S.İsmayılov avqustun 25-də Suraxanı rayonu 32-ci Polis bölməsinə müraciət edir. İş polkovnik-leytenant Çingiz Bağırova həvalə olunur. Yazılı şikayət ərizəsinin daxil olmasına və şikayətçi ilə dəfələrlə görüşməsinə baxmayaraq, Ç.Bağırov Z.Qasımovanı bölməyə gətirib, onun işlə bağlı izahatını almır. Halbuki Polis bölməsi ilə Z.Qasımovanın yaşadığı ünvan arasında cəmi 300 metr məsafə var. 2 ay müddətində polis bölməsində əsassız olaraq, get-gələ salınan vətəndaşın işi oktyabrın sonlarında Suraxanı rayonu Polis İdarəsinə verilir.

S.İsmayılov deyir ki, yaxın qohumları ilə bir neçə dəfə Polis İdarəsində olsa da, onları idarənin nəzarət-buraxılış məntəqəsindən içəri buraxmırlar, dəfələrlə cəhd etsələr də onları heç kim qəbul etmir və şikayətlərini dinləmir. Böyük əziyyətlərdən sonra Suraxanı rayonu Polis İdarəsinin Cinayət axtarışı bölməsinin rəisi Pərvizlə görüşə bilirlər. O da işi tabeliyində çalışan Osman adlı müstəntiqə tapşırır. Müstəntiq işlə bağlı heç bir narahatlığa əsas olmadığını və elə həmin gün prokurorluğa gedərək, Zemfira Qasımovanın AR Cinayət Məcəlləsinin 178-ci – “dələduzluq” maddəsilə həbsinə sanksiya alacağını iddia edir.

Onun bu cəhdləri S.İsmayılovu qane etdiyindən yalnız müstəntiqin telefonunu alıb İdarədən çıxırlar. Müstəntiq kifayət qədər vaxtın uzanmasına baxmayaraq, əməli heç bir iş ortaya qoymur və artıq S.İsmayılovun zənglərini boş vədlərlə doldurmağa çalışır. 2 həftədən sonra yenidən müstəntiqin yanına gələrkən S.İsmayılov gözləmədiyi “dopros”la üzləşir. Ona digər ad-soyadlarda olan “dələduzlar” haqqında müxtəlif suallar verilir. S.İsmayılov müstəntiqin onlarla “məzələndiyini”, işi daha da dolaşdırmağa meyl göstərdiyini görüb, konkret  məsələnin nə yerdə olduğunu israrla soruşmağa başlayır. Müstəntiq birdən, gözləmədikləri halda deyir ki, “o iş ümumiyyətlə ona verilməyib”.

Bir müddət keçəndən sonra onu tədqiqatçı Laçın Əliyevə təqdim edirlər. İlkin söhbət zamanı L.Əliyev bildirir ki, “bu nə hay-küydür salmısınız? Pulu mənə verməmisiniz ki, məndən də istəyəsiniz…” S.İsmayılov hüquqi dövlətdə yaşadığını və vətəndaşın hansısa dələduz tərəfindən aldanaraq, pulunun mənimsənildiyi təqdirdə bu işlə hüquq-mühafizə orqanlarının məşğul olmalı olduğunu xatırladır və xahiş edir ki, onlar vəzifə səlahiyyətlərini layiqincə yerinə yetirsinlər. L.Əliyev işi məhkəməyə göndərəcəklərini deyir.

Bununla yanaşı, S.İsmayılovun yaxın qohumu N.Bağırov xatırlatma verir ki, onlar Zemfira Qasımovanın kim olduğunu, necə dələduzluq qabiliyətinə malik olduğunu, əvvəllər də dələduzluq və saxta sənədlər düzəldərək, vətəndaşları aldatdığını və bu cinayəti üstündə artıq həbsdə yatdığını, Ədliyyə Nazirliyində işləyən oğlunun birbaşa səlahiyyətlərindən sui-istifadə edərək, vaxtından əvvəl onun azadlığa çıxmasında rolu olduğunu bilirlər. Z.Qasımova hazırda nəzarətdə saxlanılsa da dələduzluq etməkdə, vətəndaşlara yalan sataraq, pullarını əllərindən almağa davam edir. L.Əliyev bu məlumatları aldıqdan sonra əvvəlki izahatı yeniləyir.

Bundan 4 gün sonra yaxın qohumları N.Əhmədov, N.Bağırov və S.İsmayılov yenidən L.Əliyevin qəbuluna gedirlər. Noyabrın 14-də şahid qismində N.Əhmədovdan izahat alınır. Artıq 1 ay keçməsinə baxmayaraq, polis işlə bağlı heç bir əməli işə keçmir. S.İsmayılov iddia edir ki, işin bu istiqamətdə dövr etməsinə səbəb Zemfira Qasımovanın oğlu Anar Qasımovun Ədliyyə Nazirliyində işləməsidir. “Ana-bala birləşərək, vətəndaşların hüquqlarını pozur, pullarını müxtəlif yollarla əllərindən alır, iş qanuni məcrəyə çatanda Ədliyyə Nazirliyindən edilən zənglər işi dondurur.

4 nəfərlik ailə üzvünü zor-güc dolandırmağa çətinlik çəkən S.İsmayılovu aldığı borcları qaytara bilməməyi də bir tərəfdən sıxır. Onu ən çox da narahat edən odur ki, əgər iş məhkəməyə verilsə, Ədliyyə sistemində olan bu orqan da Z.Qasımovanın oğlunun sifarişini yerinə yetirib, haqlı olsa da, S.Qasımovu nahaq duruma salacaq: “Mən yenə də qanunun aliliyinə, hüquq-mühafizə orqanlarının qanuna tabe olaraq, fəaliyyət göstərdiyinə inanıram. Çox istərdim ki, bir Azərbaycan vətəndaşı kimi mənim pozulmuş hüquqların qanun keşikçiləri tərəfindən bərpa olunsun. Əks təqdirdə, prezidentimiz İlham Əliyevə müraciət edərək, onun idarə etdiyi dövlətin kimlər tərəfindən bu hala salındığını adbaad sadalayacağam. Qoy vəzifə səlahiyyətlərindən sui-istifadə edən hər kəs cəzalandırılsın. Bu gün məni aldadıbsa, demək, bu qadın hər gün bir vətəndaşı aldadır. Hüquq-mühafizə orqanı əməkdaşları da onu min bir yolla himayə edirlər. Nədir onların marağı? Yoxsa, ərazidə bir quşun uçduğunu nəzarətdə saxlamağı bacaran polislər bu dələduzluq faktının qarşısında aciz qalıblar? İnandırıcı deyil. Onların hər şeydən xəbəri var və Z.Qasımovanın da həmin ərazidə hansı əməllərlə məşğul olduğunu çox gözəl bilirlər. O zaman cinayəti pərdələməsinlər, vəzifə səlahiyyətlərini yerinə yetirib vətəndaşların pozulmuş hüquqlarını bərpa etsinlər. Bəlkə kimlər üçünsə 4500 manat pul deyil. Lakin işsiz və öhdəsində 2 azyaşlı uşağı olan bir insan üçün bu çox və əlçatmaz bir məbləğdir. Pulumu qaytarsınlar. Başqa mən bunlardan nə istəyirəm ki?”, – deyə Sadiq İsmayılov əsəb və gərginlikdən qəhərini boğa bilmir.

Redaksiyaya şikayət daxil olandan sonra Zemfira Qasımova ilə telefon əlaqəsi saxladıq. İsrarla heç kimə pul borcu olmadığını desə də, bizdən məsələni həll etmək üçün 2 gün vaxt istədi. Ötən 2 gün ərzində də S.İsmayılovdan ata malı kimi, dələduzluq və dolandırıcılıqla aldığı pulu qaytarmağı haqda heç bir əməli iş görmədi.

Məqalədə adı çəkilən tərəflərin də münasibətlərini dərc etməyə hazırıq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button