Suriyaya 10 il öncə gedən azərbaycanlıya 10 il cəza verildi

Xanımı, qaynı və qayınanasıyla 10 il öncə Suriyaya gedən Bəxtiyar Şıxıyev illər sonra buna görə ağır cəzalandırılıb. Sentyabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ona 10 il həbs cəzası kəsilib.

Ötən ilin mayından bəri həbsdə olan 34 yaşlı Şıxıyev Cinayət Məcəlləsininn 283-1.3 maddəsilə – Azərbaycanın hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak məqsədilə yaradılan qrup, təlim və ya silahlı münaqişələrə qatılmaqda ittiham olunur.

O, Suriyaya getdiyini təsdiqləyir, ancaq orada İŞİD-in tərkibində döyüşmədiyini, sadəcə, 2013-cü ildə çox sadəlövh davrandığını iddia edir:

“Ora gedib çatanda gördüm ki, vəziyyət əvvəl mənə deyildiyi kimi deyil. Hamı özünə müsəlman deyir, amma orada bir-birini öldürür”.

Bəxtiyar Şıxıyev Suriyada yaxınlarının aqibətindən də söz açaraq deyib ki, astma xəstəliyindən əziyyət çəkən qaynı orada vəfat edib. Qayınanası orada ərə gedib. Özünün də orada övladı doğulub. Bir neçə ay sonra uşağı da götürüb, xanımıyla birgə Türkiyəyə gəlib. Sonradan həyat yoldaşı Azərbaycana qayıtsa da, özü 9 ilə yaxın Türkiyədə qalıb. Ötən il özü də Azərbaycana qayıdanda həbs olunub.

Hazırda Şıxıyevin özüylə yanaşı, həyat yoldaşı da həbsdə olduğundan, onların 9 yaşlı övladı babasının himayəsindədir.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button