Sürücüsü Aydın Heydərovun “paxırları”nı açdı

11.10.2012

Əvəz Zeynallı: “Sən məni ümumiyyətlə tanımırsan, məhkəmədə də birinci dəfədir görürsən. Yalandan niyə üzədurursan. Allahdan qorxmursan?”

Ə.Allahverdiyev: “Mən neyləyim ey, fəhlə babayam. Hökumət dedi, get qol çək, mən də çəkdim. 

Ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsində  hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəməsi keçirildi. Hakim Ramella Allahverdiyevanın sədrliyilə keçirilən prosesdə şahid qismində “Inturavto” ASC-nin sədri Aydın Heydərovun şahidi Əlirza Allahverdiyev ifadə verdi. Qeyd edək ki, Ə.Allahverdiyev də A.Heydərov kimi məhkəmənin qərarı ilə məcburi qaydada məhkəməyə gətirilərək, ifadələri alınıb.
Uzun müddətdir ki, sürücülüklə məşğul olduğunu deyən Ə.Allahverdiyev bir müddət Aydın Heydərovun da şəxsi sürücüsü olduğunu diqqətə çatdırdı. O ifadəsində bildirdi ki, parlament seçkiləri ərəfəsində Aydın Heydərovun tapşırığı ilə Ə.Zeynallıya 200 dollar pul çatdırıb: “Maşından düşüb mənə yaxınlaşdı və mən də ona pulu verib çıxıb getdim. Yanında da bir qadın var idi.” Bundan sonra vəkillərin və Ə.Zeynallının sualları başladı?

Vəkil Yalçın İmanov:

– Siz neçənci illərdə Aydın Heydərovun sürücüsü olmusunuz?

Ə.Allahverdiyev:

– 1992-94-cü illərdə…

Ə.Zeynallı:

– “Xural” qəzeti 2002-ci ildən dərc olunur? Ümumiyyətlə sən məni tanıyırsanmı?

– ?

– Səsim, boyum, sənə tanış gəlirmi?

– ? Hadisənin üstündən o qədər il keçib, nə bilim.

– Sən hər gün Aydın Heydərovun pullarını paylayırdın? Yadında qalmalıdır axı. Mən kiməm? Adım, familiyam nədir?

– ?

Prokuror Ramazan Hadıyev:

– Zeynalov.

Ə.Allahverdiyev:

– Aydın Heydərov mənə dedi ki, Zeynalova verəcəksən pulu.

Ə.Zeynallı:

–  Hörmətli hakim, prokurorun istiqamətləndirici fikirlərinə etirazımı bildirirəm. Bəs adım nədir?

– Mən nə bilim.

– Bəs sən adını bilmədiyin, üzünü bir dəfə də görüb, tanımadığın adamın üzünə necə dura bilərsən. Məni bu məmləkətdə Zeynalov familiyası ilə, heç ailə üzvlərim tanımırlar. Necə oldu ki, bu familiya sənin kimi yaddaşsız adamın yadında qalıb?

– Niyə yaddaşsız oluram? Yadıma düşdü. Pulu verdiyim adam bəstə boy idi.

– Bəstəboy nə boydadır?

– Elə sənin boyda.

(Zalda heyrətləndirici gülüş səsləndi)

– Yaxşı deyirsən ki, mən maşından düşüb sənə yaxınlaşmışam?

– Hərü…

– O zaman mənim maşınımın markasını deyə bilərsənmi?

Zaldan replika:

– Deyə bilməz. Bunu müstəntiq ona başa salmağı  unudub.

Ə.Allahverdiyev:

– Mən nə bilim. Keçmiş vaxt idi.

Ə.Zeynallı:

– Necə olur ki, mənə pulu açıq vəya konvertdə verdiyini unutmamısan, yanımda bir qadının da olduğunu iddia edirsən, amma sürücü ola-ola hansı maşından düşdüyümü xatırlamırsan?

– Nə bilim ey.

– Yaxşı, sualı belə qoyaq – maşın sovet maşını idi, yoxsa inomarka?

– İnomarka.

Ə.Zeynallı:

– Möhtərəm hakim, mən heç “prokat”a da inomarka maşın alıb, sürməmişəm.

Vəkil:

– Allahverdiyev, siz bayaq dediniz ki, A.Heydərov qəzetdə onun haqqında çıxan yazılara baxıb hirslənirdi. Bu hansı qəzet idi?

– ?

– Pulu verdiyiniz adam hansı qəzetin redaktoru idi?

– ?

Prokuror pıçıltı ilə:

– Xural.

Ə.Allahverdiyev?

– Tural…

Zalda gülüş.

– Yox ey, “Xu…ral”…dı da deyəsən.

– O qəzetdə A.Heydərov haqqında biabırçı ifadələrin işlədildiyini və bunu da özünüz qəzetdən oxuduğunuzu demisiniz. O biabırçı ifadələr dediyiniz, hansı ifadələr idi?

– Nə bilim ey, yazmışdı ki, Aydın Heydərov öz katibəsini saunaya aparıb, belə-belə biədəb şeylər yazmışdı.

Ə.Zeynallı:

– Sən özün oxudun bunu?

– Hə.

– Məhtərəm hakim, “Xural”ın bütün sayları – ilk gündən son sayına qədər durur. Lazım bilsəniz yoxlayın. Biz heç bir vaxt qəzetdə bu haqda bir kəlmə də olsa, yazmamışıq. Başa düşə bilmirəm, sürücünün dediyi bu “biədəb” şeyləri A.Heydərov eləyibsə, buna bizi niyə qatırlar? Sən məni ümumiyyətlə tanımırsan, məhkəmədə də birinci dəfədir görürsən. Yalandan niyə üzədurursan. Allahdan qorxmursan?

– Mən neyləyim ey, fəhlə babayam. Hökumət dedi, get qol çək, mən də çəkdim.

Vəkil:

– Hörmətli məhkəmə, göründüyü kimi, bu adam hərəkətlərini qavramayıb.

Prokuror:

– Etiraz edirəm. Siz şahidi təhqir edə bilməzsiniz.

Ə.Zeynallı:

– Qanunlarda təhqiredici ifadələrdən istifadə edilib? (AR CPM-ni əlinə alaraq, prokurora tərəf istiqamətləndirdi) Buyurun, AR CPM-nin müvafiq bəndində, “şəxsin qavrama”sı və ya qavramamsı ilə bağlı bənd daxil edilib. “Qavramamaq” nə vaxtdan təhqir kimi qəbul edilir?

Hakim R.Allahverdiyeva şahidin ifadələrində ziddiyyət olduğunu bildirdi.

Məhkəmə prosesi oktyabrın 16-da saat 10:00-da davam etdiriləcək.

Əvəz Zeynallı baş redaktoru olduğu “Xural” qəzetinin gündəlik nəşrinə başlarkən əsasən məmurlardan ibarət qrup qəzetin dayandırılması üçün bütün qüvvlərini səfərbər ediblər. İstədiklərinə nail olmadıqda isə baş redaktoru saxta ittihamlarla həbs etmək qərarına gəliblər. Hazırda Əvəz Zeynallı CM-in 311.3.3 və 311.3.4 maddələri üzrə şantaj yolu ilə pul tələb etməkdə ittiham olunur. Məhkəmələr siyasi sifarişləri həyata keçirdikləri təqdirdə onu 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Buna baxmayaraq dünya ictimaiyyəti, beynəlxalq insan haqları və jurnalist təşkilatları, o cümlədən Avropa Şurası İnsan Haqları Komitəsi Əvəz Zeynallının peşə fəaliyyətinə görə həbs olundugunu və ona görə də “vicdan məhbusu” olduğunu qəbul edərək,  dərhal həbsdən azad olunmasını tələb edirlər.   

QEYD: Məhkəmələr açıq keçirilir. Bütün müstəqil jurnalistlər, Azərbaycanda söz və ifadə azadlığının, müstəqil mətbuatın müdafiəçiləri məhkəmələrə dəvətlidir.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button