Susur: Azərbaycan radiosu

elbrus ərudElbrus Ərud

Qoy yazıya başlamazdan əvvəl bir haşiyəyə çıxım.
Görkəmli yazıçılardan biri ilə xarakterimə uyğun lovğa-lovğa danışırdım ki, mənə irad tutdu.
– Ə, danışma!
Üzümdə təəccüblü təbəssümü görüb davam elədi:
– Siz jurnalistlər də nə qəribə tayfasınız ə… Mövzu ağzınızdan tökülür, yenə də yazmağa bir şey tapmırsınız. Elə hey eyni şeyləri çeynəyib tökürsünüz. Mövzu ağzının qırağından daşıb tökülür ee, xəbərin var?..

Ağzımı əlimin dalı ilə silib bildirmək istəyirəm ki, yuxarıdakı haşiyənin mənim indi yazacağım yazıya o qədər də dəxli yoxdur. Ama həm də var.
Son günlər işdən evə gedəndə “probka”da oturub fikirləşirəm ki, bu ölkədə artıq bizim vaxtımıza da ilişirlər. Yəni adamlar gününün bir hissəsini yollarda qalsın, bir yerə vaxtında gedib çıxmasın, əsəbləri pozulsun və başlarını maşının qapısından çıxarıb bir-birilərinə itin sözünü desinlər… Bu kənardan mənasız bir şey kimi görünə bilər. Ancaq əslində olduqca böyük hadisədir. Ortalıqda bizim vaxtımız gedir, cənablar. Hər gün Bakıda bir saat tıxacda keçirdiyiniz vaxtı vurun ilə, görün nə qədər eləyir? Mən vurdum. 15 gün, 20 saat, 8 dəqiqə, 33 saniyə. Ən azı hər birimizin ildə 16 gününü belə zibilə döndərirlər (Bu yerdə gülmək məni tutur. Guya başqa günlərdə kef eləyirik). Əlqərəz, biz “probka”larda zorlanan vaxtımızı necə öldürmək haqda düşünürük. Onsuz da Azərbaycanda heç kim vaxtı yaşatmaq haqda fikirləşmir…

Belə axmaq situasiyada köməyimizə çatan radiolar olmalıdır. Heç olmasa radioları açıb informasiya qəbul etməli, tok-şouları dinləməli, maraqlı ictimai-siyasi verilişlərə qulaq asmalıyıq. Belə də edirik. Yəni radionu açırıq. Və məsələn, 106.3-ü tutub eşidirik: “Hamı deyir azaddur, hamı deyir abatdur, şib-şirin nabatdur, Azərbaycanım”. Hər şey aydındır. Dalğanı dəyişirik: 103 – Xəzər radiosu: – “Fab boyası, fab boyası, gözəldir ay fab boyası”. Bir də dalğanı fırladırıq və gəlib düşürük İctimai Radioya: “Əziz dinləyicilər, sazın, sözün sehrində verilişi ilə yenə də qonağınızıq. Bulaq suyu, dağ havası nə bilim Şəki halvası…”

Səhv etmirəmsə, Azərbaycanın onadək radio dalğası var. İndi onların hərəsindən bir sitat gətirməklə vaxtınızı almaq istəmirəm. Ancaq bildirmək istəyirəm ki, bu gün Azərbaycan radiolarının hamısı yumşaq desək bir bezin qırağıdır. Hər birində televiziyalarımızda olduğu kimi çal-çağır, şou, axmaq-axmaq verilişlər. Elə bil bu radiolar ancaq manıslar üçün fəaliyyət göstərir. Biz adətən televiziyalar haqqında tənqidi fikirləri tez-tez eşidir, onları ictimai-siyasi verilişlər hazırlamamaqda ittiham edirik. Ancaq yuxarıda qeyd etdiyim kimi nəzərə alsaq ki, bizim vaxtımızın bir hissəsi avtomobildə, tıxaclarda keçir, o zaman radioların önəmi haqqında düşünməyə dəyər. Görəsən, nəyə görə Azərbaycan radioları öz fəaliyyətlərini hər saatın başında cəmi 2 dəqiqəlik xəbər proqramı ilə yekunlaşdırırlar? Özü də bu xəbərlərin 99 faizi Yaxın Şərqdən tutmuş Cənubi Afrikaya qədər dünyanın müxtəlif ölkələrində baş verən yanğın, sürüşmə, hündürlükdən tullanma və başqa “mühüm” hadisələrinə aid olur, ancaq Azərbaycandan heç nə verilmir? Bu ölkədə heç hündürlükdən tullanan yoxdur? Balam, bu televiziyaları başa düşdük, tamaşaçını çox da xəbərlə narahat etmək, ona ictimai-siyasi veriliş göstərmək olmaz. Bəs bu radiolara nə gəlib hə? Demək, biz həm görə, həm də eşidə bilmərik də? Deməli, bizim lallığımızın səbəbi avtomatik olaraq korluq və karlıqdan qaynaqlanır…

Yazının situasiyası elə gətirdi ki, mən bir daha haşiyəyə çıxmalı oldum. Əslində mən bu mövzuya heç vaxt qayıtmaq istəməzdim. Deməli, bizim kənddə Azərbaycanın hazırkı tamaşaçısının günündə olan bir oğlan var idi. Allah onu görməkdən də, eşitməkdən də, danışmaqdan da məhrum eləmişdi. Di gəl bu oğlanın ayda-ildə bir qızmağı var idi. Qızanda elə nərə çəkirdi ki, gəl görəsən. Əlinə kim keçsə divara-daşa çırpıb para-para eləyirdi. Ona görə də, hamı bu yarımadamdan kənar gəzər, onun kar, kor və lal sakitliyini pozmaq istəməzdi…

İndi Azərbaycan insanı da həmin oğlanın vəziyyətindədir. Məsələ belədir ki, Azərbaycanın televiziyaları kimi, radioları da restoran biznesi kimi bir şeydir, toya, varlanmağa, yeyib-içməyə, dəmlənməyə hesablanıb.

İnsanlar unutmamalıdır ki, gecə-gündüz bu şou ilə “piyan” saxlanılan kar, kor, lal dinləyicinin bizim kənddəki o oğlan kimi bir gün qızmağı da var. Vay onda həmin oğlanın əlinə keçənin halına. Yəqin biz o zaman belələrinin böyürtüsünü elə radionun efirindən eşidəcəyik. İndi bəzi radio aparıcılarının efirdən eşitdiyimiz böyürtüsü kimi…

Mən uşaq olanda eyvanımızda asılan radiodan hər səhər bir söz eşidərdik.

Diqqət, diqqət: – Danışır Bakı!

Bu səsi yenidən eşitmək ümidi ilə…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button