Təbəssümə və səmimiyyətə xəyanət!

28.03.2013

Ağır Cinayətlər məhkəməsinin hakimi

Ramella Allaverdiyevə açıq məktub

 “Bu məktub da nəyin nəsiydi?”, “haradan çıxdı?” -deyə fikirləşməyin. Yox, əziz Ramella xanım, naraht olmağa dəyməz. Mən bu açıq məktubda 11 ay boyu başıma açdığınız və məhkəmə adını verdiyiniz məzhəkədən, orada baş verən saxtakarlıqlar və biabırçılıqlardan danışmayacağam. Heç ondan da danışmayacağam ki, bütün bu qanunsuzluqları və saxtakarlıqları niyə etdiniz? Buna sizi kimlər vadar etdi?

Mən bu sualların cavablarını bilirəm. Sizi əziyyətə salmaq niyyətim yoxdur.

Yox, o haqda da danışmaq istəmirəm ki, 11 ay müddətində ən azı, 5 dəfə rəsmi vəsatətlə mənim həbsimi sifariş edənlərin əllərində alət olduğunuza görə, etiraz etsəm də, yerinizdən tərpənmədiniz. Məni tuduranlardan birinin yaxın qohumu olduğunuzu boynunuza almadınız, prokurorun 11 ay boyunca ard-arda, “mən sənə göstərəcəyəm kim olduğumu!”  təzyiq hədə – qorxularına göz yumdunuz və prokurorun – ittiham tərəfinin yanında yer aldınız. Yox, bunlardan bəhs etmək fikrim yoxdur. Heç ondan da bəhs etmək istəmirəm ki, niyə əsas şahidləri prosesə gətirmədiniz, niyə hüquq tarixinə düşəcək biabırçılığa yol verəcək, bir üzəduran şahidin yerinə məhkəmə prosesinə ayrı bir adam gətirdiniz, niyə 4 şahidi bilərəkdən, qəsdən, müammalı şəkildə prosesdən çıxardınız və onların bəzilərinə ölkədən çıxamağa bilərəkdən şərait yaratdınız . Bəzi şahidlər elə məhkəmədəcə hamının gözlərinin qarşısında sizə, “gəlib görəcəyəm”, vədini verdilər və o gedən getdilər. Hələ ondan da bəhs etmək istəmirəm ki, o şahid-üzəduranlar görəsən sizi “gördülərmi” ? Hə, Əziz Ramella xanım?!

Hələ orada toxunmuram ki, bu 11 ayda, bu işdə olan 13 üzəduranın hansından nə qədər “göz haqqı”, “söz haqqı”, “qaçıb prosesdən qurtulmaq haqqı” almısınız. Yox, bu məqamlar, bu məktubun mövsüs deyil. O haqda ayrıca araşdırmalarım var, olacaq.

İşə bir bax, mənim işimi aparan istintaq da məni mühakimə edən iri və ağır bir məhkəmə də, məni şərləyənlər də – hamısı mənim həbsimdən rüşvət alıb-veriblər. Sizi bu haqda (hələlik) narahat etmək istəmirəm.

Mən sizdən niyə ədalət mühakiməsinin əsas şərti olan “çəkişmə prinsipi” nə riayət etmədiyinizi, niyə əsas şahidi və digər üzəduranları dindirməyə imkan vermədiyinizi, niyə onları qoruduğunuzu, niyə saxta sübutlarla məni mühakimə etdiyinizi də soruşmaq istəmirəm. Mən bilirəm ki, siz Prezident Administriyasının hörmətli rəhbərinin şəxsi “troyka”sısınız və sizi özünün şəxsi işlərində kin-nifrət dolu sifarişlərində bol-bol istifadə edir və dəhşət orasındadır ki, sizlər onun “birdəfəlik” istifadəsində yox, “çoxdəfəlik” arzularına uyğun işləyirsiniz. Ona görə də, əsas məqamlar mənə aydındır.

Heç onu da soruşmaq istəmirəm ki, olmayan şeyləri necə “hökm”ə salıbsınız, ifadə verməyən şahid-üzəduranların ifadələrindən necə və niyə məhkəmədə istifadə edibsiniz? Axı, ədalət məhkəməsi istintaqın uydurmaları və “tikdiyi toba”larla bağlı olmamalıdır? Siz necə olub ki, istintaqın tikdiyi torbaya düşübsünüz, Ramella xanım, Tamella xanım, Novruz bəy?!

Hə, cavab verə bilərsinizmi, necə olub bu?!

Ən azı, indiki mərhələdə bu da məni maraqlandırmır, necə deyərlər “can sənin, cəhənnəm Tanrının”. Torbaya düşübsünüz, düşübsünüz, mənə nə?.. O torbadan necə çıxacaqsınız, artıq sizin özünüzə qalıb, mən sizə yardım göstərə bilmərəm.

Hələ o ayrı məsələdər ki, üzəduran–şahidlərdən heç birinin demədiyi halda, siz necə məni ”rüşvət almaqda” suçlu çıxardınız və “hökm” verdiniz?

“Rüşvət” demiş, hələ o haqda da danışmaq istəmirəm ki, sizin bu haqda təcrübəniz o qədər çoxdur ki, artıq dillərə dastan olub. Mən yaxşı bilirəm ki, tələb olunan on min manatın min manatı çatmayanda Ramella Allahverdiyeva məhbus yaxınlarını otağından necə qovur və tapılmayan, imkan daxilində olmayan min manata görə, Ramella xanım gəncəcik cavanlara necə 8, 9, 10 il cəza verir. İndi bu və ya “troyka”nın digər faktları haqqında danışıb, vaxtınızı almaq istəmirəm, o haqda “Selcanın məmləkəti”ndə nə qədər istəsəniz oxuyacaqsınız. İndi mənim mövzum bu deyil.

Mən heç o haqda da danışmaq istəmirəm ki, hər gün ünvanınıza nə qədər lənət, söyüş, qarğış, ahu-nalə, göz yaşı yağdırılır.

Evimizdə-eşiyimizdə olan qadınların, ana-bacı, həyat yoldaşı, balaların etdiyi lənətləri demirəm hələ. Mən burada kişilərin nəfəsindən göndərilən lənət, qarğış, ahu-nalə, göz yaşlarından danışmıram.

“Kişilər ağlamaz”, amma siz bu məmləkətin kişilərini ağlatmaqla ömür sürürsünüz, Ramella xanım!

Bilmirəm, hiss edirsinizmi onların – o lənətlərin hamısı sifarişçilərlə birlikdə bu iblisanə “hökm”lərin altında imzası olanlardır – sizlərədir. Bilmirəm, hiss edirsinizmi, bilmirəm, şəxsi həyatınızda, övladlarınızın, balalarınızın həyatında nə qədər iz buraxır bu lənətlər. Amma bir an onsuz olmursunuz, biləsiniz. Bu da sizin öz işinizdir, özünüzə qazanırsınız, mənlik deyil. Mənim mövzum bu, bu da deyil…

İş elə gətirib ki, Azərbaycanın bütün hakimləri vicdani hisslərini unudublar – prokurorları, müstəntiqləri kimi. Qoca bir ölkədə bir ədəd belə olsun, vicdanlı hakim yoxdur. Buna bariz nümunə son 15-20 ildə baş verənlərdir. Biz o nümunəni görməmişik. Bəlkə “hamısı” da demək olar.

Bu baxımdan, sizlərdən heç vicdan və vicdanlı “hökm”də gözləmirdim. Yəni sizi vicdansız, ədalətsiz, qərəzli və qeyri-obyektiv olmaqda da suçlamaq niyyətim yoxdur. Zatən belə olduğuna heç bir zaman şübhəm olmayıb. Artıq Azərbaycanda digər bütün zümrələr kimi, hakimlər zümrəsi də ölkənin gələcəyi və dəyələri üçün qorxulu təhlükəyə çevriliblər. Onların vurduğu yaraları da sağaltmaq çətin olacaq. Hər halda… Bilmirəm, bunun fərqindəsinizmi?

Əziz, Ramella xanım!

Məni incidən, yaralayan, sarsıdan başqa bir şeydir. Deməliyəm. Onu sizə deməliyəm. Onu “müşavirə otağı”ndan gələndə və 2 saat müddətində başınızdan tər yağa-yağa, hər atmacanın altında (bir qadın özünü bu vəziyyətə salarmı, Tanrım?!) “hökm”ü oxuyanda gördüm. Nə qədər zavallı və biçarə idiniz, İlahi! Sizə qulaq asan yox idi. Hər haqlı tələbimizdə üzərinə təbəssüm qondurduğunuz məsum sifətinizdə səyriyən qəribə abu-hava ilə “hökm” oxuyurdunuz. 11 ay boyunca “müşavirə otağı”nda qiymətləndirəcəyik” dediyiniz və bütün zalın maraq içində gözlədiyi “müşavirə otağı”nın sehri anbaan itirdi. O anlarda sizin oxuduğunuz “hökm”ə etiraz edərək, yerində əyləşənləri sakitləşdirmək istəyirdim. Amma olan olmuşdu. Bütün məhkəmə prosesi boyunca məni sakitləşdirənlər, sizin sifətinizdəki səmimiyyətə və təbəssümə inanmaq istəyənlər, indi sizə hörmət etməkdən imtina edir və yerlərində otururdular. Onları Azərbaycan Respublikasına hörmət etməyə dəvət edirdim – sizə yox! Onlar sizin səmimiyyətinizə inanmırdılar artıq. Sifətinizdəki təbəssümə belə xəyanət etmişdiniz! O təbəssüm bizi aldatmağa, başımızın altına yastıq qoymağa istiqamətlənibmiş!

Azərbaycan məni o qədər döyüb ki, daha heç nəyə və heç kimə inanmıram. Ələlxüsus dövlət adına çalışan heç kəs məndə inam təsis edə bilməz. Amma mən sadə xalqın içərisindən çıxmışam, nəslin, el-obanın ilk siyasi və vicdan məhbusuyam. Mənə qədər ailəmizdə, hətta nəslimizdə belə hay-küylü, şər-şəbədəli həbs həyatı yaşayan olmayıb. Niyə deyirəm bütün bunları? Bu 11 ay müddətində Azərbaycanın hər bölgəsindən ən əziz adamlar, məni tək qoymayanlar gəldilər bu məhkəmə prosesinə. Onlar sadə, təmannasız insanlardır və qəribədir ki, prosesdə iştirak edənlərin hamısında siz hakimlərə – məxsusən Ramella xanım, sizə maraqlı bir rəğbət hissi yaranmışdı. İnsanların bəziləri sizə, üzünüzdəki təbəssümə, üzünüzdəki xoş mimikalara kənd-kəsəkdə gördüyümüz abırlı, həyalı, analarımızın gülüşünə oxşayan və əli ilə xəfifcə, “naməhrəm görməsin” deyə, ağzını tutaraq, insanı riqqətə gətirən təbəssümünüzə, gülüşlərinizə inanmışdılar. Onları qınamaq da olmur, insan səmimidirsə, o zaman niyə vicdansız olmalı və biabırçı hökm verməlidir ki?

Mən bu məqamdan – artıq dəyərlərin öldürülməsindən bəhs etmək istəyirəm. Zahiri qanunsuzluqla bəlkə də ötəri ola bilər, daxil ölübsə, artıq səmimi təbəssümlərdən istifadə edərək, insanları aldatmaq qosqoca hakimlərin peşəsinə çevrilibsə, bunu elə bildiyimiz qədim peşədən də elə bir fərqi yoxdur. Məni bu sarsıtdı. Deməli, rejim sizin içinizi, mənəvi keyfiyyətlərinizi, üzünüzdəki gülüşləri, səmimi baxışlarınızı da saxtalaşdırıb. Yox, artıq bunu hakimiyyətin ayağına yazmaq olmaz. Bu artıq sizin özünüzün mənəvi dəyərlərinizin süqutudur! Günah heç kimdə deyil!

Bax belə. Dövlətin səlahiyyətlərindən istifadə edənlərin şəri ilə,  “məkrü–zənən”lə içəri atılmışam. Bu ölkəni idarə edənlərin ən böyüklərindən biri məni əsir götürüb və 17 aydır saxlayır. Mən bunun fərqində olmuşam və kiminlə cəng etdiyimi çox yaxşı bilirəm. Amma işə baxın ki, hər məhkəmə iclasından sonra yaxınlarımın və əzizlərimin “Ramella bilməcəsi” ilə baş-başa qalmışam.

“Sənə iş verəcəklərsə, Ramella xanım niyə gülür, zarafat edir?”, “Gördünüz, Ramella xanım Əvəzə necə qulaq asır və tez-tez onunla razılarşırdı – başının üstünün, gözünün hərəkəti ilə?”, “Nə gözəl gülürdü, əlini ağzına aparıb gülmək bizim tərəflərdəki yaşlı, təmiz qəlbli qadınlara xasdır”. Katibəsi şəxsən mənə dedi ki, “dünya dağılsa da, Ramella xanım Əvəz müəllimə sifarişlə iş oxumayacaq, görərsiniz”. Yazırıq, çəkirik hər şeyi – bütün qanunsuzluqları yaddaşa köçürürük, belə sifariş olar?”. Ramella xanımın nə gözəl gözləri var, belə gözlərdən pis bir şey gözləmək olar?”. “Əvəz, sən Allah, o qadını incitmə” – daha nələr demirdilər mənə. Hətta bir dəfə əlinizi dodaqlarınıza aparıb mənə susmaq işarəsi verəndə, zal bir-birinə dəymişdi. Bunu fərq edib ərkyana “Əvəz bilir, nəyi nəzərdə tuturam” demişdiniz. Bəzən mənim özümə də elə gəlir ki, bütün bunların hamısı səmimiyyətdəndir. Nə olsun sifariş var, axı hakimiyyətdən də insan çıxar” deyə düşündüyüm də olurdu. Təbii ki, bütün bu anlar məndə çox çəkmirdi. Bir neçə saatlıq analiz hər şeyi yoluna qoyur, hər daşı yerində oturdurdu və bütün proseslərdə özümü olduğu kimi müdafiə eləməklə məşğul olurdum. Mən sizə heç, amma heç inanmadım. Nə yazıqlar ki, təbəssümünüz, baxışlarınız, mimikarınız bəzilərini aldada bilmişdi.

 Əziz Ramella xanım!

Bütün bunları sizə yazmaq ağırdır, bilirəm. Amma biz yazmasaq, bu olumsuzluqlara qarşı mübarizə aparmasaq, kim aparacaq? İndiyə kimi Azərbaycanın tərəfdar çıxdığı müqavilələrə, konvensiyalara, aktlara, nəhayət qanunlatra məhəl qoymurdunuz. İndi bu rejimin ət maşınından keçərək artıq təbəssümlərinizə, baxışlarınıza, səmimiyyətinizə – ümumən hisslərinizə, insani duyğularınıza xəyanət edər oldunuz. İnsana əzab verən də budur.

Nə qədər üzüntülü olsa, deməliyəm ki,  bu rejimin mənim həyatıma “qara mantiya”da göndərdiyi 3-cü qadın siz oldunuz.

 Bir modelyer göndərmişdilər – ondan qurtula bildim. Ancaq hakim partiyanın “məkrü-zənən”indən – deputatından və hakimindən qurtula bilmədim. Biri zorla şərlədi, zorla tutdurdu, o biri isə bu şəri və əxlaqsızlığı “qanuniləşdirdi”, “hökm”ləşdirdi. Belə də demək olar: bu rejimin hünəri çatmadı ki, qarşıma bir kişi çıxarsın.

İlahi ədalətə inanıb-inanmadığınızı bilmirəm, inanclı olub olmadığınız haqqında da məlumatlı deyiləm. Zatən bu miqyasda qanunsuzluqların  içində inanclı olsanız nəyə yarar ki? Mən bu proses müddətincə – 11 ay boyunca ədaləti gördüm, ilahi ədalətin mövcudluğuna şahid oldum. Məni şərləyənlərin tifaqı gözlərinizin qarşısında dağıldı, pərişan oldular. Siz dünyəvi qorxunuzdan, məmurlara ALLAH kimi tapındığınızdan buna məhəl qoymadınız, amma şəxsi həyatınızda övladlarınızın, yaxınlarınızın həyatında baş verən bəzi dəhşətli hadisələrdən xəbərdaram. İnanın, etdiyiniz bu qanunsuzluqların rolu var övladlarınızın başına gələn və gələcək fəlakətlərdə. Ünvanınıza yağdırılan lənətlər həm də ilahi ədaləti istiqamətləndirir məncə.

Təbəssümünüzə, səmimiyyətinizə, hisslərinizə etdiyiniz xəyanətdir bütün fəlakətlərinizə bais – həm də…

 O ayrı məsələdir ki, balalarınızın başına gələn və gələcək faciələr sizə təsir edirmi – onu bilmirəm. Bu hakimiyyət sizdən onu da alıbsa,  övladlarınızın taleyinə də biganələşibsinizsə, o zaman deyəcək heç nə qalmır.

O zaman yenə bu günə şükür!

 Keçmişdə qalan bayramınız mübarək!

Tanrı sizi daha böyük faciələrdən qorusun!

 Tanrı müqəddəs hakimlik peşəsinə etdiyiniz xəyanətlərə və insanların ümid yerinə çevrilən qanunları tapdaladığınıza görə, əgər məsləhət bilirsə, günahınızdan keçsin!

 “Xural” qəzetinin baş redaktoru: Əvəz Tapdıq oğlu Zeynallı

 İ.S. Qanunları o qədər tapdaladınız ki, prosesin sonlarında ilahi ədalətə sığınmaqdan başqa yol tapmadım. Hədə-qorxu ilə rüşvət tələb edənin də, yalandan və sifarişlə üzümə duranların da, yalan və sifarişlə mənə ittiham elan edənin və oxuyanın da, insanları məni şərləməyə məcbur edən sifarişçilərin də gəlmiş-keçmişlərinə, ölülərinə-dirilərinə, külli əcdadlarına ALLAH lənət eləsin!

 Müşavirə otağına gedəndən sonra sizə söz demək imkanım olmadı… Ramella xanım. Bu lənət sizə də aiddir. Təbii ki, əgər mənə sifarişlə hökm oxuyubsunuzsa…

İ.İ.S. Bu məktubda sizə ünvanlanan bütün sözlər, həm də Tamella Nəsrullayevaya və Novruz Kərimova da aiddir.

Bu cinayəti sizlər birlikdə törədibsiniz – MÜTƏŞƏKKIL CİNAYƏTKAR DƏSTƏLƏR KIMI…   

  

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button