Təcridxanada məhbuslar üçün fantastik “preyskurant”

Təcridxanada məhbuslar üçün fantastik “preyskurant”

Əvəz Zeynallı gizli detalları açıqlayır; “Nəfəsliyini açıq qoymaq – ayda 150-200 manat, kameranın qapısını açıq saxlamaq 800-1000 manat, kameraya ”plitka“ qoymaq 700-800 manat, mobil telefon saxlamaq 3000-5000 manat”…

MTN generallarının, zabitlərinin, bankirlərin səs-küylü həbsləri, türməyə düşmələri yeni bir mövzunu da aktual etdi. Orada varlı məhbuslar üçün hansı şərtlər, “yazılmamış qanunlar” hökm sürür? Pulun varsa, türmə sənin üçün “ev” ola bilərmi? 
Kürdəxanıda istintaq təcridxanası tikilən zaman tanınmış müxalifətçilərin klassik bir “qarğışı” vardı: “Özlərinə qismət olsun”. Hətta ölkənin son 10 illik tarixində hər inqilab ehtimalında bu söhbət aktuallaşır. Müxalifətçilərin dilindən bu kəlmələri eşidirik: “İnşallah, hakimiyyətə gələcəyik və o türmələri indiki məmurlarla dolduracağıq”.
Doğrudur, müxalifət ondan gözləniləni edib hakimiyyətə gəlmədi, türmələri də hazırkı iqtidar nümayəndələri ilə doldurmadı. Amma proseslər sürətlə, fərqli istiqamətdə cərəyan etdi və iqtidar öz kadrlarını bir-bir türməyə göndərdi. Təbii ki, ilkin olaraq Kürdəxanıda yerləşən 1 saylı İstintaq Təcridxanasına.
Bu günə qədər yolu ordan keçən müxalifətçilər də az deyil. Onlarla, eləcə də vəkillərlə danışıb maraqlandıq. Kürdəxanı həyatını digər türmələrdəki həyatdan nə ilə fərqləndirmək olar? Şərait, üstünlüklər, bəzi özəlliklər. Bəzən kluarlarda dolaşan söhbətlərdə həbsxana işçilərinin, nəzarətçilərinin vaxtilə dövlət qulluğunda çalışmış məmurların, varlı iş adamlarının həbsindən xeyli məmnun olduğu üzə çıxır. Çünki onların türmələrə düşməsi işçilər üçün “yağlı qapı” anlamını daşıyır. Hər qulluq üçün neçə min manat pul, hər jestin çox ağır qarşılığı… Bütün bunlar məhbəs həyatının “olmazsa olmaz”ı sayılır.
Keçmiş məhbuslar birmənalı şəkildə qeyd edirlər ki, əslində istintaq təcridxanası məhkəməyə qədərki dönəm üçün olduqca əhəmiyyətli yer sayılır. Məhbusun ilk həbs stressini dəf etməsi üçün istintaq təcridxanası, ordakı şərait, psixoloji mühit önəm daşıyır. Türməni qəbirlə müqayisə edənlər bu səbəbdən də şəraitlə bağlı bəzi nəfəsliklərə xüsusi önəm verirlər.
“Xural” qəzetinin baş redaktoru, keçmiş siyasi məhbus Əvəz Zeynallı bizimlə söhbətində bildirdi ki, son dönəmlərdə tutulan məmurların hamısı olduqca zəngin adamlardır. Onun sözlərinə görə, bu imkanın miqyası o qədər böyükdür ki, zamanında tonlarla dolları, manatı daşıyıblar:
“Bizim həbsxanalarda da yaxşı yaşamaq üçün pul kifayətdir. Kilolarla da pulu olan adamlar hər şeyi edə bilər. Penitensiar sistemdə hər şeyi pulla etmək, hətta bayırdakından daha yaxşı yaşamaq mümkündür. Təbii ki, müəyyən istisnalar var. Birinci şəxsin nəzarətində olan adamlar istədiklərini etməyə bilərlər. Təkcə Akif Çovdarov nümunəsinə baxmaq kifayətdir. Onun geyim tərzi, qandalın arxadan deyil, qabaqdan vurulması onun ”yaxşı yaşadığını” göstərir. Kimə qandal qabaqdan vurulur, kimə arxadan – bunun özü belə ciddi detaldır. İmran Tağızadəni yəqin xatırlayırsız, o vaxt Mədət Quliyevin müavini idi. O zaman bir çıxış etmişdi ki, kimin pulu varsa, şəraiti də yaradır. Amma daha sonra o çıxışı təkzib etdilər. Sistemi özləri qurduqlarına görə bilirlər. Bugünkü sistemdə kim pulunu verirsə, mahnısını sifariş verir”.
Müsahibimiz daha sonra pul hesabına Penitensiar Xidmətdə nələr edilə biləcəyinin mümkünlüyündən danışdı. Dedi ki, ümumiyyətlə, pullu və imkanlı adamlar üçün indiki Penitensiar Xidmətdə hər şey etmək mümkündür. Ən xırda şeylərdən ən çətinə – qanunun imkan tanımadığı şeylərə qədər: “Buna Ədliyyə işçilərinin imkansızlıqları, maaşlarının az olması da təkan verir. Ayda 450-600 manat alan bir ”nadzor” hər zaman milyonlarla pulu olan dustaqdan asılı olur. Ona görə də onun dediklərini edir. Sadəcə, hər şeyin qiyməti var. Onlardan bəzilərini sadalamaq olar – hava vermək, kameranın “kormuşka” adlanan nəfəsliyini açıq qoymaq – ayda 150-200 manat, kameranın qapısını açıq saxlamaq 800-1000 manat, kameraya “plitka” qoymaq 700-800 manat, mobil telefon saxlamaq 3000-5000 manat, tez-tez növbədənkənar görüş imkanı əldə etmək 300-500 manat və s. Təcridxanaya içki keçirməkdən tutmuş, Lamiyənin etdiyini etməyə qədər hər şey mümkündür”.
Ə.Zeynallı dedi ki, bunların olunmasına da qadağa qoyula bilər. Onun sözlərinə görə, əgər məhkum ya təcridxana rəhbərliyi, ya da ölkə rəhbərliyinin birbaşa qəzəbinə tuş gələn biridirsə, o zaman pullu xidmət dövrədən çıxır və təqsirləndirilən şəxsin ümidi qalır Allaha. O zaman artıq pul rol oynamır: “Bir xatirəm yadıma düşdü. 2011-ci ilin noyabr ayının 17-də Nemət Pənahlını təbrik etmişdim və ona balaca bir məktub yazmışdım. Onu Nemətə çatdıra bilmədim. Bunun üçün fantastik məbləğ – 20 manat pul da verməyə hazır idim, amma edə bilmədim, çünki rəisin – Elxan Sadıqovun Nemətə münasibəti çox kəskin idi və sonralar öyrəndim ki, bunun sifarişi daha yuxarıdan gəlirmiş”.
Müsahibimiz eyni zamanda türmədəki digər xərclər barədə də danışdı. Onun sözlərinə görə, məhkumun hansı mərtəbədə olması, kimlərlə bir otaqda qalmasının da xüsusi xərci var:
“Bakı İstintaq Təcridxanasında ”rəisin korpusu” deyilən korpus var ki, orada qalmağın qiyməti ayrıdır. Baxır dustağına. 500 manatdan 2500-3000 manata qədər dəyişir. Dustağı cəzalandırmaq üçün bəzən onu 1-ci mərtəbədən 2-ci, ya da 3-cü mərtəbəyə atırlar. Hamısı pulun başındadır.  Bütün bunları tanınmış siyasi məhbuslar bilmədən edirlər. Çalışırlar ki, siyasilər xəbər tutmasın, amma orada xəbər axışı bayırdan yaxşı işləyir. Xəbəri saxlamaq və gizlətmək mümkün deyil. Görüşün ayrı qiyməti, qanuni telefonla danışmağın ayrı qiyməti, hər gün telefonla danışmağın ayrı qiyməti, evə məktub göndərməyin ayrı qiyməti, hətta narkotik maddə istəyirsənsə onun ayrı qiyməti var”.
Baş redaktor dedi ki, danışdıqları təcridxana üçün səciyyəvidir. “Zon”larda durum daha fərqlidir:
“Zon” təcridxanaya nisbətən bataqlıqdır və orada daha dəhşətli şeylər baş verir”.
S.Telmanqızı
musavat.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button