Təğyiri-libas ol gəl, Ilham Əliyev!

Qaranlıq məqam

 Bakir Həsənbəyli

 Bazar ertəsi, saat 12.00-da Prezident Aparatının qarşısında səni gözləyəcəm, cənab İlham Əliyev, gəl və həqiqəti öyrən…

 Adil padşahlar öz ağıllı vəzirləri ilə birlikdə libaslarını dəyişib xalqla birbaşa, vasitəçisiz təmasda olub, məmləkətdə baş verənlər haqda ən səhih məlumatlar alırmışlar. Düzdür, bu hadisələr əsasən nağıllarda öz əksini tapır, ancaq unutmayaq ki, nağıl da bir və ya bir neçə fərdin düşüncəsinin məhsuludur. İnsan yalnız gördüyünü və ya mümkün olanı düşünə bilir. Deməli, padşahın təğyiri-libas olub xalqın içərisində olması mümkündür və nomaldır. Azərbaycanda padşah xalqın içərisinə çıxmır. Xalq adına qarşısına çıxarılanlar isə məktəb direktorları, bələdiyyə sədrləri, çaylaq daşı timsallı müəllimlər və ya müəllimələr, bir də kimə və ya necə gəldi, təki adam olsun yaltaqlanmağı sevən “ağsaqqallar”dı. Məktəb direktorları rüşvətxor, müəllimlər rüşvətxorun “vergiyığanları”, bələdiyyə sədrləri yerli icra hakimiyyətlərinin səlahiyyətsiz, amma fəsadlı qolu, kimə və necə gəldi yaltaqlanan “ağsaqqallar” da ştatsız xacələr. Bunlara xalq deyilmir. Bunlar şeytanın ta kəndisi… Adam utanar ölkə başçısına şikayət etməmək üçün evindəcə, ailəlikcə həbs edilən həmkəndlilərindən. Amma bunlar utanmırlar. Qohumunun, qonşusunun ələmini, yerli məmurların etdiyi sitəmi, haqsızlığı demirlər. Amma şahın üzünə irişirlər. Onun xoşuna gəlmək üçün ən gözəl sözləri bir neçə gün öncədən əzbərləyirlər. İcra hakimiyyətindən 10 manatlarını alıb ciblərinə dürtür, sonra da özləri dürtülmək üçün məqam və zamanın intizarında olurlar. Bunlar hətta bu dünyasını da cəhənnəm edən iblislərdir. Əslində şah bu xacələrin xırıldaya-xırıldaya dediklərinə yalnız efir xatirinə gülümsəmir, həqiqətdə gülümsəyir – “ulan hırpo, mən nə yapdığımı bilməzmiyim?” misali . Bəs onda rəhmətlik Adil İsgəndərov demişkən, bu xacə sürüsünün “peşəkara həvəskar nömrəsi gəlmə”yinə nə hacət?

Mən hesab edirəm ki, bu məmləkətdə İlham Əliyevə məmləkətin halı barədə doğru-düzgün məlumat verə biləcək çoxlu insanlar var. Özümü də onlardan biri hesab edirəm.

Cənab İlham Əliyev, ölkədə hər şey heç də Ramiz Mehdiyevin dediyi kimi deyil. Bu məmləkətdə heç də hər kəs sizi dəstəkləmir. Kasıbçılığın faizi sizə deyilən miqdarda deyil. Korrupsiyaya qarşı mübarizə sadəcə bir şou idi. İndi rüşət alan məmur əvvəlkindən daha çox, həm də “korrupsiya ilə mübarizədir” deyibən rüşvət alır. Sosial müdafiə ilə bağlı hələ də insanlar ciddi problemlə üz-üzədirlər. İşsizliyi aradan qaldırmaq üçün atılan addımlar fiaskoya uğradı. “Açılan iş yerlərinin” sayı ilə ölkədəki işsizlərin sayı tərs mütənasibdir. Yəni PA-dan verilən rəqəmlərə əsaslansaq, hər işsizə iki iş yeri düşməli idi. İdeoloqların öz ağıllarına görə, guya təbliğat məqsədilə telekanallarda Ermənistandan adamların iqtisadi böhrana görə qaçdığını söylətdirirlər. Xəbərin yoxdurmu, məmləkət boşalır? Hər gün Rusiyadan neçə-neçə soydaşımızın meyiti gəlir, amma insanlar buna baxmayaraq, yaratdığın rejimdən qurtulmaq üçün qaçırlar. Acından ölməmək üçün hara və necə gəldi gedirlər. Çünki nə Ramiz Mehdiyevin ideologiyası, nə Ziya Məmmədovun çəkdiyi asfalt, nə Hacıbala Abutalıbovun tikdiyi fontanların mərməri, nə Kəmaləddin Heydərovun ucaltdığı hündürmərtəbəli binaların daşı-torpağı, nə Ramil Usubovun saysız-hesabsız şadlıq evləri, nə Hüseynqulu Bağırovun əkdiyi ağaclar, nə də ki, sənin lüzumsuz şüarların yeməli deyil. İnsanlar hər məmurun yalan danışdığını gözəl bilirlər. Hətta “qatil”, “cəllad” adlandırılan Mircəfər Bağırov da xəbərsizcə xalqın içərisində olurmuş. Sovetlər dönəmində DTK-ya sədr təyin ediləndən sonra mərhum Heydər Əliyevin də eyni addımı dəfələrlə atdığı söylənilir.

Sən də xalqın içərisinə çıx. Bəylər Əyyubovsuz gəl. Təğyiri-libas ol gəl. İnanmıram ki, özünün gördüklərin sənə təsirsiz qala. Yox, əgər tək uzağa getməkdən çox narahatsansa, o zaman bazar ertəsi, saat 12.00-da Prezident Aparatının qarşısında səni gözləyəcəm. Gəl və həqiqəti öyrən.

Əynimdə xalqımın qara günlərinə bənzəyən qara kostyum, əlimdə “Xural” olacaq.

“Xural” qəzeti,

il 9, sayı: 049 (457), 02 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button