Təhsil nazirinin 3 müavini işdən çıxarıldı

14.09.2011 18:35

Bir müddət əvvəl təhsil naziri Misir Mərdanovun vəzifəsindən çıxarılması ilə bağlı dolaşan xəbərlər müavinlərinin istefası ilə qismən təsdiqlənib. Təhsil nazirinin üç müavini «öz xahişləri» ilə tutduqları vəzifələrindən istefa veriblər. Nazirliyin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə Lent.az verdiyi məlumata görə, müavinlər İsgəndər İsgəndərov, Elmar Qasımov və İradə Hüseynova vəzifələrindən uzaqlaşdırılıblar. Təhsil nazirliyinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi  Qulu Novruzov müavinlərdən birini əvəz edəcək. Digər iki nazir müavini yeri isə hələlik tutulmamış qalır.

Məlumat:

İsgəndər Barat oğlu İSGƏNDƏROV

1946-cı ilin oktyabrın 4-də anadan olub. 1964-cü ildə orta məktəbi bitirib. 1968-ci ildə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika-riyaziyyat fakültəsinin riyaziyyat şöbəsini bitirib. 1968-1982-ci illərdə Sumqayıt şəhərində müəllim, direktor müavini, şəhər təhsil şöbəsində inspektor vəzifələrində işləyib. 1982-1988-ci illərdə Maarif Nazirliyində inspektor vəzifəsində çalışıb. 1989-1999-cu illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyində Ümumtəhsil şöbəsinin müdiri olub. 1999-cu ildən Azərbaycan Respublikası Təhsil Nazirinin müavinidir. Təhsilin idarə olunması və orta məktəblərdə riyaziyyatın tədrisi problemlərinə həsr olunmuş metodik vəsait və məqalələrin müəllifidir. Azərbaycan Respublikasının və keçmiş SSRİ-nin Qabaqcıl maarif əlaçısı, Respublikanın «Əməkdar müəllimi»dir. Yeni Azərbaycan Partiyasının üzvü, YAP Nərimanov rayon təşkilatının idarə heyətinin üzvüdür. Təhsil Sektorunun İnkişafı üzrə II Layihənin Milli əlaqələndiricisidir. Ailəlidir, 4 övladı var.

Elmar Eldar oğlu QASIMOV

1973-cü il sentyabrın 8-də anadan olub. 1990-cu ildə orta məktəbi gümüş medalla bitirib. 1995-ci ildə Bakı Dövlət Universitetinin coğrafiya fakültəsini, 2002-ci ildə həmin Universitetin hüquq fakültəsini bitirib. 1996-2000-cu illərdə BDU-nun aspirantı olub. 2006-cı ildə namizədlik dissertasiyası müdafiə edib. 1996-cı ildən BDU-nun coğrafiya fakültəsində müəllim, 2007-ci ildən dosent vəzifəsində işləyir. 1995-1999-cu ildə Bakı Dövlət Universiteti Tələbə Həmkarlar Komitəsinin sədri olub. 1999-cu ildən Azərbaycan Respublikası Təhsil Nazirinin müavinidir. 2008-ci ildə Azərbaycan Repsublikasının Prezidenti tərəfindən “Tərəqqi” medalına layiq görülüb. Bir sıra elmi məqalələrin müəllifidir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. Ailəlidir, 2 övladı var.

İradə Mehtiqulu qızı HÜSEYNOVA

1963-cü il aprelin 19-da anadan olub. 1980-ci ildə orta məktəbi bitirib. 1985-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1995-ci ildə namizədlik, 2004-cü ildə doktorluq dissertasiyasını müdafiə edib. 1981-1989-cu illərdə ADU-nun tələbə həmkarlar təşkilatının sədr müavini vəzifəsində işləyib. 1985-ci ildən ADU-nun SSRİ tarixi sovet dövrü kafedrasında (indiki Bakı Dövlət Universitetinin Türk və Qafqaz xalqları tarixi kafedrası) baş laborant, müəllim, baş müəllim, dosent, professor vəzifələrində çalışıb. Hazırda həmin kafedranın professorudur. 2002-ci ildən Azərbaycan Respublikası təhsil nazirinin müavinidir. Elm və təhsil sahəsindəki nailiyyətlərinə görə 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Əməkdar müəllim” fəxri adına layiq görülüb. 130-dan artıq elmi əsərin, 10 kitabın, 5 monoqrafiyanın, 4 dərsliyin və tarixi ensiklopedik lüğətin müəllifidir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Bakı Dövlət Universiteti YAP Qadınlar Şurasının sədridir. Ailəlidir, 2 qızı var.

 XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button