Təhsil Nazirliyi Elm və Təhsil Nazirliyi olsun!

Abel Məhərrəmov: “Təhsil Nazirliyinin adı dəyişdirilməlidir”

Bir aya yaxındır ki, riyaziyyat üzrə fəlsəfə doktoru Əlövsət Osmanlı mətbuat səhifələrində Təhsil Nazirliyinin adının (eləcə də strukturunun) dəyişdirilməsi və “Elm və Təhsil Nazirliyi” qoyulması təşəbbüsü ilə çıxış edir. Bunun üçün Əlövsət müəllim kifayət qədər arqumentlər də gətirir. Sonradan onun bu təşəbbüsünə AMEA-nın müxbir üzvü Rafiq Əliyev, professorlar Hamlet İsaxanlı, Əjdər Ağayev, Firudin Ağasıoğlu, Şahlar Əsgərov və başqaları da qoşuldular.

Dünən isə Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov Təhsil Nazirliyinin adının Elm və Təhsil Nazirliyinə dəyişdirilməsinə tərəfdar olduğunu bildirib. Modern.az saytının məlumatına görə, bununla bağlı jurnalistlərin sualını cavablandıran rektor deyib ki, dünya təcrübəsində elm və təhsil bir qurumdan idarə olunur və müasir ölkələrin çoxu bu dəyişikliyə gedib: “Təhsil sistemində 1200-dən çox elmlər doktoru və professor var. 1200 nəfər böyük potensialdır, bunu kənara qoymaq olmaz. Bəli, Elmlər Akademiyası elm sahəsində böyük işlər aparır, lakin elm sahəsinin inkişafı üçün ölkədə Elm və Təhsil Nazirliyi olmalıdır. Bununla da, ali təhsil müəssisələrindəki müəllimlər ilk növbədə fikirləşməlidirlər ki, onlar yalnız təhsillə yox, həm də elmlə məşğuldurlar”.
Təhsil nazirinin müavini Qulu Novruzov isə bir neçə gün öncə mətbuata açıqlamasında Təhsil Nazirliyinin adının dəyişdirilməsinə ehtiyac olmadığını bildirmişdi. Onun sözlərinə görə, Azərbaycanda bəzi ölkələrdən fərqli olaraq, Milli Elmlər Akademiyası fəaliyyət göstərir: “Akademiya ləğv olunarsa, universitetlərə birləşdirilərsə, belə bir adın qoyulması mümkün ola bilər”.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 059 (468), 13 oktyabr 2011

Əlaqəli məqalələr

1 şərh

  1. Hər kəsə salamlar…
    Mən bir gənc elm adamı kimi, hörmətli Qulu müəllimin də dediyinə haqq vermək istərdim. Elm sahəsi və bu sahədə olan islahatlarla onsuz da Elmlər Akademiyası məşğul olur. Təhsil Nazirliyinin adının “Elm və Təhsil Nazirliyi”ndən daha çox “Təhsil və Təkmilləşdirmə Nazirliyi”nə dəyişdirilməsi fikrini irəli sürərdim…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button