Təhsil Nazirliyində “QKÇP” oldu!

Etibar Əliyev

Təhsil eksperti

Nazir müavinlərinin işdən uzaqlaşdırılmasının pərdəarxası…

 Təhsil nazirinin üç müavininin istefaya göndərilməsindən bir aya yaxın vaxt ötməsinə baxmayaraq, məsələ hələ də gündəmdən düşmür. Həqiqətən analoqu olmayan bir hadisə baş verdi. Nazirlik bir yana, 3 siyasi fiqur birdən-birə istefaya göndərildi. Bəli, Təhsil Nazirliyi siyasi təşkilat, müavinlər isə siyasi fiqurlar idi. Əslində, Təhsil Nazirliyinin üzərindəki qara buludlar ölkə başçısının şəxsən özünün gördüyü məktəbin uçmasından sonra yaranmışdı. Nəsə baş verməli idi. Orta məktəb şagirdləri də bilir ki, məktəb tikintisi və təmiri birbaşa nazirin özünün rəhbərliyi ilə həyata keçirilir. Müavinlərin kurasiyasisanda olan sahələrdə hansısa fövqəladə hadisə baş verməmişdi. Nazir müavinləri öz kurasiyalarında baş verən qanunsuzluqlara isə səslərini belə çıxara bilməzdilər. Mərdanovun sakit və mülayim görünüşünə baxmayın. O, bir qədər hövsələli, amma həm də amansız qisasçıdır. “Yeni Müsavat” qəzetinin 10.10.2011-cu il tarixli sayında dərc edilmiş “Misir Mərdanov özünə qarşı qiyamı necə yatırdı?” başlıqlı məqalədə 3 müavinin birləşərərək naziri bitirmək planının fiaskoya uğramasından danışılır. Belə bir kombinasiya mümkündürmü? Zənnimcə yox?

Mərdanov elə bir idarəetmə sistemi yaradıb ki, nazir müavinlərinin özləri bir–biri ilə həmişə münaqişə vəziyyətində olublar. Məsələn, vaxtilə İsgəndər İsgəndərovun kurasiyasında olan şəhər məktəbləri az sonra alınaraq İradə Hüseynovanın kurasiyasına verilib. Sonra isə Mərdanov bu gəlirli sahəni Bakı Şəhəri üzrə Təhsil İdarəsi yaradaraq öz kurasiyasına keçirdi. İradə Hüseynovanın kurasiyasında olan ən gəlirli sahə Monitorinq və Qiymətləndirmə şöbəsi olub. Azərbaycan vətəndaşları bu xanımın qiymətləndirmə sahəsində bir cümləsinə belə rast gəlməyib. Bu sahədə aparıcı şəxs şöbənin müdiri Təranə Hacıyevadır. Ola bilsin ki, Mərdanov bu sahədəki dəhsətli vəziyyəti İradə Hüseynovanın adı ilə bağlaya bilib.

İsgəndər İsgəndərovun kurasiyasında olan ən gəlirli sahə Dərslik və Nəşriyyat şöbəsi olub. Bu istiqamətdə o, heç bir səlahiyyət sahibi olmayıb. Bu sahədə nazirin özü at oynadıb, indi də oynatmaqdadır. Ola bilsin ki, Mərdanov bu sahədəki dəhşətli vəziyyəti isə İsgəndər İsgəndərovun adı ilə bağlayıb. Mən bunları ANS televiziyası vasitəsilə demişdim. Amma təəssüflər olsun ki, televiziya bunları kontekstdən çıxararaq təqdim etdi.

Hər iki nazir müavini səlahiyyətlərinin alınmalarına baxmayaraq, onlar ada görə hər şeylə razılaşır və Mərdanova hər yerdə sədaqət nümayış etdirirdilər. Əslində, Mərdanov bu insanların işini bilərəkdən iflic etmişdi. Ortada bircə səbəb səbəb var: vəsaitlər bir ələ cəmləşsin. Nazirliyin tarixində belə bir hal olmayıb ki, şöbə rəisi nazir müavinindən səlahiyyətli və nüfuzlu olsun. Nəzərə alsaq ki, nazir müavinlərini də Prezident təyin edir, onda Mərdanovun yaratdığı anarxiyaya nədən qiymət verilmirdi? İdarəçiliyə baxın: nazirin əmri Prezidentin sərəncamından daha tutarlıdır.

Qalır gənc və perspektivli nazir müavini Elmar Qasımov. Elmar Qasımov nazir müavini təyin olunanda cəmi 26 yaşı var idi. O zaman Təhsil Nazirliyinin əməkdaşları onu yaxşı tanımadıqları üçün hansısa qabiliyyət və savadına görə təyin olunmasını fərz edirdilər. Amma Qasımov əsas “qabiliyyəti”ni tezliklə biruzə verdi. Kobud və qaba rəftarlı bu şəxs təhsilin əlifbasını belə bilmirdi. Mərdanov bu təyinatla birgə Bayram Hüseynzadəni İctimaiyyətlə Əlaqə Şöbəsinə müdir, Qulu Novruzovu işə Xarici Əlaqələr Şöbəsinə baş mütəxəssis vəzifəsinə gətirdi. Yeri gəlmişkən, Elmar Qasımov Qulu Novruzova görə, Xarici Əlaqələr İdarəsinin işini iki ilə yaxın bir vaxtda iflic vəziyyətinə saldı. Belə ki, o zaman Xarici Əlaqələr, İnformasiya və Koordinasiya İdarəsinin rəisi vəzifəsini tutan Mahir Əliyevi Qulu Novruzovla əvəz etmək planı baş tutmurdu. Mahir Əliyev güclü fiqur olduğu üçün onu vəzifəsindən azad edə bilmirdilər. Hal-hazırda Suriyada səfir işləyən Mahir Əliyevin üstünə 2 ildən çox bir vaxtda icra üçün bir dənə də olsun sənəd yazılmadı. Maraqlıdır ki,  Mərdanov bu özbaşınalığı məmnunluqla seyr edirdi. Sonda isə Qulu Novruzova ayrıca bir şöbə yarada bildilər.

Bundan sonra Misir müəllim özünü xoşbəxt hiss etməyə bilməzdi. Artıq o, “gənc naxçıvanlılardan ibarət” kiçik komanda yaratmışdı. Bu, Mərdanovun Kamaran Bağırovun vaxtından topladığı təcrübənin instinktiv nümayişi idi. Yeri gəlmişkən, Mərdanov o qədər zirək adamdır ki, hətta Mütəllibovun vaxtında Təhsil nazirinin müavini vəzifəsini tuta bilmişdi. Özü də tələbə qəbulunun şıdırğı vaxtında Ali və Orta ixtisas təhsili sahəsinin kuratorluğunu ona həvalə etmişdilər.

Nazir müavinləri istefaya göndərilməmişə qədər Mərdanov yalnız Elmar Qasımovun səlahiyyətlərinə toxuna bilməmişdi. Əslində, o, bunu etməkdən çəkinirdi. Elmar Qasımov öz sahəsində istədiyini edirdi. Həm də özünü Mərdanovun ən yaxın adamı və müdafiəçisi kimi aparırdı. Əslində, belə də olmalı idi. Qasımovun sevimli naziri onun sürətlə varlanmasına səmimi qəlbdən yaşıl işıq yandırmışdı. Elmar Qasımov ona yaradılan belə bir münbit şəraitdə böyümək istəyirdi. 26 yaşında nazir müavini təyin olunan şəxs bu vəzifədə yaşlaşırdı. Digər tərəfdən, şefinin idarəçilik metodlarına dərindən bələd olan gənc və perspektivli nazir müavininin könlündən necə nazir olmaq istəyi keçə bilməzdi? O, artıq özündən asılı olmayaraq özünü nazir kimi aparmağa başlamışdı. Bu melonxolik istək özünü nə vaxtsa biruzə verməli idi. Verdi də.

Prezidentin gözünün qarşısında məktəb uçmuşdu. Məqam yetişmişdi.

Qısa bir vaxtda əvəzləmə baş tutmadıqda Mərdanov dərhal işə keçdi. O, təhsildəki mövcud durumu nəyəsə bağlamalı idi. Bunu isə təkcə Elmar Qasımovun adı ilə bağlamaq mümkün deyildi. Digər müavinlər də ona qoşulmalı idi. Və bu baş verdi. Prosesin isə daha maraqlı məqamları var. Əgər “Yeni Müsavat” qəzetinin yazdığı kimi çevriliş baş tutmadıqdan sonra nazir hərəkətə keçmişdisə, onda Bayram Hüseynzadə niyə vəzifəsində qaldı? Yaxud Elmar Qasımovun sağ əli sayılan Qulu Novruzov necə nazir müavini təyin olundu? Onda belə çıxır ki, iş gününün 8-10 saatının təxminən 5-6 saatını bir yerdə keçirən üç nəfərdən ikisi nazirin adamı olub?   Şahmatda “Siciliya müdafiəsi” olduğu kimi buna təhsildə “Mərdanovun müdafiəsi” adını vermək olar.

Mərdanovu nazir vəzifəsini qoruyub saxlaması münasibətilə qohum-əqrəbası və maliyyə şərikləri artıq bir neçə dəfə təbrik ediblər. Bu da sıradan biridir. Zaman isə təhsilimizin xeyrinə işləmir. Bundan sonra Misir müəllimə Abel Məhərrəmov, Səməd Seyidov kimi şəxsləri müavin təyin etsələr belə, onun rəhbərliyi ilə heç bir pozitiv dəyişiklik baş verməyəcək. Çünki təhsilimizin indiki acınacaqlı durumunun müəllifi onun özüdür. 13 ilə görülən işlər bunlardırsa, bu illərdən sonra hansısa sıçrayışın baş verməsi mümkün deyil. Artıq əhali belə bir təhsil sisteminə öz nifrətini gizlətmir. Ən azından, 20 min şagirdin attestat ala bilməməsi və 17 minə yaxın abituriyentin 100 baldan aşağı nəticə göstərməsinə görə, Mərdanov istefaya göndərilməli idi. Mərdanovun xoşbəxtliyi ondadır ki, dövlətə onun quraşdırdığı təhsildən artıq təhsil, ondan isə qabiliyyətli nazir lazım deyil. “Təhsil təkamül yolu ilə inkişaf etməlidir”. Bu ifadə cənab Mərdanova məxsusdur. Amma təkamülün 13-cü ilində QKÇP baş verdi. QKÇP-dən sonra deyəsən, Mərdanov da ömürlük nazir oldu.

Ona gələcək işlərində can sağlığı və uğurlar arzulayaq.

“Xural” qəzeti,

il 9, sayı: 058 (467), 12 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button