Təhsil sistemindən qovulan sabiq direktorla bağlı ilginc məktub

“Adətən mübariz və haqqın tərəfində olan insanları çoxumuz bəyənirik. Amma səmimi və vicdanlı insanlarda olur bu xarakter. Mənafeyi təmin olunanda, işi düzələndə asılı olduğu hamıya “baş əyən”, bir balaca barmağına tikan batanda “buynuz çıxaran” tiplər isə hamıda ikrah yaradır. O da ola “təhsil işçisi”… Təhsil işçisi sözünü niyə dırnaqarası yazdım?! Təbii, həm həqiqi olmadığını göstərmək üçün, həm də belə tiplərin həqiqi təhsil işçilərinin atılan dırnağına dəymədiyini rəmzi anlatmaq üçün…”

Bu fikirlər Xaqani Cəfərov adlı şəxsin xural.com-un elektron ünvanımıza göndərdiyi məktubda yer alıb.

O, qeyd edir ki, bir müddət öncə Bakı şəhərindəki məktəblərdən birinin direktoru olan Elşən Qafarovun adı müəllim adına yaraşmayan əməllərdə hallanıb və bundan sonra təhsil sistemindən kənarlaşdırılıb:

“Açığı, bu da cəmiyyətdə böyük razılıqla qarşılandı. Həmin vaxt mətbuatda yazılar getdi ki, təhsil müəssisəsində təlim-tərbiyəyə məsul əsas şəxs olsa da, öz xanım müavininə əxlaqsız təkliflər etmiş, hətta bir sıra media qurumlarında yazıldığına görə, onu zorlamışdır. Bununla da təhsil sistemini və təhsil işçilərini böyük qınaq qarşısında qoydu, cəmiyyətdə müəllim nüfuzuna daha bir zərbə vurdu. Normal halda hər kim olsa, necə deyərlər, “ayıbına kor olar”, sakitcə aralıqdan itərdi. Amma bu neylədi?! Birincisi, başladı müavinini və ona aidiyyatı olan-olmayan bir çox insanları müxtəlif “ittihamlar”la şantaj etməyə. Görəndə ki alınmır, keçdi bu məsələni araşdıran səlahiyyət sahiblərini hədələyici mesajlarla təhdid eləməyə. Fəndi alınmadıqca, “hədəf”lərini böyütməyə başladı”.

Məktub müəllifi qeyd edir ki, E.Qafarov işdən xüsusi maddəylə atılıb və müəllim fəaliyyəti üçün yararsız hesab edilib: “Bir müddət “Bəlkə də qaytardılar” xülyasıyla gözlədi. Görəndə ki, bu da alınan sevda deyil, başladı özünü cəmiyyətə “təhsil bilicisi” kimi sırımağa. Pedaqoji yanaşmadan, məktəbdən, müəllimin üzərinə düşən vəzifələrdən (!?) “moizə”lər oxumağı özünə “yeni peşə” seçdi… Yalan, riyakarlıq və digər “keyfiyyət”lər çox çəkməz, deyiblər… Bu dəfə də belə oldu. Qısa müddətdə iç üzü açıldı. Diqqəti öz qərəz dolu çıxışlarına çəkmək istədikcə, digər qaranlıqlar da işıqlanmağa başladı. Onu müdafiə edən, dəstəkləyənlər arasında hətta bu ölkəni bəyənməyən, təhdid edənlərin də olması indiyədək gizli qalmış “xidmətçi”nin maskasının cırıldığını apaydın ortaya qoymuş oldu.

Vaxt ötdükcə aydın oldu ki, bu “hərşeyşünas ekspert”in əməlli-başlı maliyyə mənbəyi də varmış. Ofis açmaq, “təlim”lər təşkil etmək, “niştatnı” işçilər saxlamaq, təlim adı ilə toplantılar keçirmək sizə elə-belə gəlməsin. Bu yollarla məqsədinə çatmağın mümkün olmayacağını anlayan “dahi ekspert” indi də təlimatları (bəzən köhnə) üzündən oxumaqla, sosial şəbəkələrin “canlı ulduzu” olmaq həvəsindədir” – deyə X.Cəfərov qeyd edir.

İnternet saytları üzərindən aparılan araşdırmalar nəticəsində məlum olur ki, həqiqətən də ötən il Bakı şəhər Xəzər rayonu Şimal DRES qəsəbəsindəki 230 saylı orta məktəbin direktoru Elşən Qafarovun sözügedən qalmaqallı hadisələrdə adı hallanıb və o, vəzifəsindən azad edilib.

Məsələ ilə bağlı Elşən Qafarovun da mövqeyini dərc etməyə hazırıq.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button