Tək Anar qalıb, onu da çərlədib öldürmək istəyirsiniz?!

Südabə Sərvi

«El» jurnalının baş redaktoru

İsmayıl Şıxlı Yazıçılar İttifaqından kreslo davası nəticəsində gedib: “İstəyirsiniz, mənim də taleyim Mehdi Hüseyninki kimi olsun?!”

II-Son yazı

Yeri gəlmişkən, bir yalanınızı da üzə çıxarım ki, hörmətli yazıçımız İsmayıl Şıxlı vəzifədən əz ərizəsi ilə gedib. Özü də dəfələrlə istefa ərizəsi verəndən sonra onun ərizəsini qəbul ediblər. Səbəb isə o vaxt Yazıçılar İttifaqında baş verən çəkişmələr, kreslo davası idi. Eynilə Mehdi Hüseynin vaxtında olduğu kimi. Bunu mən demirəm, yazıçının oğlu Elçin Şıxlı deyir (Yəni bu məsələnin Anar müəllimə heç dəxli yoxdur!). Hətta evdə onun vəzifədən çıxmağına narazılıq edəndə deyir ki, siz istəyirsiniz mənim də taleyim Mehdi Hüseyninki kimi olsun? Siz isə Şamo Arif, yalanlarınızı həqiqət donunda camaata sırımaq istəyirsiniz, hətta rəhmətlik Heydər Əliyevin sözlərindən Anara qarşı müxtəlif versiyalar uydurursunuz. Əsl həqiqət isə budur!

Mən işimlə əlaqədar arxivlərdə çox tez-tez oluram, çünki yazdığımız yazılar faktlara əsaslanmalıdır. Deyirsiniz ki, arxivləri açana qəhrəman adı verilsin. Məsləhət görmürəm bu sözü deyəsiniz. Çünki Lenin demişkən, faktlar yaman tərs şeydir. Bu faktlardan sizə də pay düşə bilər.

Bir də ki, o dövr tamamilə başqa idi. Hətta tədqiqatçıların yazdığına görə, qorxudan 30 il ədəbiyyatda «bığ» sözü işlədilmədi, bunun da düşər-düşməzi ola bilərdi. İndi söz deməyə nə var ki? Əsl qəhrəmanlıq o dövrdə cəsarətli olmaq idi, bunu isə çoxları kimi Rəsul Rza da, Nigar xanım da edirdilər.

Mən Rəfibəylilər haqqında yazı hazırlayarkən arxiv materialları ilə tanış oldum. Cümhuriyyət hökumətinin süqutundan sonra Rəfibəylilərin bir çoxunu güllələdilər, eləcə də həmin dövrdə Azərbaycanın ilk səhiyyə naziri olmuş  Xudadat bəy Rəfibəylini də – Nigar xanımın atasını. Həmin o ağır illərdə gənc Nigarın başına gələnləri oxuyub dəhşətə gəldim. Ona qarşı kampaniya şəklində çıxışlar edir, böhtanlar yazırdılar. Çox maraqlıdır ki, o dövrdə də Nigar xanıma qarşı çıxanlar kişilər idi… Nələr yazmırdılar onun əleyhinə; indi «uf» demədən siz yazdığınız kimi. Hətta «bayquş», «həyasız» adlandıranlar da vardı onu. Qadınlar, analar çox dözümlüdürlər. O zaman Nigar xanım səbrlə dözdü hər şeyə. Ondan «donos» yazanlar isə sonradan məşhur şair və yazıçı oldular.

Yadıma İsmayıl Şıxlının o dövrlə bağlı bir xatirəsi düşür. İsmayıl müəllim yazırdı ki, o dövrdə məndən o qədər «donos» yazırdılar ki, axırda məni NKVD-yə çağırdılar. Soruşdum ki, axı məndən «donos» yazan kimdir? Şöbə müdiri əli ilə qapını göstərib deyir: «sizdən «donos» yazan bax o qapının dalında sizi gözləyən otaq yoldaşınızdır». Bax belə, Şamo müəllim. Bunu deməkdə məqsədim odur ki, o dövrdə öz mənafeyi naminə insanlar bir-birinə böhtan atırdılar. Eynilə bu gün sizin tutduğunuz yol kimi.

O vaxt Nigar xanım ona qarşı çıxanları bağışladı. Çünki onlar öz səhvlərini etiraf etdilər. Əminəm ki, bir zaman vicdanınız sizi də rahat buraxmayacaq, səhvlərinizi anlayacaq və etiraf edəcəksiniz. Etiraf etsəniz, bəlkə günahlarınız yüngülləşər.

Müşahidə etmişəm, bizim bəzi dar düşüncəli kişilərimiz kimisə vurmaq istəyəndə ən həssas nöqtədən başlayırlar: ya anasından, ya da arvadından. Onlara şər atmaqla. Amma qadına şər atmaq kişilikdirmi? Bu, yaraşırmı Azərbaycan kişisinə? Kişilər olub ki, düşmənini öldürmək üçün onun evinə gedib, görüb ki, arvadı ilə yatıb, gülləni çıxarıb qoyub balışının üstünə, çıxıb gedib. Qadınının yanında ona toxunmayıb… (Nəzərinizə çatdırım ki, bu Qaçaq Nəbi deyil, düşməni İsrafil ağa ilə kişi kimi, mərdi-mərdanə mübarizə aparan Qaçaq Kərəmdir). İndi bu qədərmi kişilik sözü ucuzlaşıb? Yazıqlar olsun!

Əslində, Mirələmov doğru deyir ki, indiyə qədər Nigar xanım haqqında belə yazan olmamışdı.

Qaldı Ələviyyə Babayevaya, onun Nigar xanıma olan kininin səbəbini yəqin ki, bilməmiş deyilsiniz. Açıqlamaq istəmirəm. Bizim faciəmiz bundadır ki, həmişə şəxsi maraqlarımızı ədəbiyyatın, mən deyərdim ki, hətta vətənin maraqlarından üstün tuturuq. Min təəssüf!

Siz həqiqətdən danışırsınız, müxtəlif sitatlar, «arxiv materialları»ndan misallar gətirirsiniz, amma həqiqətə yox, təkrar edirəm, şər əməllərə qulluq edirsiniz. Elə buna görə də şəxsən mən Anar müəllimin yerinə olsam, sizə qətiyyən əhəmiyyət vermərəm. Axı siz hara, Anar müəllim hara? Heç müqayisə etməyinə dəyməz!

Anar bu gün sağ qalan milli ruhlu, milli qeyrətli (bu sözlərin altını qırmızı xətlə cızıram) tək-tük yazarlarımızdandır. Bəxtiyar Vahabzadə getdi, Xəlil Rza getdi, Yusif Səmədoğlu… daha kimlər getdilər. Təkcə Anar qalıb. Onu da çərlədib öldürmək istəyirsiniz? Eynilə Mehdi Hüseyni çərlədib öldürənlər kimi? Yaxşı, tutaq ki, Anar da getdi. Bu millət üçün ikinci Anar yetişəcək? Yox. Nə qədər axtarsanız da, onu – ikinci ANARI tapa bilməyəcəksiniz! (Sözüm gənc antiANARlaradır). Tarix bir də onu yetişdirməyəcək!

Və nə yazıq ki, Şamo Arif bu ağsaqqal yaşında qəlbləri sındırmaqla məşğuldur (Bəli, məhz sındırmaq! Çünki Anar müəllimə və Nigar xanıma ünvanladığınız iftiraları düşünürürəm ki, nəinki Anar müəllim və onun ailəsi, heç millət də sizə bağışlamayacaq!). Çox təəssüf edirəm ki, bundan sonrakı ömrünüzü xeyirxah işlərlə məşğul olmaq əvəzinə, gedib oturursunuz kitabxanalarda, arxivlərdə, Anarın və onun valideynlərinin əleyhinə «faktlar» axtarırsınız. Əlinizə tutarlı bir dəlil keçməyəndə isə Anarın vaxtillə yazdıqlarını başqa mənaya yozub silah kimi onun əleyhinə işlədirsiniz. Düşünməyin ki, bu sizi hörmətə mindirir. Əsla! Uzaqbaşı antiANARların yanında hörmət qazana bilərsiniz, amma sabah onlar da sizə qarşı yüz həştad dərəcə dəyişə bilərlər. Bu gündən sabaha nələr gözlənilir, onu bir Allah bilir.

Onu doğru yazırsınız ki, sizə on qat lənət düşür. Amma Anara «baş qoşduğunuza görə» yox. Anarın anası, xanımlar xanımı Nigar xanıma  böhtan atdığınıza görə. Axı sizin də qızlarınız var və bilmirsiniz ki, sabah sizdən sonra onların başına nə işlər gələcək… Onlar da yəqin ki, anadırlar. Cənnət isə anaların ayaqları altındadır. Siz Nigar ANAnı təhqir etməklə düşünürəm ki, bütün Analarımızı, elə öz qızlarınızı da təhqir edirsiniz. Ayıbdır, Şamo Arif! (Sizdən kiçik olduğuma görə, bu ifadə üçün məni bağışlayın, amma məcburam deməyə).

Mən də anayam. Və vicdanım qəbul etmədi Nigar xanıma atdığınız iftiraları, çirkabı. Özü də dünyasını dəyişmiş bir insana.

Bilirsinizmi, indi Nigar xanımın ruhu çox narahatdır (Qorxun o gündən ki, onun ruhu sizi hər yerdə təqib etməyə başlaya…).

Bilirəm, bu yazını oxuyandan sonra başlayacaqsınız mənim əleyhimə ordan-burdan, saytlardan, daha haralardan dəlillər, şər-böhtan, «çirkab» axtarmağa. Buna heç şübhəm yoxdur. Çünki o boyda Nigar xanımı şərləyən bir adam düşünürəm ki, sabah bütün ana-bacılarımıza ləkə yaxa bilər. Elə isə sizə özüm haqqında qısa açıqlama verim:

Azərbaycanın ən populyar-publisistik «El» jurnalının baş redaktoruyam. Xatırladım ki, bizdə tariximizlə, mədəniyyətimizlə, 37-ci il repressiya qurbanları ilə bağlı yazılar gedir və dediyim kimi, bununla bağlı Dövlət arxivlərində tez-tez oluram. Və bir çox faktlarla qarşılaşıram, amma sizin qara yaxdığınız Nigar xanım haqqında bir dəfə də olsun mənfi «fakta» rast gəlməmişəm. Onu da nəzərinizə çatdırım ki, baş redaktoru olduğum «El» dərgisinin avqust sayında öz iş otağıında əsəbiləşərək dünyasını dəyişən xalq yazıçısı Mehdi Hüseynin oğlu Əli Hüseynovun atasının ölümü ilə bağlı bəzi açıqlamaları verilib. Məsləhət görürəm, oxuyasınız.

Bu yazını həqiqəti müdafiə etmək üçün yazdım. Həqiqət naminə. O həqiqəti ki, o, gec-tez üzə çıxır.

Onu doğru yazırsınız ki: «xalq öz içindən təmizlənməyincə, halalını haramından ayırd etməyincə, yolumuz çox çətinliklərlə rastlaşacaq». Bu bircə cümlə ilə özünüz öz simanızı açırsınız.

Böyük Sabir demişkən:

Qarışıqdır hələlik millətin istedadı,

Ələnirsə, tozu bir yanlıq, safı bir yanlıq olur,

Çalxalandıqca zaman nehrə kimi,

Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur.

Doğrudan da, xalqın içdən təmizlənməyə çox böyük ehtiyacı var!

Xural” qəzeti,

İl: 9, sayı: 031 (439),14-20 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

1 şərh

  1. Goren bu yazini yazan hec duwunubmuki men kim Refibeyliler kim.mene gore hansisa insan barede nese qeleme alinirsa bu insanin qiymetini bilenin haqqidi daha kimese yaltaqlanmaq xatirine yazilmamalidi neden bu qerar geldiniz diye soran olursa cavab verim cunki men bu yazida heqiqetle yanawi muellifin qarwi terefi ezib ozunu gostermesinin wahidi oldum

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button