Təmir bumu ölkəni batırır!

Ümumi nəzarət prezidentin özündədir

 İllər öncə ölkəni başına alan tikinti bumu beynəlxalq maliyyə böhranının ilk dalğasında öz tempini hiss ediləcək dərəcədə azaltdı. İnsanların alıcılıq qabiliyyətinin kifayət qədər zəifləməsi kontekstində binaları inşa edən şirkətlər fəaliyyətlərini cüzi alqı-satqı prosedurları ilə tənzimləyirdilər. Lakin bir müddət sonra böhran dalğasının keçməsi ilə ölkədə təmir bumu start götürdü. Azərbaycan ifaçılarının “Avroviziya” mahnı müsabiqəsində birinciliyə yüksəlmələri həmin fəaliyyəti daha kütləvi və həyəcanlı etdi.

Məsələnin ən qəribə və diqqəti çəkən tərəfi isə odur ki, təmir bumunda bu işdə kifayət qədər ixtisaslaşmış şirkətlər deyil, əsasən dövlət sturukturları iştirak etmək uğrunda ciddi mübarizədədirlər. Ekspertlər bildirirlər ki, dövlət strukturları arasındakı bu ciddi savaşa səbəb təmirə böyük paraların ayrılmasıdır. Hələ bir müddət öncə “Xural” olaraq bu savaşın olacağı ilə bağlı proqnozlarımızı dərc etmişdik. “Avroviziya” mahnı müsabiqəsi öncəsi lüzumsuz təmir-tikinti işlərinə bu günə kimi görünməmiş surətlə start veriləcəyini aylar öncəsi bildirmişdik. Dediklərimiz artıq təsdiqini tapıb.

Etibarlı mənbədən aldığımız məlumata görə, ölkə üzrə ən yüksək sürət həddi ilə start götürmüş təmir bumuna ümumi rəhbərlik prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədova tapşırılıb. Məlumatda bildirilir ki, illər öncədən bu kimi işlərdə kifayət qədər təcrübə əldə etmiş cənab Əsədov kütləvi təmirin həyata keçirilməsi üçün alt yapını çoxdan hazırlayıbmış. Belə ki, təsir dairəsində olan dövlət təşkilatlarının vasitəsilə minlərlə işçi qüvvəsini cəlb etmək iqtidarında olan prezident köməkçisi faktiki rəqiblərini böyük fərqlə geridə qoymağı bacarıb. Mənbə söyləyir ki, hal-hazırda nazirliklər, dövlət komitələri və digər sturukturlar cənab Əsədova yaxınlıq uğrunda ciddi mübarizə aparırlar. Böyük paraların dövr etdiyi bu prosesdən kimsə kənarda qalmaq istəmir. Adının çəkilməsini istəməyən ekspert bildirdi ki, təmir prosesinin cəlbediciliyi onun əsasən ikili mühasibatlığının olmasındadır. Tikinti materiallarının alınması, işçinin əmək haqqının təyinindəki maxinasiyalar pulun mənimsənilməsi üçün ən münbit prosedurlardır. Belə ki, tikinti materialları real bir, hesabatda isə tamam başqa rəqəmlərlə göstərilir. İşçilər qeydiyyatsız və müqaviləsiz çalışdıqları üçün əsasən günəmuzd qaydada əmək haqlarını alırlar. Mənbə bildirir ki, işçiyə təyin olunmuş əmək haqqı hər hansı məbləğdə müəyyənləşdirilməsindən asılı olmayaraq, on iki, on beş manat civarında ödənilir. Təqdim olunan hesabatlarda isə bu rəqəm hətta üç-dörd dəfəyə qədər yüksəldilir və ya konkret ən yüksək əmək haqqı kimi müəyyənləşdirilir.

Bundan başqa, bu prosesdə ölkə sənayesində ciddi monopoliya yaratmış məmur-oliqarxlar da sahib olduqları tikinti-sənaye məhsulları istehsal edən şirkətlərinin bazarını tam təmin etmiş olurlar. Ekspert bildirir ki, həmin məmur-oliqarxların təmir-tikinti işlərində maliyyə uduşları əslində çoxtərəfli olur. Əvvəla, istehsal olunan məhsulun hesabatı dəqiq göstərilmir, tikinti materiallarının verildiyi müəssisələrlə bağlanan müqavilələr real vəziyyəti əks etdirmir, nəqliyyat xərcləri hiss edilməyəcək dərəcədə cüzi olur və s.

Mənbə onu da bildirir ki, hal-hazırkı təmir bumunda liderliyi qəribə də olsa, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti və Səhiyyə Nazirliyi edir. Adlarından göründüyü kimi hər iki təşkilat təyinatına görə daşınma və tibbi xidmət üzrə ixtisaslaşıblar. Lakin mənbəyə görə, Səhiyyə nazirinin prezidentin qayınatısı olan paşayevlərə yaxınlğı onu bu prosesdə də nəzərə çarpacaq qədər fərqləndirib. Bu işi özünü təmir-tikintidən sorumlu müavininə həvalə edən cənab Şirəliyev az qala ölkə üzrə bütün xəstəxana və poliklinikaların fəaliyyətini dayandırıb. Təmir bumunun çox da üzün müddətli olmayacağını yaxşı anlayan Səhiyyə naziri mümkün qədər daha çox tibb müəssisəsini hələ ki, əsaslı təmir adı ilə sökdürməklə məşğuldur. Ekspert hakimiyyətin hər hansı bir şəraitdə əsaslı təmir adı ilə sökülən binaların yenidən istifadəyə yararlı hala gətiriləcəyini bildikləri üçün bu addımı müvafiq qurumların düşünərək atdıqlarını bildirdi. Təmir işləri aparan təşkilat rəhbərləri bu prosesdə aldanmamaları üçün əsasən etibarlı adamları ilə işləməyə üstünlük verirlər. Səhiyyə naziri bu işi öz müavininə, ikinci isə tələbə yoldaşına həvalə edib. Mənbə onu da bildirir ki, bu prosesdə kifayət qədər paraya sahib olan üçüncü-dördüncü şəxslər insanlarla olduqca kobud davranırlar. Fəhlənin haqqını istəmək kimi bir səlahiyyəti yoxdur.

Bu prosesdə Səhiyyə nazirliyindən heç də geri qalmayan Azərbaycan Dəmir Yolları QSC-nin təmirlə bağlı fəaliyyətinə birbaşa cənab Əsədov özü nəzarət edir. Lakin məsələnin ən maraqlı tərəfi odur ki, nədənsə cənab Əsədov divarların üzlənməsi və divar daşlarının cilalanması prosesində cəmi iki-üç il öncə ağardılmış və abadlaşdırılmış binaların yenidən eyni formalı təmiri üçün ADY QSC-yə tapşırıqlar verib. Belə olan halda sual olunur: Əgər bir-iki il əvvəl təmir olunaraq istifadəyə verilimiş bina keyfiyyətsiz idisə, bəs nə üçün o qəbul olunurdu? Axı hər binanın bu cür kosmetik xarakterli təmirinə yüz minlərlə manat pul xərclənir? Mənbə onu da qeyd etdi ki, Əsədov tərəfindən həvalə olunan bütün işlər sonda məhz onun özünün şəxsən baxışından sonra təhvil alınır. Əgər cənab köməkçi özü baxmışdısa…

Dediklərimizin sübutu kimi hal-hazıda Azərbaycan Dəmir Yolları QSC-nin işçiləri tərəfindən Parlament prospektində, Milli Təhlükəsizlik Nazirliyi ilə qonşu binalarda aparılan işləri misal göstərə bilərik. Məsələnin daha maraqlı tərəfi isə ADY QSC-nin əksər təmir-tikinti işlərində Nəqliyyat naziri Ziya Məmmədova məxsusluğu söylənilən tikinti materialları istehsal edən şirkətlərin məhsullarından istifadə olunur. Mənbə söyləyir ki, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin tikinti materialları saxlanan anbarları “Azbentonit”in məhsulları ilə doludur.

Yazıda adı keçən hər bir şəxsin və ya təşkilatın mövqeyini dərc etməyə hazırıq.

 

XuralTAC    

“Xural” qəzeti,

il 9, sayı: 056 (465), 10 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button