Tənqidçi rəyi: “Qafqaz triosu”- Qarabağ haqqında ən dəyərli film…

Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu, 2015-ci ildə çəkilən “Qafqaz truiosu” filmi ətrafında mütəşəkkil kampaniya davam edir. Bu kampaniya təəssüf ki, polemika xarakteri daşımır və birtərəfli şəkildə aparılır. Sosial şəbəkələrdə ara-sıra əks arqumentlərlə rastlaşsaq da, peşəkar tənqidçilərin, kino mütəxəssislərinin mövqeyi nəzərə çarpmır. Filologiya üzrə fəlsəfə doktoru, tənqidçi İradə Musayevanın ötən gün Fabula.az saytında dərc olunmuş məqaləsi bu mənada istisnadır və həqiqəti daha dolğun görə bilmələri üçün geniş oxucu kütləsi arasında yayılmağı haqq edir. İradə xanımın həmin məqaləsini Qaynarinfo-nun oxucularına təqdim edirik:
Rüstəm İbrahimbəyovun filmi – azərbaycanlılar haqqında  qiymətli  kadrlar….
İradə Musayeva
filologiya üzrə fəlsəfə doktoru, tənqidçi
Adamı kədərləndirən odur ki, həyatımıza aid olan ictimai-siyasi mahiyyətli  bir çox məsələlərə biz həm də və daha çox hallarda daş-qalaqçı cəmiyyət kimi reaksiya vermişik…. Ağızdan-ağıza yayılan sözlərin cazibəsindən təsirlənməyimiz  hətta gözümüzlə görmədiyimiz filmi pisləmək, oxumadığımız kitabı yandırmaq kimi cahilliyə qədər aparıb çıxarır. Bizim bu davranışımızdan, “küyəgedən” olmağımızdan da həmişə məqsədlilər, özləri üçün yaşayan işbazlar yaxşıca yararlanıb… Bu günlərdə böyük Azərbaycan yazıçısı Rüstəm İbrahimbəyovun  “Qafqaz üçlüyü” adlı filmi haqqında yayılan yazılar da buna sübutdur.
Satqın və anti-Azərbaycan xislətli insanlarla mübarizədən bezdiyimiz zamanda “Yazıçılarımızdamı bizə qənim kəsildi bir-bir?” – deyə xəyala dalmışkən, Musavat.com saytında belə bir yazı oxudum: “2015-ci ildə çəkilmiş “Qafqaz üçlüyü” filminə görə Azərbaycanın xəbər məkanında ciddi gərginlik yaranıb. Belə məlum olur ki, bu filmdə Azərbaycan xalqı vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökləri olmayan obrazda, ermənilər isə ailicənab, sülhsevər, “vəhşi türkün qurbanı” kimi təqdim olunurlar. Məsələnin maraqlı tərəfi budur ki, bu skandal filmin ssenari müəllifi “özümüzünküdür”! Milli Şura adlı qurumun yaradıcısı və hazırda oranın fəxri sədri olan Rüstəm İbrahimbəyov! Filmin rejissoru Eldar Şengelaya, Fuad İbrahimbəyovdur”.
Lakin ədalət həmişə sübut istəyir. Ona görə də filmə baxmaq, faktlarla danışmaq  qərarına gəldim…
Əziz oxucular, mən deyərdim ki, Qarabağ haqqında bu günə qədərki əsil ədəbiyyat, ümumən dəyərli sənət nümunələrindən biri, bəlkə də, ən qiymətlisi  elə bu filmdir…
Lakin A.Salayevin “Bakinski raboçi” qəzetinin 23 may tarixli nömrəsində çap olunmuş “Rüstəm İbrahimbəyov və onun ermənilərin müsibətlərinə görə azərbaycanlıların təqsirkar olması haqqında filmi” sərlövhəli məqaləsindəki bu cümlələrin bir kinoşünasın qələmindən çıxmasına təəccüb etdim.
“Azərbaycan haqqında yazanlar çox vaxt bizim səriştəsizliyimizə və ya qətiyyətsizliyimizə ümid edirlər. Belələri düşünürlər: ya heç nə başa düşməyəcəklər, ya da cavab verməyəcəklər… Filmin proloqunda uşaqlar qayadan suya tullanırlar. Onlardan biri − ən qoçağı qorxaq dostunu ürəkləndirir. Az sonra məlum olur ki, bu qorxaq azərbaycanlı, qoçaq, həm də filmin baş qəhrəmanı isə Bakı ermənisidir. O böyüyəcək, yüksək ixtisaslı, nəcib və gözütox həkim-oftalmoloq olacaq. O, öz həkimlik məharətini Moskvada nümayiş etdirir, onun oğlu, istedadlı aktyor isə Bakıda, ögey atanın ailəsində Azərbaycan soyadı altında yaşamaqda davam edir. O da Moskvaya köçüb getməyə hazırlaşır, bir tamaşada iştirak edir, bu tamaşa onun aktyor taleyini həll etməlidir. Nəcib həkimin miras alması üçün hansı səbəbdənsə çox vacibdir ki, onun bioloji oğlu təcili surətdə özünün əsl erməni soyadını qaytarsın”.
Filmin əvvəlində Azərbaycan və Ermənistan ərazisini siyasi hadisələr fonunda əks etdirən xəritə (Dağlıq Qarabağ düyününün kuliminasiya nöqtəsi kimi vurğulanması) və kainatın, dünyanın maketi, qlobus təsvir edilir. Amma bu kainatın nöqtəsi kimi görünən bir ərazidə,  Qafqaz adlı məkanda insanlar, millətlər və onların özünəməxsus etnopsixologiyası, xisləti süjet xəttinin əsas ideyası kimi qabardılır. 4 uşaq qayanın başında dayanıb. 3-ü suya atılır, 4-cüsü isə düşünür, durub aşağı  baxır, tərəddüd edir. Yüksəklikdən qorxmur, bəlkə onların, tale qonşuları olan erməni və gürcü dostların yanına düşmək və ya düşməmək haqqında düşünür? Bu tərəddüd A.Salayevin dediyi kimi, “qorxaqlıq” deyildi. Çünki həmin uşağın havada dənizə doğru barmaqlarını yumruq şəklində yığıb uçarkən çəkilmiş fotosunu bir az sonra həmin erməni Eduardın kabinetində (bu fotolar həm də Fərhadın otağından asılıb)  görəcəyik. Və uşağın bu uçuşu filmin son akkordlarında da vurğulanır. Bu azərbaycanlı oğlanın adı Fərhaddır. (Fərhad adının məlum semantikası da çox söz deyir, əslində). O həm də ədalətli, dütrüst bir məmurdur. “Yaxın vaxtda neft tükənəcək” bəyanatı onun başını bəlaya salıb artıq…  A.Salayev kino adamı kimi ən xırda detalları diqqətdə saxlayırsa,  erməni uşağın dənizdə kamerin içərisində, kamerdən yapışıb qalması ştrixini açmalı idi. Erməni Eduard kamerin köməyi ilə üzür, dairədən çıxa bilmir., azərbaycanlı uşaq isə gec, yumruqlarını düyərək atılıb dənizdə cəsarətlə, tək, köməksiz üzüb sahilə çıxır…
Erməni uşaq böyüyüb həkim olub. Göz həkimi. Adamları da gözündən tanıyır, hətta xəstəsinin gözünün dərinliklərinə mikroskopla baxanda “Heç kəsə inanmaq lazım deyil” − deyir. Erməni xisləti − inanmamaq…  Filmdə 3-cü dostun adı Hamletdir. O zarafatla “Ölüm ya qalım?” sualını təkrarlayır, ardınca isə teatr səhnəsində məşq zamanı təxminən belə bir fikir səsləndirilir: “Rusiyada baş verənləri durdurmaq olmur, hər şey zəncirvari qəza kimi cərəyan edir… “
Filmdə Eduardın keçmiş rus qaynanası İrina deyir ki, mən həmişə sənin (yəni, erməninin) tərəfində olmuşam,  azərbaycanlı Kamili, qızının sonrakı ərini isə daima acılayır, ona pis münasibət göstərir. Kamil ağır xəstədir, əlil arabasında gəzir. Film hardasa “Anamın kitabı” tragikomediyasının ideyasını xatırlatdı. Kamil xəstə, Qarabağı itirilmiş Azərbaycan obrazının simvolu kimi görünür. Hətta rejissor qadın azərbaycanlı soyadı (İsayev) ilə  səhnəyə çıxan  Temura deyir ki. “Başa düşməlisən ki, sənin taleyin burada − Moskvada həll olunur”. Doğma erməni ata ilə ögey azərbaycanlı ata seçimi anında Temurun erməni qanı qaynasa da, Kamilə qarşı qəlbindəki sevgini anbaan biruzə verir. Kamilin nəcib davranışı, son anda da Timuru düşünməsi işbaz, həm oğlunu, həm də vərəsəni ələ keçirmək istəyən Eduardı humanizm baxımından arxada qoyur. Temurun anası Vera da keçmiş  erməni ərini yox, sonrakı azərbaycanlı əri Kamili yüksək qiymətləndirir, Eduarda “Sən bizimçün çoxdan ölmüsən, dünəndə qalmısan!” – deyir. Temurun həyat yoldaşı da ağıllı və nəcib qadın onun doğma erməni artasını yox,  ögey azərbaycanlı atalığını qorumağa çalışır.
A.Salayev yazır ki. “Azərbaycanlı qəddar kənd uşaqları haradansa bu zavallı aktyorun etnik mənşəyi barədə öyrənərək onu itələyib quyuya salır və daşa basırlar − ekranda erməni ziyalıların qaniçən vəhşi türklərin əlindən çəkdiyi əbədi əziyyətlərin obrazı canlanır”.
“Hardansa öynmək” məsələsi filmdə aydınca görünür. Temurun dayısı Zaur bağda onun familiyasını dəyişmək istədiyini eşidəndə deyir ki, “sən Moskvadan bura bizi biabır etmək üçün gəlmisən, mənim bacımın əri erməni ola bilməz! Səninlə bağlı nə baş versə biz cavabdeh deyilik!” Bunu isə hasarın başına çıxıb onları dinləyən uşaq eşidir.
A.Salayev uşaqların onu quyuya salmaq məsələsini, eləcə də Eduardın qarnına yumruq vuran aeroport işçisinin aqressiyasını çox dəqiq ifadə edən yazıçını niyə təhdid edir ki, guya o azərbaycanlıları vəhşi kimi göstərib? Əksinə, müəllifin bu davranışa rəğbəti  hiss edilir. On illələ torpağı işğal altda qalmış insanların əlinə erməni düşür və onlar sərhəddi problemsiz keçib getmək istəyən düşmənə bir yumruq vurursa, hirsini, əsəbini bununla soyutmaq istəyirsə bu fraqment niyə rənglənməli, don geyindirilərək təhlil edilməlidir?  Olmazdımı kinoşünas bu zaman obrazların psixoloji vəziyyətini sənət, fəlsəfi-psixoloji analiz rakursundan baxaraq təhlil edəydi?
  A.Salayevin” toxgöz, xeyirxah erməni obrazı” kimi təqdim etdiyi Eduard, əslində, sonrakı fraqmentdən də görürük ki, bir qadından miras almaq üçün bütün təhlükələrə girir. Oğlunu Bakıya göndərir, ailəsindən, doğmalarından ayırır ki, həmin mirası ələ keçirsin. Film boyu neytral mövqedə dayanan 3-cü dost-Hamletdən fəqli olaraq erməni Eduard və azərbaycanlı Fərhad mənəvi, genetik xüsusiyyətləri, şüuraltı davranış fərqləri ilə müqayisə obyektinə çevrilir.  Temur İsayev Bakıdan metrikasını gətirməli, erməni olduğunu bəyan edib yeni adla səhnəyə qayıtmalıdır. Amma o keçmişinə, dünənəqədərki şəkillərinə kədərlə boylanır. O öz azərbaycanlı keçmişinə qarşı özünü xəyanətkartək hiss edir… Hətta onun arvadı deyir ki, “sən 30 il azərbaycanlı olmusan necə dönüklük edəcəksən? Sən bir də öz doğma şəhərinə-Bakıya heç vaxt gələ bilməyəcəksən, başa düşürsənmi?”
A.Salayevin R.İbrahimbəyovun filmini bu cür 37-ci il havası ilə təhlili, bilərəkdən təkzib etməsi adamı heyrətləndirir. O hətta repressiya dövrünün qovluqlarındakı qəribə ittihamlara bənzər fikir səsləndirir: “Bu “dostluq” filminin rejissoru gürcü kinosunun az qala klassiki sayılan və vaxtilə Bakıda 26 komissar haqqında filmlə yadda qalmış klassik Nikolay Şengelayanın oğlu Eldar Şengelayadır”.
R.İbrahimbəyovun filmində erməni Eduard deyir ki, “ermənilərin əleyhinə məqalə yazdım “İzvestiya” qəzetində, amma azərbaycanlılar bunu nəzərə almadılar, məni Bakıya buraxmadılar” və s. Bu zaman da Eduardın xislətindəki mənfəətpərəstlik əlaməti qabardılır.
Qorxaqlıq məsələsinə diqqəti cəlb etmək istərdim.  Fərhadın Eduarddan daha mərd və cəsarətli olması, insanlara inanması müxtəlif detallarda ifadəsini tapır. Bu yolda o öz karyerasından belə imtina edir, təkcə ona görə yox ki, on illərin dostu olmuşlar və Eduard azərbaycanlıları müdafiə edən məqalə yazmışdı “İzvestiya” qəzetinə.  Həm də ona görə ki, azərbaycanlılar üçün vəfa, əhd-peyman, kişi kimi dost olmaq etalonu dəyişmir… Eduard o davranışının faydasını görmədiyi üçün əlini alnına çırpıb özünü lənətləyir, “mən axmaq” − deyir… Fərhad isə mənəvi keyfiyyəti, əhdinə, sözünə bütövlüyü ilə xarakterizə edilir və s.  Aeroportda azərbaycanlılardan biri onun içəri salıb qarnına şiddətli bir yumruq vurur, Eduard üst-başını düzəldib “bunu heç kim bilməsin” − deyib qorxa-qorxa bayıra çıxır…
Film teatr tamaşasının premyerası ilə başa çatır. Oyun baş tutur…
Üçüncü dost – Mika sonda gülləri təqdim edib deyir ki, “Eduard bəs sənin oğlun bu gün tamaşada  oynamadı?” Eduard isə əsəbləşir.
” − Necə yəni oynamadı, oynadı…
− Bəs niyə burada başqa familiya yazılıb? Sənin familiyan olmadı axı ..
  − Dedim axı oğlumdur, familiyanın nə dəxli var!
− Anladım…”
Filmdə hadisələrin həyatla səhnə arasındakı kontrastı xüsusi məna kəsb edir. Siyasət, mədəni həyat, məişət, tarix və müasir zaman da məhz bu ikilik fonunda mənalandırılır.
Film haqqında daha ətraflı yazmaq olar, mən qısa da olsa fikrimi ona görə bildirməyi zəruri saydım ki,  bu cür ittihamlarda ziyalı, sənət adamlarının  əlini görəndə o illər, o qorxulu illəri düşündüm…
P.S. Qaldı filmin kino sənəti ilə bağlı təhlilindəki uğur və uğursuzluqlarına, bu başqa yazının mövzusudur. Mən sadəcə, bilərəkdən yanlış yozulan məqamları aydınlatmaq istədim…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button