Tərəqqipərvər Azərbaycan… həyəcan siqnalı çalmalıdır!

Çünki vəziyyət həqiqətən çox ağırdı…

Seymur Baycan: «1978-ci ildə İranda gedən proseslərin eynisi burada aparılır»

Aqşin Yenisey: «Bir insan həm prezident, həm millət vəkili, həm yazıçı, həm şair, həm filoloq, həm danaotaran ola bilməz»

Təsəvvür edin, müxalifət xalqa deyir ki, bəsdir bu iqtidar sizi bədbəxt elədi, indi də imkan verin, biz sizi bədbəxt edək…

Seymur Baycan və Aqşin uzun müddətdir ki, mətbuat səhifələrində görünmürlər. Elxan Kərimovun yas mərasimi bir fürsət oldu ki, onların görünməmələrinin səbəblərini öyrənmək cəhdində bulunaq. Məlum oldu ki, sən demə, ölkənin ən oxunan yazarlarının qəzet və çap olunmaq problemi var. Seymur Baycanla vədələşdik və redaksiyamızda görüşdük. Aqşinlə gəlmişdi və fürsəti fövtə verməyib hər ikisini müsahibəyə çəkdik. Çözüldükcə çözüldü və gün işığına bir çox problemlərin olduğu çıxdı. Azad Yazarlar Ocağından «Ən yeni ədəbiyyat»a qədər çox məsələlərdən danışdıq və yaxşı bir müsahibə alındı. Buyurun, siz də oxuyun, Əziz «Xural» Oxucuları…
Qonaqlarımız Seymur Baycan və Azad Yazarlar Ocağının sədri Aqşindir…

Əvvəli ötən sayımızda

– Maraqladır ki, iki nəfərin bir araya gəlməsi mümkün olmayan rejimdə, yüzlərlə, minlərlə dindar təhsil nazirliyinin qarşıında necə rahat toplaşa bilir, aksiya keçirə bilir? Hətta sloqan atır, yol bağlayırlar. Kim idarə edir bunları?

Seymur Baycan:

– Bu idarə olunub və ya olunmayıb, aksiya təşkil olunub, yoxsa yox, bütün bunlar başqa bir məsələdir. Bunun haqqında heç bir şey danışa bilmərəm, çünki heç bir məlumatım yoxdur. Amma faktiki olaraq vəziyyətin bu cür təhlükəli duruma gəlib çatmasında hakimiyyətin də birbaşa günahları var. Bizi canlı yayımlara buraxmayanda, üzümüzə televiziyaların qapısını bağlayanda, bizi acından öldürəndə, kitab mağazalarını kosmetika mağazalarına çevirəndə, idmançıları, müğənniləri bütün dəyərlərdən üstün tutub şişirdəndə, sonunda belə vəziyyət yaranmalı idi. Faktiki olaraq bunların bir idmançıya çəkdikləri xərclə toplumun bir təbəqəsinin problemlərini həll edə bilərdilər. Biz «master-klasslar»da iştirak edə bilərdik, yazdıqlarımız başqa dillərə tərcümə olunaraq yayımlana, tirajlana bilərdi. Bunlarsa Azərbaycanın pullarını bu istiqamətlərə xərclədilər. Nə məqsədləri var idi, özləri bilsin, Allahları bilsin, amma nəticədə vəziyyət bu duruma gəlib çıxdı. Müxalifətin, elə «Yeni Müsavat» və «Azadlıq» qəzetlərinin fikrimcə günahları orada oldu ki, onlar hakimiyyətlə dövlət anlayışını səhv saldılar. Mənim bu hakimiyyətə qarşı münasibətim bəllidir, bu gün də müxalif nöqteyi-nəzərdən yanaşıram. Amma heç bir vaxt əgər bir kənd və yaxud 100-150 nəfər ayağa qalxarsa, hakimiyyətə qarşı qalxdıqları üçün onlara dəstək vermərəm. Belə bir şey heç bir zaman ola bilməz. Məktəb məktəbdir, mədrəsə də mədrəsə… məktəbin öz forması var, onu geyin get. Getmək istəmirsənsə, başını bağla mədrəsəyə get. Başqa variant görmürəm. Həqiqətən də vəziyyət o dərəcədə ağırdır ki, Azərbaycanın bütün tərəqqipərvər, sekulyar, dünyəvi insanları artıq həyəcan siqnallarını çalmalıdır. Bu təhlükə hamı üçün var. Heç kim rahatlaşmasın ki, yox, Avropa imkan verməz. Əslində, Avropa üçün İslam rejimi ilə dialoq qurmaq daha asandır. Neftini də alacaq, pambığını da – hər şeyini də… Əksinə, buradan heç kim öz sözünü demək imkanı əldə edə bilməyəcək. Artıq durub demək mümkün olmayacaq ki, Avropa, sən niyə ikili münasibət nümayiş etdirirsən, niyə mənim yox, filankəsin tərəfini tutursan. Əksinə, bütün bunlardan artıq Avropanın canı qurtarır və rahat nəfəs almağa başlayır. İkincisi də, deyirlər ki, guya bizim qanımızda din yoxdur, biz dindən uzağıq. Axı, startı da nəzərə almaq lazımdır ki, bunlar son beş ildə nə qədər aktivləşib, nə qədər artıblar. Şəhərdə elə obyektlər var ki, heç bir vaxt onların dindarlara məxsus olması ağlınıza belə gəlməz. Pul, maliyyə problemləri yoxdur. Yoxdursa, demək hər işə qol qoya bilərlər. Bu gün mən öz kitabımı dərc etdirmək istəyirəm, bunun üçün pul tapa bilmirəm. Ancaq din yönümlü kitab dərc etdirmək istəsəydim, onların hansısa bir zümrəsinə, təbəqəsinə yaxın olsaydım, mənim evim də olardı, maşınım da, hələ necə istəsəm, o cür də yaşayardım. Hələ o kitabı 50 min tirajla çap da edərdilər. Amma Azərbaycanda bir adam tapmıram ki, 1000-1500 manat pul versin o kitabı çap etdirim. Məcburam, 10-15 adama müraciət edəm… Düzdür, mənim dostlarım iddia edirlər ki, məndə fobiya var, amma hər bir halda mənim də gözlərim, müşahidə qabiliyyətim var. Diqqət edin, görəcəksiniz ki, bu adamların arasında işsiz olanı, pulsuzu yoxdur. Hamısı bir-birini irəli çəkir. Dəhşətli dərəcədə şəbəkələşmə var, gündə bir sahəni öz nəzarətləri altına alırlar. Bunlar artıq sosial məzmunlu şüarlar səsləndirirlər. Çox gözəl bir mənbə var – Fərəh Pəhləvinin «Mənim xatirələrim» kitabı. Oxuyub baxsınlar. İranda gedən proseslərin eynisi burada da aparılır. Guya biz deyirik ki, dindən uzağıq. Biz təbrizlilər qədər dindən uzağıq? Təbrizlilər qədər yeyib-içməyə, əyləncəyə, şadlığa meylli az tapmaq olar. Orada olan ateistlərin sayı qədər burada ateist yoxdur. Amma mən onlarla çox söhbətlər etmişəm. Soruşuram ki, bu proses necə baş verdi? Deyirlər, «heç özümüzün də xəbəri olmadı, bir də gördük ki, rejim budur. Üstündən 30 il keçib, yenə fikirləşirik, tapa bilmirik ki, necə oldu bu? Bizim qadınlarımız heç bir zaman örtülməzdilər, bir də baxdıq ki, hər şey dəyişib. Ya ölməli, ya da birtəhər yaşamalısan. Dedik bir ili keçməz, amma 30 ildir davam edir».

Aqşin Yenisey:

– Seymur bəyin dediklərinə əlavə etmək istəyirəm. Bütün bu proseslərdə bizim hakimiyyətin günahı nədən ibarətdir? Heydər Əliyev hakimiyyətə gələndən sonra belə bir konkret tendensiyası var idi ki, Azərbaycan cəmiyyətinə yazıçı lazımdırsa, yazıçı hakimiyyətin özü olacaq. Azərbaycan cəmiyyətinə aktyor lazımdırsa, onu da hakimiyyət müəyyənləşdirəcək. Cəmiyyəti əyləndirəcək, traqikomedik bir şəraitdə kədərləndirəcək. Belə deyək, hakimiyyət bütün məsuliyyəti, cəmiyyətin ayaqda qalmasından ötrü vacib sayılan ayrı-ayrı strukturların bütün funksiyalarını öz üzərinə götürdü. Ondan başqa heç kim bu funksiyanı yerinə yetirə bilməz. Məsələn, sirkə tamaşa olunacaqsa, bunu da hakimiyyətin özü edəcək. Bütün bunların içində vaxt çatanda və məlum olanda ki, yazı yazmaq lazımdır, hakimiyyət anladı ki, o yazı yaza bilmir. Azərbaycan hakimiyyəti bu funksiyanı öz üzərinə götürsə də, sonunda sular duruldu və məlum oldu ki, hakimiyyətin bir nəfər də olsun yazarı yoxdur. Teatr problemi yarananda məlum oldu ki, hakimiyyətin aktyoru yoxdur. Bu hakimiyyət uzun müddət öz üzərinə götürməyə çalışdığı və sonunda üzərinə götürdüyü missiyanın altından çıxa bilmir. Məsələn, deyirlər Qarabağ savaşı. Əbülfəz Elçibəyin hakimiyyəti dövründə xalq kifayət qədər müharibədə fərd olaraq, xalq olaraq iştirak etdi. Amma bir qədər sonra xalq bundan uzaqlaşdırıldı və hakimiyyət öz üzərinə götürdü ki, əgər bu gün Azərbaycan xalqına döyüşçü lazımdırsa, biz özümüz döyüşəcəyik. Bunun da sonunda məlum oldu ki, hakimiyyət döyüşə də bilmir. İslamda ər-arvad münasibətlərindən Allaha sitayişə qədər hər yerdə Məhəmməd peyğəmbərin bir qeydi var ki, bunu mən belə edəyəcəm, narahat olmayın. Arvadı ilə problemi olana dedi ki, «narahat olma, axşam bir ayə göndərəcəm və sənin problemin həll olunacaq. Yox, Allahla problemin varsa, mən onu da həll eləyəcəm.» Halbuki İslamda elə problemlər var ki, Məhəmməd peyğəmbər də onu həll etməkdə acizdir. Bütün insani münasibətlərdə kara gəlmir. Elə bir şey yoxdur ki, müsəlman ona söykənib dünyaya çıxsın. Müsəlman ona söykənib, heç olmasa istəyinə uyğun müsəlman həyatı yaşasın. Özü bunu çox istəyir – namaz qılsın, oruc tutsun, lap Aşura günü zəncir vurub başını yarsın, arvad-uşağını dolandırsın və s. Bu, onun zəruri istəyidir. Amma eləyə bilmir, çünki onun ideoloji bazası yanlışdır, saxtadır. Niyə? Çünk bu bir qütbdən idarə olunur. İnsanların üzərinə heç bir vəzifə bölgüsü, məsuliyyət qoyulmayıb. İnsan səmərəsiz və əhəmiyyətsiz varlıq halına gətirilib. Bu da öz faciəvi nəticələrini göstərir. Bu, tək Azərbaycanda belə deyil, həm də bütün dünyada, müsəlman ölkələrində belədir. Bu problemin kökü bir qədər dərindədir. Bizim təfəkkürümüzdə, dini dünyagörüşümüzdədir. Hakimiyyət bu günkü problemlərdən cəmiyyəti kənarlaşdırıb və mən inanıram ki, sabah hakimiyyət dəyişsə, yenə Azərbaycan xalqı qalacaq bu ağırlığın altında. Yenə Azərbaycan xalqı öz-özünün prezidentliyini eləyəcək. Yenə Azərbaycan xalqı öz-özü uğrunda döyüşəcək. Yenə Azərbaycan xalqı özü-özünün peyğəmbərliyini eləyəcək, yenə öz-özünün imamlığını eləyəcək. Bütün imamlar, peyğəmbərlər də qaçacaq. Bütün prezidentlər də onların ardınca qaçacaqlar. Necə ki, indiyədək qaçıblar… Belə cəmiyyət olmaz. Bir insan həm prezident, həm millət vəkili, həm yazıçı, həm şair, həm filoloq, həm danaotaran ola bilməz. Cəmiyyətin özünün ayrı-ayrılıqda prezidenti və öz danaotaranı olmalıdır. Hər kəs də öz işini bilməlidir. Bizdə elə deyil. Bizdə birqütblü hakimiyyət yaradılıb ki, xəstə var onu «mən» sağaldacam… Elə olmaz… Sağalda bilmir axı… Əgər gedən proses qısametrajlı faciə filmi olsa, adam haradasa bağışlayar. Bu gün Azərbaycan müxalifətinin Quranı belə oxumayan, ümumiyyətlə, mütaliədən xəbərsiz olan bir qrupu elə bir topluma güvənir ki, bu bütünlükdə Azərbaycanın gələcəyini kölgə altında qoyur. Düşüncəsi aydın düşüncə deyil. Aydın deyil ki, bu müxalifət bu dindarlara müraciət edəndə nəyi əsas götürüb, nəyi oriyentallaşdırıb ki, bu dindarlarla hakimiyyətə təsir göstərəcək və Azərbaycan cəmiyyətini də xoşbəxt edəcək. Onsuz da bədbəxtiksə bədbəxtik. Heç olmasa imkan versinlər öz bədbəxtliyimizi yaşayaq. Daha ağır problemlərə niyə qapı açırlar? Bu xalqın daha çox bədbəxtliyə ehtiyacı varmı? Onsuz da öz dərdimiz özümüzə yetər. Daha müxalifət niyə bu insanlardan istifadə edib öz maraqları naminə ikinci dəfə bu cəmiyyəti yazıq vəziyyətinə salmaq istəyir? Görünür, bundan artıq nəyəsə gücləri çatmır. Sanki Azərbaycana növbəti bədbəxtliyi bəxş etmək üçün siyasi mübarizə gedir. Təsəvvür edin, xalqa deyirlər ki, bəsdir bu iqtidar sizi bədbəxt elədi, indi də imkan verin, biz sizi bədbəxt edək. Mən hesab edirəm ki, o zaman bizim bədbəxtliyimiz indikindən qat-qat artıq olacaq. Çünki hələ Azərbaycanda krandan insanlar asılmır, başlar kəsilmir, qadınlar daş-qalaq edilmir. Heç olmasa məhdudiyyət olsa da, insanlar azad və müstəqil olaraq fikirlərini ifadə edə bilir, mətbuatda danışırlar, yazırlar. Mən artıq müxalifətin seçimi ilə birlikdə hər şeyə inamım itib. Bilirəm ki, artıq müxalifət bu cür dəstəklə hakimiyyətə gələcəksə, bizim dilimizi kəsəcəklər, rahat söhbət eləmək imkanımız belə olmayacaq. Mən bundan qorxuram. Bir vətəndaş olaraq qorxuram. Buna mənim yazıçı olmağımın heç bir dəxli yoxdur. Qardaşlarımın taleyindən qorxuram. Ailələrimizə olunacaq müdaxilələrdən qorxuram. Hakimiyyətin nə istədiyi artıq hamıya bəllidir. Kim əgər hakimiyyətin fəaliyyətində qaranlıq qalan məqamlar axtarırsa, deməli, onun öz zəkası, öz dünyagörüşü, öz müşahidə qabiliyyətində problem var. Hakimiyyətin nə istədiyi xalqa məlumdur. Bundan artıq münasibət yer kürəsində heç yerdə yoxdur. Mənə müxalifətin münasibəti aydın deyil. Mən bunu özüm üçün faciə hesab edirəm ki, hakimiyyətə gəlmək istəyən qüvvənin xalqa olan münasibəti hələ də aydın deyil.
– Seymur bəy, bayaq qeyd etdin ki, mənim də oruc tutduğum vaxtlar olub…

Seymur Baycan:

– Bəli, olub.
– Nədən sonradan ateist oldun? Ümumiyyətlə, ateizmi bir elitarlıqmı hesab edirsən? Deyəsən, Aqşin bəy də ateistdir.

Aqşin Yenisey:

– Bəli, ateistəm. Belə cəmiyyətdə dindar olmağın özü də yaxşı hal deyil. İki kəlmə ilə fikrimi bildirim. Sartr yazır ki, insanı Tanrı tərk edib. İnsan Tanrının dərgahında olub və o öz dərgahından insanı qovub. O öz fəlsəfəsində izah edir ki, insanın Tanrıya özünü sırıması, Tanrının adı ilə Yer kürəsində müəyyən işlər qaynatması yanlış bir şeydir. İnsan qovulmuşdur. Tanrı insana tanrısızlıq cəzasını verib və deyib, get, özün bilərsən. Dini kitablarda necə deyilir? Get, doğ, törə… Özün öz əzablarını çək. Mənim ateizmimim kökü və fəlsəfəsi var. Seymur demiş, müəyyən dairələrdə lotuluq eləmək üçün ateizmi əlimdə bayraq tutmamışam. Mən hesab edirəm ki, Allahla insan arasında üçüncü adama ehtiyac yoxdur. Əgər insanın qəlbində, könlündə böyüklük varsa, artıq adama ehtiyac yoxdur. Elə ateizmin fəlsəfəsində də bu var ki, sən Tanrını tərk etməmisən, Tanrı səni öz dərgahından qovalayıb.

Seymur Baycan:

– Bilirsinizmi, necədir, sözün açığı…
– Yeri gəlmişkən, niyə kitabını «Qanun» nəşriyyatında çap etdirmirsən?

Seymur Baycan:

– Sözün açığı, mən dini fikir və baxışlarımı yazılarımda daha rahat ifadə edə bilirəm, nəinki şifahi. Yəni o qədər də danışıq adamı deyiləm. Hər halda qarşımızda diktafon olsa da, tam qeyri-rəsmi atmosfer yoxdur. Ateizm mənim üçün dəb deyil. Bu mənə heç nə vermir axı.

Davamı gələn saylarımızda

Hazırladı:
Burla Xatun

“Xural” qəzeti
il: 9, sayı: 002(410), 16-22 yanvar 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button