Təşəkkür əvəzinə böhtan…

rauf arifogluYaxud allahsızla polemikanın faydasızlığı…

 (İmanlı hüquqşünasın və ateist yazarın iddialarına cavab)

“Xural” qəzetinin redaksiyasına

Hörmətli redaksiya!

“Xural” qəzetinin son saylarında şəxsim və rəhbərlik etdiyim qəzetlə bağlı bir sıra iddialar yer alıb. Həmin iddiaların bəzilərinə münasibət bildirmək istəyirəm.

Həbsxanadan yeni çıxmış hüquqşünas Etimad İsmayılov “Xural” qəzetinə verdiyi müsahibəsində “Yeni Müsavat” qəzetinin azərbaycanlı xeyriyyəçi, görkəmli hüquqşünas-alim və iş adamı İlham Rəhimov tərəfindən maliyyələşdiyini bir neçə dəfə iddia edib.

Bildirirəm ki, bu iddia həqiqətəuyğun deyil və böhtan xarakterlidir. “Yeni Müsavat” qəzeti 1997-ci ildən başlayaraq özünümaliyyələşdirmə sistemi ilə fəaliyyət göstərir. Bu qəzetin heç bir kənar maliyyə dəstəyinə ehtiyacı yoxdur. Mənim İlham Rəhimovla münasibətlərim də məsafəli bir münasibətdir; onunla il ərzində bəzən bir neçə dəfə görüşürəm. Bu görüşlərin də demək olar ki, hamısı xeyir-şər mərasimlərində olur. Biz eyni rayondan olduğumuz üçün xeyli ortaq dostlarımız var və onların tədbirlərində üz-üzə gəlirik. Lakin bu məsafəlilik Tovuzun və Azərbaycanın belə bir oğlu olduğu üçün İlham Rəhimovla qürur duymağıma da mane olmur. Bir çoxlarından fərqli olaraq biz insanlarla münasibətlərimizi təmənnalar üzərində qurmuruq.

Etimad İsmayılovun başqa bir iddiasına da münasibət bildirməliyəm. Etimad bəy deyir ki, Müsavat Partiyası Rusiyaya çıxmaq üçün İlham Rəhimovdan yararlanmaq istəyir… Bu iddia da absurddur və böhtan xarakterlidir. Hamıya məlumdur ki, Müsavat Partiyası Qərb yönümlüdür və Rusiyaya pozitiv münasibəti olmayan bir partiyadır. Əgər bu təşkilat Rusiya ilə əlaqə qurmaq istəsəydi, birinci növbədə bu ölkəyə, onun iqtidarına qarşı kəskin tənqidini dayandırardı.

Digər tərəfdən, onu da dəqiq bilirəm ki, Müsavat Partiyası rəhbərliyinin İlham Rəhimovla heç bir əlaqəsi yoxdur. Yəqin bunu Azərbaycanın xüsusi xidmət orqanları da bilməmiş deyil.

Bir məqamı da qeyd etməyə lüzum var ki, “Yeni Müsavat” qəzeti hörmətli Etimad İsmayılov həbsdə olarkən ilk gündən sonuna qədər ona informasiya dəstəyi verən KİV-lərdəndir. Hətta biz Etimad bəylə bağlı informasiya və müdafiə işini aparan tanınmış xanım jurnalistin vasitəsilə atası İlyas İsmayılovun adından dəfələrlə təşəkkür də almışıq. Hörmətli İlyas müəllimin “Yeni Müsavat”la münasibətlərinin soyuq olmasına baxmayaraq, biz heç tərəddüd etmədən Etimad bəyi müdafiə etdik və bütün gücümüzlə ona informasiya dəstəyi verdik. O isə indi həbsdən çıxaraq bizə təşəkkür etmək əvəzinə, böhtan atır. Doğrusu, bütün redaksiya və şəxsən mən özüm də çaşıb qalmışıq. Çox istərdim ki, kimsə bu anomaliyanı bizim üçün aydınlaşdırsın.

Qəzetinizdə tanınmış yazar Elnur Astanbəylinin şəxsimlə bağlı təhqiramiz bir yazısı da mənim rəyim alınmadan, özümü müdafiə imkanları verilmədən dərc olunub. Həmin yazıya “Yeni Müsavat”da münasibət bildirildiyi üçün özəl rəy söyləmək fikrindən uzağam. Digər tərəfdən, hesab edirəm ki, hörmətli Elnur Astanbəyli özünə bu dünyada və o biri dünyada mümkün ola biləcək ən ağır cəzanı verib. Yazar ateistdir; Allahı, onun dinini, peyğəmbərini, Qurani-Kərimi inkar edir, əslində ilahi bir şəfqətdən məhrumdur. Bunu özü dəfələrlə yazdığı və etiraf etdiyi üçün yazıram; yoxsa çox prinsipial da olsa, bunları qeyd etməzdim. Hörmətli yazar digər ateist dostlarımızdan fərqli olaraq həm də inanclıları heç sevmir, mümkün olan bütün fürsətlərdə onların ünvanına qarşı kampaniya aparır. Nə yazıq ki, mən onun barəmdəki hər yazısından sonra deyə bilmirəm: “…Bu qədər də olmaz, Allahın olsun, bəy”…

Bu baxımdan yenə Etimad İsmayılovu Allah saxlasın…

Hörmətlə,

Rauf Arifoğlu, “Yeni Müsavat” qəzetinin təsisçisi və baş redaktoru

“Xural” qəzeti, il 9, sayı: 035 (443), 11-17 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button