Təzadlı müəllifin “Təzadlı dünyası”

Ötənlərdə həmyerlilərimizdən birinin əlində bir kitab gördüm. Müəllifi Oqtay Əliyev idi. “Təzadlı dünya” adlanan kitabı oxuyan həmyerlim əməlli-başlı təəssüf hissi keçirirdi. Səbəbini soruşdum. Cavabı konkret oldu: “Bu adamdan ancaq bunu gözləmək olardı.” Söz marağımı çəkdi. İnsan öz həmyerlisi haqqında belə deyərmi? (Kitabın müəllifi haqqında deyilən bu fikrə bir qədər sonra aydınlıq gətirəcəyəm). Çox çək-çevirdən sonra kitabı bir neçə günlüyə oxumaq üçün aldım. İnsaf xatirinə qeyd edilməlidir ki, hətta pafosla yazılsa belə, kitabda gəlişigözəl sözlər kifayət qədər çoxdur. Müəllifi şəxsən tanımayanlar kitabda cəm olan müxtəlif səpkili yazılara münasibət bildirməyə də bilər. Yəni hər Oxucu oxuduğu kitaba mətbuatda münasibət bildirmək məcburiyyətində deyil.

“Təzadlı dünya”da haqq-ədalətdən, haramdan, əslini danmaqdan ifrat dərəcədə çox istifadə olunub. Təbii ki, bütün bunlar maraq cəlb etməyə bilməz. Qarabağda, onun bir bölgəsi olan Qarabulaqda yaşananları toplamaq, indiki çətin zəmanədə kitab halına salmaq özü bir qəhrəmanlıqdır. Amma kitabda yazılan həyat hekayələrinin hamısı həqiqəti əks etdirirmi? Bax, əsas məsələ budur! Kitabı oxuyanda yuxarıda qeyd etdiyim kimi, həmyerlimin müəllif haqqında dediyi fikirlərə acı təəssüflə qoşuldum. Nədən ki, müəllif kitab üçün həyat hekayəsi yazırsa və bu həqiqəti əks etdirmirsə, onun tüstüsünün həmyerliləri arasında çox uzaqlara yayılacağını özü əvvəlcədən bilməli idi. “Bais elli” (“Vayis elli”) adı ilə yazılan hekayədə müəllif görünməmiş haqsızlığa yol verib. Təkcə, müəllifin hekayələri topladığı Qarabulaq bölgəsində (indiki Füzuli) deyil, İlyas Əfəndiyevin əsərlərinə bələd olan Azərbaycan Oxucusu həmin hekayədə baş verənlərin əslində harada və necə baş verdiyini bilir. “Bais elli” (“Vayis elli”) hekayəsini oxumayan Oxucular üçün qısa məğzini qeyd edim ki, toy evi gəlin apararkən, yolda bir kəndin sakinləri gəlinə hücum edirlər və o vaxtdan qan davası düşür. Oqtay Əliyev bu hadisəni nədənsə əlaqəsi olmayan bir kəndə yapışdırıb. Bu kənd də Veysəlli kəndidir. Veysəl adlı kişinin adı ilə bağlı olan kənd Oxucuya Oqtay Əliyevin təxəyyülündə “Vayiselli” kimi sırınır. Kəndin bütün sakinləri də “erməni məkrli, nadürüst, haramzada, duz-çörək qədri bilməyən, bədəməlli” kimi təqdim edilir. İlk baxışda bir həmyerli kimi təəssüf hissi yaranmışdısa, hekayəni oxuyanda özünə ziyalı deyən insana bu cılız təfəkkürünə görə daha çox təəssüf etdim. Kitabda ziyalılıqdan, qoltuq publisistikasından ağızdolusu cəh-cəh vuran insan görəsən, yaşadığımız 2011-ci ilədək Veysəlliyə “Vayiselli” deyə bilərdimi? Yox!!! Səbəbi isə çox sadədir. Çünki Oqtay Əliyevin kitablarının Qarabulaqda satışını və yayılmasını təşkil edənlər də  həmin kənddə doğulan ziyalılar idi. Bax belə, əziz Oxucu! Bu da bütün kitabı boyu özünü saf ziyalı kimi təqdim edən insanın əslində hansı “dinə, məzhəbə” qulluq etdiyini sübut edir. Təzadlı müəllifin səmimiliyi şübhə altına düşəndə onun yazıları çəkisiz və dəyərsiz olur.

“Təzadlı dünya” gələcəkdə nə vaxtsa yenidən və işlənmiş versiyada çap olunacaqsa, Qarabulaqda baş verən bir həyat hekayəsini də müəllifə dəstək məqsədilə mən yazaram. Oqtay Əliyevin bu hekayədən istifadə edəcəyinə inandığım üçün əvvəlcədən deyim ki, bu hekayə 40-cı illərdə baş verib və bu günədək bölgədə hamının dilində dolaşır:

 

“Öz əzazilliyi ilə seçilən kolxoz sədri iki-üç gündən bir çobana xəbər yollayıb, kolxozun bir qoyununu evinə gətizdirirmiş. Sən demə, savadsız olsa da çoxbilmiş çoban hər dəfə sədrə yemək üçün qoyun verdikcə öz çomağında bir düz xətt çəkirmiş. Çomaqda düz xətt çəkməyə yer qalmayanda çoban xətləri saydırır və öyrənir ki, nə az nə çox, 300 düz xətt çəkib. Növbəti dəfə kolxoz sədri üçün qoyun aparmağa gələndə çoban etiraz edib, qoyun vermir. Axşam evinə qayıdanda isə öyrənir ki, qəzəblənən kolxoz sədri çobanın ailəsini Zal dərəsinə sürgün etdirib. Ərincək olmayan çoban çomağını götürüb birbaşa Bakıya, Mir Cəfər Bağırovun qəbuluna gəlir. Bakıda çobanı kolxoz sədrinin əzazilliyindən baş götürüb qaçan bir gənc qarşılayır. Beləcə çobanın Bakıda görüşdüyü gənc onu Mərkəzi Komitəyədək müşayiət edir. Çobanı başqa adamlar qəbul etsələr də, inadla bildirir ki, mütləq Bağırovu görməli və əlindəki “çomağın sirrini” ona deməlidir. Bağırov çobanı bir neçə gündən sonra qəbul edir. Kolxoz sədrinin qəddarlığından tutmuş, qoyunları yeməsinə və dövlət əmlakının talan olunmasına qədər ətraflı məlumat verən çobana deyilir ki, dediklərin sübut olunsa, həmin sədr cəzasını mütləq alacaq. Kəndə qayıdan çoban sədrə ağzının ovulacağını desə də, sədr ona inanmır. Bir neçə gündən sonra kəndə böyük heyətlə yoxlama gəlir və çobanın dedikləri sübut olunur. Sosialist Əməyi Qəhrəmanı olan sədr yoxlamaya gələnləri söyüb təhqir edir. Bu da təbii ki, Bağırova məruzə olunur. Əmək qəhrəmanlarının talançı kimi həbsi o illərdə çətin olsa da, Bağırov sədrin həbs edilməsini tapşırır. Günahı sübuta yetirilən sədr uzun müddətə həbs edilir və əmlakı müsadirə olunur. Stalinin ölümündən sonra isə azadlığa çıxır. Sədrin 44-cü ildə anadan olan oğlu rayon qəzetində işlədiyindən mütəmadi Moskvaya yazıb, atasının bəraətinə nail olur. Hətta sabiq sədrə bir maşın da bağışlanır. Bəraət qərarını və maşının sənədlərini götürüb kəndə – atasının yanına gələn jurnalist oğul, xidmətlərinin müqabilində həmin maşını istəyir. Lakin ailədə hamı maşını istəyir və böyük dava düşür. Jurnalist oğul isə qəzəblənib maşının sənədlərini hamının gözü qarşısında cırıb tullayır. Beləcə, hökumətin verdiyi maşın heç kimə qismət olmur. Jurnalist oğul isə o vaxtdan öz ailəsindən küsüb uzaqlaşır.”

Günümüzdə yaşı yetmişi haqlayan həmin jurnalist haqqdan, ədalətdən, əslini danmaqdan bəhs edən hekayələr toplayıb yazıb. Amma doğulduğu bölgədə əzazilliyi ilə ad çıxaran atası qədər məşhur deyil! Bütün Qarabulaq camaatı Böyük Vətən müharibəsi illərində həmyerlilərinə qan udduran kolxoz sədrini bu gün də belə anır.

 

Səfəralı Səfərov

Füzuli rayon, Veysəlli kənd sakini

 

Xural” qəzeti,

İl: 9, sayı: 030 (438),07-13 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button