Təhsil Nazirliyi Elşad Abdullayevə qarşı hərəkətə keçdi

«Saxta diplomların aşkarlanması» sabiq rektora cinayət işi açılması üçün hazırlanan ssenaridir

 Ölkəmizin ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diplomlarının yoxlanılması istiqamətində Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində 24 rayon üzrə araşdırmalar başa çatıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, aparılmış araşdırmalar nəticəsində müəyyən olunub ki, həmin rayonların ümumtəhsil müəssisələrində çalışan pedaqoji işçilərdən 92 nəfərin diplomu saxtadır. Saxta diplomların 24-ü Bərdə, 12-si Quba, 7-si Cəlilabad, 7-si Beyləqan, qalanı isə digər 20 rayonda aşkar edilib. Məsələnin araşdırılması ilə bağlı Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət olunub. Onu da qeyd edək ki, saxta diplomların aşkarlanması məqsədilə Təhsil Nazirliyi tərəfindən daha 25 rayonun ümumtəhsil müəssisələrində araşdırmalara başlanılıb.

Qeyd edək ki, «Xural» qəzetində dərc edilən «Təhsil Nazirliyində diplom şoku» adlı yazıda da mövzu ilə bağlı məlumat verilmişdi. Yazmışdıq ki, artıq ölkənin əksər orta məktəblərində müəllimlərin diplomları yoxlanılmağa başlayıb. Maraqlıdır ki, hələlik saxta diplom əməliyyatında kimlərin daha çox məsuliyyət daşıdıqları barədə rəsmi heç bir açıqlama verilmir. Lakin araşdırmalarımız göstərdi ki, diplomların yoxlanılması, əslində, 2006-cı ildəki dövrdən sonraya aid edilir.

Məlumatda bildirilirdi ki, əgər diplomlar Təhsil Nazirliyi tərəfindən verilibsə, o zaman məsuliyyəti vətəndaş deyil, məhz nazirlik və əlaqədar strukturlar daşımalıdırlar. Bundan başqa, TN-nin rayon şöbələri də bu məsələdə cavabdehdirlər. Ali təhsili başa vuran zaman «aldadılıb saxta diplom alan» vətəndaş, daha sonra TN-nin müvafiq rayon şöbəsində «təkrar aldadılaraq» işə götürülüb. Bütün hallarda isə sıravi müəllim deyil, fırıldaqçı kimi nazirlikdən rəsmən diplom verən yüksək vəzifəli məmurlar cinayət məsuliyyətinə cəlb etməlidir.

Təhsil Nazirliyinin saxta diplomlarla bağlı dünənki açaqlamasından sonra apardığımız araşdırmalar zamanı isə məlum oldu ki, əslində, başlanan kampaniya hazırda Fransaya qaçaraq Azərbaycanın yüksək çinli dövlət məmurlarına qarşı sərt bəyanatlar verən ABU-nun sabiq rektoru Elşad Abdullayevə cinayət işinin açılması üçün aparılan hazırlıqların tərkib hissəsidir. Öyrəndik ki, 2007-2009-cu illərdə ABU-nu bitirərək təhsil sistemində müəllim kimi işə düzələn vətəndaşları «aldadılaraq saxta diplom verdiyinə görə» E.Abdullayevə cinayət işi açılacaq. Söhbətləşdiyimiz ekspertlər deyir ki, «aldadılmış» məzunların sayından asılı olaraq Elşad Abdullayevə açılan cinayət işi üzrə maddələr də ağırlaşdırılacaq. Hüquqşünaslar hesab edirlər ki, daha çox adamı prossesə cəlb etməklə E.Abdullayevi insanların etimadından sui-istifadə, rüşvət alma və dövlət sənədlərini saxtalaşdırma maddələri üzrə ittiham edə bilərlər.

Bir məqamı növbəti dəfə əlavə edək ki, «saxta» kimi qiymətləndirilən diplomların əksəriyyətində Təhsil Nazirliyinin möhürləri var. Və əgər diplomlar saxtadırsa, bütün hallarda onların hazırlanması və verilməsində nazirliyin məsul şəxsləri birbaşa iştirak ediblər.

“Xural” qəzeti,

il 9, sayı: 060 (469), 14 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button