Təhsil Nazirliyində işləyən var, ya yox?

Sumqayıt müəllimlərinin müraciətini aydınlaşdırmaq müşkülə döndü

 «Xural» qəzetinin dünənki sayında bir qrup Sumqayıt müəllimi adından Svetlana Məmmədova, Həbib Vəliyev, Cavidan Veysəlli və Müzəffər Qurbanovun imzası ilə redaksiyaya daxil olan məktub dərc edilib. Şəhərdəki təhsil sistemində baş verən özbaşnalıqlar və rüşvət yığımı haqda iddia irəli sürən məktub müəllifləri qeyd edir ki, 65 yaş məhdudiyyəti ilə bağlı pensiyaya çıxarıldığı deyilən Texniki elmlər təmayüllü gimnaziyanın direktoru Minarə Tahirova, 21 nömrəli məktəbin direktoru Zakir müəllim, 1 nömrəli məktəbin direktoru Lətifə xanım, 25 nömrəli məktəbin direktoru Əvəz Mahmud Lələdağ və s. hələ də vəzifələrini icra edirlər və dərsləri bölmək üçün hər müəllimdən 100-200 manat rüşvət yığırlar.

Məktubda daha sonra iqtidaryönlü qəzetlərə zorla abunə yazılışı, müəllimlərin hər şənbə günü iməcilik adı ilə yer süpürməyə vadar edilməsi və kölə kimi işlədilməsi, əməkhaqqından müəyyən faizin məktəb direktorlarına məcburi qaydada verilməsi vurğulanır və bu işlərdə həm də Sumqayıt Təhsil Şöbəsinin müdiri Vidadi Bağırov günahkar sayılır.

«Bir qrup müəllim adından» göndərilən müraciəti araşdırmaq üçün Təhsil Nazirliyi ilə əlaqə saxladıq.

 Təhsil Nazirliyində yalnız «səlahiyyəti olmayan» xanımlar işləyir?

 Əvvəlcə, Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bayram Hüseynzadənin münasibətini öyrənməyə çalışdıq. Günortadan keçməsinə baxmayaraq, telefona cavab verən xanım «Bayram müəllimin nahar fasiləsindən hələ qayıtmadığını» söylədi. Sualımıza cavab almaq üçünsə Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin rəisi Fərzəli Qədirovla əlaqə saxlamağımızı məsləhət bildi.

Fərzəli Qədirov əvvəlcə telefonu götürsə də, danışa bilmədik və texniki səbəblərdən təkrar zəng etməyə məcbur olduq. Demə, Fərzəli müəllimin səsini eşitmək xoşbəxtliyi nəsibimiz deyilmiş – telefon faks aparatına qoşuldu.

Aradan bir müddət keçəndən sonra yaratdığımız bağlantıda isə Fərzəli Qədirovun iclasa yollandığı və qayıdacağı vaxtın yalnız Allaha bəlli olduğunu öyrənə bildik. Dəstəyi qaldıran xanım suallarımıza cavab vermək səlahiyyətində olmadığını, faktı şöbə əməkdaşları ilə aydınlaşdıra biləcəyimizi söylədi.

Özünü təqdim etməyən Təhsil Nazirliyinin xanım əməkdaşının verdiyi nömrəni isə gün ərzində qaldıran olmadı.

 Nazirlik təhsil şöbələrinin telefonunu belə bilmir

 Sumqayıt Təhsil Şöbəsi ilə əlaqə saxlamaq və Vidadi Bağırovun yazılanlara münasibətini öyrənmək istəyimiz də gözümüzdə qaldı.

Təhsil Nazirliyinin xanım əməkdaşının verdiyi nömrə ümumiyyətlə, mövcud deyildi. Nazirliklə yenidən əlaqə saxladıqda isə bu dəfə telefonu cavablayan başqa bir xanım «Nazirlikdə olan nömrə budur, ola bilsin ki, Sumqayıt Təhsil Şöbəsinin əlaqə telefonu dəyişib, ancaq bizim xəbərimiz yoxdur» – deyib soyuqqanlılıqla «109» xidmətindən yararlanmağı təklif etdi.

Təhsil Nazirliyinin rayon/şəhər təhsil şöbələri ilə əlaqələrinin hansı səviyyədə olduğunu bu fakt bir daha əyani göstərirdi. Əgər Nazirlik ölkənin ən böyük şəhərlərindən biri olan Sumqayıtın Təhsil Şöbəsinin «təzə nömrəsini» bilmirsə və bunu ayıb saymırsa, müraciətlərə yalnız «səlahiyyəti olmayan» xanımlar «bilmirəm»lə cavab verirsə, daha nə etmək olar?

Yeri gəlmişkən, Təhsil Nazirliyinin nəzərinə: Sumqayıt Təhsil Şöbəsinin telefonu (01864) 2-13-16-dır!

 Direktorların işdən çıxanı da var, işləyəni də!

 Sumqayıt Təhsil Şöbəsinin əldə etdiyimiz nömrəsinə də heç bir səlahiyyətli cavab vermədiyindən, məktubda sadalanan məktəblərlə əlaqə saxlamaqdan ayrı əlac görmədik.

Sumqayıt şəhər 25 saylı məktəbdən bildirdilər ki, məktubda adı gedən keçmiş direktor – yenicə işdən azad edilən nazir müavini İsgəndər İsgəndərovun qardaşı Əvəz Mahmud Lələdağ artıq uzun müddətdir ki, işə çıxmır: «Sentyabrın 2-dən Təhsil nazirinin sərəncamı ilə Əvəz müəllim pensiyaya göndərilib və o vaxtdan da işə gəlmir. Yeni direktorsa hələ təyin edilməyib, ona görə də direktor vəzifəsini müvəqqəti olaraq müavin Asif müəllim yerinə yetirir».

Əsl həngamə isə 21 saylı məktəbin direktoru Zakir müəllimlə əlaqə saxlayanda başladı. Telefona özü cavab verən Zakir müəllim soyadını deməmək üçün bütün vasitələrə əl atdı: «Müraciəti yazanlar mənim soyadımı qeyd etməyiblərmi?»

Qeyd etmədiklərini və onun özü ilə dəqiqləşdirmək istədiyimizi deyəndə isə bildirdi ki, «Təhsil Nazirliyinin verdiyi sərəncamla işdən çıxarılan 11 məktəb direktorunun siyahısında mənim adım varmı?»

Hörmətli Zakir müəllimə heç cür başa sala bilmədik ki, o, sərəncamdakı məktəb direktorlarının adları mətbuata açıqlanmayıb və siyahını dəqiqləşdirmək üçün Təhsil Nazirliyi ilə əlaqə saxlamaq mümkün deyil.

«Bunu demək sizinçün çətindirmi ki, işdən çıxarılanların siyahısında adınız yoxdur» sualımıza yenə də qarışıq bir cavab verən Zakir müəllimin sözünü anlamadıq.

 Allah kimsəni Zakir müəllimin dilinə salmasın!

 Yarım saatdan artıq davam edən söhbətimizdən azacıq dialoq verək, Zakir müəllimin necə gözəl müsahib olduğunu özünüz müəyyənləşdirin:

– Zakir müəllim, məktubda yazılıb ki, işdən çıxarılmağınıza baxmayaraq, hələ də vəzifənizi icra edirsiniz. İşdən çıxarılmısınızmı?

– Mən dövlətlə dövlətçilik edəcəm? İşdən çıxarılıb vəzifədə oturacam? (və düz 5 dəqiqə bu cür ritorik suallar…)

– Zakir müəllim, sizin pensiya yaşınız çatıbmı?

– Onu Nazirlik bilər. Siz niyə bunu aydınlaşdırmaq istəyirsiz? Məgər müraciəti yazanlar yaşımı yazmayıb? (və 6 dəqiqə də beləcə gedir…)

– Zakir müəllim, neçə yaşınız var?

– Çoxdur. Hər halda, az deyil… Bilirsiniz, adamın yaşı… Bir dəqiqə, o məktubu kim yazıb? Siz aydınlaşdırmısınız ki, o adda doğrudan da müəllimlər var, ya yox? Özləri ilə görüşmüsünüz?.. (7 dəqiqə də beləcə cəhənnəmə gömülür).

Müəllimlərin adını deyirik.

– Yoxdur elə müəllimlər, o adda müəllimləri tanımıram…

Sumqayıtda 49 məktəbin olduğunu, hər məktəbdə də filan qədər müəllimin işlədiyini və Zakir müəllimin bu müəllimlərin hamısını tanımağa borclu olub-olmadığını daha demirik. Nə mənası?

Son olaraq, «Zakir müəllim, işdən çıxarılmağınız barədə əmrin olmadığını, yazılanların həqiqətə söykənmədiyini və soyadınızı demək sizin üçün bu qədərmi çətindir» sualına «onu deyəcəkdim…» sözünü eşidib də bu məktəb direktorunun şagirdlərinə canı-dildən acıya-acıya dərhal sağollaşdıq. İnanmayacaqçınız, biz telefonu asanda Zakir müəllim hələ də danışırdı…

Təhsil Nazirliyi nəhayət, insafa gəlib, bir qrup müəllim adından müraciət yazan məktub müçlliflərinə cavab versə, dərc edərik!

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 045 (453), 28 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button