Təhsil Nazirliyində saxta diplom şoku yaşanır

Aparılan araşdırma rayon məktəblərində minlərlə müəllimin uzun illərdir saxta sənədlərlə çalışdığını üzə çıxarıb

 Azərbaycanın rayonlarında məktəb müəllimlərinin kütləvi ixtisarına start verilib. Rayonlardakı mənbələrdən aldığımız məlumata görə, buna səbəb təhsil naziri Misir Mərdanovun göstərişi ilə müəllimlərin işə qəbul olunduğu təhsil sənədlərinin yenidən araşdırılması olub. Araşdırma zamanı bəlli olub ki, uzun illərdir orta məktəblərdə müəllim kimi çalışan minlərlə təhsil işçisinin diplomları saxta imiş. Onların arasında universitetlərə qanunsuz yollarla daxil olanlar, xarici filiallardan köçürülənlər və ümumiyyətlə fəaliyyəti mövcud olmayan kollec və texnikumların məzunları var. Mənbəmiz qeyd edir ki, belə müəllimlər arasında müxtəlif təltiflər və fəxri adlar alanlar da var. Hazırda rayon təhsil şöbələri tərəfindən həmin müəllimlərin işdən çıxarılması prosesi gedir. Məsələ bununla da yekunlaşmır, rayon təhsil şöbələrinin müdirləri həmin müəllimləri indiyədək dövlətdən aldıqları maaşı geri qaytarmalı olduqları ilə də hədələyir.

Məlumatlı mənbələr qeyd edir ki, Təhsil naziri Misir Mərdanovun bu göstərişi təsadüfi sayıla bilməz. Çünki hazırda ölkənin müxtəlif müvafiq qurumları Təhsil Nazirliyindəki ayrı-ayrı qanunsuzluq faktlarını araşdırmaqla məşğuldur. Nazirlikdəki son həbslər, üç nazir müavinin birdən işdən azad edilməsi bu prosesin məntiqi nəticələridir.

Son günlərdə Laçın Təhsil Şöbəsinin kadrlar bölməsinin müdiri Adil Cabbarovun həbsinin isə konkret olaraq bəhs etdiyimiz saxta diplom olayı ilə bağlı olduğu vurğulanır.

Bu mənada Misir Mərdanov bu göstərişi ilə özünü proseslərdən təmiz və az zərərlə çıxarmağa çalışır.

Ancaq əlbəttəki ortaya haqlı sullar çıxır. Ümumiyyətlə, hazırda işdən çıxarılan müəllimləri bu saxta diplomlarla təmin edən qanunsuz təhsil müəssisələri necə fəaliyyət göstərib? Müəllimlər işə götürülərkən onların təhsil sənədləri niyə araşdırılmayıb? Və bu qanunsuz sənədlərlə işə qəbul necə baş verib?

Bu suallara cavab almaq üçün Təhsil Nazirliyinin mətbuatdan uzaq düşmüş Mətbuat Xidmətinin rəhbəri Bayram Hüseynzadə ilə əlaqə saxlamaq istəsək də, hörmətli Bayram müəllimi həmişə olduğu kimi yenə tapa bilmədik. Onun mobil və iş telefonlarına etdiyimiz davamlı zənglər cavabsız qaldı…

“Xural” qəzeti,

il 9, sayı: 059 (468), 13 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button