Təhsil Nazirliyinin əməkdaşı Goranboyda məktəbli forması satır

Boz rəngli geyimlərin mənşəyi bilinmir

Təhsil Nazirliyinin Aydın Əhmədov adlı məmuru Goranboy rayonunda məktəbli geyimlərinin satışı ilə məşğul olur. Bu barədə redaksiyamıza valideynlər məlumat verib. Valideynlərin bildirdiyinə görə, bir müddət əvvəl rayona boz rəngli, mənşəyi bilinməyən məktəbli formaları gətirilmişdi. O zaman əhalinin narazılığı KİV-lərdə geniş işıqlandırıldı. Bundan sonra məktəbli geyimləri satışdan yığışdırıldı. Valideynlərin bildirdiyinə görə, həmin məktəbli formaları rayonda yenidən məcburi qaydada satılır. Təhsil Nazirliyinin Aydın Əhmədov adlı məmuru Rayon Təhsil Şöbəsinin qarşısında mağaza kirayələyib. Rayon Təhsil Şöbəsinin müdiri İlham Hüseynovun göstərişi ilə, məktəb direktorları şagirdlərdən həmin formaları geyinərək dərsə gəlmələrini tələb edir. Tələb olunan məktəbli geyimini almayan şagirdlər dərsə buraxılmır. Valideynlərin bildirdiyinə görə, formalar keyfiyyətsiz, zövqsüz və olduqca bahadır: “Rayonda satılan məktəbli geyimləri boz rəngindədir. Zövqsüz və keyfiyyətsiz tikilib. Qiymətləri də bahadır, ölçülərindən asılı olaraq 38, 40, 45, 50 manatadır. Halbuki ölkənin digər rayonlarında və Bakıda daha keyfiyyətli məktəbli geyimləri satırlar. Valideynlərin əksəriyyəti Bakıda satılan məktəbli geyimlərindən alıb. Lakin direktorlar Bakıdan alınan geyimlərlə uşaqları dərsə buraxmırlar. Bizdən tələb edirlər ki, təhsil şöbəsinin qarşısında olan mağazada satılan keyfiyyətsiz formaları alaq. Bizdə olan dəqiq məlumata görə, rayonda satılan məktəbli formaları Təhsil Nazirliyində yüksək vəzifədə işləyən Aydın Əhmədov adlı şəxsə məxsusdur. Mağazanı da o kirayə götürüb. Formaların məcburi satışına isə rayon təhsil şöbəsinin müdiri İlham Hüseynov rəhbərlik edir”.

Dünən məsələylə bağlı Təhsil Nazirliyinin mövqeyini öyrənməyə cəhd etdik. Lakin nazirliyə gün ərzində dəfələrlə etdiyimiz telefon zənglərinə cavab verilmədi. Goranboy Rayon Təhsil Şöbəsinin müdiri İlham Hüseynov da telefon zənglərimizə cavab vermədi. Goranboy rayon icra başçısının humanitar məsələlər üzrə müavini Elçin İsmayılov suallarımızı cavablandırdı: “Rayonda satılan məktəbli geyimləri Təhsil Nazirliyinin qəbul etdiyi standartlara uyğundur. Qızlar üçün yubkalar boz rəngindədir. Lakin oğlanların şalvarları boz deyil. Jaketlər qırmızı rəngdədir. Təhsil Nazirliyinin əməkdaşı barədə məndə hər hansı bir məlumat yoxdur. Bildiyim qədər məktəbli formalarının satıldığı mağaza bir sahibkara məxsusdur. Mağaza Goranboy şəhərinin mərkəzində təhsil şöbəsinin yaxınlığında yerləşir”.  

 Ə.Muxtarlı

“Xural” qəzeti,

il 9, sayı: 059 (468), 13 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button