Təhsildə test mafiyası

Onun Təhsil Nazirliyi ilə əlaqəsi varmı?

 Media və ictimai nəzarət qurumları daim böyük pulların dövriyyəsini nəzarətdə saxlamağa cəhd edir. Azərbayanda isə böyük pullar əsasən neft-qaz sahəsində, gömrük, vergi və s. dövlət orqanlarında olur. Elə buna görə də digər sahələr ya səthi diqqətə alınır, ya da ümumiyyətlə diqqətə alınmır. Azərbaycanda təhsilə dövlət büdcəsindən ayrılan vəsait az qala hərbini də üstələyir. Özlüyündə bu, təqdir olunacaq prosesdir. Lakin təhsilə dövlət büdcəsindən ayrılan vəsaitlər əsasən, son 17-18 ildə məktəblər, kolleclər və universitetlər vasitəsilə mənimsənilir. Təhsil müəssisələri dövlət budcəsindən ayrılan vəsaitlə demək olar ki, yalnız işçilərinin əmək haqlarını ödəyirlər. Digər proseslər isə əsasən şagirddən və ya tələbədən müxtəlif adlarda yığılan vəsaitlərlə həyata keçırılır. Ötən saylarımızdan birində yalnız paytaxtın orta ümumtəhsil  məktəblərindən il ərzində valideyn komitəsi adlı heç bir hüquqi statusu olmayan “qurum” tərəfindən 30 milyon manat civarında vəsaitin yığılması haqda məlumat dərc etmişdik. Təəssüflər olsun ki, artıq illər uzunudur bu tip araşdırmaları daim “bizə fakt verin” deyən Təhsil Nazirliyi nə “eşidir”, nə də “görür”. Nəzərə alsaq ki, paytaxtın təhsil müəssisələrindəki şagırd sayı ölkə məktəblərinin şagird sayının 1/3-dir, onda qeyri-leqal əldə olunan vəsaiti ikiyə vurmaq lazımdır. Lakin məktəblərdəki maliyyə fırıldaqları yalnız qeyri-leqal pul yığımı ilə bitmir. Artıq bir neçə ildir ki, müxtəlif fənnlər üzrə test kitab və dəftərləri valideynlərə kütləvi şəkildə aldırılır. Redaksiyamıza məsələ ilə bağlı müraciət edən valideynlər sentyabrın 15-dən 30-na qədər birinci sinifdə oxuyan övladlarına sinif rəhbərləri tərəfindən məcburi qaydada 45-50 manat civarında müxtəlif adlarda kitab və test dəftərlərinin aldırıldığını söyləyirlər. Qəribədir ki, ötən illərdən fərqli olaraq rus və igilis dili dərslikləri də məhz valideynlərə aldırılır. Ən ucuzu 3-5 manat məbləğındə olan bu “dərs vəsaitləri” müxtəlif adlı müəssisələrdə çap olunub. Məsələ ilə bağlı rəyini istədiyimiz adının çəkilməsini istəməyən ekspert, nəşriyyat-poliqrafiya müəssisələrinin müxtəlif adlarda təqdim olunmasını əslində, fikri yayındırmaq üçün incə bir siyasət olduğunu diqqətimizə çatdırdı. Bu proses eyni zamanda təhsilə nəzarət funksiyasini həyata keçirən ictimai qurumların və medianın diqqətini yayındırmaq məqsədi daşıyır. Əslində isə həmin çap məhsullarının alışının məcburi qaydada təmin edilməsi çap məhsullarının bir əldə cəmləşdiyini təsdiq edir. Ekspert fikrinin təsdiqi kimi eyni adlı, heç bir qüsuru olmayan, lakin başqa nəşriyyatda çap olunan bu cür kitab və dəftərləri alan valideynlərdən həmin vəsaitlərin müəllimlər tərəfindən qəbul olunmadığını bildirdi. Müəllimlər valideynlərə məhz bir neçə nəşriyyatın çap etdiyi dərs vəsaitlərini almağı məsləhət bilirlər. Bu da onu göstərir ki, artıq hər bir müəllimə məktəb direktorları vasitəsilə konkret adlar verilib.

Nəzərə alsaq ki, bu il respublika üzrə orta ümumtəhsil müəssisələrinə 120 minə qədər şagird qəbul olunub, onda sadə bir hesablama ilə dövlət müəssisəsi olan məktəblər tərəfindən məcburi qaydada satışı təmin edilən test kitabçalarının satışından əldə olunan vəsaitin miqdarına baxaq. Əgər 120.000-i orta statistik rəqəmə – 3.5-ə vursaq 420.000 min manat vəsait alınar. Onu da qeyd edək bu rəqəm yalnız sentyabr ayında, 15 gün müddətində birinci sinifdə oxuyan şagirdlərin valideynləri tərəfindən xərclənən vəsaitin təxmini miqdarıdır. Təhsil ilinin doqquz aydan ibarət olduğunu, proqramın getdikcə daha fərqli istiqamət almasını nəzərə alsaq, onda rəqəmlərə daha çox sıfırların əlavə olunmasının şahidi olarıq. Rəsmi qurumların təhsil müəssisələri üçün nəzərdə tutulan vəsaitin xərcinin çıxılmasından sonra təmiz gəlirin 40% olması barədə fikirlərini əsas götürsək, alınan məbləğ geniş reklam olunmayan müəssisələr üçün əla göstəricidir. Çünki məktəblilər üçün üst geyimi istehsal edən Bakı Tikiş Evinin satışdan əldə olunan xalis gəlirinin 6.000.000 manat olduğu söylənilərkən, həmin məbləğin bütün xərclər çıxılandan sonra, məhz 40%-dən formalaşdığı söylənilmişdi. Və onu da nəzərə alsaq ki, yuxarıdakı hesablamalarımız yalnız ölkə məktəblilərinin birincilərinin məcburi qaydada aldıqları əlavə test kitab və dəftərləri üçündir, onda həmin rəqəm 10-a vurulur, həm də daha fərqi qiymətlərlə. Çünki daha yuxarı siniflər üçün nəzərdə tutulan bu cür dərs vəsaitləri birincilərinkindən də baha olur. Ekspert “test adı ilə satılan həmin çap məhsullarındakı tapşırıqların əsas dərs vəsaitlərinə nə üçün salınmır” –  sualımıza, konkret cavab verdi – “əgər bu hal baş verərsə, onda ildə milyonlarla əlavə gəlir əldən çıxar.” Cavabdan bu qənaətə gəlmək olar ki, kimlərinsə milyonlara sahib olması üçün orta aylıq əmək haqqı, hətta yavan çörəyinə çatmayan, əhalisinin böyük bir hissəsinin işsiz olduğu məmləkət əhli balasını lap Sabirsayağı “oxutmuram, əl çəkin” deyə məktəblərə qoymaya. Görəsən, valideynlər kütləvi şəkildə uşaqlarnı məktəblərə qoymasalar, təhsil naziri cənab Misir Mərdanov nə edər? Söz artıq Təhsil Nazirliyinindir. Bu dəfəki susqunluğunuzu müdriklik hesab etməyəcəyik. Mövzunu diqqətdə saxlayacağıq.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 049 (457), 02 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button