Təhsilimiz sıfırdan qurulmalıdır?!

Nadir israfilov,

Təhsil eksperti

misir mərdanov  “Bu gün əl üstündə gəzməyə layiq müəllimlərimiz var. Biz isə onlara bunun müqabilində 200 manat əməkhaqqı veririk.Əgər müəllimə 2000 manat verilərsə, o, repetitorluq edərmi? Əminəm ki, Azərbaycan təhsili 10-15 ilə çox yüksək səviyyədə olacaq. Azərbaycan təhsili sıfırdan qurulmalıdır! Azərbaycan müəllimini belə qiymətləndirmək olmaz! Normal, ağlı başında olan insan 200 manata müəllim olub əsəblərini korlamaz!..” (“Azadlıq” radiosu).

Bəlkə inanmayacaqsınız, bu sözlərin müəllifi təhsil naziri Misir Mərdanovdur. Yəqin ki, onun sentyabrın 6-da Bakı şəhəri təhsil işçiləri qarşısında etdiyi “odlu-alovlu” çıxış uzun illər yaddaşlardan silinməyəcək. Diqqət yetirin, bir neçə cümlədə cənab nazir aləmi qatıb-qarışdırıb, dövlətə qarşı siyasi tələblərdən tutmuş, Azərbaycan müəlliminin aşağılanmasınadək qatı açılmamış ifadələr işlədib. Daha doğrusu, o, heç kimin gözləmədiyi bir jest edib, “bir budaqda durub min budağı silkələyib”. İndi gəl, onun bu çoxqatlı fikirlərindən baş çıxar…

Bəli, bizim savadlı, qabiliyyətli, peşəsini sevən, əl üstə gəzəsi müəllimlərimiz var. Bu, inkarolunmazdır. Müəllimlərə 200 manat (bəlkə də az!) əməkhaqqı verilməsi, eləcə də onların əksəriyyətinin ehtiyac ucbatından repetitorluqla məşğul olması da faktdır və buna görə onları heç də qınamıram. Burada “2000 manat” söhbətinin nazir tərəfindən yersiz olaraq ortalığa atılması çox təəccüblüdür. Bir var, bu məsələ kəskin şəkildə dövlət və hökumət yetkililəri qarşısında qoyulsun, bu, başadüşüləndir. Fikirləşərsən ki, yəqin Misir Mərdanov öz müəllimlərinin güzəranından narahatdır, bu səbəbdən də o, yüksək dairələrə “onların maaşı 2000 manat olmalıdır!” mesajını verir. Görəsən, cənab nazirin çıxışındakı “Azərbaycan müəllimini belə qiymətləndirmək olmaz!” gileyi kimlərə tuşlanıb? Təbii ki, bu giley aşağılara yox, yuxarılara ünvanlana bilər. Bəs, onda niyə aşağıların yanında səsləndirilir? Açığı, bu, müəyyən mənada, müəllimlərdən siyasi dəstək almaq reveransına bənzəyirdi: Baxın, mən istəyirəm ki, sizin maaşınız 2000 manat olsun, amma neyləyim, yuxarılar bunu eləmir. Hətta həmin çıxış efirə getdikdən az sonra bir həkim dostum mənə zəng edərək dedi: “Naziri gördünmü, deyəsən müxalifətə keçib, yaman siyasi şıxış etdi”. Mərdanovun bu radikal çıxışından sonra adamı bir sual düşündürməyə başlayır: Nədən 13 ildən sonra cənab naziri müəllimlərin maaşı ciddi narahat etməyə başlayıb? Əvvəllər niyə bunu etmirdi? Bu problem ki, onun nazir olduğu müddətdə həmişə olub. Bəlkə həkim dostum demiş, doğrudan da, o, müxalifətə keçməyə hazırlaşır…

İndiyədək cənab nazir yuxarıları inandırmağa çalışırdı ki, hər şey əliyül-əladır, islahatımız öz qaydasında gedir, sabah, birisi gün Avropaya çatacağıq. Görünür, yuxarılara artıq hər şey əyandır, daha orada Mərdanova inanan yoxdur. Qalır aşağılardan dəstək almaq, özü də siyasi dəstək. Daha demir, aşağılar vəziyyəti çoxdan bilir, onlardan dəstək gözləmək isə özünü aldatmaqdan başqa bir şey deyil…

“Azərbaycan təhsili sıfırdan qurulmalıdır!”. Görəsən, bununla cənab nazir nə demək istəyir? Belə çıxır, dövlətin əməyi, necə deyərlər, “qar suyuna dönüb”, yəni hər şey boşuna gedib. Biz təhsil ekspertləri də bunu demirdikmi? Əgər nazirin dediyi kimi, təhsilimiz sıfırdan qurulmalıdırsa, bəs, onda indiyədək dövlətin xərclədiyi ətək-ətək pullar hara getdi? Bəs Dünya Bankının islahat üçün ayırdığı milyonlar? Onlar hara getdi? Onların hesabını kim verəcək?..

Gələk Mərdanovun “Normal, ağlı başında olan insan 200 manata müəllim olub əsəblərini korlamaz!” fikrinə. Yəqin ki, bu fikir də müəllimlərin yanında dividend qazanmağa hesablanıb. Amma gəlin etiraf edək ki, bu, nazir sözü deyil. Kim hansı tərəfə datır-dartsın, bu, müəllimlərimizi təhqir etməkdir. Digər tərəfdən, dərindən təhlil edilərsə, siyasi çağırışdır…

Nəhayət, yazını tanınmış yazar Elnur Astanbəylinin cənab nazirin yuxarıdakı sözlərinə yönəlik fikri ilə tamamlayıram: “Misir Mərdanovun açıqlamaları Azərbaycanda lətifə yaradıcılığının yeni çiçəklənmə dövrü yaşamağa başladığını göstərdi. Adamın söylədiklərini təbəssümsüz, bəzən isə lap şaqqanaq çəkərək, uğunub gedərək oxumamaq mümkün deyil”…

“Xural” qəzeti, il 9, sayı: 035 (443), 11-17 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button