Tənzilə Rüstəmxanlıdan böyük uğur…

tenzilə rüstəmxanlıTənzilə Rüstəmxanlının rəhbərlik etdiyi qurum İctimai TV və Türkiyənin “Bengu TV” telekanalının efir dəstəyi ilə Qubadakı soyqırım məzarlığından canlı veriliş hazırladı

Azəri-Türk Qadınlar Birliyi daha bir böyük proyektə imza atdı. ATQB-nin təşkilatçılığı ilə aprelin 24-də İctimai Televiziya və Türkiyənin “Bengu Türk TV” telekanalı birgə Quba soyqırım məzarlığından canlı dəyirmi masa keçirilib.

Tanınmış telejurnalist Anar Yusifoğlu və Bengu TV-nin əməkdaşı Murad İdilin aparıcısı olduğu “Aktual” verilişinin qonaqları Türk Tarix Qurumunun sabiq sədri, professor Yusif Halacoğlu, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, publisist və müğənni Əhməd Şəfəq, Atatürk Mərkəzinin rəhbəri, professor Nizami Cəfərov və APA İnformasiya Agentliyinin baş direktoru Vüsalə Mahirqızı olublar.

İlk dəfə belə bir məkandan canlı yayım aparıldığını deyən Anar Yusifoğlu hər il aprelin 24-də ermənilərin “soyqırımı” yalanları yaydıqlarını və bu yalanların indi də davam etdiyini söyləyib: “Bu gün dünyada yalan olduğu artıq sübut olunmuş qondarma “soyqırım” məsələsi var. Biz isə gerçəyin önündə gerçəkdən danışacağıq”.

Aprelin 24-də ABŞ prezidenti Barak Obamanın ermənilərlə bağlı olay barədə “soyqırım” sözü işlətməyəcəyini qeyd edən Yusif Halacoğlu deyib ki, ABŞ sadəcə, bu məsələdən Türkiyəyə təzyiq vasitəsi kimi istifadə etməklə istəklərinə nail olmağa çalışır: “Ona görə də Barak Obama “soyqırım” sözünü dilə gətirməyəcək”.

Nizami Cəfərov dünya dövlətlərinin gerçəkləri yox, öz maraqlarını düşündüklərini və bu aspektdən çıxış etdiklərini vurğulayıb: “Digər tərəfdən, mübahisəli məsələ tarixçilərin araşdırma mövzusu olmalıdır, bu məsələ ilə bağlı siyasətçilər qərar verməməlidirlər. Bu gün arxivlər açılıb, faktlar ortadadır. Ermənilərin soyqırım iddialarının yalan olduğu göz önündədir. Qubada Azərbaycan türklərinə qarşı törədilən soyqırım da göz önündədir. Sadəcə, yalançı bir tarix uydurub, bundan bir siyasi vasitə kimi istifadə edirlər. Ona görə də erməni məsələsi ilə bağlı ABŞ və Avropada son söz deyilməyəcək. Çünki bilirlər ki, əslində soyqırım türklərə qarşı törədilib”.

Anar Yusifoğlunun 1915-ci il aprelin 24-də əslində nə baş verdiyi barədə sualına cavab olaraq Yusif Halacoğlu bildirib ki, həmin gün Şərqi Anadoluda türklərə qarşı hücumlar, kütləvi soyqırımlar təşkil edən 235 erməni rəhbər həbs olunaraq İstanbula gətirilib: “Osmanlı hökuməti bundan əvvəl ermənilərə xəbərdarlıq edib, ruslarla birlikdə Şərqi Anadoluda türklərə qarşı hücumlar, qətliamlar törətməkdən əl çəkməyə çağırıb. Ancaq bu çağırış cavabsız qalıb. Saxlanılanlar ermənilərin başbilənləri olub. Ermənilər başbilənlərin saxlanılmasının Şərqi Anadoluda müstəqil erməni dövləti yaradılması niyyətlərinə zərbə vurulması kimi qəbul ediblər. Ona görə də bu günü “soyqırım günü” kimi dünyaya çatdırmağa çalışırlar”.

Yusif Halacoğlu Qərb mənbələrində də ermənilərin qondarma “soyqırım” iddialarının yalan olduğunu sübut edən kifayət qədər faktların olduğunu nəzərə çatdırıb: “1915-ci ildə 1 milyon 300 min erməninin qətlə yetirildiyi iddia olunur. Rəsmi sənədlərə görə, 1914-cü ildə Osmanlı ərazilərində 1 milyon 500 minə yaxın erməni yaşayıb. 1922-ci ildə İngiltərə və ABŞ-ın apardığı birgə araşdırma bu gün BMT-nin arxivində var. Həmin araşdırmaya görə, o vaxt dünyada 3 milyon 4 min erməni olub. Sənəddə qeyd olunur ki, bu ermənilərin 817 min 873 nəfəri Türkiyədən dünyanın müxtəlif ölkələrinə köçmüş ermənilərdir. O da bildirilir ki, 95 min erməni qadın və uşaq müsəlmanlığı qəbul edib, İstanbulda isə 148 min 998 erməni yaşayır. Anadoluda isə 131 min 135 erməninin erməni kimliyi ilə yaşadığı sənəddə əksini tapıb. Bunun özü də ermənilərin iddialarının əsassız olduğunu sübut edir”.

Türkiyə Tarix Qurumunun keçmiş sədri Birinci Dünya Müharibəsi zamanı döyüşlərdə 160 minə yaxın erməninin məhz döyüşlərdə öldürüldüyünü vurğulayıb: “Fransa, Rusiya ordusunda çoxlu sayda erməni döyüşüb. Andronikin türklərə qarşı qətliamlar törədən birləşməsində 40 min erməni olub. 1917-ci ildə Rusiyanın müharibədən çıxmasından sonra Osmanı ilə erməni və gürcülər arasında döyüşlər olub. Bütün bu döyüşlərdə 160 minə qədər erməni ölüb”. Yusif Halacoğlu bu gün ermənilərin bir kütləvi soyqırım məzarlığı üzə çıxara bilməmələrinə də diqqət çəkib: “Bütün bunlar da göstərir ki, 1915-ci ildə köçürmə zamanı 1 milyon erməninin öldürülməsi absurddur”.

ATQB sədri Tənzilə Rüstəmxanlı Kəlbəcərin işğalı zamanı bir erməni komandirin digəri ilə radiostansiya vasitəsi ilə danışarkən azərbaycanlı əsir və girovları öldürməsi barədə əmr verməsinin qeydə alındığını və bu danışığın lentinin Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində saxlanıldığını xatırladıb: “Ona görə də mən Qarabağ azad edilən zaman orada kütləvi məzarlıqlar aşkarlanan zaman təəccüblənməyəcəm. Bu gün Qubada kütləvi soyqırım məzarlığı qarşısından canlı yayımın aparılmasının böyük əhəmiyyəti var. Ermənilər 20-ci əsrin əvvəllərində tək Qubada deyil, Azərbaycanın digər bölgələrində də soyqırımlar törədilər. Çünki məqsədləri Qafqazı Azərbaycan türklərindən təmizləmək olub. Ona görə də Nuru paşanın başçılığı ilə Osmanlı ordusu Azərbaycana gəlib”.

Vüsalə Mahirqızı məsələyə jurnalist baxışından əvvəl vətəndaş mövqeyindən yanaşmağı zəruri sayıb. Onun sözlərinə görə, bu gün hər bir Azərbaycan vətəndaşı soyqırımdan əziyyət çəkmiş ən azı bir nəfəri tanıyır: “Milli Təhlükəsizlik Nazirliyi bir dəfə Ermənistandan əsirlikdən gələnləri jurnalistlərlə görüşdürdü. Əsgərlərimizin qanını çəkib, yerinə damarlarına neft vurublar. Malıbəylidə hamilə vəziyyətdə əsir götürülən qadınlarımızı İrəvana aparıb, orada qarınlarını yarıb, yerinə pişik qoyublar. Əsirlər o qadınların səslərini eşidiblər”.
Verilişdə Xocalıdan olan, ermənilər tərəfindən qardaşları, bacıları, yaxınları öldürülmüş, o nəsildən sağ qalan yeganə insan olan Əsli xanımla bağlı süjet efirə gedib.
Anar Yusifoğlunun erməni yalanı ilə bağlı sualına cavab olaraq Əhməd Şəfəq deyib ki, bir xalqın taleyinə təsir göstərəcək yalan söyləmək çox pis şeydir: “Biz həqiqətlərimizi öncə türk xalqlarına, türk ziyalılarına çatdırmalıyıq. Çünki bunsuz həqiqətlərimizi dünyaya çatdıra bilmərik. Osmanlı dönəmindəki ziyalılar xalqlarının problemlərinə biganə olublar”.
Nizami Cəfərov 1915-ci ildə Osmanlı ordusunda 20 erməni generalın olduğunu və elə bunun da türklərin ermənilərə qarşı soyqırım həyata keçirməsi barədə söylənilənlərin əsassız olduğunu sübut etdiyini dilə gətirib. Yusif Halacoğlu da 1915-ci ildə Osmanlı ordusunda 20 generalın olmasının sənədlərdə əksini tapdığını, Osmanlı ordusunun rabitə sistemində də əsasən ermənilər çalışdığını qeyd edib. O, Afrika və Amerika xalqlarını bir zamanlar sömürən Qərb dövlətlərinin bu gün insan haqlarını müdafiə etməsinin də mümkün olmadığını vurğulayıb: “Əlcəzair və Tunis Fransanın işğalı altında olub. Əlcəzairdə müstəqillik hərəkatı başlayanda Fransa təyyarələri, texnikası dinc sakinləri atəşə tutub, 1 milyondan çox insan öldürüblər. Onların zehniyyəti yenə dəyişməyib”.
Yusif Halacoğlu əslində Xocalı faciəsindən, Azərbaycanda 1 milyon qaçqın və köçkünün olmasından dünyanın xəbərdar olduğunu qeyd edib: “Ancaq həqiqətlərimizi anlatmağa davam etməliyik”. Nizami Cəfərov da yalançı yalan söyləməkdən əl çəkmədiyi kimi, həqiqəti söyləməyimizi davam etməyimizi zəruri sayıb. Yusif Halacoğlu da bu fikri dəstəkləyib və sistemli iş aparılması üçün Azərbaycan və Türkiyənin ortaq institut qurmasını və bu institut vasitəsi ilə dünyada ardıcıl iş aparmağı məqbul hesab edib.
Veriliş Əhməd Şəfəqin ifasında “Çırpınırdın, Qara dəniz” mahnısı ilə yekunlaşıb. Qonaqlar da müğənni il birlikdə bu mahnını ifa ediblər.

Qeyd edək ki, bu ATQB-nin təşkilatçılığı ilə Qubada keçirilən ikinci dəyirmi masadır. İlk dəyirmi masa 31 mart Azərbaycanlıların Soyqırım günündə yenə İTV-nin efir dəstəyi ilə həyata keçirilmişdi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button