Təpəyə güllə dirəyən səviyyəli deputat xanım

Jurnalistləri Beynəlxalq Müdafiə Komitəsinin Nyu-Yorkdakı mərkəzi ofisi də “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının “siyasi motivlərlə və hakimiyyəti tənqid edən məqalələrinə görə” həbs olunduğunu bəyan edir, “Sərhədsiz Reportyorlar” da, “Amnesty International” da! Çünki faktlar, gülünc iddialar ortadadır və beynəlxalq qurumlar artıq Azərbaycanda qəzet redaktorunun həbs monopoliyasına kimin sahiblik etdiyini gözəl anlayırlar.

“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev Ictimai Palatadakı çıxışında maraqlı bir məqama aydınlıq gətirdi. Bildirdi ki, “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili həbs olunandan bir gün sonra prezident Ilham Əliyevin birbaşa müdaxiləsilə azadlığa çıxdı. Həmin vaxt Ilham Əliyev demişdi ki, bir baş redaktoru həbs ediblər, amma mənim xəbərim yoxdur. Möhtərəmimiz bu sözlərlə anlatmaq istəyirdi ki, jurnalist həbsi mənim inhisarımdadır, mənsiz kim bu addımı atıb?
Asif Mərzili olayından sonra daha bu monopoliyaya kimsənin müdaxilə etməsi mümkünsüzdür; deməli, Əvəz Zeynallının həbsi şəxsən möhtərəmimizin işidir.
Bunu hamı bilir, ancaq həbs prosesində vasitə kimi istifadə olunan millət vəkili Gülər Əhmədova özünü oda-közə vurub sifariş almadığını isbatlamaq istəyir. Və bu xanım ağzını açdıqca, danışdıqca özünü daha artıq faş etdiyinin, təəssüf ki, fərqində deyil.
Sayğıdəyər millət vəkili noyabrın 16-da “Yeni Müsavat” qəzetinə açıqlamasında bildirir ki, Əvəz Zeynallı onu “saçma-sapan, fantaziyalı” şeylərlə şantaj edib rüşvət istəyirdi. Üstündən cəmi-cümlətani 6 gün ötəndən sonra “mediaforum”a bəyan edir ki, “əslində, şantaj etmək üçün heç nə yox idi”.
Ha istəyirəm bu xanım haqqında yazmayım, həbsin əsl səbəbkarlarından bəhs edim, deputat imkan vermir ki vermir, özünü dərhal ortaya atır. Gülər xanım, Əvəz Zeynallıda “saçma-sapan” nəsə vardı, ya yox idi? Əgər heç nə yoxdusa, daha niyə Əvəzlə görüşmək üçün dəridən-qabıqdan çıxırdınız, onun səsini yazıb, “məndə bu var, sakit otur” deyirdiniz?
Ikincisi, polemikaya dəvət etdiniz, “Xural” da qəbul elədi. Daha qarşı tərəfi niyə “səviyyəsiz” adlandırırsınız, ay şanlı-şərəfli və şövkətli xanım?
Debatdan ona görə imtina edirmiş ki, “Xural” kollektivinin səviyyəsinə enmək istəmirmiş, “bu gün mən ya onların səviyyəsinə enib söyüş söyməliyəm, ya da bu insanların barəmdə yazdıqlarına görə təpələrinə güllə çaxmalıyam” deyir.
“Yeni Müsavat”dakı həmin müsahibəsində isə demişdi ki, söyüş arqumentsizliyin və zəifliyin göstəricisidir. Və ardınca da Əvəz Zeynallını müdafiə edənləri “şərəfsiz”, “səviyyəsiz” adlandırmışdı.
Əlavə şərhə ehtiyac varmı? Öz şərəfini, səviyyəsini qoruyan şəxs də başqasına “şərəfsiz”, “səviyyəsiz” deyərmi?
O ki qaldı Gülər Əhmədovanın “təpəyə güllə çaxmaq” məsələsinə, deyəsən, səviyyəli xanım hədəsinin cinayət məsuliyyəti yaratmasını bilmir. Ya da cinayət məsuliyyətindən hər zaman yayınacağını düşünür.
Cəhənnəm olsun bunun cinayət məsuliyyəti – onsuz da bu ölkədə cinayətkarları tutmurlar ki! “Xural” qəzetində çalışan 5 kişinin üçü – Nurəddin Xoca, Əfqan Muxtarlı və Nizami Həsənli Qarabağ müharibəsi əlilidir, ermənilərə qarşı döyüşlərdə canlarını qoyublar. Indinin özündə belə, bədənlərində erməni gülləsi gəzdirən bu Kişilərin başına güllə çaxmağı ağlının ucundan keçirən kimsə “ana” və “millət vəkili” olması ilə fəxr edə bilərmi?
Əlbəttə, söhbət Azərbaycanın millət vəkilindən və Azərbaycan Anasından gedir!
Elmar Hüseynovdan Rafiq Tağıya
Dünən bu sətirləri qələmə alanda dostlar xəbər verdi ki, Rafiq Tağı xəstəxanada dünyasını dəyişib. Elmar Hüseynovdan sonra heç belə qara xəbər eşitmək istəmirdim.
Rejim bir dəyərli qələm sahibini də beləcə yola saldı.
Azad sözə güllə sıxdıran, Azad sözün kürəyinə bıçaq sapladan, fərqli düşüncənin təpəsinə güllə çaxan və cinayətləri fonunda cəzasız yaşayan Söz Yezidləri Azərbaycanı Kərbəlaya döndəriblər, Söz Imamlarını qətl edirlər.
Heyf, amma Rafiq Tağıya yox! Ona nə var ki… Haqq dünyasına getdi, canını bu əzabdan qurtardı, bir daha Azərbaycandakı haqsızlıqları görməyəcək, bu ədalətsizliklərlə yaşamayacaq; daha ağrınmayacaq, əzab çəkməyəcək, içindən doğranmayacaq, cəmiyyətin dərdlərini o sısqa çiyinlərində daşımayacaq. Görəsən, Rafiq Tağını doğrayanlar onun içindəki əzabdan, dərddən, çilədən başqa nəsə tapdılarmı?
Heyf bizlərə… Bu millət üçün ağlayan daha bir gözü, tam fərqli bir sözü, ayrı bir düşüncəni itirdik…

“Azadlıq” qəzeti

24 Noyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button