Tacikistan XİN vətəndaşlara Rusiyaya səfərdən çəkinməyi tövsiyə edib

Tacikistan Xarici İşlər Nazirliyi (XİN) vətəndaşlara Rusiyaya səfərdən çəkinməyi tövsiyə edib.

Bu açıqlama Moskva yaxınlığındakı “Crocus City Hall” konsert zalına hücumdan sonra Rusiya dövlət qurumlarının Mərkəzi Asiya ölkələrindən olan miqrantlara təzyiqlərinin kəskin artması fonunda verilib. İş üzrə həbs edilən şübhəlilərin əksəriyyəti Tacikistan vətəndaşlarıdır.

Səyahət elanı aprelin 27-də nazirliyin saytında yerləşdirilib. Mətndən belə çıxır ki, Rusiyaya yalnız təcili ehtiyac yarandıqda getməlisən. Bundan əvvəl insan haqları təşkilatları Rusiyada Mərkəzi Asiya ölkələrindən olan miqrantlara qarşı ksenofobik çıxışların artdığını bildirmişdilər.

Xarici işlər naziri Sirociddin Muxriddin apreldə bildirib ki, Rusiyada “düşünülməmiş informasiya kampaniyası” Tacikistan vətəndaşları və taciklər haqqında mənfi təsəvvürlər yaradır.

Bir gün əvvəl (aprelin 26-da) Tacikistan XİN vətəndaşlarının Rusiyaya daxil olmaq istərkən kütləvi maneələrlə üzləşdiklərini açıqlamışdı. Rusiya sərhəd-keçid məntəqələrində şahidlərin verdiyi məlumata görə, bu, əsasən, gənc kişilərə aiddir.

Tacikistan Əmək, Miqrasiya və Məşğulluq Nazirliyinin məlumatına görə, 2023-cü ildə 652 min insan işləmək üçün Rusiyaya gedib. Onlar Özbəkistan vətəndaşlarından sonra Rusiyada əmək miqrantlarının sayına görə ikincidir. Tacikistanın ümumi daxili məhsulunun (ÜDM) təxminən üçdə biri vətəndaşların xaricdən, əsasən də Rusiyadan köçürmələri hesabına formalaşır.

Rusiya iqtisadiyyatı da, öz növbəsində, xaricdən işçi qüvvəsinə ciddi ehtiyac duyur. Hələ 2023-cü ildə sənaye və ticarət nazirinin birinci müavini Vasili Osmakov işçi çatışmazlığını iqtisadiyyatın əsas problemi adlandırmışdı. Bu problemə elə həmin ilin aprelində Rusiya prezidenti Vladimir Putin də diqqət çəkərək ölkədə bir çox sahələrdə kifayət qədər işçinin olmadığını söyləyib .

Rusiya Mərkəzi Bankın məlumatına görə, işçi qüvvəsi çatışmazlığı o vaxtdan iqtisadiyyatın bütün sahələrində yalnız artıb – müəssisələrin təxminən 70 faizi onunla üzləşir.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button