Tağı Əhmədovun “obyekti” – Metropoliten!

“Xural”ın araşdırması Tağı Əhmədovu hərəkətə gətirdi…

Bakı metropoliteninin unikal rəisi Tağı Əhmədovun yeraltı imperiyası haqda ötən saylarımzdan birindəki araşdırmamız deyəsən, onu ciddi narahat edib. Cənab Əhmədov “Xural”ın ciddi informasiyalara malik olan mənbələrdən aldığı məlumatlar əsasında apardığı araşdırmalardan və bu araşdırmaların nəticəsi olan məqalənin dərcindən sonra stansiya rəislərinə və ticarət köşklərinə nəzarət edən şəxslərə informatorun araşdırılıb tapılması göstərişini verib. Mənbə söyləyir ki, hətta zaman-zaman icarə haqlarının yüksək olması, alınan məbləğin müqabilində doğru-düzgün şəraitin belə yaradılmamasından şikayətlənən şəxslər qısa bir zamanda nəzarətə götürülüb və sonucda kiçik bir etirazın təkrar olunması zamanı ticarət köşkləri əllərindən alınaraq ərazidən həmən kənarlaşdırılıb. Bundan başqa, icarə haqlarına nəzarət edən şəxslər əgər yazının dərcindən öncə icarə pullarını hazır edə bilməyənlərə 2-3 gün zaman verirdilərsə, indi vəziyyət kəskin olaraq dəyişib. Mənbə onu da söyləyir ki, metropolitenin ticarət köşklərinə nəzarət edən şəxslər hal-hazırda “Ya indi, ya da köşkü boşalt” prinsipi ilə fəaliyyət göstərirlər. Əslində hadisələrin bu istiqamət alması cənab Əhmədovun xarakterindəki tənqidə dözümsüzlüyün nəticəsi ola biləcəyi inamını yaradır. Belə ki, bir neçə il öncə jurnalistlərdən birinin kəskin sualından əsəbləşən metropoliten rəisi kameraları belə unudaraq “burada burcutmağın nə mənası var ey?” – demişdi. Bu günə qədər az qala zərb məsələ çevrilən o kobud ifadə müəllifinin, imperiyasını sarsıda biləcək informasiya müəllifini bağışlaması da absurddur.

Dəyərli Oxucularımıza xatırladaq ki, ötən saylarımızdan birində “Tağı Əhmədovun yeraltı imperiyası” adlı araşdırmamızda metropoliten keçidlərində 1 və ya2 m2ölçüdə olan köşklərin 400-900 manat civarında heç bir icarə müqaviləsi bağlanılmadan kütləvi şəkildə əhaliyə ticarət məqsədilə verilməsi, eyni zamanda bu pərakəndəliyin milli faciəyə səbəb ola biləcəyini qeyd etmişdik. Onu da qeyd etmişdik ki, müharibə vəziyyətində olan bir ölkənin strateji əhəmiyyətli dövlət müəssisəsinə bu qədər laqeyd münasibət terrorla hər an üz-üzə olan bir xalq üçün əsl təhlükə mənbəyidir. Azərbaycana dost olmayan, müxtəlif adlarla fəaliyyət göstərən xarici ölkə kəşfiyyatları bu cür anarxiyadan kifayət qədər “faydalı” istifadə edə bilərlər. Çox da uzaq olmayan keçmişdə baş verən hadisələr səlahiyyətli qurumlara daha da məsuliyyətli olmaq imkanı yaratmaq əvəzinə, hadisələr tam tərsinə, həm də əsəblə daha da kritikləşdirilir. Bu da insanı o nəticəyə gəlməyə məcbur edir ki, Azərbaycanda dəhşətli məmur özbaşınalığı hökm sürür. Və buradan da o qənaət yaranır ki, məmurları bu qədər dözümsüz, özbaşına edən amillər var. Ya həmin insanlar normal qaydada Azərbaycanda bir insanın əldə edə bilməyəcəyi sərvətə malik olduqlarından özlərindən qeyriləri onlar üçün ən aşağı, etiraz haqqı olmayan qullardılar, ya da cəzasızlıq prinsipi o qədər hədsiz arxayınçılıq yaradıb ki, qullar alınıb–satılarkən “bundan sonra o sənindir, istəyirsən lap öldür” şüarı XXI əsr Azərbaycanın aktual şüarına çevrilib.

Metropoliten keçidlərindəki köşklərin icarə haqqlarının ölçü nəzərə alınmaqla yerüstü obyektlərin qiymətlərindən bir neçə dəfə baha olmasının səbəblərini araşdırarkən maraqlı məqamlar ortaya çıxdı. Belə ki, şəhərin əsas mərkəzi hissəsi istisna olmaqla, digər sahələrdə nəinki ticarət köşkləri, hətta dükan və kae kimi fəaliyyət göstərən obyektləri 500–600 manata icarəyə götürmək mümkündür. Onu da qeyd edək ki, həmin obyektlərin sahəsi bir qayda olaraq 60–80 m2–dən az olmur. Çünki zatən icarə götürən tərəf bu sahədən aşağı ölçüdə olan obyektlərə maraq göstərmir. Bəs elə isə metro keçidlərində faliyyət göstərən kiçik ölçülü köşklərin icarə qiyməti hansı prinsiplə bu cür yüksək qiymətlərlə təklif olunur. Ən qəribəsi isə odur ki, insanlar həmin köşklərdəki fəaliyyəti daha məqbul hesab edirlər. Araşdırmalarımızın nəticəsi olaraq əldə etdiyimiz məlumatlar sırasına o da daxil oldu ki, digər ticarət müəssisələrindən fərqli olaraq metro stansiyalarındakı köşklərdə fəaliyyət göstərən satıcıları nə iqtisadi inkişaf nazirliyi, nə vergi orqanları, nə də audit narahat etmir. Adamları ən çox qane edən də budur. Bəs sual olunur, küçədə günəbaxan tumu satanı fiziki şəxs kimi vergiyə cəlb edənlər, illik auditin aparılmasını qanunun tələbi hesab edənlər, “pensiya fonduna çatacaq məbləğ ödənilməlidir, əks halda…” deyib hərbə-zorba gələnlər, monopoliya ilə “mübarizə” aparan ölkənin iqtisadi inkişafından sorumlu olanlar görəsən nə üçün metro keçidlərinə nüfuz edə bilmirlər? Əgər məsələ ümumi metropolitenlə (yəqin ki, belədir), konkret olaraq Tağı Əhmədovla həll olunursa, bunun özü çox ciddi qanun pozuntusdur. Axı hər köşk icarəçisi konkret ticarətlə məşğuldur, vergi orqanları da daxil olmaqla digər rəsmi qurumlardan hüquqi və ya fiziki şəxs kimi qeydiyyatdan keçməlidir. Digər tərəfdən, həmin köşklərin hər biri konkret kassa apararları ilə təmin olunmalıdır. Alqı–satqı prosesi zamanında yarana biləcək hər hansı mübahisənin hüquqi həllində satıcının alıcıya verdiyi çekin qanuni rolu var. Digər tərəfdən, hər bir stansiyada onlarla, Neftçilər, 20 Yanvar stansiyalarında isə daha çox köşk fəaliyyət göstərir və hər köşkdən alınan aylıq ən minimal hədlə götürülən 400 manat vəsaitin nə qədər hissəsi dövlət büdcəsinə yönəlir? Qəribədir ki, uzun illər ərzində yalnız yerlərin əldən alınıb başqasına verilməsi və ya sökülməsi mübahisələri zamanı məsələ mətbuatın gündəminə ancaq birtərəfli gəlir. Lakin kimsə əldə olunan heç də kiçik olmayan vəsaitlə bağlı ictimaiyyətə məlumat vermir. Halbuki strateji dövlət müəssisəsi olan metro heç oradan əldə olunan vəsaitin məbləği və yönlənirilməsi qədər ciddi–cəhdlə qorunmur.  

Metropoliten rəsmiləri hər gün bu nəqliyyatın xidmətindən yarım milyon insanın istifadə etdiyini söyləyirlər. Sadə hesablama ilə əldə olunan nəğd vəsait bir gündə 75 min manat edir. Həmin məbləği 30 günə vuranda isə 2.250.000 manat vəsait alınır. Burada ən cəlbedici məqam isə vəsaitin nəğd formada olmasıdır. Lakin uzun illərdir ki, metronun dotasiya ilə işləməsi haqda bəyanatlar verilir. Əgər dövlət büdcəsindən vəsait ayrılan bir müəssisədə üstəlik göstərilən xidmət müqabilində bir ayda iki milyondan çox vəsait əldə olunursa, bundan başqa, yuxarıda qeyd olunduğu kimi yaradılan köməkçi iqtisadi strukturların olması əslində dövr edən milyonlar deməkdir.

Bəs elə isə metro nə üçün dövlətdən dotasiya almalıdır? Bundan başqa, hər il dövlət başçısı dövlət müəssisələrinin daxili borclarının silinməsi ilə əlaqədar müvafiq sənəd imzalayır. Həmin borc silinmə prosesi metropolitenə də şamil edilir. Onu da nəzərə alsaq ki, borcun silinməsi prosesi zamanı əsasən, ötən ildən qalma borclar əsas götürülür. Proses hər il davamlı olduğu üçün deməli, borcu silinən müəssisələr qarşılıqlı anlaşma olaraq biri  digərinə borclanır. Bəs sual olunur, əgər istifadə olunan enerjiyə, suya və ya digər xidmətlərə görə pul ödənilmirsə, dövlət büdcəsindən ayrılan, xidmət nəticəsində əldə olunan külli miqdarda vəsait hara yönləndirilir? Əmək haqlarına cavabı burada qətiyyən qanedici deyil. Çünki Azərbaycan o məmləkətlərdən deyil ki, burada insanların firavanlığı üçün əmək haqları müəyyənləşdirilsin. Bu ölkədə işləyən insanlara yalnız işə gəlib getmək üçün əmək haqları müəyyənləşdirilir. Bu isə ayrılan və əldə olunanların cüzi bir hissəsidir.

Bir neçə il öncə ayrı–ayrı bölgələrdə təqaüdçülərə təqaüdlərin verilməsini bilərəkdən geçikdirən bir neçə qrup həbs olundu. Məlum oldu ki, həmin cinayətkar qruplar banklardan təqaüdlərin verilməsi üçün götürülmüş nəğd vəsaitləri təkrar həmin banka qoymaqla əldə etdikləri faizlərlə təqaüdləri ödəyirmişlər. Beləliklə, təqaüdlər mərhələ-mərhələ ödənildikdən sonra pullar dövlət vəsaiti starusunu itirir. Bir müddət sonra isə məbləğ bankdan götürülüb qrup arasında bölünür. Biz demirik ki, metropolitendə də həmin proseslər baş verir. Məqsədimiz ictimaiyyətin bir hissəsi olaraq məlumat əldə etməkdir. Hər bir məsələdə dövlət başçısının “hər şey şəffaf olmalıdır” şüarı ən azından prinsip kimi götürülməlidir.

Son illərdə bir neçə stansiyanın tikilməsi, bir neçəsinin isə təmir olunması özlüyündə təqdirəlayiq haldır. Avtomobil bolluğunda tıxacların zamana qənim kəsildiyi bir vaxtda insanların mənzil başına əlavə vaxt sərf etmədən çatmaları, yeni stansiyaların tkintisinin davam etməsi mətbu orqanı olaraq dəstəklədiyimiz prosesdir. Ancaq etibarlı mənbədən təmir tikinti, eyni zamanda vaqonların istismar müddətinin bitməsi adı ilə satılması və s. məsələlərin baş verdiyi metropoliten daxilindəki neqativlər haqda da maraqlı məlumatlar əldə etmişik. “Xural” olaraq bu prosesi davamlı izləyib ictimaiyyətə çatdıracağıq.

 XuralTAC

 “Xural” qəzeti,

il 9, sayı: 038 (446), 21 sentyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button