Tağıyevin büstü də repressiya olundu?

Azərbaycan iqtidarı sanki bu millətin tarixinə, keçmişinə qarşı bir cəbhə açıb. Hər şey inkar üzərində qurulur. İnsanda elə bir təəssürat yaranır ki, bu millətin tarixi ötən əsrin 1923-cü ilindən başlayır. Sanki Adəmin (ə) yaradılışı da məhz həmin tarixə təsadüf edib. Tarixə bu iqtidarın lüzumsuz ideoloqları tərəfindən nəinki güllə atılır, hətta o, darmadağın edilir. Görəsən, düşünmürlər ki, bir gülləyə top mərmisi ilə cavab verən tarix, onu darmadağın edib yenidən yazmaq istəyənlərə nə edəcək? Bəlkə bəşəriyyət bu iqtidar kimi millətinin tarixinə tüpürən ikinci bir hakimiyyət görməyib. İnqilabların tüğyan etdiyi ərəb ölkələrində insanlar 30-40 il başlarına bəla kəsilmiş rejimləri nə qədər ağrılı və dağıdıcı olsalar belə devirirlər. İnsanlarda həmin rejimlərə patoloji nifrət o həddədir ki, rejim sahibləri ilə bağlı ən xırda detalı belə saxlamırlar. Məhz pis xatirə olduqları üçün. Azərbaycan iqtidarında hətta nümunə götürmək qabiliyyəti belə yoxdur. Özlərinin mənasız hakimiyyət ömürlərinin üzanmasına xidmət etməyən hər şey ortadan qaldırılır. Bunlar nəinki insnlara, hətta daş heykəllərə belə qənim kəsiliblər. İllər öncə M.Ə.Rəsulzadəyə qarşı istehzalı gülüş doğuran aqressiyaları artıq xalqın tarixində izi olan hər kəsə qarşı yönəlib.

Məhz xeyriyyəçiliyi ilə tarixin yaddaşında daşlaşmış Hacı Zeynalabdin Tağıyevin Xətai rayonundakı büstü də qoyulduğu məkandan qaldırılıb. 63 N-li məktəbin yanında, H.Z.Tağıyev adına tikiş fabrikinə gedən yolun kənarındakı büst artıq yoxdur. Bir-iki yararsız oturacağı, bir məmurun villasının mətbəxi boyda olan, guya abadlaşdırılmış ərazidə qoyulmuş büst naməlum səbəblərə görə götürülüb.

Əslində, bir millətin tarixində, təhsilində, şəhərsalma mədəniyyətində mühüm rolu olan şəxs üçün seçilən o məkan onu ora məsləhət bilənlərə utanc gətirməliydi. Adamlar Tağıyevin tikdiyi binalarda oturub məmləkəti talayırlar, miskinlikdən köşəyə çevrilirlər, lakin evində oturduqlarını dışlayırlar. Tağıyev də kasıb olub. Amma miskin olmayıb. Tağıyev də milyonçu olub. Amma acgöz olmayıb. Tağıyevin də hökm etmək, təsir göstərmək imkanları olub. Amma millətinə, tarixinə, soydaşına qarşı yox. Adamın “pul əl çirkidir” deyə bir kişilik jesti olub. Bunlar “para annəm-babamdır” prinsipi ilə yaşayırlar. Yaşayırlarmı?

Fəxri Xiyabanda düşük piramidalar “tikəndə” Azərbaycan istiqlalı uğrunda mübariz Seyid Cəfər Pişəvərini qəbrindən çıxardılar. Və başa düşmədilər ki, Tanrı müasir insan zəkasının hələ ki aça bilmədiyi, heç bir elmi dəlillərin ehtimaldan o yana getmədiyi, məhz tarixi daşlaşdıran və tarixlə daşlaşan piramidaları minilliyin o üzündən günümüzə gətirir. Tökmə torpaq və süni yaşıl örtüklə düzəldilmiş, yerdən hündür hər şeyə təpə deyilir, piramida yox. Piramida tarixdir. Tarix özündə cığır saxlayar, ot bitirməz.

Ola bilsin ki, Tağıyevin həmin büstünü məhz oradan götürənlər min cür dəlillər gətirsinlər, “büstü başqa əraziyə qoymuşuq” kimi özünə haqq qazandıracaq arqumentlər, əsası olmayan fikirlər səsləndirsinlər. Amma bütün deyilənlər və deyilmək üçün düşünülənlər sadəcə günahdan savınmadan başqa bir şey deyil. Heydər Əliyevin Azərbaycanın hər rayonunda müxtəlif ölçülü heykəlləri ucaldılıb. Həmin heykəllərin ətrafı hektarlarla sahəni əhatə edir. Ən müasir qaydada abadlaşdırılmış ərazilər yaradılır. Paytaxtın on bir rayonunda eyni adlı – Heydər Əliyev parkları salınıb. Hər bir nazirliyin, əksər dövlət müəssisələrinin inzibati binalarının foyelərində, həyətlərində Əliyevin büstü qoyulub. Görəsən, nə üçün Tağiyevə kiçik bir büstü rəva görməyənlər, H.Əliyevin heykəllərini xüsusi sevgi ilə kütləviləşdirirlər? Bir milləti idarə etmək kimi olduqca məsuliyyətli bir vəzifəni üzərinə götürmüş komanda bu qədər korşalmış beyinlə necə tarix yaratmaq istəyir? Əli cibində, şapkası əlində az qala hər küçədə on illərlə qərar tutan proletariatın guya dahi olmuş rəhbərinin kütləvi heykəllərinin aqibəti heç də yaxşı olmadı axı. Məndə olan məlumatlara görə, həmin heykəllər el arasında “dəmir yığılan yer” kimi tanınan metal tədarükçülərinə yaxşı pul qazandırdı.

Tanrı insanlara düşünmək üçün baş, görmək üçün göz verib. Digər heç bir orqan bu iki funksiyanı yerinə yetirə bilmir. Hətta insan özünü bu işə zorlasa belə alınmır. Alınsa belə məhz bunların etdiyi kimi olur. Olmazdı ki Tağıyevin büstü durduğu yerdə duraydı? Ətrafdakı məktəbin şagirdləri, binalarda yaşayan cocuqlar o büstü hər gün görüb özlərinə örnək seçərkən istinadları Tağıyev olaydı? Axı insan məhz uşaqlıq dövründə, özünün konkret yolu və xətti olmadığı yaş dönəmlərində bənzəməyə şəxs, qəhrəman axtarır. Uşaqlığınız hind filimlərindəki personajların yalançı və düşük qəhrəmanlıqlarını seyr etməklə keçdiyi üçün indi özünüzü hətta bu yaşınızda Cimi, Şaka hesab edib milləti qırıb-çatırsınız. Niyə bu millətin övladları Ceki Çana deyil, Əli bəy Hüseynzadəyə oxşamamalıdır? Niyə insanlar övladlarını Mübariz İbrahimov adına parka aparmamalıdır? Niyə…

Aparılan yaramaz təbliğatın olduqca pis nəticəsini bu gündən görmək üçün nə ulu öndər olmaq lazımdır, nə də ki, layiqli davamçı. Bu rejimdən yaxşı nə isə gözləmək sadəcə əbləhlikdir. Bunlar ən yaxşı halda Ziya Məmmədov, Kəmaləddin Heydərov, Cahangir Əsgərov, Fazil Məmmədov, Ramiz Mehdiyev, Əli Həsənov və daha neçə-neçə “ov”lar, “yev”lər yetişdirə bilirlər. Elə isə hər məktəbin, hər uşaq bağçasının, hətta doğum evlərinin qarşısına belə Ziyanın, Kəmaləddinin, Ramizin, Əlinin, Cahangirin və başqalarının heykəllərini qoyun. Necə ki, Stalin heç vaxt doğmayan Nadejda Krupskayanın adına kütləvi doğum evlərini hələ onun sağlığında vermişdi. Onsuz da iyirmi ilə yaxındır ki, ideyalarınız artmır, törəmir, qısırdır. Lap Krupskaya kimi. Artıq sayənizdə kimsə balasının Topçubaşov, Hacıbəyov, Məmmədəliyev və s. olmasını istəmir. Millət üçün müqəddəs nə var idisə hər şeyi dağıtdınız, məhv etdiniz. Hətta azərbaycanlılar özlərinə xas vərdişlərini belə tərgidiblər. Atalar oğullarını prokuror, analar qızlarını həkim görmək istəmir. Hər kəs istəyir ki, balası böyüyəndə Kəmaləddin Heydərov, Ziya Məmmədov, Ramiz Mehdiyev, Əli Həsənov və s. olsun. Bunlar artıq məmur deyillər, ali məktəb ixtisaslarıdır. Allah qorusun.

 Bakir Həsənbəyli

“Xural” qəzeti,

il 9, sayı: 060 (470), 15 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button