Talan olunan “Montin” parkı

İndi burada bahalı villalar ucalır

Qanunlarla idarə olunmayan ölkələrdə pul kütləsi çox olur. Çünki həmin ölkənin yönətimini həyata keçirənlər korrupsiyanı, eyni zamanda idarəçilik mexanizminə də  əlavə edirlər. Rüşvət dövlət idarəçiliyinə daxil edilir və hakimiyyətin saxlanc funksiyasında olan əsas sütunlarından birinə çevrilir. Qəribədir, eksperiment üçün həmin hakimiyyətin hər hansı bir sütununu qaldırsan, aşınma bir müddət sonra baş verəcək. Lakin rüşvət məsələsi elə kövrək nöqtəni saxlayır ki, onun çəkilməsi həmən ciddi fəsadla nəticələnəcək.

Bir müddət öncə Azərbaycanda da korrupsiya ilə mübarizə üçün ölkə başçısı tərəfindən şifahi göstəriş verildi. Dövlət müəssisələrinin rəhbərləri illərlə sevmədiyi kiçik çaplı, hətta çapı belə olmayan şəxsləri qurban seçdilər. Ölkə başçısı çıxışlarında da sitat olaraq məhz həmin qurban seçilmiş çapsızların statistikasını söylədi. Lakin unudulan bir məqam oldu. Azərbaycanda ən kiçik, hətta məmur belə sayılmayan işlərə insanlar ruşvətsiz təyin edilmirlər. Sözsüz ki, rüşvət həm də öz işçisini qurban verən rəhbərə verilir. Rüşvəti alan məmurun hər hansı qanunsuzluğu leqallaşdırması üçün hazırladığı sənədə də sonucda onu təyin edən və qurban verən rəhbər qol çəkir. Bəs elə isə nə üçün məhz məmur cəzalandırılır?

Oktyabrın 5-də müəllimlər günü münasibətilə pul yığılmasının qadağan edildiyini bildirən (Normalda rüşvətin yığılması qadağan edilməməlidir. Çünki həm rüşvəti verən, həm də alan cinayət məsuliyyəti daşıyır. Belə ki, o, qanunla qadağandır – XuralTAC) Təhsil nazirliyinin rəhbərliyinin söyləntiləri əksər orta məktəb direktorları üçün vız gəldi. Adamlar kütləvi pul yığımının başında durdular. Məsələnin ən diqqət çəkən məqamı isə bu il hər uşaqdan toplanan vəsaitin ötən ilkinin iki misli miqdarında olması idi. “Nə üçün bu qədər” sualına isə çox dəhşətli cavab verilirdi: “Ötən il korrupsiya ilə mübarizə tədbirləri ilə əlaqədar pul toplanmamışdı, elə ona görə də bu il həmin məbləğ də şagirdlərdən alınır”. Dəhşətdir. Məktəblər sanki kredit vermiş banklardırlar. Almalı oldularını mütləq nə yolla olursa olsun, alacaqlar. Ötən ilki almalı olduqları rüşvəti hansısa tədbirə görə ala bilməyib, bir ildən sonra alan məmləkətdə rüşvət necə hakimiyyətin saxlanc mexanizmi olmasın ki?

Sovetlər dönəmində çirkli yolla əldə edilən pul kütləsinin “yuyulması” mexanizmi yox dərəcəsində idi. İnsanlar pullarını əksərən ya evlərdə saxlayır, ya da kiçik hissələrlə banklara yatırırdılar. Təxminən on iki, on üç il əvvəl bu mexanizm özünü tikinti bumunda təzahür etdirdi. Əsasən, məmur-oliqarxlara məxsus iri tikinti şirkətləri külli miqdarda çirkli pulların həmin vasitə ilə distilləsini təşkil etdilər. Qanunla idarə olunmayan dövlətlərdə müxtəlif sahələrlə bağlı məmur-monopolistlər də formalaşır. Azərbaycan iqtisadiyyatı da məmur-monopolistlərin nəzarətindədir. Tikinti monopolistləri təsadüfi inşaat şirkətlərini oyundan çıxarandan sonra, çirkli pulları əlində qalan həmin şəxslər tərpənməz əmlak əldə etmənin başqa müstəvisinə keçdilər. Artıq torpaqlar kütləvi şəkildə zəbt edilir və qısa zaman kəsimində də aidiyyatı qurumlarda rüşvət müqabilində “qanuniləşdirilir”. Azərbaycan paytaxtı yalnız hüdürmərtəbəli binaların deyil, həm də dəyəri milyonlarla manatla ölçülən villaların vətənidir. Bu yaxınlarda kifayət qədər kiçicik bir vəzifənin müqabilində iyirmiyə qədər villaya sahib olan şəxsin onu hədələyən birisinə “Buyursunlar, çıxatsınlar. Bir villamı satsam, 20 il bəsimdir” – deməsi əslində çox mətləblərdən xəbər verir. Deməli, adamlar artıq banklara etibar etmirlər. Sovet dönəmindən batan cüzi məbləğli əmanətləri ala bilməyən insanların ildən ilə ölüm səbəbindən saylarının azalması əslində, həmin şəxslər üçün acı nümunədir. Elə ona görə də heç bir məsuliyyət daşımadan zəhmətsiz gəlir hesab olunan rüşvətin müqabilində yaranan malikanələr gələcəkdə kara gələn külli miqdarda maddi vəsaitlərdir.

Bir müddət öncə bələdiyyələrin respublika müşavirəsində bələdiyyə sədrlərinin torpaq fondlarının qurtarması ilə bağlı məsələ qaldırmaları və əlavə torpaq sahələri istəmələri ölkə rəhbərliyində laqeydliklə qarşılandı. Bir sturuktur belə hər hansı bələdiyyə sədrindən hesab sormadı. Cəmi iki seçimdə tabeçiliyində olan bütün əraziləri necə və kimə gəldi satan bələdiyyələr artıq torpağın yoxluğundan şikayətlənirlər. Əslində, bu şikayət kapital yığımının dayanmasındandır. “Xural” qəzeti olaraq həmən məsələyə reaksiya verib həyəcan təbili çalsaq da, hər hansı dövlət qurumu bu günə kimi sükutu pozmadı. Gəldiyimiz qənaət isə bu oldu ki, Azərbaycanda hər hansı məmur sahib olduğu vəzifəyə kifayət qədər etibarsız münasibət bəslədiyi üçün əldə etməli olduğunu ən qısa zamanda əldə etməyə çalışır. Gəldiyimiz qənaəti üç gün öncə Torpaq və Xəritə Çəkmə Dövlət Komitəsinin sədri Qərib Məmmədov da mənsub olduğu Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirdiyi mətbuat konfransında təsdiqlədi: Meşələri də bələdiyyələrə ayırım, qırıb onu da satsınlar?!

Deməli, ölkədə baş verənlər bir-biri ilə zəncirvari bağlıdır. Hər kəs hər kəsin etdiyini bilir. Bu məmləkətdə özbaşına heç bir hadisə baş vermir. Ən kiçik detal belə ən yüksək təbəqədə razılaşdırılır. Bələdiyyələr özünü idarə qurumları olsa da, o qədər etibarsız təsisatlara çevriliblər ki, hətta onunla paralel hüquqi iş birliyində olmalı olan dövlət qurumunun başında duran şəxs belə bu quruma etibar etmədiyini açıq şəkildə söyləyir. Özünüidarə təsisatları hesab olunan bu qurumlar artıq neçə illərdir ki, özünüifşa ilə məşğuldurlar. Belə ki, icra hakimiyyətlərinin hansısa fəsadlı qoluna çevrilən bu qurum, son bir neçə ildə məktəblərin, uşaq bağçalarının, məscidlərin, hətta parkların ərazılərinin zəbtini qanunləşdirən notariat qurumuna çevriliblər.

Paytaxtın Nərimanov rayonunun ərazisində yerləşən “Montin parkı” adlanan park artıq yoxdur. İnsanların axirət evinə yola salınan zaman, ölən şəxs üçün hazırlanmış qəbirə mərhumun rahatlıqla deyil, hətta bir çiyni üstə qoyulmasının əsas şərt olduğunu hamıdan və hər kəsdən gözəl bilən bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə illər öncə parkın tən yarısına sahiblənəndən sonra, həmin əraziyə yerli kapitalistlərin axını başlandı. İllər öncə başlanan köç bu gün parkın yox olması ilə nəticələndi. Bir zamanlar on illərlə yaşı olan ağacların yerində indi on milyonlarla dəyəri olan villalar ucalır. Lakin həmin villaların kölgəsində artıq hər kəs deyil, özünü hamıdan və hər kəsdən fərqli bilən bir qrup istirahət edir. Park sözün əsl mənasında tikinti meydançasına cevrilib. Hər tərəfdən böyük sahələrlə hasara alınan artıq keçmiş parkda insanların istirahəti üçün yalnız 100-150 m2sahə qalıb. Yəqin ki, heç Cibutidə də bu qədər “möhtəşəm” sahəsi olan “istirahət məknları” yoxdur. Ərazidə fəaliyyət göstərən ev və torpaq alqı-satqı məntəqələrinin əməkdaşları məhz bu parkda torpağın bir sotunun 400-500 min ABŞ dolları olduğunu söyləyirlər. Peyğəmbər (s.ə.s) səhabələrinin söylədiyi hədislərdə bildirilir ki: Allahın Rəsulu (s.ə.s.) dünyasını dəyişməzdən öncə ehtiyat üçün saxladığı cəmi 7 dirhəm pulu imkansızlara sədəqə kimi verməyi köməkçisinə tapşırır. Dəyərli Oxucuların diqqətinə onu da çatdırmaq istəyirik, o zaman həmin məbləğ yalnız bir neçə kiloqram xurmaya güclə çatırmış. Əlavə şərhə ehtiyac yoxdur.

Etibarlı mənbədən aldığımız məlumata görə, Mərkəzi Seçki Komissiyasının dəyərli sədri cənab Məzahir Pənahovun da “Montin parkı”nda möhtəşəm villası var. Əgər cənab Pənahovun bu məsələ ilə bağlı mübarək təkzib mesajı redaksiyamıza daxil olarsa, həmən dərc etməyə hazırıq.

Araşdırmalarımız davam edəcək. Mövzuya qayıdacağıq.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 057 (466), 11 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button