Talassemiyalı uşaqların müalicəsi adı altında dələduzluq işi: valideyn məhkəmədə huşunu itirdi

“Talassemiya Mərkəzi qapalı müəssisədir, orada qeydiyyatdakı xəstələrin siyahısını necə əldə ediblər?”

Talassemiyadan əziyyət çəkən uşaqları Türkiyədə müalicə və əməliyyat etdirmək adıyla onların ailəsini aldadıb, pullarını ələ keçirməkdə ittiham olunan şəxslərlə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırmalar davam edir.

İyulun 10-da keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərdən biri – “Urmedhelp” və “My Doc Tour” şirkətlərinin rəhbəri Nuridə Seyidovanın dindirməsi davam etdirilib. O, ötən məhkəmə iclasında ifadə vermişdi, bu dəfə isə prokurorun, vəkillərin suallarına cavab verib.

Bundan əvvəl hakim Azad Məcidov məhkəməyə daxil olmuş bir neçə sənədi elan edib. Bunlardan biri təqsirləndirilən şəxslərdən Aynur Bayramovanın vəkili Zaur Hüseynovun məhkəməyə göndərdiyi etiraz idi. Orada göstərib ki, bu cinayət işinə Azad Məcidovun sədrliyilə baxılmasına etiraz edir. Çünki bu məhkəmə tərkibini qərəzli hesab edir.

Hakimin elan etdiyi daha bir sənəd zərərçəkmiş Solmaz Eyvazovanın mülki iddiası olub. O, mülki iddiasında göstərib ki, təqsirləndirilən şəxslərdən Aysel Məmmədovaya 6800 manat pul verib. Ona pulu verməsinin sübutu olaraq, qəbz təqdim olunub. Amma həmin sənəd saxtadır.

Solmaz Eyvazova mülki iddiada 6800 manatın qaytarılmasını tələb edir.

Sənəd elan olunanda Solmaz Eyvazova özü məhkəmədə iştirak etmədiyinə görə onun mülki iddiası müzakirəyə çıxarılmayıb.

Daha sonra Nuridə Seyidova sualları cavablandırıb. Bundan əvvəlki məhkəmə iclaslarında təqsirləndirilən Aysel Məmmədova və Aynur Bayramova bildirmişdi ki, onlar həkimdilər, əməliyyat olunmaq istəyən uşaqların valideynlərilə Nuridə Seyidova arasında vasitəçilik ediblər. Onlar vurğulayıb ki, xəstə uşaqların valideynlərinin verdikləri pulu Nuridə Seyidovaya çatdırıblar. Çünki əməliyyatı o, təşkil eləməyə söz vermişdi.

İttihama əsasən, talassemiyalı uşaqların yaxınlarına əməliyyatın ödənişlərinin bir hissəsinin beynəlxalq donor təşkilatların hesabına ödəniləcəyi bildirilib.

Nuridə Seyidova prokurorun suallarına cavab verərkən bildirib ki, zərərçəkmişlərdən bəzilərindən pulu təqsirləndirilən Aysel Məmmədova ilə brilikdə alıblar: “Aynur isə özünə çatan pulları götürüb”.

Nuridə Seydiova dindirmə zamanı həbsdən buraxılarsa, ziyanın ödənilməsi üçün addımlar ata biləcəyini deyib. Hakim isə buna razılıq verməyib.

Hakim Nuridə Seyidovadan ümumiyyətlə, talassemiyalı xəstələrin vəziyyəti, müalicəsi və əməliyyat prosesi barədə məlumatı olub-olmadığını soruşub. O bildirib ki, talassemiyalı xəstələrin əməliyyatı üçün donor tapılmalıdır. Donorların əksəriyyəti də çox böyük məbləğdə pullar tələb edir. Üstəlik, əməliyyata hazırlıq prosesi – laboratoriyalarda yoxlamalar, əməliyyatın özünə də külli miqdarda pul lazımdır.

Nuridə Seyidova hakimin sualına cavabında bildirib ki, bu barədə kifayət qədər məlumatı yox idi:

“Bu məsələləri araşdırmağı Aynur Bayramovaya həvalə eləmişdim. O, Talassemiya Mərkəzində işləyirdi”.

Daha sonra zərərçəkmişlərdən Sahid Mövsümov məhkəmədə çıxış edərək, Səhiyyə Nazirliyinə sorğu göndərilməsini istəyib. O bildirib ki, bu cinayət işində adı keçən talassemiyalı xəstələrdən biri – 12 yaşlı uşaq iki gün əvvəl vəfat edib:

“Bu, böyük bir faciədir, mütləq araşdırma aparılmalıdır. Səhiyyə Nazirliyinə sorğu göndərilməlidir. Talassemiya Mərkəzi qapalı müəssisədir, orada qeydiyyatda olan xəstələrin siyahısını bunlar necə əldə ediblər? Xəstələrin qan nümunələrini oradan necə götürüb,Türkiyəyə aparıb laboratoriyadan keçiriblər? 1 milyon manata yaxın ziyan var. Bu pullar hara gedib? Bu işin kökündən araşdırılmalıdır”.

Zərərçəkmiş Sahid Mövsümov çıxış edərkən vəziyyəti pisləşib, məhkəmə zalında huşunu itirib.

Qarabağ döyüşlərində sağlamlığını itirmiş zərərçəkmiş Sahid Mövsümov bu cinayət işi üzrə təqsirləndirilən şəxslərə uşağının müalicəsi üçün pul verib.

Daha sonra Nuridə Seyidovanın dindirməsi davam etdirilib. O bildirib ki, anasının evini sataraq, zərərçəkmişlərə ziyanın ödənilməsinə sərf eləyib. Lakin o, evin yeri, nə vaxt satılması, pulun kimlərə ödənilməsi barədə suallara “yadımda deyil” cavabını verib.

Daha sonra Aynur Bayramovanın vəkili onun ev dustsqlığına buraxılması barədə vəsatət qaldırıb. Vəkil bildirib ki, Aynur Bayramovanın özü də, azyaşlı övladı da onkoloji xəstəlikdən əziyyət çəkir.

Vəsatət təmin olunmayıb.

Məhkəmə prosesi iyulun 24-də davam edəcək.

Nuridə Seyidova iki həkim – Aynur Bayramova və Aysel Məmmədova ilə birlikdə 36 nəfərə qarşı dələduzluq etməkdə – övladlarının müalicəsi adıyla onları aldatmaqda təqsirləndirilir. Cinayət işinin materiallarına əsasən, zərərçəkmiş qismində tanınan 36 nəfərə ümumilikdə 980 min ziyan dəyib.

Adları çəkilən 3 nəfərə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham verilib. Bu maddədə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Aynur Bayramova və Aysel Məmmədova özünü təqsirli bilmir. Onlar Nuridə Seyidovanı ittiham edir, pulları onun ələ keçirdiyini deyirlər.

Nuridə Seyidova isə özünü qismən təqsirli bilir.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button