Tale Bağırzadə bəyanat verdi: “Məni heç bir işgəncə sındıra bilməz”

 tale-bagirzade3

Müsəlman Birliyi Hərəkatının sədri, Nardaranda həbs edilmiş Tale Bağırzadə “Azadlıq” qəzetinə bəyanat göndərib.

Bəyanatda deyilir:

“Bismillahir Rəhmanir Rəhim.

Əziz müsəlman bacı və qardaşlarım.

Son dəfə həbsdən çıxandan sonra yenidən həbs olunacağımı bilirdim, lakin artıq bizi narkotik, silahla şərləyib tutmaq sərf eləmirdi. Bəhanə verməmək üçün qanuna uyğun olaraq bütün çağırılan yerlərə – polisə, MTN-ə özüm getmişəm. Polis İdarəsində zorakılığa məruz qalmışam. Bununla bağlı polis rəisindən prokurorluq orqanlarına şikayət vermişəm. Bütün bunlara görə bizi terrorçu damğası vurmaqla, qondarma polis əməliyyatı keçirməklə həbs etdilər.

Həbs edilməmişdən əvvəl hökumətin nəzarətində olan televiziyalarda biz şiələri İŞİD-lə müqayisə edən silsilə  qondarma reportajlar verdilər. Təbii ki, bunlara inanan yoxdur. Müsəlman Birliyi Hərəkatı təsis olunarkən onun məramı dinc mübarizəni nəzərdə tutub, biz daim bu amala sadiqik. Biz yeganə təşkilatıq ki, İdarə Heyətimizin bütün üzvləri havadan götürülmə ittihamlarla həbsdədir. Təşkilatımızın  təsis iclası Azərbaycan dövlətimizin himni ilə başlamışdı. Bu dövləti, dövlətin bayrağını bizlərdən çox sevən bəlkə də yoxdur.

Tutularkən mənə ağır işgəngələr verildi, bu işgəncələr “bandotdel”də davam etdi. Bakı İstintaq Təcdirxanasına köçürüləndən sonra bunlara son qoyuldu. Məni heç bir işgəncə sındıra bilməz və ruhiyyəm əvvəlki kimidir. Hər bir başlanğıcın sonu olduğu kimi, bu zülmün də sonu olacaq.

Məhkəməyə işgəncə ilə bağlı verilmiş haqlı və qanuni şikayət dini camiyyədə müəyyən ruh düşgünlüyü yaratdı. Məhkəmə uzandı və işgəncə izəlrinin bir qismi itdi. Eşitdiyimə görə, son məhkəmə vaxtı məhkəmə binasının önünə gələn mömin qardaşlardan yenə həbs olunanlar oldu. Bütün bunları nəzərə alaraq, həmin verilmiş şikayəti geri götürmək qərarına gəldim. Mənə, digər mömin qardaşlara qarşı işgəncə vermiş şəxsləri Allaha həvalə edirəm. Onlara səslənirəm ki, insanlıq, insaf hissiniz zərrə qədər qalıbsa, bundan sonra bu hərəkətləri etməyin, tövbə edin. Allah tövbələri qəbul edəndir.

Həmişə möhkəm, dönməz Taleh Bağırov

23 fevral 2016-cı il, Kürdəxanı təcridxanası”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button