Tale Bağırzadənin və Fuad Qəhrəmanlının məhkəməsi başlayır

Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” hərəkatının həbsdə olan rəhbəri Tale Bağırzadə, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı və digər 16 nəfərin cinayət işi üzrə məhkəmə istintaqı başlayır.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, cinayət işi hakim Əlövsət Abbasovun icraatındadır. Yaxın günlərdə məhkəmənin hazırlıq iclası keçiriləcək.

Qeyd edək ki, Tale Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda polis əməliyyatı zamanı tutulub. İlahiyyatçıya qarşı CM-nin 15-dən artıq maddəsi ilə ittiham irəli sürülüb.

Baş Prokurorluğun məlumatına görə, Tale Bağırzadənin ittiham olunduğu cinayət işi üzrə ümumilikdə 70 nəfər həbs edilib.

Nardaranda keçirilən əməliyyatda ikisi polis olmaqla ümumilikdə altı nəfər şəxs həlak olmuşdu.

T.Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur.

Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T.Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib və məhkəmə onlar barəsində hökm çıxarıb.

F.Qəhrəmanlı isə keçən il dekabrın 8-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib. Sonra onun barəsində həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə), 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar, eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) və 283.2.1 (dini, irqi, sosial nifrət aşılayan çağırışlar etmə) maddələri ilə ittiham olunur.

İnarə Rafiqqızı

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button