Taleh Bağırovun aclığa başladığı deyilir

“Müsəlman Birliyi” Hərəkatının həbsdə olan sədri Taleh Bağırovun “zülmə son” tələbi ilə aclıq aksiyası keçirdiyi bildirilir.

Bu barədə noyabrın 27-də hərəkatın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, T.Bağırov məhkəmə qərarına əsasən, 7 illik həbsdən sonra qapalı həbsxanadan 12 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb və orada təhqirlərə məruz qalıb: “O, zəng vurub bildirib ki, ayın 26-da 12 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Özünün bildirdiyinə görə, ora gəldiyi andan təzyiqlərlə üzləşib”.

Məlumata görə, cəzaçəkmə müəssisəsində T.Bağırova deyilib ki, o, orada az qalacaq və onu yenidən qapalı həbsxanaya qaytaracaqlar: “Kobud rəftara etiraz olaraq o, aclığa başlayıb”.

Bu deyilənlər ilə bağlı Penitensiar Xidmətdən isə “Turan”a bildirilib ki, T.Bağırova qarşı hər hansı mənəvi, fiziki təzyiq yoxdur: “Taleh Bağırov aclıq etmir”.

“Müsəlman Birliyi” Hərəkatının T.Bağırov daxil, bəzi rəhbər şəxsləri hazırda uzunmüddətli həbsədirlər. Onlar 2015-ci ildə ikisi polis olmaqla, altı nəfərin öldüyü Nardaran hadisələri zamanı həbs ediliblər. Həmin şəxslər qətl və başqa ağır cinayətlərdə ittiham edilirlər. Lakin onlar heç kimi öldürmədiklərini və saxlandıqdan sonra ağır işgəncələrə məruz qaldıqlarını bildirirlər. Daxili İşlər Nazirliyi isə işgəncə şikayətlərini əsaslı saymayıb.

T.Bağırov özü 19 il həbs cəzası alıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button