Taleh Bağırzadə: “Mən gerçək dindaramsa…”

Nardaran hadisələrindən 3 il ötür

 

Bakının Nardaran qəsəbəsində 6 nəfərin ölümü, ilahiyyatçı Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da daxil olmaqla, 80-ə yaxın insanın həbsilə nəticələnən Nardaran əməliyyatının üç ili tamam oldu. “Müsəlman Birliyi” Hərəkatının sədri, 20 il həbs cəzası alıb Qobustan həbsxanasında saxlanılan Taleh Bağırzadə Nardaran hadisələrinin üçüncü ildönümündə həmin olayları bir daha təhlil edib. Meydan TV yaxınları vasitəsilə göndərilən həmin təhlili dərc edir:

 

“İllər keçir və baş verənləri daha soyuqqanlı şəkildə təhlil edib, fərqli nəticələr çıxarmağa çalışırsan. Bu baxımdan, 2015-ci ildə Nardaran kəndində baş verən hadisələri də yenidən dəyərləndirir, “başqa necə ola bilərdi ki, bu qədər amansızlıq baş verməsin?” demək istəyirsən.

Amma ötən üç il ərzində ölkədə baş verənləri, həmçinin 2015-ci ilin 26 noyabrından əvvəl də olanları xatırlayıb, bir daha əmin oluram ki, Nardaran hadisələri düşünülüb həyata keçirilmişdi. Və bunu edən hakimiyyətin mahiyyətində elə bir zorakılıq var ki, bu hadisələr qaçılmazdı. Elmar Hüseynov, Ziya Bünyadov kimi insanların öldürülməsi qaçılmaz ola bilərdimi? Yox! Çünki necə deyərlər, onlar “siyasətə qarışmışdılar”. Bu ölkədə zalımın zülmünə “yox” deyənin zülmə tuş gəlməsi isə labüddür.

26 noyabrda da Azərbaycanda “siyasətə qarışan” dindarları zərərsizləşdirmək üçün zalımlar belə amansızlığa əl atdılar. Lakin bu qəddarlıq Nardaran hadisələrilə bitmədi. Gəncədə baş verən qarmaqarışıqlıqdan istifadə edən hakimiyyət sorğu-sualsız, məhkəməsiz, heç bir cinayətini sübuta yetirmədiyi insanları qətlə yetirməyə başladı. Bununla da kifayətlənmədi, qətlə yetirdiyi insanların nəşini belə ailələrinə vermir.

İllərdir ölkədə kim düşünə bilirsə, haqqını tələb edirsə, danışırsa, iki aqibətlə üz-üzə qalır – şərlənmək və həbsxanaya göndərilmək. Uzun illərdir ki, müxalif düşünən hər bir insan bununla üz-üzə idi. Dindarların siyasətə qarışması isə hakimiyyətin səbrini daşırdı. Onlar məni həbs edəndə “dindar adamsan, get, ibadətini elə, namazını qıl, nə işin var siyasətlə?” deyib, guya “düz yol” göstərmək istəyirdilər. Belələrinə hər zaman cavabım bu olub: Əksinə, mən gerçək dindaramsa, ilk işim zülmkarın qarşısında susmamaqdır.

Biz siyasətə qarışıb nə edirdik?

Talana, ölkənin büdcəsini oğurlamağa, insanları şərləyib həbsxanaya atmağa alışmış bir hakimiyyətin bu əməllərinə qarşı çıxırdıq. Bu, siyasətə qarışmaqdırsa, bəli, biz siyasətə qarışırdıq və bundan sonra da eyni şəkildə qarışacağıq. Çünki bu ölkədə təməl hüquqlarından məhrum edilmiş insanların haqqı üçün savaşmaq hər bir müsəlmanın borcudur.

26 noyabr etirazın zalımın zülmünə tuş gələn günü idi. “Müsəlman Birliyi” Hərəkatı yarandığı ilk gündən onun mövcudluğundan xoflanmış hakimiyyət həyata keçirdiyi qanlı əməliyyat zamanı özünün bütün mahiyyətini ortaya qoydu. Bəlli oldu ki, o, haqq deyəni cəzalandırmaq üçün hətta öz polisini belə öldürməyə qadirdir.

26 noyabr hadisəsi müasir Azərbaycan tarixində açıq şəkildə törədilən ən böyük cinayətlərdən biridir. Tarix yəqin ki, bu günün qiymətini verəcək. Biz, “Müsəlman Birliyi” Hərəkatı olaraq, özümüzdən və apardığımız mübarizənin səmimiliyindən heç vaxt şübhə etmədik. Məhkəmələrimiz zamanı necə bu cinayət ifşa olundusa, tarixdə də eyni şəkildə və daha çox ifşa olunacaq.

Unutmayaq, tarix insanlığın yaddaşıdır. Bu gün o yaddaş bizə Yezidə lənət oxutdurduğu kimi, haqq savaşçısı Hz. Hüseynə də rəhmət oxutdurur.

Ölümlü olan bu dünyada ala biləcəyimiz tək qazanc da budur zatən – rəhmət və lənət!

Biz bu hadisələrdə rəhmət qazandığmızadan şübhə etmirik. Çünki haqqı deyib, səmimi şəkildə insanların haqqının onlara verilməsini istədik.

Lənət qazanansa, qoy özü öz qazandığının qiymətini versin.

Uca rəbbim Nardaran hadisələri zamanı öldürülmüş bütün soydaşlarımıza rəhmət eləsin! Amin!”

 

Taleh Bağırzadə,

Qobustan həbsxanası

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button